Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1286/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndələri X9 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6395/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aprel, may, iyun, avqust ayları üzrə hər bir ayı 190 manat olmaq şərti ilə, cəmi 760 manat birdəfəlik ödəmənin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində cari ilin aprel, may və iyun ayları üzrə 190 manat birdəfəlik ödəmə verilməsi barədə qərar Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapmışdır. O, da həmin ödəməni almaq üçün esosial.az saytından qeydiyyatdan keçərək elektron qaydada müraciət etmişdir. 06.05.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytından güya aztəminatlı meyarına uyğun gəlmədiyi üçün ona 190 manat birdəfəlik ödəmənin təyin edilməsindən imtina olunması barədə sms gəlmiş, lakin, aztəminatlı meyarına hansı səbəbdən uyğun gəlmədiyi səbəbi göstərilməmişdir. O, bununla razılaşmamış və karantin rejimi olduğu üçün 08.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng etmiş və imtinanın səbəbini rəsmən göstərərək ünvanına məktub şəklində göndəriməsini xahiş etmişdir. 07.08.2020-ci il tarixdə yaşadığı ünvana Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzi tərəfindən **********1 №-li, 08 iyun 2020-ci il tarixli cavab məktubu gəlmişdir. Çox təəssüf ki, həmin məktubda da guya aztəminatlı meyarına uyğun gəlmədiyi üçün ona 190 manat birdəfəlik ödəmənin təyin edilməsindən imtina olunması qeyd olunmuş, lakin, aztəminatlı meyarına hansı səbəbdən uyğun gəlmədiyi səbəbi göstərilməmişdir. O, təkrarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng etmiş və imtinanın səbəbinin yenə də, göstərilmədiyini bildirmişdir. Çox təəssüf ki, cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Bütün bunlardan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 15.12.2014-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmışdır. 01.05.2015-ci il tarixdən (01.05.2015-ci il tarixli, 17 №-li əmr) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzi tərəfindən ona işsiz statusu verilmişdir. Dövlət Sosial Müdafiə Fondundan heç bir növ pensiya almır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən heç bir növ sosial müavinat almır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzi 15.12.2014-cü ildən hal-hazıradək onu işlə təmin edə bilmədiyi üçün 13.04.2020-ci il tarixdə yenidən ona işsiz statusu vermişdir. Karantinin (sərtləşdirilmiş) tələbinə görə ərzaq və digər tələbatları ödəmək üçün 05 avqust 2020-ci il tarixədək gün ərzində küçəyə əvvəl 2, sonra isə 3 saat ərzində sms icazə ilə çıxmağa icazə verilirdi. Belə olduğu halda o, heç cür və heçardan gəlir əldə edə bilməzdi. Keçmiş həyat yoldaşı ona qarşı (nikahın pozulması və aliment tələbinə dair) iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2017-ci il, 2(011)-2796/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, nikahları pozulmuş və birgə nikahdan 03 may 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 29 iyun 2017-ci il tarixdən başlayaraq hər ay - X1 xeyrinə 140 manat ödənilməsi qət edilmişdir. Həmin qətnamədən vermiş olduğu apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2017-ci il, 2(011)-2796/2017 saylı qətnaməsi ilə 2(011)-8885/2018- 006 №-li, 20.11.2018-ci il tarixli icra sənədinə əsasən 02.10.2018-ci il tarixdən 140 manat aliment artırılaraq 154 manata çatdırılmışdır. İşsiz statusu olduğu və aztəminatlı ailə hesab olunduğu üçün bir neçə iş üzrə məhkəmələrdə dövlət hesabına vəkillə təmin olunması üçün verdiyi ərizələr məhkəmələr tərəfindən təmin edilmişdir. Sənədlər və məhkəmələr tərəfindən qəbul edilmiş aktlar bir daha onu təsdiq edir ki, o, aztəminatlı meyarına uyğun gəlir və bir gəlir yeri yoxdur. Həmçinin məhkəmə qərarına əsasən 03 may 2018-ci il təvəllüdlü olan övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödəməli olduğu 154 manat aliment öhdəliyi var ki, pandemiya dövründə ödəmə apara bilməmiş və üzərinə çoxlu borc yığılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən ona işsiz statusu verildiyi üçün, məhkəmə qərarına əsasən 03 may 2018-ci il təvəllüdlü olan övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödəməli olduğu 154 manat aliment öhdəliyi olduğu üçün və başqa gəliri olmadığı üçün göstərilən aprel, may, iyun, avqust ayları üzrə hər bir ayı 190 manat olmaq şərti ilə cəmi 760 manat birdəfəlik ödəmənin ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Beləliklə, birdəfəlik ödəmənin verilməsi Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.9-cu (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” alt sistemində aktiv əmək müqaviləsi bildirişi olanlara), 2.3.10-cu (əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə), 2.4-cü (birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir) və 3.8-ci (bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır) bəndləri nəzərə alınmaqla həyata keçirilir. İddiaçının ailə vəziyyəti barədə məlumatı şəxsiyyət vərəqəsində subay kimi qeyd olunsa da, MAS tərəfindən məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində İsmayılova Sadat Qəribşahovna iddiaçının arvadı kimi qeyd olunmuşdur. Qeyd olunan səhv məlumat səbəbindən təhlil prossesini yekunlaşdırılması mümkün olmamış və iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6395/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni formada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, məhkəmə gedişatı zamanı Bakı şəhəri X7 05/15-2650 saylı və 10 noyabr 2020-ci il tarixli məktubunu da təqdim etmişdir. Həmin məktubda aşağıdakılar qeyd edilmişdir. Bildiririk ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.06.2017-ci il tarixli 2(011)-2796/2017 saylı qətnaməsi Xətai rayon qeydiyyat şöbəsinə 13.09.2018-ci il tarixdə daxil olmuşdur. Bütün bu faktlar bir daha onu təsdiq edir ki, o, səhv məlumat verməmiş və məhkəmə aktı ilə təsdiq olunub ki, onun nikahı pozulmuşdur. Sadəcə qeydiyyat şöbəsindən boşanma şəhadətnaməsini almamışdır. Bu da maddi imkansızlıqdan irəli gəlir. Həmçinin məhkəmə gedişatı zamanı bildirmişdir ki, onun keçmiş həyat yoldaşı olan X2 da işsiz statusu var və o da birdəfəlik ödəməni ala bilməmişdir. O, keçmiş həyat yoldaşından onun işsizliyini təsdiq edən 1 ədəd və digər əlaqəli 6 ədəd arayışları alaraq hazırkı apellyasiya şikayətinə əlavə edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının həyat yoldaşı işsiz görünür. Həyat yoldaşına sms gedib ki, səhv məlumatlar vermisiniz. Məlumatlar Ədliyyə Nazirliyi tərəfindən verilir. Onların sonra həmin məlumatlara baxma ehtimalları yoxdur. Faktiki imtina verilən zaman hər ikisi evli kimi görünüb. Həmin dövrdə imtina elə gedib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaların 1.2-ci bəndində qeyd edilir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Həmin qaydaların 2.1-ci maddəsinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin qaydaların 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin qaydaların 2.3-cü bəndində birdəfəlik ödəmənin verilmədiyi işsiz şəxslərin siyahısı qeyd edilmişdir. Həmin qaydaların 3.7-ci bəndinə əsasən birdəfəlik ödəmə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı 15.12.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmışdır. 01.05.2015-ci il tarixdən ona işsiz statusu verilmişdir. 01.11.2015-ci il tarixdən ona işsizlik müavinətinin ödənilməsindən imtina edilmişdir. İş materiallarından həmçinin iddiaçının heç bir növ pensiya, ünvanlı dövlət sosial yardımı, təqaüd və heç bir növ sosial müavinət almadığı görünür. İddiaçının müraciətinə cavab olaraq ona aztəminatlı sayılmadığı üçün birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi barədə sms göndərilmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarında subay kimi göründüyü halda Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində İsmayılova Sadat Qəribşahovna ilə evli olduğu görünür. Qeyd olunan səhv məlumat səbəbindən təhlil prosesinin yekunlaşdırılması mümkün olmamış və iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, ididaçı məhkəmə qaydasında nikahları pozulduqdan sonra nikahın pozulması haqqına şəhadətnamənin alınması üçün VVAQ orqanına müraciət etmədiyindən (bu halı məhkəmə iclasında iştirak edən iddiaçının özüdə etiraf etmişdir), nikahın pozulması haqqında şəhadətnamə almadığından, iddiaçının boşanması barədə məlumat vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadığından, bununla da, qeyd olunan səhv məlumat səbəbindən Qaydaların 2.2-ci, 2.3.9-cu, 2.3.10-cu və 2.4-cü bəndlərinin iddiaçıya uyğunluğunu müəyyənləşdirmək üçün aparılan təhlil prosesinin yekunlaşdırılması mümkün olmadığından, cavabdeh tərəfindən ona birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı birdəfəlik ödəmənin verilməsindən imtina olunması üçün Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş qaydaların 2.3-cü bəndində göstərilən birdəfəlik ödəmənin verilmədiyi işsiz şəxslərə aid deyil. Bunu cavabdeh də inkar etmir və bu cavabdehin etirazından da görünür. Digər məsələ isə iddiaçının evli və ya subay olması ilə bağlı olan məlumatların ziddiyyətli olması ilə bağlıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı subaydır. Belə ki, iş materiallarında iddiaçının nikahının pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Həmçinin məhkəmə qərarının qanuni qüvvəyə minməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli məktubu, nikahın pozulması barədə qətnamənin Xətai rayon qeydiyyat şöbəsinə daxil olması barədə 10.11.2020-ci il tarixli məktub iş materiallarına əlavə edilmişdir. “İnzibati icraat haqqında” qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin qanunun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Göstərilənlərdən və qeyd olunan qanunvericilik normalarından da görünür ki, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində iddiaçı barəsində məlumatların daxil edilməməsi və ya düzgün daxil edilməməsi iddiaçının öhdəliyi deyil, əksinə bu uyğunsuzluğu araşdırmaq cavabdeh inzibati orqanın vəzifəsidir. Bundan başqa apellyasiya şikayətinə iddiaçının keçmiş həyat yolmaşı X2 da işsiz olması, birdəfəlik ödəmə almaması, avtomobilinin olması barədə məlumatın mövcud olmaması, sosial müavinət və ya təqaüd almaması, ünvanlı dövlət sosial yardım almaması, torpaq pay mülkiyyətçisi olmaması, pensiyaçı olmaması barədə arayışlar mövcuddur. İş materiallarından görünür ki, nə iddiaçıya, nə də ki, iddiaçının keçmiş həyat yoldaşına birdəfəlik ödəmə verilməmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6395/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, aprel, may, iyun, avqust ayları üzrə hər bir ayı 190 manat olmaq şərti ilə, cəmi 760 manat birdəfəlik ödəmənin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6395/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Aprel, may, iyun, avqust ayları üzrə hər bir ayı 190 manat olmaq şərti ilə, cəmi 760 manat birdəfəlik ödəmənin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bektaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1286/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1286/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver