Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1289/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “pul məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-6917/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı ona verilmiş 11913 nömrəli vəsiqə əsasında Azərbaycan Respublikası Prezident təqaüdünün verilməsi hüququnun yarandığı gündən hal-hazırki günədək yığılan pulların birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-6917/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi - məhkəmə öhdəliyin icrası tələbinə dair iddia ərizəsinə məcburetmə iddia ərizəsinə aid olan iddia müddəti tətbiq etmişdir. Öhdəliyin icrası barədə olan iddialara iddia müddətinin tətbiqi barədə hər hansı bir prosessual hüquq norması yoxdur. İkincisi - qardaşı X4 16 iyul 1971-ci ildə Bakı şəhərində anadan olmuş və 06 yanvar 1994-cü ildə Azərbaycan Respublikasının torpaqlarının bütövlü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuşdur. Qardaşım Bakı şəhərində yerləşən şəhidlər xiyabanında dəfin edilmiş və mən İddiaçı 11913 nömrəli şəhid ailəsi kimi vəsiqə verilmişdir. Üçüncüsü - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarı 15 yanvar 1994-cü ildə qəbul edilmişdir. Qardaşı 16 iyul 1971-ci il təvəllüdlü X4 isə 06 yanvar 1994-cü ildə Azərbaycan Respublikasının torpaqlarının bütövlü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuşdur. Qardaşı Bakı şəhərində yerləşən şəhidlər xiyabanında dəfn edilmiş və ona 11913 nömrəli şəhid ailəsi kimi vəsiqə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya imtina məktubu 15.07.2019-cu il tarixdə verilməsinə baxmayaraq, iddiaçı 05.10.2020-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən imtina məktubu 15.07.2019-cu ildə verilməsinə və iddiaçı həmin imtina məktubundan iyul 2019-cu ildən məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasından 1 il keçdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsinin tətbiqi baxımından həmin müddətin bərpasına dair ərizə də verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də hüquqi qiymətləndirmə əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçıya imtina məktubunun 15.07.2019-cu il tarixdə verildiyini qeyd etsə də, iş materialları ilə iddiaçının imtina məktubunu qəbul edibetməməsi, etdiyi təqdirdə nə zaman qəbul etdiyi müəyyən edilmir. Bundan əlavə kollegiya həmçinin qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı hazırda qardaşı X2 Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olması ilə əlaqədar şəhid ailəsinin üzvü kimi şəhid ailəsi üçün təsis edilmiş Prezident Təqaüdünün ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi” Qaydalarının 2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan Qaydalara əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına təyin edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçı belə statusa malik olmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud olmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəsinin hüquqi qiymətləndirməsi qismən əsassız olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-6917/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1289/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1289/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver