Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1292/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1292/2023 (Açar sözlər: “190 manat birdəfəlik ödəmənin verilməsi”) Bakı şəhəri 28 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli **********6 nömrəli Arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Məşğulluq Altsistemi”nə əsasən iddiaçı xx.xx.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
2. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** saylı əmək haqqın hesabı olmuşdur və hesab xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Hesaba vəsaitlər yalnız əmək haqqı təyinatı ilə mədaxil edilmiş və bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. Əlavə olara qeyd edirlər ki, İddiaçı1 adına "xxxx" ASC vasitəsi ilə heç bir pul köçürmə əməliyyatı həyata keçirilməmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı1 adına "xxxx" ASC-də qərarda qeyd olunan dövrü əhatə edən sürətli pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlara dair uyğunluq aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Məşğulluq Altsistemi”nə əsasən İddiaçı3 xx.xx.2020-ci il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, AR Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127N-li qərarı ilə təsdiq edilmiş “Koronovirus” (Covid-19) pandemiyası dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə heç yerdə işləməyən, VÖEN-i olmayan şəxslərə birdəfəlik ödəmələrin (190AZN) verilməsi onların 4 nəfərdən ibarət ailə üzvlərinə, yəni 4*190=760AZN, 760AZN*5ay=3.800 AZN məbləğində yardımın ödənilməsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
6. 10.11.2021-ci il tarixli məhkəmə iclasında X3 və İddiaçı3 bigə iddiaçı kimi məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Koronovirus” (Covid-19) pandemiyası dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə 5 dəfə ödəmə həyata keçirilmişdir. İddiaçılar birdəfəlik ödəmə üçün Xətai rayon 5 N-li Məşğulluq idarəsinə müraciət etmişdirlər. Aztəminatlı meyarlarına uyğun gəlmədiklərinə görə onlara imtina verilmişdir.
8. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının “Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar iddiaçılar X3, İddiaçı3 və İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablamaqla 2280 manat məbləğin onlara ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
9. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “190 manat birdəfəlik ödəmənin verilməsi” barədə iddia tələbi üzrə iş 2-1(112)-714/2022 nömrə ilə; X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “190 manat birdəfəlik ödəmənin verilməsi” iddia tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır.
10. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" ASC-nin prosessual iştirakına xitam verilmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin ötibiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X7 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin kerilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Yuxarıda qeyd edilən Nazirlər Kabineti Qərarının 2.3.15-ci bəndinə əsasən, 190 (yüz doxsan) manat birdəfəlik ödənişin verilməsindən imtina edilən şəxslərin dairəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olan şəxslər də aid edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı1 Kamaladin oğlu aztəminatlılıq meyarına uyğun gəlmədiyinə görə, yəni 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olduğuna görə ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, Nazirlər Kabinetinin müvafiq Qərarının 3.8-ci bəndinə əsasən, birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, iqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Habelə əlavə olaraq qeyd edilməlidir ki, daha əvvəl keçirilən məhkəmə iclaslarında da iddiaçı özü etiraf etmişdir ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində ona ölkə xaricindən pul vəsaitləri göndərilmişdir. Belə olduğu təqdirdə müvafiq inteqrasiya edilmiş sistemlər vasitəsilə iddiaçıya aztəminatlılıq meyarına uyğun gəlməmə səbəbilə verilən imtina qanuni və əsaslı xarakter daşımaqdadır. Analoji məsələyə dair Ali Məhkəmənin 22 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1632/2021 saylı Qərarının 29-cu paraqrafına əsasən, nikahın pozulması barədə qeydin müvafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, istinad edilən qərar da məhz 190 (yüz doxsan) manat birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə qoyulması ilə bağlı olmuşdur.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablanmaqla 760 manat məbləğin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Məşğulluq Altsistemi”nə əsasən İddiaçı1 və İddiaçı3 işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişləri” alt sistemində adlarına qüvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
14. İddiaçı3 işsiz kimi qeydiyyatda olsa da və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməsə də mövcud qanunvericiliyə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilməsi nəzərdə tutulduğundan ona münasibətdə hazırkı iddia tələbi təmin edilməməlidir.
15. Belə ki, hazırkı iddia ilə onun ailə üzvü olan, əri İddiaçı1 190 manat birdəfəlik ödəmənin ona verilməsi təmin edilmişdir. Odur ki, hazırkı iddia tələbi İddiaçı3 ailə üzvünə (ərinə) münasibətdə təmin edildiyindən, İddiaçı3 münasibətdə əsassızdır və təmin edilməməlidir.
16. Məhkəmə qeyd edir ki, İddiaçı1 işsiz statusunun verilməsi barədə qərarın qəbul edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyildir. İddiaçıya işsiz statusunun verilməsi barədə müvafiq qərarın qəbul edilməməsi cavabdeh inzibati orqanın bilavasitə tabeliyində olan X5 hərəkətsizliyi nəticəsində baş vermişdir.
17. Birinci instansiya məhkəməsi “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na,“Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarına, “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarına istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-714/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin maddi normaların tələblərini pozmaqla qəbul etdiyi qərar əsassız və qanunsuz olduğundan ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Şikayət aşağıdakılarla əsaslandırılır: Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş 1 verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X10 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qərarla təsdiq edilmiş Qaydanın 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Həmin sistemlərdən əldə olunmuş məlumatlar insan faktoru olmadan avtomatlaşdırılmış şəkildə emal olunaraq, hüququ müəyyən edilmiş işsiz şəxslərə birdəfəlik ödəmələr üzrə təyinatlar aparılmışdır. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Müasir dövrdə ilk dəfə baş vermiş qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel-may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyrimüəyyənliklər yaransa da, hazırkı məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanlandığı zaman X7 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır. Hamıya məlumdur ki, koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlər yalnız 190 manat birdəfəlik ödəmə ilə sonlanmamış, işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin edilməsi məqsədilə 50 min haqqı ödənilən ictimai iş yeri (əmək haqqı 250 manat) yaradılmışdır. Digər tərəfdən 2020-ci il ərzində 10000 nəfərdən artıq işsiz şəxsin özünüməşğulluğuna kömək məqsədilə bütün zəruri addımlar atılmışdır. Bir məsələ də vurğulanmalıdır ki, Nazirliyin “Məşğulluq” Alt sistemində (bundan sonra - MAS) Vakansiya Bankı formalaşmış və həmin bankda on minlərlə vakant vəzifələr vardır. İşsiz şəxs “e-sosial.az” internet portalındakı şəxsi kabinetinə daxil olaraq MAS-da mövcud olan vakansiyaları mütəmadi izləmək, həmin vəzifələrə göndərişlərin formalaşdırılması imkanlarına malikdir. Nəzərə alınmalıdır ki, yuxarıda sözügedən birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan X7 kütləvi informasiya vasitələri ilə, habelə işsiz şəxslərə birbaşa məktublar, telefon zəngləri, sms-lər ünvanlamaqla həmin şəxslərin sosial rifahının təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olması üçün müraciətlər etmişdir. Qanunun 1.1.6-cı maddəsinə, habelə X6 konvensiyalarına əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, MAS-da işsiz kimi qeydiyyata aiınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Göstərilənlərdən belə aydın olur ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Hazırda Qanuna uyğun olaraq X7 tərəfindən işsiz şəxslərə, onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:
24. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.
25. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.
26. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
27. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
28. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
29. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
30. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın:
31. 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir.
32. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
33. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir.
34. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə.
35. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara.
36. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir.
38. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
39. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
40. Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
41. Maddə 34.1 öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
42. Maddə 35.1 bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
43. Maddə 30.1 mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.4 inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır
44. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
45. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
47. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
48. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 49.Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
50. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;
51. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
52. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri 53.Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
54. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Daha sonra sonra məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı1 ilə İddiaçı3 ailə üzvü (ərarvad) olmalarını və mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarını və hüquqları eyni faktiki və hüquqi əsaslara söykəndiyini, həmçinin tələblərinin eyni cavabdehə qarşı yönəldiyi nəzərə alınaraq hesab edir ki, hazırkı iddia tələbi üzrə onların birgə iddiaçı kimi çıxış etmələri İPM-in 30.1-ci maddəsinə uyğundur.
56. Məhkəmə Kollegiyası iddia tələbininin İddiaçı1 münasibətdə əsaslı olması ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli **********6 nömrəli Arayışına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Məşğulluq Altsistemi”nə əsasən o, xx.xx.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
57. İşin faktiki hallarına tətbiq edilmiş hüquq normalarına əsasən iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Alt Sistemində işaxtaran kimi qeydiyyata alınmasına baxmayaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinə əsasən 5 iş günü ərzində ona münasib iş təklif olunmadığından, iddiaçı həmin maddənin tələbinə uyğun olaraq işsiz sayılır.( “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.)
58. Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı1 işsiz statusunun verilməsi barədə qərarın qəbul edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyildir. İddiaçıya işsiz statusunun verilməsi barədə müvafiq qərarın qəbul edilməməsi cavabdeh inzibati orqanın bilavasitə tabeliyində olan X5 hərəkətsizliyi nəticəsində baş vermişdir.
59. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya SMS vasitəsi ilə göndərilmiş imtinada onun aztəminatlı sayılmadığı üçün imtina edilməsi göstərilmişdir.
60. Cavabdehin inzibati orqan iddiaya dair yazılı etirazda qeyd etmişdir ki, İddiaçı1 aztəminatlılıq meyarına uyğun gəlmədiyinə görə, yəni 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olduğuna görə ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Habelə əlavə olaraq qeyd edilməlidir ki, daha əvvəl keçirilən məhkəmə iclaslarında da iddiaçı özü etiraf etmişdir ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində ona ölkə xaricindən pul vəsaitləri göndərilmişdir. Belə olduğu təqdirdə müvafiq inteqrasiya edilmiş sistemlər vasitəsilə iddiaçıya aztəminatlılıq meyarına uyğun gəlməmə səbəbilə verilən imtina qanuni və əsaslı xarakter daşımaqdadır.
61. Həmçinin, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, İddiaçı1 adına "xxxx" ASC və "xxxx" ASC vasitəsi ilə pul köçürmə əməliyyatı həyata keçirilmişdir.
62. Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı1 ölkə xaricindən pul vəsaitləri göndərilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır.
63. Belə ki, Azərbaycan Beynəlxalq Bankının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** saylı əmək haqqın hesabı olmuşdur və hesab xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Hesaba vəsaitlər yalnız əmək haqqı təyinatı ilə mədaxil edilmiş və bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. Əlavə olara qeyd edirlər ki, İddiaçı1 adına "xxxx" ASC vasitəsi ilə heç bir pul köçürmə əməliyyatı həyata keçirilməmişdir.
64. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı1 adına "xxxx" ASC-də qərarda qeyd olunan dövrü əhatə edən sürətli pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlara dair uyğunluq aşkar edilməmişdir.
65. Məhkəmə Kollegiyası tətbiq edilən maddi hüquq normalarına istinad edərək hesab edir ki, İddiaçı1 müvafiq dövrdə (2020-ci ilin may, iyul, avqust və dekabr aylarında) işsiz kimi qeydiyyatda olması və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi, həmçinin İddiaçı1 ölkə xaricindən pul vəsaitləri göndərilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından iddia tələbi İddiaçı1 münasibətdə əsaslıdır.
66. Apelyyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizələrə əsaslanmaqla işin faktiki və hüquqi hallarına söykənmir.İddianın mümkün sayılmamalı olması bildirilsə də, apellyasiya şikayətində İPMin 35.1-ci maddəsinin təsiri altına düşən konkret hala istinad olunmamışdır.
67. Belə ki, apellyasiya şikayətində qeyd edilir ki, mübahisə edilən birdəfəlik ödəmənin verilməsi ilə bağlı, yəni bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir.Lakin cavabdeh iddiaçının mübahisə edilən birdəfəlik ödəmənin verilməsi ilə bağlı, yəni bu sosial müdafiə tədbirindən kənarda qalmasına haqq qazandıran nə faktiki, nə də hüquqi hallara istinad etməmişdir.
68. Halbuki, iddiaçı Kərimov HacıMurad Kamaldin oğlu mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün qeydiyyatdan keçmişdir, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinin tələbinə uyğun olaraq 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı üçün işsiz sayılır, cavabdehin etirazının dəlili olaraq ölkə xaricindən iddiaçıya pul vəsaitləri göndərilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır.
69. Mübahisə edilən birdəfəlik ödəmənin verilməsi ilə bağlı, yəni bu sosial müdafiə tədbirinə cəlb etmə müddətinə istinad edilməsi inzibati orqanın hərəkətsizliyi nəticəsində müraciəti təmin olunmayan iddiaçının hazırkı işə tətbiq olunan maddi hüquq normaları ilə qorunan hüquqlarını pozur.
70. Apellyasiya şikayətində qeyd edilən mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir dəlilinin iddiaçıya münasibətdə nəzərə alınmalı olması üçün isə hər hansı sübuta istinad olunmur.
71. Nəhayət, apellyasiya şikayətinin dəlili olaraq istinad olunmuşdur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur.
72. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi işin barşıq yolu ilə həlli imkanı olmadığını bildirmişdir.
73. Azərbaycan Respublikası İPM-in 7.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.
74. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.