Məhkəmə qərarları › İş №2-1(103)-129/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-129/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-129/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2- 1(82)-3054/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 01.08.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-2003-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş və hal-hazırda onun 64 yaşı vardır. İddiaçı əmək fəaliyyətinə 1971-ci ildə başlamış, 13 ildən artıq iş stajı var. İddiaçı ona yaşa görə əmək pensiyanın təyin edilməsi üçün DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqanın 30.04.2019-cu il tarixli **********0 nömrəli cavab məktubu ilə iddiaçıya imtina edilərək bildirilmişdir ki, 1994-2003-cü illərin iş stajının müəssisədə qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin müddət sığorta stajına daxil edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3054/2019 nömrəli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, İddiaçı 1994-2003-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona 64 yaşdan, yəni 18.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-3054/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan 01.05.1996 – 04.12.1996-cı, 30.04.1997 – 01.09.1998-ci illərdə “Star” firmasında, 12.02.1999 – 17.06.1999-cu illərdə “TMP-2” müəssisəsində, 25.04.2003 – 30.12.2003-cü ilədək "xxxx" ASC-də əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-737/2020 saylı, 23.09.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva,A.Hüseyn, V.Ağayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3054/2019 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-509/2021 saylı,16.03.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov,R.Nəbizadə,K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli, 2-1(103)-737/2020 nömrəli qərarı ləğv edilmiş, İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, Şikayət qalan hissədə təmin olunmamışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “Hazırkı halda, məhkəmə ********** eyniləşdirmə nömrəsi olan “Star” firmasına aid məlumat vərəqəsinə istinad edirsə, ən azından həmin firmaya aid qeydiyyat (təsis) sənədlərini qeydiyyat orqanından tələb etməklə həmin hüquqi şəxsin məhz taksi xidməti göstərən nəqliyyat müəssisəsi olub-olmadığını müəyyən edə, habelə həmin müəssisə vasitəsi ilə iddiaçıya dair məlumatları yoxlaya bilərdi.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Xidmət Nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-3054/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya məxsus əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 95/k saylı 11.11.1971-ci il tarixli əmrlə 12.11.1971-ci il tarixdən “Əzizbəyov-Neft” Neftçıxarma İdarəsinin Nəqliyyat – Traktor kontoruna ştata xarrat-kuzovçu peşəsi üzrə öyrənən kimi daxil edilmiş, 46/k saylı 13.11.1972-ci il tarixli əmrlə 01.03.1972-ci il tarixdən 1-ci dərəcəli xarrat kuzovçu keçirilmiş, 194/k saylı 03.10.1972-ci il tarixli əmrlə 01.10.1972-ci il tarixdən təhsil ilə əlaqədar işdən azad edilmiş, 77/k saylı 24.04.1973-cü il tarixli əmrlə “Əzizbəyov-Neft” Neftçıxarma İdarəsinin Nəqliyyat –Traktor kontoruna 25.04.1973-cü ildən ştata 3-cü dərəcəli sürücü kimi daxil edilmiş, 218/k saylı 06.11.1975-ci il tarixli əmrlə 10.11.1975-ci il tarixdən Azərbaycan SSR KZOT 16, 36-cı maddələri, 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və Sovet ordusuna göndərilmiş, 14.11.1975-ci ildən Sovet ordusunda hərbi xidmətdə olmuş (h/b НЗ № 332554, 14.11.1975-ci il), 239/k saylı 16.12.1977-ci il tarixli əmrlə 16.12.1977-ci il tarixdən “Azneft” X3 Nəqliyyat İdarəsinə Sovet ordusundan demobilizasiya edilmiş şəxsi, Əzizbəyov sahəsinə 3-cü dərəcəli yük avtomobilin sürücüsü kimi qəbul edilmiş, 82/k saylı 28.04.1978-ci il tarixli əmrlə 01.05.1978-ci il tarixdən 2-ci dərəcəli yük avtomobili sürücü kimi qəbul edilmiş, 64/k saylı 08.04.1980-ci il tarixli əmrlə 01.04.1980- ci il tarixdən “Azneft” Birliyinin 13.03.1980-ci il tarixli 30 saylı əmrinə əsasən “Azneft” X5 Birliyinin İdarəsinə keçirilmiş, 15/şh saylı 18.01.1996-cı il tarixli əmrlə 01.05.1996-cı il tarixdən Azərbaycan SSR KZOT 36.2-ci maddəsinə əsasən ƏBM keçirildiyi üçün işdən azad edilmişdir. 18.01.1996-cı il tarixli əmrlə 18.01.1996-cı il tarixdən “STAR” firmasının 5 saylı TMP Reno 12 markalı maşına sürücü qəbul edilmiş, 30.04.1997-ci il tarixli əmrlə 30.04.1997-ci il tarixdən “STAR” firmasının 2 saylı TMP Reno 12 markalı maşına sürücü qəbul edilmiş, 01.04.1998-ci il tarixli əmrlə 01.04.1998-ci il tarixdən köçürmə yolu ilə işdən azad edilmiş, 01.04.1998-ci il tarixli əmrlə 01.04.1998-ci il tarixdən TMP-2 müəssisəsinə “STAR” Co LTD firmasından köçürmə yolu ilə sürücü qəbul edilmiş, 01.09.1998-ci il tarixli əmrlə 01.09.1998-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 12.02.1999-cu il tarixli əmrlə 12.02.1999-cu il tarixdən TMP-2 müəssisəsinə Reno 12 markalı maşına sürücü qəbul edilmiş, 17.06.1999-cu il tarixli əmrlə 17.06.1999-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 01.03.2002-ci il tarixli əmrlə 01.03.2002-ci il tarixdən X14 Ziyarətgahına sürücü qəbul edilmiş, 01.04.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən işdən azad edilmiş, 25.04.2003-cü il tarixli əmrlə 25.04.2003-cü il tarixdən "xxxx" ASC-yə “C” kateqoriyalı İİİ dərəcəli sürücü qəbul edilmiş, 26 saylı 25.12.2003-cü il tarixli əmrlə 30.12.2003-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. - DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.04.2019-cu il tarixli, **********0 saylı cavab məktubundan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən zəruri sayılan hallarada əmək stajının yerində qarşılıqlı araşdırılması və yoxlanılması həyata keçirilir. İddiaçı 1994-2003-cü illərin əmək stajı yerində qarşılıqlı yoxlanıla bilmədiyi üçün həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minumum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən yaşa görə əmək pensiyası hüququ yoxdur. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 12.11.2021-ci il tarixli, 1-6-118/7884-21 saylı məktubunda qeyd edilmişdir ki, “X1 1996- 1998-ci illər üzrə işlədiyi “Star” LTD firmasının və 2 №-li Taksimotor parkının 1999-cu il üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə tam şəkildə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv arayışının tərəfimizdən verilməsi mümkün olmamışdır” - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-11 saylı, 28.01.2020-ci il tarixli məktubu ilə İddiaçı iş stajı və əmək haqqı barədə arxiv arayışları təqdim edilmişdir. Məktuba əlavə edilmiş MA-33 saylı, 28.01.2020ci il tarixli arxiv arayışına əsasən 1997-ci ilin aprel, may,iyun,iyul,avqust,sentyabr ayları üzrə 420383 manat əmək haqqı almışdır. Əsas: Əmək haqqı cədvəlləri: “Star” LTD, Qeyd: 1996-1999-cu illər üzrə əmək haqqı cədvəlləri arxivə tam təhvil verilməmişdir. (Arxiv müdiri: Y.Bəşirov; Arxivçi: İ.Səfərli) - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-34 saylı, 28.01.2020-ci il tarixli arxiv arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Mərkəzi Arxivində saxlanılan sənədlərinə əsasən o, həqiqətən 1997-ci ilin aprel ayından 1997-ci ilin sentyabr ayınadək “Star” LTD-də sürücü vəzifəsində işləmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişinə uyğun olaraq araşdırma aparılmış və məhkəmə tərəfindən: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə sorğular ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün "xxxx" MMC, Azərbaycan Respublikası Karlar Cəmiyyətinin nəzdində “Star” firması, “Star” firmasının “TMP-2” müəssisəsi, Enterprise “TMP-2” müəssisəsi ilə bağlı olan bütün məlumatları (VÖEN, qanuni təmsilçi, hüquqi ünvan və s.), ilk dəfə olaraq hansı tarixdə qeydiyyatdan keçmələri, hal hazırda mövcud olub-olmamaları, fəaliyyətlərinin dayandırılıb-dayandırılmamaları, ləğv edilib-edilməmələri, birləşib-birləşməmələri, ləğv olunublarsa hansı tarixdə ləğv olunmaları barədə məlumatları qısa müddətdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğular ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün tərəflərindən iddiaçıya ünvanlanmış 28.01.2020-ci il tarixli, MA-11 nömrəli məktuba əlavə edilmiş MA-33 və MA- 34 nömrəli iddiaçının Star LTD-də işləməsi və işlədiyi müddətdə aldığı əmək haqqı barədə arayışlar mövcuddur. Lakin tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 12.11.2021-ci il tarixli, 1-6- 118/7884-21 nömrəli məktuba əsasən qeyd edilmişdir ki, İddiaçı 1996-1998-ci illər üzrə “Star” LTD firmasının və 2 №li Taksimotor parkının 1999-cu il üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə tam şəkildə təhvil verilməmişdir. Yuxarıda qeyd olunmuş halla bağlı əlavə araşdırma aparılaraq məlumat verilməsi xahiş olunmuşdur. Sorğulara cavab olaraq məhkəməyə ünvanlanmış: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.10.2021-ci il tarixli, **********950400 saylı məktubunda qeyd edilmişdir ki, “vergi ödəyicilərinin məlumat-uçot bazasına əsasən məktubunuzda göstərilən hüquqi şəxslərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 11 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyatdadır və ilk dəfə 30 avqust 2002-ci il tarixdə 1002-A1-67 qeydiyyat nömrəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X12 dövlət qeydiyyatına alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı 12 sentyabr 2006-cı il tarixdən dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı Mingəçevir şəhəri, M.Rəhimov küçəsi 3, təsisçisi və rəhbəri isə X4r. Məlumat-uçot bazasına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti 06.03.2019-cu il tarixdən 01,03.2024-cü il tarixədək dayandırılmışdır.” - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 18.10.2021-ci il tarixli, **********757800 saylı məktubunda qeyd edilmişdir ki, “İdarədə olan reyestrdə "Star firmasının TMP-2” müəssisəsi və Enterprise "TMP-2" müəssisəsi adlı kommersiya qurumları aşkar edilməmiş, "xxxx" MMC adlı isə bir neçə kommersiya qurumu aşkar edilmişdir Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. Eyni zamanda bildiririk ki, 15.05.1995-ci ildə 23369 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Korlar Cəmiyyəti Nəzdində Star Firması 07.12.1999-cu ildə ləğv edilmişdir, təsisçisi Azərbaycan Respublikası Korlar Cəmiyyəti, hüquqi ünvanı isə ünvan 4iririk ki, qurumun qeydiyyat qovluğunda yenidən təşkil olunması və on rəqəmli VÖEN-nin olması barədə məlumat müəyyən edilməmişdir.” - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15.10.2021-ci il tarixli, **********837700 saylı məktubunda qeyd edilmişdir ki, “dövlət reyestrində “TMP-2” müəssisəsinin 13.02.1998-ci il tarixdə 644 qeydiyyat nömrəsi ilə, Azərbaycan Respublikası Korlar Cəmiyyətinin nəzdində “Star” firmasının 15.05.1995-ci il tarixdə 23369 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxslər 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdirlər. Dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı hüquqi şəxslərin sayı çox olduğundan həmin hüquqi şəxs barədə müraciətinizin cavablandırılması üçün sorğunuzda onun qeydiyyat nömrəsinin, ünvanının və ya onu identikləşdirməyə imkan verə biləcək digər məlumatlarının göstərilməsinin zəruri olduğunu bildiririk.” - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 17.01.2022-ci il tarixli, 1-6-1-118/361-22 saylı cavab məktubunda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı 1996-1998-ci illər üzrə işlədiyi “Star” LTD firmasının və 1999-cu il üzrə işlədiyi 2 №-li Taksimotor parkının sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv sənədinin tərəfimizdən verilməsi mümkün olmamışdır” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunveri-ciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının 64 yaşının tamam olduğu 18.04.2019-cu il tarixə kimi 25 ildən artıq sosial sığorta stajının olması müəyyən edilir. Göründüyü kimi, iddiaçıya 25 ildən artıq sığorta stajına malik olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının əmək kitabçasında qeyd olunan 01.05.1996–04.12.1996-cı, 30.04.1997–01.09.1998-ci illərdə “Star” firmasında, 12.02.1999 –17.06.1999-cu illərdə “TMP-2” müəssisəsində, 25.04.2003–30.12.2003-cü ilədək "xxxx" ASC-də əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 21.03.1986-01.09.1994-cü illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin “Bakıtaksinəqliyyat” BTİB 6 nömrəli Bakıtaksiparkda İİ sinif sürücü; 01.09.1994- 01.12.1994-cü illərdə köçürmə yolu ilə “Bakıtaksinəqliyyat” İB-nin Maştağa nəqliyyat qatarında İİ sinif sürücü işləmişdir.Eyni zamanda 18.01.1996-01.05.1996-cı illərdə “Star” firmasının 5 saylı TMP-də “Reno-12” markalı a/m sürücü vəzifəsində; 30.04.1997-01.04.1998-ci illərdə “Star” firmasının 2 saylı TMP-də “Reno-12” markalı a/m sürücü vəzifəsində; 01.04.1998-01.09.1998-ci illərdə “Star” firmasından köçürmə yolu TMP-2 müəssisəsində sürücü; 12.02.1999-17.06.1999cu illərdə TMP-2 müəssisəsində “Reno-12” markalı a/m sürücü; 01.03.2002-01.04.2002-ci illərdə X2 sürücü; 25.04.2003-30.12.2003-cü illərdə "xxxx" ASC “c” kateqoriyalı sürücü işləmişdir. Beləliklə, hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı, 12.11.1971- 01.10.1972ci illərdə (10 ay 19 gün) “Əzizbəyov-Neft” Neftçıxarma İdarəsinin Nəqliyyat– Traktor kontorunda xarrat-kuzovçu; 25.04.1973-10.11.1975-ci illərdə (02 il 06 15 gün) “Əzizbəyov- Neft” Neftçıxarma İdarəsinin Nəqliyyat–Traktor kontorunda sürücü; 14.11.1975- 25.11.1977-ci illərdə (02 il 11 gün) hərbi xidmətdə olmuş; 16.12.1977- 01.04.1980-cü illərdə (02 il 03 ay 15 gün)“Azneft” X3 Nəqliyyat İdarəsinin Əzizbəyov sahəsində sürücü; 01.04.1980-17.12.1984-cü illərdə (04 il 08 ay 16 gün) köçürmə yolu ilə “Azneft” X8 Birliyinin İdarəsində sürücü; 07.01.1985-19.11.1985-ci (10 ay 02 gün) illərdə “Xəzərdənizneftqazsənaye” ÜİB-nin fəhlə təchizat şöbəsində sürücü; 21.03.1986- 01.09.1994-cü illərdə (08 il 5 ay 10 gün) Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin “Bakıtaksinəqliyyat” BTİB 6 nömrəli Bakıtaksiparkda sürücü; 01.09.1994- 01.12.1994-cü illərdə (03 ay) köçürmə yolu ilə “Bakıtaksinəqliyyat” İB-nin Maştağa nəqliyyat qatarında sürücü; 18.01.1996-01.05.1996- cı illərdə (03 ay 13 gün) “Star” firmasının 5 saylı TMP-də “Reno-12” markalı a/m sürücü vəzifəsində; 01.05.1996- 04.12.1996-cı illərdə (07 ay 03 gün) “Star” firmasının 2 nömrəli TMP 5 nömrəli TMP-dan köçürmə yolu ilə sürücü; 30.04.1997-01.04.1998-ci illərdə (11 ay 29 gün) “Star” firmasının 2 saylı TMP-də “Reno-12” markalı a/m sürücü; 01.04.1998- 01.09.1998-ci illərdə (04 ay 24 gün) “Star” firmasından köçürmə yolu TMP-2 müəssisəsində sürücü; 12.02.1999- 17.06.1999-cu illərdə (04 ay 05 gün) TMP-2 müəssisəsində “Reno-12” markalı a/m sürücü; 01.03.2002-01.04.2002-ci illərdə (01 ay) X2 sürücü; 25.04.2003-30.12.2003-cü illərdə (8 ay 05 gün) "xxxx" ASC sürücü işləmişdir və onun 25 ildən artıq iş stajı mövcuddur. Göründüyü kimi müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş materiallarında olan arxiv arayışlarında əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-3054/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3054/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar