Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1291/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı və X9) “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-791/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X9, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), xx.xx.2021-ci il tarixli qərardadı ilə “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkilinin “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində mülkiyyət hüquqlarının Səlim Ağaşərif oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri Səlim Ağaşərif oğlu ilə 1956-cı ildə rəsmi nikaha daxil olmuşdur. 1960-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 0,10 ha torpaq sahəsində mərhum əri ilə birlikdə fərdi yaşayış evi inşa etmişlər. 1963-cü ildə həmin evə dair mərhum həyat X4nun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən texniki pasport da tərtib edilmişdir. O, həmin evdə artıq 60 ilə yaxındır ki, yaşayır. Ev onun və həyat yoldaşının ümumi qazancı hesabına inşa edilmişdir və onların ümumi birgə mülkiyyətidir. X4 2008-ci ildə vəfat etmişdir. Bundan sonra ailə başçısı kimi ev təsərrüfatını iddiaçı idarə etmişdir. Hal-hazırda da yaşayış sahəsi onun mülkiyyətçi qismində sahiblik və istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla bağlı olaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin evlər üzərində qeydə alınmalı olan hüquqların mövcudluğunu təsdiq edir. İddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə iki dəfə yazılı qaydada müraciət etmişdir. Sonuncu müraciəti xx.xx.2021-ci il tarixdə etmişdir. Lakin bu vaxta qədər ona heç bir cavab verilməmiş və ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportda qeyd olunan şəxs (mərhum Səlim Ağaşərif oğlu) ilə bağlı daşınmaz əmlaka dair vərəsəlik işinin açılması barədə müvafiq notariat kontorunun məktubu təqdim edilməmişdir. Həmçinin, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu barədə vətəndaşa **********54 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Üçüncü şəxs X9 tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X9 iddiaçının mərhum oğlu X10 ilə 16 noyabr 1993-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və mübahisəli evə gəlin köçmüşdür. Birgə nikahlarından X5 və X1 adlı iki övladı var. Həyat yoldaşı 02 sentyabr 2016-cı il tarixdə vəfat edib. Həmin ev köhnə tikili olduğundan müəyyən hissələri özü uçub dağıldığına və müəyyən hissələri qəzalı vəziyyətdə olduğuna görə Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə əlaqədar olaraq Bakı Abadlıq tərəfindən söküləndən sonra o, öz vəsaiti hesabına həmin evdə həm Bakı Abadlıq və həm də özü yenidən əsaslı təmir bərpa işləri aparmış və hal-hazırda da əsaslı təmir bərpa işləri aparır. İddiaçı iddia ərizəsində yalan məlumat göstərərək 1963-cü ildə mübahisəli evə dair texniki pasport mərhum həyat X4nun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməsini bildirmişdir. Halbuki, həmin texniki pasport Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiyyə Komitəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbinin əsasını təşkil edən texniki pasport Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiyyə Komitəsi tərəfindən tərtib edilmişdir. Texniki İnventarlaşdırma Bürosu isə iddiaçının istinad etdiyi kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində deyil, o dövrün yerli icra hakimiyyəti orqanı olan Bakı Sovetinin nəzdində olmuşdur. Ona görə də sözügedən texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatı üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ əldə etmiş şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Lakin iddiaçı mərhum həyat X4nun ölümündən sonra qanun və ya vəsiyyət üzrə vərəsələrinin müəyyənləşdirilməsi üçün lazımı qaydada notariusa müraciət etməmiş və vərəsələrin əhatə dairəsi müəyyənləşdirilməmişdir. Belə olan halda iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə və məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsi, 12 saylı ev üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-791/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin evlər üzərində qeydə alınmalı olan hüquqların mövcudluğunu təsdiq edir. Məhkəmə bu maddi hüquq normasının tələbini pozmuş, həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilən texniki pasportun mövcudluğunu nəzərə almamış, buna uyğun maddi hüquq normasını düzgün tərtib etməmişdir. İşə baxan məhkəmə iş materiallarında olan «X3» LTD Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2022-ci il tarixli məktubuna və əlavə edilən xəritəyə istinad edərək qeyd edir ki, iddiaçının evinin yerləşdiyi ərazi istehsalat təyinatlı sahədir və evə yaxın məsafədə 2620 və 2975 saylı işlək neft quyuları mövcuddur. Bununla da məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi sənaye təyinatlıdır və dövlət mülkiyyətindədir. Halbuki, bunun belə olmadığı elə işdə olan sübutlarla, təqdim edilən sənədlərlə də öz təsdiqini tapır. Belə ki, həmin məktubda torpağın dövlətə məxsus olduğu göstərilməyib. İkincisi, həmin ərazi yaşayış məntəqəsinin torpaqlarıdır və dövlət tərəfindən xüsusi layihə çərçivəsində abadlaşdırılaraq Balaxanı sakinlərinin istifadəsinə verilmişdir. Əraziyə küçə adı verilmiş, evlər nömrələnmişdir. Əgər iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsi sənaye ərazisidirsə və dövlət mülkiyyətinə aid olan torpaqlardırsa, o halda nə üçün həmin torpaq sahəsinin bütün sağ və sol, aşağı-yuxarı qonşu torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınmışdır? Belə ki, iddiaçı tərəf məhkəməyə qonşu sakinlərin ev və həyətyanı sahələrinə dair çıxarışlar təqdim edərək həmin ərazinin, məhəllənin neft sənayesi torpaqları olmadığını sübut etmişdir. Lakin işə baxan məhkəmə bu məqamı nəzərə almamış, nəticədə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İşə baxan məhkəmə mübahisəli evə dair iddiaçının mərhum ərinin adına tərtib edilən texniki pasporta sübut növü kimi düzgün hüquqi qiymət verməmiş, həmin sübutla bağlı tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sənaye təyinatlı və dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aiddir. Lakin məhkəmə gəldiyi bu nəticəni əsaslandırmamışdır. Çünki Bakı şəhəri, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evin qonşuluğundakı bütün torpaq sahələri və evlər xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu mənada işə baxan məhkəmə bütün faktiki halları araşdırmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsindəki evlərin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəqiq müəyyən edilməsi üçün əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılmasını təmin etməmişdir. İşə baxan məhkəmənin gəldiyi nəticə iş materiallarında olan evə dair texniki pasportla uyğunsuzluq təşkil edir. Belə ki, həmin evə dair iddiaçının mərhum ərinin adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə də həmin pasport həmin ev üzərində hüquqların qeydə alınmalı olduğunu müəyyən edir. Digər tərəfdən, Balaxanı qəsəbəsinin Rahib Qədimov küçəsi də daxil olmaqla böyük bir hissəsi dövlətin xüsusi layihəsi əsasında tarixi yaşayış məskəni kimi abadlaşdırılmışdır və bu faktiki hal da ərazinin sənaye deyil, yaşayış məntəqəsi torpaqlarına daxil olduğunu ehtiva edir. Məhkəmə bu halı yerində müşahidə etsə də, bunu nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər X9 və “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsində olan torpaq sahəsidir. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi kateqoriyasına görə sənaye torpaqlarına aiddir və Balaxanı Əməliyyat şirkətinin istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir. Hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi kateqoriyasına görə sənaye torpaqlarına aiddir, verilmiş torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi isə iş materialları ilə təsdiq edilmir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi, evin yerləşdiyi əraziyə yaxın məsafədə 2620 və 2975 saylı neft quyularının (işlək quyuların) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd olunan hallara istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilən 1963-cü il tarixli texniki pasportdan görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçının həyat X4nun adına Balaxanı qəsəbəsi, Mustafa Sübhi küçəsi (hazırda R.Qədimov) ev 12 ünvanına dair inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin evlər üzərində qeydə alınmalı olan hüquqların mövcudluğunu təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmiş və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Bundan başqa, mübahisəli torpaq sahəsinin sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsində olan torpaq sahəsi olması, həmçinin evin yerləşdiyi əraziyə yaxın məsafədə 2620 və 2975 saylı neft quyularının (işlək quyuların) mövcud olması ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair 1963-cü ildə iddiaçının əri Səlim Ağaşərif oğluna Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Nə cavabdeh inzibati orqan, nə də ki, üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkəti həmin ünvanda yerləşən torpaq sahəsinə yaxın ərazidə olan 2620 və 2975 saylı neft quyularının həmin dövrdə mövcudluğu ilə bağlı hər hansısa sübut təqdim etməmişlər. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu baxımdan məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/3903 №-li xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, rəyin özündə də qeyd olunmuşdur ki, qeyd olunan rəy cavabdeh inzibati orqanının mütəxəssis rəyinə əsaslanaraq verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014 Sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin dövlət proqramının icrası çərçivəsində Bakı şəhərinin bir sıra qəsəbələri ilə yanaşı Balaxanı qəsəbəsinin, o cümlədən Rahib Qədimov küçəsi də daxil olmaqla böyük bir hissəsi tarixi yaşayış məskəni kimi abadlaşdırılmışdır. Bu hal da ərazinin sənaye deyil, yaşayış məntəqəsi torpaqlarına daxil olduğunu ehtiva edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İddiaçı hazırkı tələblə mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Həmin ünvanda olan evin iddiaçının ərinə Səlim Ağaşərif oğluna məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan çıxarışlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsidə yerləşən fərdi yaşayış evlərinə mülkiyyət hüququ ilə bağlı çıxarışlar verilmişdir. Hansı ki, həmin evlər hazırki iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evlə qonşuluqda yerləşir. Beləliklə, işdə olan çıxarışlardan göründüyü kimi iddiaçı ilə qonşuluqda yerləşən digər torpaq sahələri üzərində sakinlərin mülkiyyət hüququ cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız omaqla, yanaşı həm də ədalətsizdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin ərazidə yaşayan digər sakinlər kimi orada uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin torpaq sahəsi ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir. X19 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur (bax Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X11rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanunazidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Bu baxımdan mübahisəli evə dair mülkiyyət hüququnun iddiaçının mərhum ərinə məxsus olması barədə arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-557/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi eyni Bağçılıq Yoldaşlığına eyni qaydada üzv qəbul edilmiş digər şəxslərin hüquqları qeydiyyata alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-791/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-791/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində mülkiyyət hüquqlarının Səlim Ağaşərif oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1291/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1291/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver