Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-129/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı “torpaq və əmlak vergisinin hesablanması barədə qərarının ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi, daha sonra, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Badamdar Bələdiyyəsinin 13/097 nömrəli 23 iyun 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı cavabdehin 23 iyun 2022-ci il tarixli 13/097 nömrəli qərarına əsasən mülkiyyətində olan Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ev 214 ünvanında yerləşən 516,6 kv.m əmlak və 488 kv.m torpağa görə 2021-2022-ci illlər üçün 655,68 manat əmlak və torpaq vergisi hesablanaraq qərar icraya yönəldilmiş və Bakı şəhəri Nərimanov rayonu İcra şöbəsi tərəfindən icra tədbirləri başlanılmışdır. Halbuki, həmin borcla əlaqədar qərarda göstərilən tədiyyə və xəbərdarlıq məktubu ona qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq təqdim edilməmiş, yalnız icra tədbirlərinə başlanıldıqdan sonra məlumatı olmuşdur. Qərar rəsmi qaydada cavabdehə müraciətindən sonra xx.xx.2022-ci il tarixdə rəsmi qaydada ona təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktuba qoşma şəklində ona təqdim edilmişdir. Həmin məktubda borcun ödənilməsinin gecikdirilməsinə görə 0,1 faiz əlavə hesablandığına görə vergi borcunun 730,81 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı vergi və inzibati icraat haqqında qanunvericiliyinin müddəalarına istinadən hesab etmişdir ki, borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə və borcun ödənilməsi barədə bildiriş, tələbnamə və qərar bələdiyyə tərəfindən rəsmi qaydada göndərilməmiş, qərar qəbul olunarkən maddi və inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət olunmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmənin qərarı əsassızdır. Belə ki, cavabdeh tərəfindən ona hesablanmış vergilərə dair sənədlər rəsmi qaydada 24 sentyabr 2022-ci il tarixində təqdim edilmişdir. Halbuki, qərar çıxarılmamışdan əvvəl həmin sənədlər ona təqdim edilməli idi. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 200.4, 203.1, 208.3 və Aəzərbaycan Respublikasının 17 iyun 2003-cü il 478 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.3-5.10-cu maddələrinin tələbləri baxımından borcun, müvafiq olaraq hesablanmış faizlərin və maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə, qərar rəsmi qaydada ona göndərilməmiş, qanunvericiliyə əməl olunmamışdır. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 2.2.1, 32.1, 12.1 və 15.1-ci maddələrinin tələbləri baxımından birinci instansiya məhkəməsi proses iştirakçılarının təqdim etdikləri sübutlar və işdə olan digər materiallar tam obyektiv araşdırmadan əsassız qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh Badamdar Bələdiyyəsinin 13/097 nömrəli 23 iyun 2022-ci il tarixli torpaq və əmlak vergisi hesablanmasına dair qərarının ləğv edilməsini məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən aşağıdpakıları qeyd etmişdir: «… cavabdeh inzibati orqan inzibati aktı qəbul etməzdən əvvəl müvafiq olaraq tələbnamə, həmçinin də yerli (bələdiyyə) büdcəyə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası üzrə yaranmış borcların ödənilməsi barədə tədiyyə bildirişi tərtib etmiş, tədiyyə bildirişində yaranmış borcun yaranmasına əsas olan halları və əhatə etdiyi dövrü göstərmiş, həmin tədiyyə bildirişini əmlakın yerləşdiyi ünvana göndərmiş və poçt xəbərnaməsinə əsasən həmin sənəd çatdırılmışdır. Daha sonra inzibati orqan tərəfindən iddiaçının əlaqə nömrəsinə SMS xəbərdarlıq göndərilmiş və bələdiyyənin xx.xx.2022-ci il tarixli 17:00 iclasında əmlak və torpaq vergisi üzrə borcun məcburi icraya göndərilməsi məsələsinə baxılacığı barədə xəbərdarlıq edilmişdir. Son olaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli iclasda həmin məsələyə baxılmış, torpaq sahəsinə və əmlaka görə yaranmış 655,68 manat məbləğində borcun iddiaçı tərəfindən bələdiyyənin büdcəsinə ödənilməsi barədə qərar qəbul edilərək iddiaçının ünvanına göndərilmiş, lakin poçt xəbərnaməsinə əsasən geri qaytarılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraatı düzgün aparmış, inzibati aktı qəbul etməzdən əvvəl tələbnaməni və tədiyyə bildirişini iddiaçının ünvanına göndərmiş, eyni zamanda şəxsin dinləmək hüququnun təmin edilməsi istiqamətində tədbirlər görmüşdür ki, göstərilən bu halların hər biri mübahisələndirilən inzibati aktın prosessual baxımından əsaslı qəbul edildiyini göstərir...” Daha sonra məhkəmə hesab etmişdir ki, cavabdehin qərarı ilə iddiaçıya hesablanmış 2021-2022-ci illər üçün 0,0488 ha torpaq sahəsinə görə 5,86 (2,928(488x0,6/100)+2,928) manat məbləğində torpaq vergisi, həmin iki il üçün 573,36 manat (286,68+286,68) məbəlğində əmlak vergisi və ödənilməmiş borcun gecikdirilməsinə görə Vergi Məcəlləsinin 201.4-cü maddəsinə müvafiq olaraq hər gecikdirilmiş gün üçün 0,1 faizlə faiz - qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə və inzibati icraat haqqında hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq hesab edir ki, məhkəmə işin hallarına münasibətdə vergi qanunvericiliyinin tətbiqində səhvə yol vermiş, iddianın rədd olunması barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. Həmin Məcəllənin 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. Həmin Məcəllənin 196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə isə aşağıdakı qaydaları nəzərdə tutur: …; 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Əsasnamənin qeyd olunan tələblərindən göründüyü kimi, yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə ilk öncə bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir ki, həmin akta dair ödəyicinin aktı aldığı gündan 30 gün müddətində yazılı etirazını bildirmək hüququ vardır. Belə etiraz (və ya izahat) verilmədikdə, həmin müddət bitdikdən sonra, ödəyicinin iştirakı ilə, 3 iş günü əvvəl vaxtı və yeri barədə məlumat verilməklə həmin akta 15 gün müddətində baxılır (bu halda ödəyicinin gəlməməsi məsələyə baxılmasına mane olmur) və bələdiyyə tərəfindən ödəyici barədə vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün “məhkəməyə müraciət edilməsi barədə” qərar çıxarır, yaxud belə qərarın çıxarılmasından imtina edir və qərarın surəti verilmə tarixini təsdiq edən üsulla ödəyiciyə təqdim edilir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, bələdiyyə tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamış, inzibati icraat qaydalarına riayət olunmadan xx.xx.2022-ci il tarixdə bələdiyyənin vergi xidmətinin beş əmkdaşının iştirakı ilə tərtib olunmuş, akta baxılması barədə iddiaçıya Əsasnamə ilə nəzərdə tutulan (iddiaçının iştirakı ilə) qaydada baxılmasına təyin edilməmiş, iddiaçıya vergi borcunun ödənilməsinə dair tələbnamə göndərilmiş, bunun ardınca 23 iyun 2022-ci il tarixdə isə birbaşa mübahisələndirilən borcun tutulması barədə qərar qəbul edərək icrası Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir ( Qeyd olunmalıdır ki, məhkəmənin sorğusua əsasən təqdim olunmuş sənədlər arasında tədiyyə bildirişinin, tələbnamənin və qərarın iddiaçıya çatıdırılmasını təsdiq edən bilən sənə-sübut mövcud deyildir). Halbuki, Əsasnamənin qeyd olunan 5.6-cı bəndinə müvafiq olaraq, cavabdeh orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsinjdə tələb olunan borcunu könüllü ödəməyən iddaçıya münasibətdə yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılmalı idi. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən görünür ki, qanunla nəzərdə tutulmuş hallarda öz təşəbbüsü ilə inzibati icraatın başlanması barədə inzibati aktı qəbul etmək inzibati orqanın vəzifəsidir. Eyni zamanda, həmin Qanunun 36.3-cü maddəsinin tələbinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Beləliklə də, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, cavabdeh tərəfindən mübahsələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, həmin qərarla iddiaçının hüquqları pozulmuş olur. İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməməsini mahiyyəti üzrə maddi və prosessual hüquq normalarına uyğun olmayan, səhv nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin, həmin qərarın əsassız olduğunu, maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı və iddianın təmin edilməsi, cavabdeh Badamdar Bələdiyyəsinin 13/097 nömrəli 23 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərar çıxarılmaldır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Badamdar Bələdiyyəsinin 13/097 nömrəli 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-129/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-129/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver