Məhkəmə qərarları › İş №2-1(103)-1293/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1293/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1293/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 qızının iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Xidmət Nümayəndəliyinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4) qarşı “ödənilməmiş müavinətin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-5999/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 24.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 10.08.2015-ci il tarixdən 10.08.2018-ci il tarixinə qədər hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı ilin noyabr ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra universitetə daxil olmuşdur. 1979-cu ildən 1981-ci il tarixinə qədər Belarusiyanın Prujani şəhərində keçmiş sovet ordusunda müddətli hərbi xidmətdə olmuşdur. Erməni işğalçılarının vətəninə xalqına qarşı törətdikləri cinayətlərdən və xain əməllərdən sonra o da, vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədi ilə 1992-ci ilin oktyabr ayında könüllü olaraq ordu sıralarına qoşulmuşdur.1992-ci ilin oktyabr ayından 1995-ci ilin may ayınadək N nömrəli hərbi hissədə (Ağdam şəhərində) gizir rütbəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07.04.2000-ci il tarixli arayışında qeyd olunur ki, gizir İddiaçı SQ Baş Qərargah rəisinin 24.02.1993- cü il tarixli, 029 gm Ns-li əmrilə N saylı hərbi hissənin avtomobil bölüyünün baş texniki təyin edilmiş və SQ Baş Qərargah rəisinin 22.03.1995-ci il tarixli, 092 gm №-li əmrinə müvafiq komandirin 07.05.1995-ci il tarixli, 92 №-li əmrilə vəzifəsindən azad edilərək N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Qeyd olunanlara əsasən, ona 10.08.2018-ci il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət 24.09.2018-ci il tarixindən ona ödənilməyə başlanılmışdır. Hesab edir ki, həmin müavinət vəsiqənin verildiyi tarixdən əvvəlki 3 il müddətinə ödənilməlidir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı idarəsinin 21,07.2020-ci il tarixli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin sözügedən imtina məktubu əsassızdır və qanunaziddir. Belə ki, cavabdeh inzibati orqan imtina məktubunda “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə istinad edir və qeyd edir ki, güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Lakin, cavabdeh inzibati orqan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-5999/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 10.08.2015-ci il tarixdən 10.08.2018-ci il tarixinədək 36 ay fərq məbləğində ödənilməmiş müavinətin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh 02.02.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-5999/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sosial müavinətin müraciət edilməzdən əvvəlki üç ilə alınması hüquqdur və bu hüquq yalnız şəxsin müraciət etdiyi anda yarana bilər. Əgər şəxs bu hüququndan veteran vəsiqəsini aldığı anda faydalanmamışdırsa, onda bir neçə ildən sonra məhkəməyə müraciət etməsi istisna edilir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, onun birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosu) məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-5999/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 10.08.2018-ci il tarixdə verilmiş , M/V № 084561 seriya və nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat müəyyən olunmuşdur. 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. - 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. - 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunvericiliyin sadalanan normalarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. İşin sadalanan hallarından aydın olur ki, iddiaçıya vəsiqə 10.08.2018-ci il tarixdə verilmişdir. Lakin işdən müəyyən olunur ki, iddiaçıya vəsiqənin verilmə əsasını onun Dağlıq Qarabağda gedən Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etməsi təşkil etmişdir. Deməli, iddiaçının müvafiq müavinət almaq hüququ daha əvvəldən yaranmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya “Müharibə veteranı” statusu və vəsiqəsinin verilmə əsası 1993-cü ildə yaranmışdır. Deməli, iddiaçının müvafiq müavinət almaq hüququ daha əvvəldən yaranmışdır. Qanunvericiliyin sadalanan normalarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilərək, iddiaçının təqaüd aldığı tarixdən əvvəlki üç il üçün - 10.08.2015-ci il tarixdən 10.08.2018-ci il tarixədək olan dövr üçün müharibə veteranı adı almış şəxslərə müəyyən edilmiş müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-5999/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-5999/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar