Məhkəmə qərarları › İş №2-1(103)-1286/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1286/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1286/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 iştirakı ilə əmrin ləğv olunması, işə bərpa olunma, əmək haqqının ödənilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 525/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmrinin ləğv olunması, onun Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş gömrük idarəsinin “X3 Limanı” postunun inspektoru vəzifəsinə və ya həmin vakant vəzifəyə uyğun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2013-cü il tarixdən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə (sonuncu - orta rəis heyəti, gömrük xidməti baş leytenantı, inspektor vezifəsində) xidmət etmişdir. Gömrük orqanlarında xidmətdə olduğu dövrdə xidməti vəzifəsini yerinə yetirərkən heç bir neqativ hallara yol verməmiş, rəhbərlik tərəfindən barəsində heç vaxt heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. xx.xx.2019-cu il tarixdə sərəncama verilmiş, buna səbəb kimi isə müəyyən müddət sonra başqa bir vəzifəyə keçiriləcəyi bildirilmişdir. Sərəncamda olduğu müddət ərzində iddiaçıya heç bir iş təklif olunmamış, əksinə 3 ayın tamamında DGK sədri tərəfindən xidmətə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmr imzalanmışdır. Həmin əmrə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4cü bəndinə istinad olunmuşdur. Halbuki, sərəncama verildiyi gündən işdən azad olunanadək gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməyi mümkün olduğu halda, ona bu barədə nə təklif verilmiş, nə də o, həmin təklifdən imtina etmişdir. İddiaçının əsassız olaraq işdən azad olunmağı ilə bağlı şikayətinə və işə bərpa olunmağı ilə bağlı DGK-nın rəhbərliyinə etdiyi şifahi müraciətlərinə baxılmamışdır. Cavabdehin iddia ərizəsinə yazılı etirazının dəlillərinə görə, Komitənin xx.xx.2019cu il tarixli 1000/804Ş nömrəli əmri ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük X2 Ticarət Limanı gömrük postunun inspektoru olan iddiaçı Əsasnamənin 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının gömrük orqanlarında xidmətinə Komitənin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Beləliklə, göstərilənlərdən məlum olur ki, iddiaçı tərəf mübahisələndirilən əmrin qanunsuzluğunu əsas o arqumentlə əsaslandırır ki, iddiaçının Komitənin sərəncamında olduğu müddətdə vakant vəzifəyə keçirilməsi mümkün olduğu halda, o, müvafiq vəzifəyə təyin edilməmişdir. Bu halla bağlı yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələblərinə əsasən məhkəmənin mövqeyi belədir ki, şəxsin sərəncama çıxarılması o anlama gəlir ki, o, sərəncamda olduğu müddət ərzində (hazırkı mübahisəyə münasibətdə 3 ayadək) hər hansı konkret vəzifə tutmur və dövlət orqanında qulluq keçən vəzifəli şəxs sərəncamda olduğu müddətdə müvafiq vəzifəyə təyin edilməyə bilər. ... İş materiallarından da göründüyü kimi, iddiaçı müxtəlif vəzifələrdə Dövlət Gömrük Komitəsində qulluq keçmiş, son olaraq xx.xx.2019-cu il tarixindən Komitənin sərəncamına götürülmüş və 1000/1289ş saylı xx.xx.2019-cu il tarixli əmrlə sərəncamda olduğu müddətin sonunda, yəni xx.xx.2019-cu il tarixindən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. İddiaçı əmrin əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qərarda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və işin hallarına uyğun gəlməyən qərar qəbul edilmişdir. Belə ki, qərarda qeyd edilmişdir ki, iddiaçı 1000/1289ş saylı xx.xx.2019-cu il tarixli əmrin qanunsuz və əsassız olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Yəni, məhkəmənin mülahizəsinə görə inzibati orqanın əmrinin qanuni və ya qanunsuz, əsaslı və ya əsassız olmasını iddiaçı sübut etməlidir. Məhkəmənin məhz elə bu yanaşması inzibati qanunvericiliyin maddi və prosessual normalarının kobud şəkildə pozmasına gətirib çıxarmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra - İPM) 14.1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh DGK həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu heç bir halda sübut edə bilməmişdir. Həmin aktın qanuni və əsaslı olmasını təsdiq edən sənəd təqdim etmək əvəzinə bütün sorğu və suallara müvafiq olaraq yazılı və şifahi formada iddiaçının ‘‘Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə görə Komitənin sərəncamına götürülməsi və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamasını və bu səbəbdən həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4cii bəndinə uyğun olaraq işdən azad olunduğunu qeyd etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə qərarın ləğvi hissədə qismən əsaslıdır. İlk olaraq, iddia tələbinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Həmin normaya görə, təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Normanın hüquqi təhlili göstərir ki, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə yalnız bu maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Sözügedən normanın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır. Nə qədər ki, işin bu halı mübahisəsizdir, o halda, birinci instansiya məhkəməsinin araşdırması iddiaçının gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasının qanuniliyinin yoxlanılması ilə bağlı olmalı idi. Belə ki, cavabdehin mübahisəli əmri 1) inzibati orqan (DGK) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (gömrük orqanlarında xidmətə xitam verilməsini) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanlandığı şəxs (gömrük orqanının vəzifəli şəxsi olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (gömrük orqanlarında iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzubati akt sayıldığı üçün, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Lakin işdən görünür ki, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən xx.xx.2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, İPMin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Eyni Məcəllənin 48.1-ci maddəsinə görə, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu mənada, əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli idi. Bu dəlillər ilk növbədə hansı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının gömrük orqanlarında hansı vakant vəzifəyə keçirilməsinin hansı səbəblərdən qeyri-mümkün olması hallarını sənədləşdirməli idi. Lakin, qeyd olunduğu kimi, məhkəmə İPM-in 12-ci maddəsi ilə onun üzərinə qoyulan vəzifəni yerinə yetirməmiş, mübahisənin qanuni və əsaslı həllinə bilavasitə aidiyyəti olan zəruri sübutların cavabdeh tərəfindən təqdim olunması və özü tərəfindən toplanması ilə bağlı heç bir prosessual hərəkət etməmiş, bu qanunazidd hərəkətsizliyini, hətta, İPM-in 14.1-ci maddəsi ilə mübahisələndirmə haqqında iddialarda sübutetmə yükü qanunvericiliklə imperativ qaydada cavabdeh inzibati orqanın üzərinə qoyulmasına baxmayaraq, “İddiaçı əmrin əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.” kimi yanlış mövqe ilə bərkitməyə çalışmışdır. Bu kontekstdə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. İMP-in “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinin bu vəzifəsi nisbi xarakterlidir. Təsadüfi deyildir ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs etmişdir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları məzmunca müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa idi, onda bu üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin yuxarı deyil də, növbəti məhkəmə kimi birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış münasibətin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə onların bilavasitə əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələm-tələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi heç yerinə yetirməməklə işin əsl məhkəmə tədqiqatını apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin əvəzinə onların işini görməyə məcbur edilərək, yuxarı instansiya məhkəmələri kimi öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülkiprosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” İPM-in 87.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə az yaxud çox ola bilər. İPM-in 87.9-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası, həmçinin, bildirir ki, məhkəmə icraatı davam etdirilərkən birinci instansiya məhkəməsinin qərarında istinad etdiyi diskresionluğun nədən ibarət olması da mötəbər sübutlarla təsdiq edilməlidir. Çünki, “İnzibati icraat haqqında” AR Qanununun 2.0.7-ci maddəsində diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi açıqlanmışdır. Odur ki, inzibati orqanın diskresion səlahiyyətlərindən bəhs edə bilmək üçün onun mövcud mübahisə üzrə digər hansı qərarları da qəbul etmək səlahiyyətində olduğu və bu seçimdən sonra qəbul etdiyi yekun qərarın həmin situasiyada məhz ən düzgün qərar olduğu da hüquqi baxımından normalarla, faktiki baxımdan isə mötəbər dəlillərlə sübuta yetirilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əhəmiyyətli sayda sübutları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-525/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar