Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1288/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X16, İddiaçının nümayəndəsi X17 qızının iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi Rayon Şöbəsi) “arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3385/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 17.02.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsi işə cəlb edilməklə mərhum şəhid övladı X6 29.01.2004-cü il tarixdə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində düşmənlə təmas xəttində N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən həlak olması ilə əlaqədar arayışın verilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı mərhum sabiq əsgər X6 atasıdır. Mərhum şəhid övladı sabiq əsgər 16 oktyabr 1982-ci il təvəllüdlü X12 09.07.2003-cü il tarixdə SHXÇDX- nin Nəsimi rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 29.01.2004-cü il tarixdə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində düşmənlə təmas xəttində N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfinin atdığı odlu silah nəticəsində baş beynindən aldığı güllə yaralarından ağır yaralanmışdır. 08.02.2004-cü il tarixdə 214 saylı hərbi klinik hospitalda vəfat etmişdir. Mərhum oğlunun hərbi xidmətdə olarkən hansı səbəbdən dünyasını dəyişməsi barədə arayışın alınmasına köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Şəhid Ailələri Əlillər və Müharibə Veteranlarının Hüquqlarının X9 ərizə ilə müraciət etmişdir. Sözügedən Təşkilat ərizəsinin əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri, Nəsimi rayon İdarəsinə və N saylı hərbi hissəyə məktublarla müraciət etsədə müraciətlər cavabsız qalmışdır. Yalnız N saylı hərbi hissə komandiri 20.01.2020-ci il tarixli məktubla müraciətə cavab vermişdir. N saylı hərbi hissə komandiri 20.01.2020-ci il tarixli məktubda qeyd edir ki, hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum əsgər övladı X12 29.01.2004-cü il tarixdə aldığı güllə yarası nəticəsində 08.02.2004-cü il tarixdə hospitalda vəfat etmişdir. Mərhum övladının hansı şəraitdə vəfat etməsi barədə guya nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin. SHXÇDX-nin Nəsimi rayon İdarəsinin mərhum oğlunun hərbi xidmət zamanı dünyasını dəyişməsi barədə arayışın bu günə qədər verməməsinin süründürməçilik etməsinin səbəbi nədir. Mərhum oğlunun hərbi xidmət zamanı hansı şəraitdə güllə yarası alaraq hansı səbəbdən dünyasını dəyişməsinin səbəbini gizlətmələrinin məqsədi nədir. O, özü də X1. Müharibənin ağrı-acısını görən və övladım itirən ataya qarşı cavabdeh orqanların etdikləri böyük bir haqsızlıqdır.Məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3385/2020 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 25.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3385/2020 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını və ya iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil (Bakı şəhəri 19 saylı Vəkil Bürosu) məhkəmə iclası barədə məlumat verilmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan JQ seriyalı, 274268 nömrəli, 13.12.1982-ci il tarixində verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən qeyd edilmişdir ki, vətəndaş X12 16.10.1982-ci il tarixində Azərbaycan SSR-də Bakı şəhərində anadan olmuşdur, atası- İddiaçı, anası-X5, bu barədə doğum haqqında akt qeydləri kitabında 1982-ci ilin 12-ci ayının 13-cü günündə 3677 nömrə ilə qeyd edilmişdir, Bakı şəhəri Nəsimi Rayon VVAQ Şöbəsi. İş materiallarında olan AZ-İ seriyalı, 095246 nömrəli, 18.02.2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş (29.11.2016-cı il tarixində Bakı şəhəri 22 saylı noratiat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir) surətinə əsasən qeyd edilmişdir ki, vətəndaş X11 08.02.2004-cü il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin fevral ayının 18-ci günündə 133 nömrə ilə qeyd edilmişdir, ölümün səbəbi-baş beyin toxumasının əzilib dağılması, öldüyü yer-Füzuli rayonu, Əhmədbəyli kəndi, qeyd edilən yer-Bakı şəhəri Nəsimi Rayon VVAQ Şöbəsi. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 702 №li Hərbi hissəsinin 20.01.2020-ci il tarixli, 80 nömrəli məktubunun surətinə (N nömrəli hərbi hissənin komandiri polkovnik N.Məmmədov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum əsgər X13 29.01.2004-cü il tarixdə aldığı güllə yarası nəticəsində 08.02.2004-cü il tarixdə hospitalda vəfat etmişdir. Mərhum əsgər X7 hansı şəraitdə vəfat etməsi barədə nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğunun Füzuli Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 09.11.2020-ci il tarixli, 16/3934 nömrəli məktuba (Füzuli Hərbi prokuroru ədliyyə polkovniki E.Hacıyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin zabiti, leytenant X2 26.01.2004-cü il tarixdə ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq əsgər X8 öldürməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 350-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinin istintaqı 30.04.2004-cü il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “İddiaçı oğlu barəsində verilmiş 20.01.2020-ci il tarixli arxiv arayışını mübahisələndirirək, ona oğlunun döyüş tapşırığını yerinə yetirərkən həlak olması barədə ətraflı arxiv arayışı verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, həmin arayış məlumat xarakterli olub, arxivdə olan məlumatlar əsasında iddiaçıya verildiyindən, həmin arxiv arayışı inzibati akt kimi qəbul edilməməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi arxiv arayışı inzibati akt kimi qəbul edilməməli olduğunu qeyd etsə də, işin hallarını araşdırmamış, iddiaçıya AR İPM-nin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsini təklif etməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17.09.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində təsbit edilmiş, məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə müvafiq təklif edilməli və onun həmin bildiriş (təklif) barədə məlumatlı olmasını təsdiq edən sənədsübutlar iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2- 1(112)-3385/2020 nömrəli qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3385/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1288/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1288/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver