Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1287/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla mənzil növbəsinə alınması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2- 1(112)-8772/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili kimi əlillər üçün nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə götürülməsini və siyahıya salınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-8772/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili kimi əlillər üçün nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə götürülməsinə və siyahıya salınmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. (hakim: N.Abıyev) Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin qeyrimümkün sayılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq apelyasiya şikayətinin mümkünlüyü məsələsinə cavabdehin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi məsələsi apelyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından (iş. v. 66) görünür ki, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021ci il tarixli, 2-1(112)-8772/2021 saylı qərarı cavabdeh tərəfindən 27 dekabr 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda cavabdeh 07 dekabr 2021-ci il tarixli məhkəmə qərarından apelyasiya şikayəti verməsi üçün onun məhkəmə qərarını 27 dekabr 2021-ci il tarixdə alması nəzərə alınmaqla son müddəti qanunvericiliyin tələbinə görə 25 yanvar 2022-ci il tarixi hesab olunur. Buna baxmayaraq iş materiallarından görünür ki, apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 07 fevral 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-8772/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1287/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1287/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver