Məhkəmə qərarları › İş №2-1(103)-1289/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1289/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1289/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(112)-8260/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6835 saylı qərarın ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanına və məhkəmədə icraat davam edən zaman iddiaçı tərəfindən malların alınması barədə yük gömrük bəyannamələri və həmin bəyannamələrə əsasən gətirilmiş malların ümumiləşdirilmiş cədvəlləri təqdim edilmişdir. Həmin cədvəllərdə fərqin yaranmasına səbəb olmuş mallar qeyd edilmiş və olanlar barədə elektron qaimə və yük gömrük bəyannamələri də mövcuddur. Qərarda qeyd edilmişdir ki, iddiaçı tərəfindən hər hansı bir mötəbər hesab ediləcək sübutlar, yəni elektron qaimə, gömrük bəyannamələri və s. kimi sənədlər təqdim edilməmişdir. Vəsatət ilə birgə elektron sənədlər, gömrük bəyannamələri, onların qeyd edildiyi cədvəllər məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan- Qobu yolunun şərq hissəsində yerləşən obyektdə 136.489,51 manat məbləğində malların sənədlərlə öz əksini tapmadığı göstərilmişdir. Əksinə, bütün YGB və e-qaimələr açıqlamaları ilə birlikdə cədvəldə göstərilən ad və çeşidlər üzrə məhkəməyə təqdim edilmiş, lakin, məhkəmə ədalətli araşdırma aparmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsində yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi, vergi nəzarətinin vergi xidmətinin müşaviri X5 və kiçik vergi xidmətinin müşaviri X1 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsi (Anbar-fəaliyyət növü topdansatış) ünvanında xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə operativ vergi nəzarəti keçirilməlidir. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№001819 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə qeyd edilən obyektdə (Az1010 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsi) mallar sayıldı, alış qiymətinə əsasən 654.825,24 manatlıq malın olduğu müəyyən olundu. YGB invoysları, alış aktları və elektron-qaimə fakturalarına əsasən üzləşmə aparıldı, həmin mallardan 136.489,51 manatı sənədlərlə öz təsdiqini tapmadı. Bununla əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 13.648,95 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsində anbarda malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№005008 siyahısına əsasən müxtəlif ölçülərdə yapışqanlı faner müəyyən olunmuşdur. - İddiaçı MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti zamanı təqdim edilmiş siyahıya əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsində (Abşeron Logistika müvəqqəti saxlanc anbarı) yuxarıda qeyd edilən cədvələ uyğun olaraq müxtəlif ölçüdə cəmi 968,69 m3 yapışqanlı faner olduğu qeyd edilmişdir. - Beləliklə, qeyd edilən cədvələ uyğun olaraq elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi xx.xx.2021-ci il tarixli DVX№005008 Siyahıda 1-ci sırada qeyd edilən yapışqanlı faner 10 mm adlı mal üzrə dəyəri 14480,13 manat, 3-cü sırada qeyd edilən yapışqanlı faner 18 mm adlı mal üzrə dəyəri 65387,73 manat, 9-cu sırada qeyd edilən yapışqanlı faner 12 mm adlı mal üzrə dəyəri 6278,74 manat, 11-ci sırada qeyd edilən yapışqanlı faner 21 mm adlı mal üzrə dəyəri 50342,91 manat olmaqla cəmi 136.489,51 manatlıq mal müəyyən edilmişdir. - Operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli 001819 nömrəli akta uyğun olaraq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6835 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlanmaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 13.648,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından aydın olduğu kimi, cavabdeh tərəfindən iddiaçı MMC-yə mübahisələndirilən qərarla sanksiya hesablanarkən, vergi ödəyicisinin sahibliyində olan 136.489,51 manat dəyərində mallara dair sənədlərin (elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi, təhvil-qəbul aktı və s.) olmamasına əsaslanmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, «... cavabdeh tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, cədvəllər və fotoşəkillər məhkəməyə təqdim edilmişdir (Sənədlərin həcmi böyük olduğu üçün disk iş materiallarına əlavə edilmişdir). Qeyd edilən mallara dair iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdeh tərəfindən təqdim edilən diskdəki cədvəllərlə müqayisəli nəzərdən keçirilmiş və xx.xx.2021-ci il tarixli DVX№005008 Siyahı və xx.xx.2021-ci il tarixli DVX№001819 AKTda qeyd edilən məlumatlarda uyğunsuzluq müəyyən edilməmişdir. Odur ki, elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi cəmi 136.489,51 manatlıq mal müəyyən edilməsinə dair cavabdeh qurumun qənaətini təkzib edən hal yoxdur.» Apellyasiya şikayətində iddiaçı mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, vergi orqanına və məhkəmədə icraat davam edən zaman iddiaçı tərəfindən malların alınması barədə yük gömrük bəyannamələri və həmin bəyannamələrə əsasən gətirilmiş malların ümumiləşdirilmiş cədvəlləri təqdim edilmişdir. Həmin sənədlər sübut qismində şikayətə əlavə edilmiş və apellyasiya baxışı zamanı, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehin əsaslandığı sənədsiz malların iş materiallarında mövcud olan bəyannamələrlə uyğunluğuna dair izah verilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı, iş materiallarından və tərəflərin izahatlarından aydın olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən təqdim edilmiş sənədlər (gömrük bəyannamələri, e-qaimə və s.) tam nəzərə alınmamışdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin əsaslandığı cavabdeh tərəfindən təqdim edilən sənədlərin surətləri, müvafiq diskdəki cədvəllərdə əks olunan məlumatlar - elektron qaimə fakturalar, idxal olunmuş mallar, satış elektron-qaimə fakturalar və kassa-satış barədə məlumatlardan ibarət olmuşdur. Diskdə qeyd olunan məlumatların doğruluğu xüsusi biliyə malik ekspert və yaxud da mütəxəssis tərəfindən yoxlanılmamış və bununla bağlı heç bir araşdırılma aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli 9/3009 saylı rəyinə əsasən təqdim edilmiş iş materiallarında xx.xx.2021-ci il tarixli aktda göstərilən mallar üzrə alış sənədləri (e-qaimə faktura, idxal yük gömrük bəyannamələri və sair) öz əksini tapmışdır. Təqdim edilmiş həmin sənədlər nəzərə alınmaqla İddiaçı MMC-yə məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı müəyyən edilmiş və yoxlamanın nəticəsi haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilən 136.489,51 manat məbləğində malların alışına dair sənədlərin mövcudluğu müəyyən olunur. Həmçinin, qeyd edilir ki, xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş, İddiaçı MMC-yə məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman mütəxəssis cəlb etmədən, yerində yoxlama aparılarkən malların müvafiq ad, növ, çeşid və ölçüsünün müəyyən edilməsinin mümkün olub-olmamasına dair məsələ məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Lakin qeyd edilir ki, müvafiq inşaat materiallarının ölçü, növ, çeşidi həmin sahəni bilən mütəxəssis tərəfindən müəyyən edilə bilər. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə xx.xx.2021-ci il tarixli aktda göstərilən iddiaçı MMC-nin sahibliyində olan mallar üzrə alış sənədləri həqiqətən mövcud olmuş, lakin cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. Lakin, məhkəmə araşdırması zamanı, cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsasına dair digər sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, ekspertiza rəyinin yekun hissəsində qeyd edilmişdir ki, “... təqdim edilmiş iş materiallarında xx.xx.2021-ci il tarixli aktda göstərilən mallar üzrə alış sənədləri (e-qaimə faktura, idxal yük gömrük bəyannamələri və sair) öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası VM-in 23.1.14-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanın hüququdur. Kollegiya hesab edir ki, qoyulan sual üzrə dəqiq ekspert münasibəti bildirilməsə də, hər bir halda inzibati orqan tərəfindən mübahisənin ədalətli həlli üçün müvafiq mütəxəsssis cəlb edilə və iddiaçının sahibliyində olan malların təqdim edilmiş sənədlərə uyğunluğu dəqiq müəyyən edilə bilərdi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC tərəfdən vergidən yayınma hallarına həqiqətən yol verilmiş olması faktı öz təsdiqini tapmır. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın göründüyü kimi, rəsmi və mötəbər hesab edilə bilən məlumatlar əsasında qəbul edilməmiş və lazımi qaydada əsaslandırılmamış inzibati akt qanunsuz əlverişsiz akt kimi qiymətləndirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli, **********6835 saylı qərarı əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-8260/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarı ləğv edlməli, iddia tələbi təmin edilməli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********6835 saylı qərarı ləğv edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 150 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə aid edilməlidir. Nəticəvi hissə: Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8260/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6832 saylı qərarı ləğv edilsin. Ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar