Məhkəmə qərarları › İş №2-1(103)-1287/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1287/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1287/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2-1(112)-9237/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X10 xx.xx.2003-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etsə də, cavabdeh İddiaçı doğum tarixindən əvvəl atası X4 adına rəsmi qeydiyyatdan keçmiş yaşayış sahəsi olması və həmin ünvana daimi pasport qeydiyyatına düşməsini əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X10 26 aprel 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək onun əsl İddiaçı ilə əvəz edilərək, iddia tələbinin “İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı X10 tərəfindən verilmiş ərizə icraata qəbul edilmiş, əsl olmayan iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilməsi, iddia tələbinin “İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynlərinin məcburi köçkün statusu vardır. İddiaçı 2003-cü ildən 2022-ci ilin fevral ayına qədər-18 il məcburi köçkün hesab edilib. Kəlbəcər RİH vasitəsi ilə Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən ona aylıq müavinət ödənilib, onun tərəfindən kommunal xidmətlərdən güzəştlə istifadə edilib. 2022-ci ilin yanvar ayında hərbi xidmətə getdiyi üçün ona verilən aylıq müavinət Kəlbəcər RİH tərəfindən dayandırılıb. Cavabdeh iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı atası X4 “övladına məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/123 nömrəli 13.01 2023-cü il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’ın 4.2.6cı bəndinin tələblərinə əsasən, “məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, xx.xx.2003-cü il təvəllüdlü övladı İddiaçı doğum tarixindən əvvəl adına rəsmi qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yaşayış sahəsi olduğundan və həmin ünvana daimi pasport qeydiyyatına düşdüyündən oğluna məcburi köçkün statusunu təsdiq edən vəsilənin verilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2-1(112)-9237/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsi verilməsindən imtina əsassızdır. İddiaçı məcburi köçkün statusu onun doğulması zamanı valideynlərinə münasibətdə yaranıb və bu statusu ləğv edilməyib. Məcburi köçkünlərin vahid məlumat bazasında İddiaçı məcburi köçkün statusunun mövcud olması, ona məcburi köçkün vəsiqəsinin verilməməsi və hal-hazırda dövlət tərəfindən məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət almaması barədə məlumatlar öz əksini tapmışdır. İddiaçı anadan olandan hərbi xidmətə gedənə qədər-18 il məcburi köçkün statuslu sayılıb. Məcburi köçkünlər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan ailə üzvü kimi İddiaçı da istifadə edib. Məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərlə bağlı siyahıda həmişə onun da adı qeyd edilib, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi də bunu nəzərə alıb. Qeyd edilən faktlar Bakı İnzibati Məhkəməsində cavabdeh tərəfindən təkzib edilməmiş, məhkəmə qərarında isə hakim tərəfindən bu və ya digər faktların, sübutların üstündən sükutla keçilmişdir. Prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, məhkəmə hər bir sübutun məzmununu şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Təqdim olunmuş sübutlara Bakı İnzibati Məhkəməsinin hakimi tərəfindən qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinib iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilmişdir. Hamı qanun qarşısında bərabərdir. Dövlət hər bir vətəndaşının hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Heç kimə qanunsuz əsaslara görə zərər vurula bilməz, güzəştlər, imtiyazlar verilə bilməz, güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. O, atası və anası hal-hazırda Kəlbəcər rayonunda pasport qeydiyyatındadırlar. Atası və anası məcburi köçkün kimi dövlətin onlara verdiyi bütün güzəşt və imtiyazlardan istifadə edirlər, o isə yox. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanunun 14-cü maddəsi ilə qaçqın və ya məcburi köçkün statusunun itirilməsi ilə bağlı norma müəyyən edilib. Həmin normanın tələbinə əsasən, vətəndaş məcburi köçkün statusunu əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və ya bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə itirir. Onların ailəsi nə adətən yaşadıqları yerə qayıtmış, nə də həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmişdir. Bundan əlavə onlara dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə əvəzsiz yaşayış yeri də verilməyib. Qanunda göstərilməyən qadağanın dövlət orqanı tərəfindən tətbiq edilməsi yolverilməzdir. Ailəsi 30 il ərzində dövlət tərəfindən heç bir ev və ya mənzillə təmin edilməmiş, bu məqsədlə Qaçqınların və X6 üzrə Dövlət Komitəsini heç vaxt narahat etməmişdir. Atasının mülkiyyətində mənzilin olması onların ailə üzvlərini məcburi köçkün statusundan məhrum etməyib. Məcburi köçkün özünə daşınmaz əmlak- mənzil və ya ev ala bilər. O, bu halda dövlət rüsumu ödəməkdən azaddır. Məcburi köçkün öz aldığı mənzil və ya evə qeydiyyata düşmək hüququna malikdir, bu hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hesab edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli, 1№-li qərarı ilə təsdiq edilmiş Qaydalarının 4.2.6. saylı bəndi vətəndaşın qanunla qorunan hüquq və azadlıqlarını məhdudlaşdırır və Konstitusiyaya ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ... Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. ... Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: ... 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”: 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1. Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan İddiaçı doğum tarixindən əvvəl atası X4 adına rəsmi qeydiyyatdan keçmiş yaşayış sahəsi olması və həmin ünvana daimi pasport qeydiyyatına düşməsini əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd edir. Sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Hazırki işdən görünür ki, iddiaçının atası xx.xx.1957-ci il təvəllüdlü X10 1993-cü il aprel ayının əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün düşmüşdür, atası X10 və anası xx.xx.1965-ci il təvəllüdlü X3 yaşayış yeri üzrə qeydiyyatları – ünvan 3i ünvanıdır. Hər ikisinin məcburi köçkün statusu və vəsiqəsi vardır. İddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edən cavabdeh orqan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə istinad etmişdir. Belə ki, həmin normanın tələbinə görə, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. İşdən görünür ki, iddiaçının atası X4 adına Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 1, 286 saylı mənzil xx.xx.2004-cü il tarixdə, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16, 6 saylı mənzil xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X1 adına Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, 73 saylı mənzil xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 24 saylı DNK-nın 4Ə/1- 33 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. X4 adına Bakı şəhəri Xətai rayonu Şirvan küçəsi, ev 9, 6 saylı mənzil xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 18 saylı DNK-nın 3M-01-83 reyestr nömrəli xx.xx.1998-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri Xətai rayonu Şirvan küçəsi, ev 9, 6-da, xx.xx.2004cü ildən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, 73-də, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 6, mənzil 159-da, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16, 6-da, xx.xx.2011-ci il tarixdən hazırki vaxtadək ünvan 3ində qeydiyyatdadır. Nəzərə alınmalıdır ki, iddiaçının anasının və atasının “məcburi köçkün” statusu və vəsiqəsi vardır. Hazırki vəziyyətdə iddiaçı o doğulanda valideynlərinin “məcburi köçkün” statusunun olduğuna istinad edərək ona da bu statusun verilməsini istəyir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi zəruri araşdırmanı aparmadan, yəni sorğular verib, iddiaçının atasının uşaq doğulmamışdan əvvəl əldə etdiyi mənzilinin hazırda da onun mülkiyyətində olub-olmadığını, anasının və atasının həmin mənzildə qeydiyyatda olub-olmadıqlarını tam araşdırmadan və ümumiyyyətlə, iddiaçının doğulanadək valideynlərinin “məcburi köçkün” statusunun olması faktının iddiaçıya “məcburi köçkün” statusunun verilməsi üçün əsas olmasını, belə ki, indiyənədək baxılan oxşar işlərdə yuxarıda adı çəkilən Qaydaların sonradan qəbul edildiyi üçün həmin Qaydaların qəbuluna qədər doğulmuş uşaqlara münasibətdə tətbiqinin onların hüquqi vəziyyətini ağırlaşdırdığı və hüquqi vəziyyəti ağırlaşdıran müddəaların geriyə tətbiqinin mümkünsüzlüyü barədə hüquqi mövqenin mövcud olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı maddəsinə istinad olunması düzgün olmamışdır. Belə ki, qeyd olunduğu kimi, əvvəla iddiaçının valideynlərininin iddiaçı doğulmamışdan (2003-dən) əvvəl “məcburi köçkün” statusu olmuşdur. Belə ki, bu müddəa sonradan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Qaydalarda qəbul edilmiş və xx.xx.2003-cü il təvəllüdlü iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-618/2020 saylı xx.xx.2020-ci il, 2-1(102)-710/2021 saylı xx.xx.2021-ci il, 2-1(102)-506/16 saylı 25 may 2016-cı il və 2-1(102)-1422/2024 saylı, tarixli qərarlar). Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı ünvan 4 ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı məcburi köçkün statusu ilə əlaqədar aylıq müavinətin ödənilib-ödənilməməsi barədə, əgər ödənilmişdirsə hansı əsasla (şəxsin məcburi köçkün statusunun olması yoxsa valideynlərinin məcburi köçkün olması ilə əlaqədar) alması ilə bağlı ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Kəlbəcər Rayon İcra Hakimiyyətinin 24 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İlyasov X8 rayon Əsrik kənd nümayəndəliyinin daimi qeydiyyatındadır. 2003-cü il təvəllüdlü İddiaçı oglu nümayəndəliyin qeydiyyatına düşdüyü tarixdən, hərbi xidmətə getdiyi tarixə qədər vahid aylıq müavinət ödənilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra İddiaçı məcburi köçkün vəsiqəsi olmadığı üçün vahid aylıq müavinəti bərpa edilməmişdir. Əlavə olaraq bildirirlər ki, İddiaçı atası Həsən İlyasov anası Adilə Quliyeva məcburi köçkündür və Əsrik kənd nümayəndəliyininin daimi qeydiyyatındadırlar. Hər ikisinə vahid aylıq müavinət ödənilir. Həmçinin mygov X2 Sistemindən çıxarışdan İddiaçı məcburi köçkün statusunun mövcud olması qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; Həmin Qanunun 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2- 1(112)-9237/2023 nömrəli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2-1(112)-9237/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar