Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1291/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X1 cəlb edilməklə) qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə dair çıxarışın verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-1(112)-11084/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi rayonu, Novxanı bağ massivində 1118 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi bağ evinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq ona dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış 130 saylı 30 noyabr 2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən, Binəqədi rayonu Novxanı bağ massivində 1200 kv.m. torpaq sahəsi (faktiki olaraq 1118 kv.m. torpaq sahəsi) fərdi bağ evinin tikintisi üçün iddiaçıya uzun müddətli istifadəyə verilib. İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırladığı layihə əsasında həmin torpaq sahəsində fərdi bağ evi inşa edib. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti həmin lahiyəni təsdiq edib və 10 sentyabr 2023-cü il tarixli cavabla bildirib ki, hüquqların rəsmiləşdirilməsi üçün təsdiq olunmuş layihə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 10-cu maddəsinə əsasən, Binəqədi rayonu Novxanı bağ massivində 1118 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi bağ evinə hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını üçün 06 may 2024-cü il tarixli müraciət cavabdehə göndərilib. Cavabdehin 03 iyun 2024-cü il tarixli imtina məktubunu 06 iyun 2024-cü il tarixdə rəsmi qaydada əldə etmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan imtina məktubunda torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmamasını bildirmişdir. Halbuki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı olmasına baxmayaraq təqdim olunan sənədlər torpaq sahəsi üzərində icarə hüququnun verilməsi ilə bağlıdır. Bundan əlavə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Ləhiş bağ massivinin ərazisidir, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmiş, dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin (X8) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, bir hissəsinə isə digər fiziki şəxsin (X1) idarəyə müraciəti qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X1 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11084/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 1118 kv.m. torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 1(112)-11084/2024 saylı qərarı mübahisələndirilmiş və apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11084/2024 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin məzmunu məhkəməyə təqdim olunmuş yazılı etiraz ərizəsi ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlıdır. Lakin iddiaçı tərəfindən təqdim olunan sənədlər torpaq sahəsi üzərində icarə hüququnun verilməsi ilə əlaqəlidir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi bağ massivinin ərazisidir. Həmin torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Bundan əlavə torpaq sahəsinin bir hissəsi Asim Əliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Həmin kordinatlar hazırda qüvvədədir. Bununla bağlı da qarşı tərəfdən həmin kordinatların dəyişilməsi ilə bağlı hər hansı bir müraciət daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, qarşı tərəfin əsas dəlili ondan ibarətdir ki, birincisi, torpaq sahəsinin bir hissəsi Asim Əliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. İkincisi, torpaq sahəsinə dair güya ki başqa şəxsin müraciəti vardır. Həmin şəxs, həqiqətən də, müraciət edib, lakin ona cavab olaraq bildirilib ki, sizin torpaq sahəniz burada deyil. Hələ də həmin torpaq sahəsinin kimin olduğu məlum deyil. Asim Əliyev isə notariat qaydasında ərizə təqdim edib ki, üst-üstə düşən torpaq sahəsindən iddiaçının xeyrinə imtina edir. İddiaçının İcra Hakimiyyətinə müraciəti məqbul hesab olunmuşdur. Buna müvafiq olaraq İcra Hakimiyyətinin məktubunda qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edilə bilər və bu da hüquqların qeydiyyatı üçün əsasdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunda göstərilir ki, hüquqların qeydiyyatı üçün bağlanılmış icarə müqavilələri də yetərlidir. Qarşı tərəfin hansı səbəblərdən bu halı qəbul etmədiyi onlara məlum deyil. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 130 nömrəli müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və icarəçi İddiaçı arasında Binəqədi rayonu Novxanı bağ massivi 1200 kv.metr torpaq sahəsinin 99 il müddətinə fərdi bağ evinin tikintisi üçün icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. - Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli 03/13-10-7/M-229-151 nömrəli məktubunda qeyd edilmişdir ki, inşa edilmiş mövcud İ (bir) mərtəbəli bağ evinin təqdim olunmuş layihəsi (“X3" MMC-nin işi) (İ mərtəbə: terras - 30,08 kv.m, istirahət otağı - 46,83 kv.m, holl - 44,94 kv.m, mətbəx - 40,68 kv.m, zal - 42,68 kv.m, camaşırxana - 12,24 kv.m, dərs otağı - 24,40 kv.m, yataq otağı - 18,36 kv.m, 22,00 kv.m, 14,18 kv.m, 14,40 kv.m, s/q - 3,06 kv.m, 6,48 kv.m, 7,20 kv.m,) təsdiqlənərək təqdim edilir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən faktiki sahəsi 1118 kv.m. təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və həyət tikilisi inşa olunmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1084h saylı, 0,12 ha bağ sahəsi X6 məxsusdur. - X5 notarial qaydada təsdiq edilmiş məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, ona məxsus Binəqədi rayonu Novxanı bağ massivində torpaq sahəsi mövcuddur. Həmin bağ sahəsi İddiaçı məxsus torpaq sahəsi ilə bitişik ərazidə yerləşir. Torpaq sahəsi paylanarkən sürüşdürmə sürüşmə baş verməsi səbəbindən onun torpaq sahəsinin az bir hissəsi ilə İddiaçı məxsus torpaq sahəsinin az bir hissəsi (0.004 ha) üstüstə düşüb. Üst-üstə düşmüş torpaq sahəsi İddiaçı faktik sahiblik və istifadəsində olduğu üçün həmin hissədən İddiaçı xeyrinə imtina edir. Bununla bağlı İddiaçı ilə müvafiq sənədləşmə aparacaqdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş situasiya planınına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində İddiaçı bağ sahəsi kimi istifadə etdiyi torpaq sahəsinin (1200 kv.m) situasiya planı tərtib edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən də, Binəqədi rayonu Bələdiyyəsinin 130 saylı, xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə Binəqədi rayonu, Novxanı bağ massivində 1200 kv.m torpaq sahəsi icarəsinə verilmiş və sənədlər Binəqədi rayon Bələdiyyəsinin arxivindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə müvafiq olaraq, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə müvafiq olaraq, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh orqana müraciəti fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyd alınması ilə bağlı olmasına baxmayaraq, cavabdehin imtinası, həmçinin iddiaya yazılı etirazı yalnız torpaq sahəsinə münasibətdə olmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən torpağın faktiki sahəsi 1118 kv.m. təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və həyət tikilisi inşa olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi rayonu, Novxanı bağlar massivində inşa edilmiş 1 mərtəbəli bağ evinin təqdim olunmuş layihəsi (İ mərtəbə: terras - 30,08 kv.m, istirahət otağı - 46,83 kv.m, holl - 44,94 kv.m, mətbəx - 40,68 kv.m, zal - 42,68 kv.m, camaşırxana - 12,24 kv.m, dərs otağı - 24,40 kv.m, yataq otağı - 18,36 kv.m, 22,00 kv.m, 14,18 kv.m, 14,40 kv.m, s/q - 3,06 kv.m, 6,48 kv.m, 7,20 kv.m,) təsdiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin inşa edilmiş bağ evinin mövcud vəziyyətdə layihəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin dispozisiya şərtinə əsasən məlumatlandırma icraatının şərtlərinə uyğundur. Belə olan təqdirdə fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tikinti başa çatdıqdan sonra - xx.xx.2021-ci il tarixində tikinti barədə Binəqədi Rayon İcra Hakimiyyətinə məlumat verilməsini təsdiq edən ərizə məhkəməyə təqdim edilmişdir. 28.Beləliklə, iddiaçının qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Qanuni gözlənti (legitimate expectation) hüquq nəzəriyyəsində və inzibati hüquqda mühüm anlayışlardan biridir. Bu prinsip vətəndaşların və ya hüquqi şəxslərin dövlət orqanlarının müəyyən hərəkətləri və ya qərarları ilə bağlı məntiqli və əsaslandırılmış gözləntilərinin qorunmasını nəzərdə tutur. Qanuni gözlənti adətən aşağıdakı hallarda yaranır: - Dövlət orqanlarının verdiyi rəsmi vədlər və ya bəyanatlar – əgər dövlət orqanı və ya rəsmi şəxs konkret bir qərarın veriləcəyinə vəd veribsə və ya müəyyən hərəkətin qanuni qaydada həyata keçiriləcəyinə dair bəyanat səsləndiribsə, vətəndaşlarda bu gözlənti yaranır. - Uzunmüddətli inzibati təcrübə və ya praktika – əgər dövlət orqanı müəyyən bir məsələ ilə bağlı uzun müddət ardıcıl və sabit bir siyasət yürüdübsə, vətəndaşlar bu praktikanın davam edəcəyini qanuni olaraq gözləyə bilərlər. - Qanunvericilikdə nəzərdə tutulan prosedurların və qaydaların qorunması – Əəgər qanunlar və normativ aktlar müəyyən bir prosedurun necə aparılacağını göstərirsə, vətəndaşlar həmin qaydalara əməl ediləcəyini gözləyə bilərlər. Qanuni gözlənti hüquqi öhdəlik yaratmır və hər bir halda məhkəmə tərəfindən ayrıca qiymətləndirilir. Dövlət orqanları ictimai maraqları qorumaq üçün bəzən inzibati praktikanı dəyişə bilər. Lakin bu zaman qanuni gözləntilərin pozulmamasına və ya vətəndaşlara ədalətli keçid müddəti verilməsinə diqqət yetirilməlidir. Qanuni gözlənti prinsipi hüququn ədalətlilik və hüquqi müəyyənlik prinsipləri ilə sıx bağlıdır. Bu prinsip vətəndaşların dövlət orqanlarına etimadını artırır və idarəetmədə şəffaflığı təmin edir. Dövlət orqanları və məhkəmələr bu prinsipi nəzərə alaraq qərarlar qəbul etməli və qanuni gözləntilərin əsassız şəkildə pozulmamasına diqqət yetirməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 11084/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11084/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1291/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1291/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver