Məhkəmə qərarları › İş №2-1(103)-1288/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1288/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1288/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı müavinətin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2323/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə (bundan sonra mətndə DSMF Xətai rayon şöbəsi) qarşı “müavinətlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-cü il tarixdən aylıq müavinətlərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, aylıq müavinətlərin ödənilməsi bağlı olaraq cavabdeh DSMF Xətai rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ərizə cavabdeh tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Aylıq müavinətlərin ödənilməsi ilə əlaqədar ərizənin cavabdeh tərəfindən təmin olunmamasını əsassız və qanunsuz hesab edir. Cavabdeh DSMF Xətai rayon şöbəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən 2019-cu il aprelin 1-dək kommunal,nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Prezidentinin təqaüdü təyin edilir. Azərbaycan Respublikasının Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 01026 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən İddiaçı Prezident təqaüdü almaq hüququna xx.xx.2019-cu il tarixdən malik olmuşdur və həmin tarixdən də ona Prezident təqaüdü təyin olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən vətəndaşın hüququ yaranarsa, onun ən çoxu 3 (üç) il əvvələ sosial müavinət almaq hüququ vardır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2323/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu ayrı-ayrılıqda eyni məzmunda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmiş və apellyasiya şikayətlərini onunla əsaslandırılmışdırlar ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” nün təsis edilməsi haqqında ölkə başçısının xx xxxxx 2019-cu il tarixli Fərmanı xx xxxxx 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” xx.xx.2019-cu il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinət almaq hüququnu istisna edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulmuşdur. 01026 nömrəli müharibə veteranı vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan vəsiqə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə İddiaçı verilmişdir. Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 445 nömrəli arayışından görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və xx.xx.1994-cü il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının “Müharibə Veteranı”dır. DSMF Xətai rayon şöbəsinin “Müavinət və təqaüd təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun” xx.xx.2019-cu il tarixli **********6 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz 80 manat müavinət təyin edilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xətai rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********7 №li imtina məktubunda göstərilmişdir ki, “Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunu”nun 9.1ci maddəsinə əsasən aylıq müavinətlər müraciət etmə vaxtından asılı olmayaraq (ən çoxu müraciət tarixindən əvvəlki 3 il üçün vətəndaşın hüququ yaranarsa) vətəndaşın hüququ yaranan gündən ödənilir. “Veteranlar haqqında Azərbaycan Respublikası Qanunu”nun 7-ci madəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. xx.xx.2019-cu il tarixli 1026 nömrəli vəsiqəyə əsasən müharibə veteranı kimi hüququ həmin tarixdən yaranmışdır. Bu səbəbdən göstərilən tarixdən əvvəlki müddət üçün tələb olunan sosial müavinətin ödənilməsi mümkün deyil. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əvvəlki üç il üçün müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər dedikdə bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Fərmanın 2.1.2-ci bəndinə görə, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixdən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulan bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyil və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2323/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar