Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1293/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X2 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “ödəncin hesablanıb ödənilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehna qarşı öhdəliyin icrası haqqında iddia iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi və həmin əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia, 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi» hissəsində mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin bütünlüklə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinin tələbləri baxımından mümkün sayılır. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsassız olaraq iddia tələbini iki hissəyə bölərək, tamamlanmamış ayrı hissəyə ayrılmışdır. İddianın mümkün sayılmayan hissəsi vahid fikri əhatə edir. Tələb heç də 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinin sübutuna yox, hazırkı əmək haqqının iki mislində ödənməli pulun 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, infilyasiya nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə ödənilməsinədir.. Bunlar fərqli tələblərdir. Cavabdeh 161 manat ödəmə verməyə səy göstərdiyindən və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8-ci maddəsinə əməl edilmədiyindən hazırkı yeni tələb gündəmə gəlmişdir. Məhkəmə prokurorluq işçilərinə, eləcə də digər dövlət qulluqçularına pensiya hesablanmasında belə ötən əsrdə verilən məbləğ yox, hazırda alınan məbləğ nəzərə alınır. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirk edən cavabdehin nümayəndəsi İ.Mikayılov onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, konkret halda, iddiaçının tələbinin yoxlanılan hissəsi, “1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi tələbi təşkil edir. Qısaca ifadə tərzində, iddiaçı “1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə, istinad etdiyi meyarlar nəzərə alınmaqla, kompensasiyanın hesablanıb ödənilməsini tələb edir. Lakin iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunan hallar iddiaçının qeyd olunan iddia tələbinin məhkəmə icraatını mümkünsüz edir. Belə ki, iddiaçı cavabdehə qarşı əvvəllər 1982-1999-cu illərdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3306/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, 1994-cü ildə istifadə etmədiyi 1993/1994- cü iş ili hesabına əmək məzuniyyətinə görə İddiaçı kompensasiyanın hesablanıb ödənilməsi vəzifəsinin Cavabdehna həvalə edilmişdir (İddianın qalan hissədə rədd edilmişdir). Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-2199/2017 saylı xx.xx.2017ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərar da həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 397/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdeh Baş Prokurorluğun işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 20/683 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın məbləği 161,07 manat təşkil etmiş, bu barədə ona dəfələrlə məlumat verilsə də, müvafiq məhkəmə instansiyalarının qərarlarının (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası) olmasına baxmayaraq, o məbləğin düzgün hesablanmamasını əsas gətirərək pul vəsaitini götürməkdən imtina etmişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1994-cü ildə istifadə etmədiyi 1993/1994-cü iş ili hesabına əmək məzuniyyətinə görə İddiaçı kompensasiyanın hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh AR Baş Prokurorluğuna həvalə olunması barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğu halda, həmin məhkəmə qərarı ilə həll edilmiş məsələlər icra qaydasında həmin işin davamı kimi həll edilməli olduğu halda konkret halda, təkrarən, iddia məhkəmədə iddia qaldıraraq həmin illərə görə sonrakı illər üzrə indeksasiya və artımlar (və s.) nəzərə alınmaqla kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, İPM-in 78-ci maddəsinin tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, İPM-in 13-cü maddəsinin müvafiq olaraq, məhkəmə, iddiaçının işdə iştirak edən nümayəndəsinə izah edilmişdir ki, tərəflər arasında eyni iddia tələbi ilə bğlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcudddur, lakin sonucu iddia ərizəsinə baxılıb qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırda mümkünlüyü araşdırılan iddia tələbinin əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilməsi və mahiyyəti üzrə məhkəmə icraatı istisna olunur. İPM-in 35.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia, mümkünlüyü şərtlərinin mövcudluğu əsaslandırıldığı halda, yolveriləndir. Konkret halda isə qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında eyni tələb üzrə qanuni qüvvəsini alımış məhkəmə qərarının mövcdluğu, iddiaçının araşdırılan iddia tələbinin məhkəmə icraatını mümkünsüz edir. İPM-in 35.3-ci maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Birinci instansiya məhkəiməsinin qərardadından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə, iddiaçının qeyd olunan tə iddia tələbinin mümkün sayılmaması barədə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1293/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1293/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver