Məhkəmə qərarları › İş №2-1(103)-1290/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1290/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1290/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid adının verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 26.01.N21-ci il tarixli, 2-1(112)-1673/N21 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 26.01.N21-ci il tarixli, 2-1(112)-1673/N21 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.(hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X4 şəhid adının verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı 16 sentyabr 1962-ci il təvəllüdlü X7 Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 1994-cü ildən N saylı hərbi hissənin tərkibində baş leytenant kimi Tərtər rayonunda hərbi xidmətə başlamışdır. Həyat yoldaşı 09.05.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamədə də ölümün səbəbi hərbi xidmət dövründə baş beynin əzilib dağılması kimi göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 13.11.1996-cı il tarixdə verilmiş arayışda onun ərazi bötövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olması, həmçinin N saylı hərbi hissə komandirinin atası Firudin Sərkərova verdiyi 22.05.1996-cı il tarixli bildirişində də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasının baş verməsi nəticəsində həlak olması qeyd edilmişdir. X1 bilavasitə hərbi tapşırığı və xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur və ona şəhid adının verilməsi üçün bütün əsaslar mövcuddur. Onun bu şəraitdə həlak olması Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etməkdir, həmçinin xidmət etdiyi hərbi hissə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdən biri olmuşdur. Hərbi Komissarlıq tərəfindən verilmiş arayışda da onun ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olması qeyd edilmişdir. O, X1na şəhid adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir və 11.08.NN-ci il tarixdə cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr N08-ci il tarixli qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 11.08.NN-ci il tarixli, 1/S-10516 saylı məktubdan görünür ki, iddiaçının mərhum əri baş leytenant X4 şəhid statusunun verilməsi barədə ərizəsi araşdırılmış, araşdırma zamanı məlum olmuşdur ki, mərhum həyat yoldaşı baş leytenant X8 09.05.1996-cı il tarixində Tərtər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum həyat yoldaşı baş leytenant X2 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyildir. İşdə olan İV-ЖГ № 476834 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında 18 noyabr 1988-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 noyabr 1988-ci il tarixdə 28 saylı nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Sərkərova soyadı verilmişdir. İşdə olan AZ-İİ № 016331 saylı, 13 iyun N19-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09 may 1996-cı il tarixdə Tərtər rayonu Seyidəmli kəndində hərbi xidmət dövründə baş beynin əzilib dağılması səbəbi ilə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında N may 1996-cı il tarixdə 03 saylı nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş N.09.1994-cü il tarixli, 6617 saylı arayışdan görünür ki, X7 N saylı hərbi hissənin tərkibində torpaqların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, 16.09.1962-ci il təvəllüdlü X3 09.05.1996-cı il tarixdə hansı şəraitdə, hansı tapşırıqların (döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların) icrası ilə bağlı həlak olması barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 07 dekabr NN-ci il tarixli, 11/5989 saylı məktubdan görünür ki, N nömrəli hərbi hissədə xidmət keçən baş leytenant X7 9 may 1996- cı ildə Tərtər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində vəfat etmişdir. İ.F.Sərkərov həlak olan zaman hərbi xidməti vəzifəsinin icrasında sayılsa da, onun atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Bakı şəhəri Binəqədi rayon hərbi komissarlığına ünvanlanmış 05 may 1996-cı il tarixli 600 saylı bildirişdən görünür ki, 1962-ci il təvəllüdlü baş leytenant X7 xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasının baş verməsi nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin N iyun 1996-cı il tarixli, 0650 saylı əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, motoatıcı briqadanın (N saylı hərbi hissə) motoatıcı taborunun minaatan batareyasının tağım komandiri baş leytenant X7 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin sıyahısından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 132 saylı əmrindən çıxarışdan görünür ki, X3 hərbi xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası zamanı həlak olduğu üçün siyahılardan və bütün növ təminatlardan çıxarılmışdır. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə münasibətdə şəhid adının verilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, hərbi xidmət zamanı həlak olmaq heç də hər bir halda şəhid adı verilməsi ilə nəticələnə bilməz. Bunun üçün qanunvericiliklə nəzərdə tutulmuş hallardan ən azından biri mövcud olmalıdır. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir ki, hazırki iş üzrə şəhid adı verilməsi tələb edilən X1nun vəfat etməsində adları çəkilən səbəbli əlaqələrdən hər hansı biri mövcud deyildir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd edilir ki, bu qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə əsasən şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr N08-ci il tarixli Qərarı ilə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinin tətbiq edilməli olduğu qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İddiaçı mərhum əri X3 atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 13.11.1996-cı il tarixdə verilmiş arayışa əsasən təsdiq edildiyini göstərsə də, lakin məhkəmə həmin arayışı mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, baş leytenant X7 N saylı hərbi hissədə xidmət keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Hazırki halda iddiaçının mərhum əri zabit heyətinə aid olduğundan, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən zaman həlak olduğundan, ona şəhid statusunun verilməsi hərbi komissarlıq tərəfindən deyil, Müdafiə Nazirliyinin kadrlar idarəsi tərəfindən verilmiş arayış əsasında təsdiq edilə bilər. İşdə olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş sənədlər əsasında isə X3 hərbi xidməti vəzifələrini yerinə yetirərkən həlak olduğu müəyyən edilsə də, lakin xidməti vəzifəsinin icrasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır. Beləliklə iş materiallarında olan sənədlər əsasında X3 əvvəllər Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı döyüş əməliyyatlarında iştirak etdiyi, lakin həmin vaxt deyil, daha sonra hərbi xidmətdə olan zamanı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğu müəyyən edilmişdir. Hərbi xidməti vəzifəsinin icrasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır. Ölümün səbəbi isə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı olmamışdır. Sadalanan qanunvericilik normalarından bir daha müəyyən edilir ki, X4 şəhid adının verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh haqlı olaraq şəhid adının verilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.01.N21-ci il tarixli, 2-1(112)-1673/N21 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Zəki Babayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar