Məhkəmə qərarları › İş №2-1(103)-1291/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1291/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1291/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə “02.08.2019-cu il tarixli məktubun və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Məmmədov Fərid oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “02.08.2019-cu il tarixli məktubun, ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3712/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “02.08.2019-cu il tarixli məktubun, ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi, ona sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh xxxx” ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi əlili olmaqla, şəhid ailəsidir. Təkrar gözdən əlillik vəziyyəti ilə əlaqədar Agentliyə müraciət etmiş, lakin Agentlik tərəfindən 02 avqust 2019-cu il tarixdə “xxxx” ASC-yə onun tələbi əsasında məktub təqdim edilmişdir. Əlillik vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin 2788003AABPX nömrəli göndərişi əsasında 11.09.2018-ci il tarixdə qiymətləndirilmiş və “monokulyar korluq, ODzədədən sonrakı vəziyyət, digər qlaukoma, OD-terminal qlaukoma, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilməmiş, OD-travmadan sonra sonrakı qüzehli qişanın kalaqoması, görmə sinirinin atrofiyası, OD görmə sinirinin atrofiyası, VOD-qeyri-düzgün işıq duyğusu, VOS-0.2 k/ilə diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz dərəcəli əlillik təyin edilmişdir. Daha sonra onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG nömrəli göndərişi əsasında 11.03.2019-cu il tarixdə təkrar qiymətləndirilmiş və “monokulyar korluq, istehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilməmiş, OD-travmadan sonra sonrakı qüzehli qişanın kalaqoması, görmə sinirinin atrofiyası, OD görmə sinirinin atrofiyası, VODqeyri-düzgün işıq duyğusu, VOS-0.2 k/ilə diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz dərəcəli əlillik, 50% əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən təkrar gözündən zədə alması, istehsalatda xəsarət aldığı vaxtdan sağ gözünün görmə qabiliyyətini praktiki itirilməsi, sağ gözün görmə itirilməsinin istehsalatda alınmış xəsarət nəticəsində itirilməsinə baxmayaraq “xxxx” ASC tərəfindən sığorta ödənişi ona ödənilməli olduğu halda ödənilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3712/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Eyni zamanda məhkəmənin 2-1(112)-3712/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3712/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qeyri-qanunidir və ləğv edilməlidir. 2018-ci ildə ona əlillik dərəcəsi verilərkən sağ gözünün görmə itiliyi 0.02-0.04: sol gözünün görmə itiliyi 1.0 olmuşdur. Bu haqda məhkəməyə Premium Assistance şirkətindən arayış təqdim etmişdir. İş materiallarında ancaq onun təqdim etdiyi sənədlər tədqiq olunmuş, iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunmamış və onun istehsalatda baş vermiş hadisədən sonra görmə dərəcəsinin nə qədər olması müəyyən olunmamışdır. Məhkəmə ancaq onun ilkin olaraq əlillik dərəcəsi aldığı vaxt və sonrakı illərdə 2019-cu ildə aldığı rəyə əsaslanaraq qərar qəbul etmişdir. İZ aktında onun hansı dərəcədə zədə alması tam öz əksini tapmamışdır. Bu səbəbdən də iş üzrə tibbi ekspertiza təyin edilməli və ekspert qarşısında onun gözünün hadisədən sonra görmə qabiliyyətinin itməsi barədə rəy alınmalıdır. Bütün bu hallar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin olunmasını və qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Məmmədov Fərid oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, İddiaçı 11.03.2019-cu il tarixdə əmək qabiliyyətinin itirilməsi faizi 50% olmuşdur. Həmçinin həmin tarixdə iddiaçı barəsində “Tibbi Sosial Ekspertiza Müayinəsi”ndən çıxarışa əsasən onun əmək qabiliyyətinin itirilməsi faizinin 1% olduğu göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müayinəsi ilə bağlı eyni tarixdə əmək qabiliyyətinin itirilmə faizinin fərqli, həm də ziddiyyətli olması ilə bağlı ayrı-ayrı sənəd qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən “xxxx” Sığorta Şirkətinə 02.08.2019-cu il tarixli məktub ünvanlanaraq 2018-ci ildə istehsalatda xəsarət alan vaxtda İddiaçı sağ gözünün görmə itiliyinin praktik korluq səviyyəsində olduğu, sağ gözün görmə itiliyinin istehsalatda alınmış xəsarət nəticəsində itirilmədiyi, buna görə həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin təyin olunmadığı bildirilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “02.08.2019-cu il tarixli məktubun, ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 2013-2018-ci illər ərzində dövrü göz müayinəsi zamanı sağ gözünün görmə itiliyinin praktik korluq səviyyəsində olmasına, (əl hərəkəti, sıfır, 0.02), bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozunun müəyyən edilməsinə, iddiaçının 2018-ci il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözünün görmə itiriliyinin praktik korluq səviyyəsində olmasına, sağ gözünün görmə itiliyinin isttehsalatda alınmış xəsarət nəticəsində itirilmədiyinin işin halları ilə sübuta yetirilməməsinə, bununla da, cavabdehin mübahisəli aktının etibarsız sayılması və ya ləğv edilməsi üçün əsasların mövcud olmamasına əsaslanaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ləğv və ya etibarsız hesab edilməsini tələb etdiyi 02.08.2019-cu il tarixli məktubun verilmə əsasları, yəni cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd edilən eyni tarixdə qəbul edilmiş fərqli və ziddiyyətli sənədlər, həmin sənədlərin tərtib olunma əsasları yoxlanılmamış, sözügedən məktub inzibati akt kimi, iddia isə mübahisələndirmə haqqında iddia növü kimi qəbul edilmiş, nəticədə məktubun həm ləğv edilməsi, həm də etibarsız hesab edilməsi ilə bağlı tələb dəqiqləşdirilmədən iddia rədd edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iş üzrə iddiaçının hüquqi marağı onun gözdən əlil olması ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş ziddiyyətli sənədin ləğv edilməsi və onun əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edilmiş sənədin bərpa edilməsindən ibarət olmuşdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia tələbinin onun hüquqi marağını əhatə edib-etmədiyini araşdırmadan, iddiaçıya hüquqi marağının nədən ibarət olduğunu ümumiyyətlə aydınlaşdırmadığı üçün düzgün hüquqi yardım göstərib tələbinin dəqiqləşdirilməsi barədə iradə ifadəsinin olub-olmadığını müəyyən etmədən mahiyyəti üzrə qərar qəbul etmişdir ki, bununla da zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının qoyulan iddia tələbi ilə əhatə olunub-olunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 24.11.2020-ci il tarixli qərarı prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3712/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar