Məhkəmə qərarları › İş №2-1(103)-1293/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1293/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1293/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1989-cu ildə 203 saylı Tikinti İdarəsində işləyərkən əmək xəsarəti almışdır. Müayinə və müalicədən sonra ona 3-cü dərəcəli əmək xəsarəti alması barədə HƏEK-sı tərəfindən rəy verilmiş, bu barədə ona arayış da verilmişdir. Əmək xəsarəti ilə bağlı 3-cü dərəcəli əlillik 1996-cı ildən ömürlük verilmişdir. Həmin xəsarətlə bağlı ona aylıq 55 manat sosial müavinət təyin olunsa da, sonradan xx.xx.2022-ci ildən həmin müavinət dayandırılmışdır. İddiaçı ona əvvəllər təyin olunan və aldığı müavinətin sonradan dayandırılması ilə bağlı cavabdeh quruma müraciət etmiş, onun müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-Y-27693/2023 nömrəli “Aylıq ödənc əvəzinə aylıq müavinət verilməsi haqqında” imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də, idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003- cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda, İddiaçı təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermə müəyyən edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2014-cü il tarixdən başlayaraq qanunla müəyyən edilmiş məbləğdə aylıq müavinətin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli müavinətin dayandırılması barədə qərarının ləğv edilməsi, ondan geri alınan müavinətin alınmasının dayandırılması, geri alınan müavinətin ona qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildə 203 saylı Tikinti İdarəsində işləyərkən əmək xəsarəti almışdır. Müayinə və müalicədən sonra ona 3-cü dərəcəli əmək xəsarəti alması barədə HƏEK-sı tərəfindən rəy verilmişdir. Həmin tarixdən hal-hazıra qədər əmək xəsarəti ilə bağlı 3-cü dərəcəli əlillik barədə HƏEK-sı tərəfindən arayış verilmişdir. Əmək xəsarəti ilə bağlı 3-cü dərəcəli əlillik 1996-cı ildən ömürlük verilmişdir. Həmin tarixdən əmək xəsarəti alması ilə bağlı iş yerindən arayış ona aylıq 55 manat sosial müavinət verilirdi. Həmin sosial müavinət xx.xx.2022-ci ildən dayandırılmışdır. Səbəbini soruşduqda müəssisənin xx.xx.2014-cü ildən özəlləşdirilməsini və 2014-cü ildən sonrakı müddətə aldığı aylıq sosial müavinətin geri qaytarılacağını, ödənişin müavinət şəklində dövlət büdcəsindən ödəniləcəyini bildirmişlər. Bu günə qədər artıq bir ilin aylıq sosial müavinətini ondan geri almışlar. O, aylıq müavinətin təyin edilməsi üçün 3 saylı Dost Mərkəzinə müraciət etmişdir. Onun ərizəsi araşdırılması üçün cavabdehə göndərilmiş, cavabdeh isə müavinət təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasında bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda ona təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixə qədər davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermə müəyyən edilmişdir. Qərardan narazı qaldığı halda məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasından hər ay həyata keçirilən tutulmaların dayandırılmasını xahiş etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın İddiaçı müraciətinə ünvanlanmış cavab məktubunda ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda təyin edilmiş sosial müavinət ödənişinin xx.xx.2022-ci il tarixədək davam etdirilməsi səbəbindən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermənin müəyyən edildiyi bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyti iddia ərizəsində xx.xx.2014-cü il tarixdən aylıq müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də, idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003- cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014cü il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda, İddiaçı təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermə müəyyən edilmiş, əmək xəsarətinə görə müavinətin dayandırılmasına dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 25918 nömrəli “Sosial müavinətin dayandırılması haqqında” qərarının ləğv edilməsi və həmin qərarın icrası dayandırılmaqla qərarın icrası nəticəsində ondan tutulmuş müavinətin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçıya məxsus müavinət işinə əsasən müəyyən edilmişdir ki, ona xx.xx.1996-cı il tarixdən üçüncü dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixli qərarla xx.xx.2009-cu il tarixdən "xxxx" ASC-də xx.xx.1989- cu il tarixdə istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində peşə əmək qabiliyyətini itirmiş (60 faiz), özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində sağlamlığı pozulmuş işçisi kimi (və ya bu səbəbdən həlak olmuş İşçisinin ailə üzvlərinə və himayəsində digər şəxslər kimi) "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları"na uyğun olaraq aylıq ödənc üzrə müəssisənin borclarının əvəzinə xx.xx.2009-cu il tarixindən aylıq müavinət təyin edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli 25918 nömrəli qərarına əsasən iddiaçıya təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin verilməsi "xxxx" ASC-nin tam özəlləşdirilməsi səbəbindən dayandırılmış, xx.xx.2014-xx.xx.2022-ci il tarixli dövr üzrə artıqvermə müəyyən edilməklə həmin artıq vermənin əlilliyə görə əmək pensiyası ödənişində nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli 3-21-3/2-11489/2023 nömrəli məktubla bildirilmişdir ki, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli 49 nömrəli sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş "xxxx" trestininin bazasında "xxxx" ASC yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2014-cü il tarixində tam başa çatdırılmışdır. Eyni zamanda nəzərə çatdırılmışdır ki, müstəqil təsərrüfat subyekti olan "xxxx" ASC-nin təşkilati-hüquqi formasında sonradan dəyişikliyin olub-olmaması barədə məlumatın əldə edilməsi və hüquqi varisinin müəyyən edilməsi məqsədilə Dövlət Vergi Xidmətinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli **********865700 nömrəli məktuba əsasən hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASCnin fəaliyyəti hal-hazırda dayandırılmışdır. Əlavə olaraq, "xxxx" ASC-nin hüquqi varisliyi barədə hüquqi şəxslərin dövlət reyestr məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda İddiaçı təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermə müəyyən edilmiş, əmək xəsarətinə görə müavinətin dayandırılmasına dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2- 1(112)-7852/2023 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iş materiallarında qeyd olunan qanunvericilik aktları ilə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi təşkilat özəlləşdirilsə də, həmin təşkilatın fəaliyyəti dayandırılmış və hüquqi varisi barədə heç bir məlumat əldə olunmamışdır. Məhkəmənin göstərdiyi kimi əvvəllər qüvvədə olmuş Qaydaların 3.7-ci və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə ödənclərin hansı üsulla ödənilməsi öz əksini tapmışdır. Həmin qaydalar müəyyən etmişdir ki, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Məhkəmənin qeyd etdiyi kimi oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da öz təsdiqini tapmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Həmçinin iddiaçı məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardıma əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin xx.xx.2022-ci il tarixli müavinətin dayandırılması barədə qərarı ilə yanaşı, xx.xx.2022-ci il tarixli qərarının da ləğv edilməsini xahiş etmişdir. Həmin ərizə məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğvi ilə yanaşı, həm də mövcud inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətlərin edilməsi ilə bağlıdır, yəni mübahisələndirmə və öhdəliyin icrası haqqında iddiadır. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi inzibati aktların ona məhkəmə icraatı zamanı məlum olduğunu, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən iddia müddətinin ötürülmədiyini, 2.2.3-cü maddəsinə əsasən isə öhdəliyin icrası haqqında iddia üzrə qanunvericilikdə iddia müddətinin müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi, ondan geri alınan müavinətin alınmasının dayandırılması, geri alınan müavinətin ona qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən ona bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda, İddiaçı təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmiş və xx.xx.2014cü il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermə müəyyən edilmişdir. Ona görə də tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, o, xx.xx.1989-cu ildə 203 saylı Tikinti İdarəsində işləyərkən əmək xəsarəti aldığı üçün müayinə və müalicədən sonra ona 3-cü dərəcəli əmək xəsarəti alması barədə HƏEK-sı tərəfindən rəy verilmiş, bu barədə ona arayış da verildikdən sonra aldığı əmək xəsarəti ilə bağlı 3-cü dərəcəli əlillik 1996-cı ildən ömürlük verilmiş və aylıq 55 manat sosial müavinət təyin olunmuşdur. Lakin sonradan xx.xx.2022-ci ildən həmin müavinətin iddiaçıya verilməsi dayandırılmışdır. Bununla bağlı iddiaçı cavabdeh quruma müraciət etsə də, onun müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-Y-27693/2023 nömrəli “Aylıq ödənc əvəzinə aylıq müavinət verilməsi haqqında” imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də, idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda, İddiaçı təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermə müəyyən edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən 22 may 2023-cü il tarixli 3-17-1/2-113067/2023 nömrəli məktubla iddiaçıya məxsus müavinət ödənişinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.1996-cı il tarixdən üçüncü dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixli qərarla xx.xx.2009-cu il tarixdən "xxxx" ASC-də xx.xx.1989-cu il tarixdə istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində peşə əmək qabiliyyətini itirmiş (60 faiz), özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində sağlamlığı pozulmuş işçisi kimi (və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində digər şəxslər kimi) “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödənc üzrə müəssisənin borclarının əvəzinə xx.xx.2009-cu il tarixindən aylıq müavinət təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 25918 nömrəli qərarına əsasən iddiaçıya təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin verilməsi "xxxx" ASC-nin tam özəlləşdirilməsi səbəbindən dayandırılmış, xx.xx.2014-xx.xx.2022-ci il tarixli dövr üzrə artıqvermə müəyyən edilməklə həmin artıq vermənin əlilliyə görə əmək pensiyası ödənişində nəzərə alınması qərara alınmışdır. Digər məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli 3-21-3/2-11489/2023 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 49 nömrəli sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş "xxxx" trestininin bazasında "xxxx" ASC yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2014-cü il tarixində tam başa çatdırılmışdır. Eyni zamanda nəzərə çatdırılmışdır ki, müstəqil təsərrüfat subyekti olan "xxxx" ASC-nin təşkilati-hüquqi formasında sonradan dəyişikliyin olub-olmaması barədə məlumatın əldə edilməsi və hüquqi varisinin müəyyən edilməsi məqsədilə Dövlət Vergi Xİdmətinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli **********865700 nömrəli məktubu ilə bildirilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyəti hal-hazırda dayandırılmış, həmin ASC-nin hüquqi varisliyi barədə hüquqi şəxslərin dövlət reyestr məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 25-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxs onun özünün və ailəsinin səhhət və rifahını təmin etmək üçün lazım olan qida, geyim, tibbi xidmət və lazımi sosial təminat da daxil olmaqla, həyat səviyyəsi hüququna və işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq və özündən asılı olmayan səbəblər üzündən yaşayış vasitələrinin itirilməsi zamanı təminat hüququna malikdir. X3 «İstehsalatda bədbəxt hadisələr zamanı əvəzin ödənilməsi haqqında» Konvensiyasının 5-ci maddəsində qeyd olunur ki, əmək qabiliyyətinin daimi itirilməsinə və ya ölümə səbəb olmuş bədbəxt hadisələr zamanı əvəzin ödənilməsi zərərçəkən şəxslərə və ya onların yaxınlarına dövri ödənc formasında tam və ya qismən ödənilə bilmək şərtilə, onun ağlabatan istifadəsi üçün səlahiyyətli orqanlara təminat təqdim olunarsa, birdəfəlik müavinət formasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. 2-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başa çatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Şöbələr və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir. Həmin Qərarla təsdiq olunmuş Qaydaların məzmunundan aydın olur ki, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin kim tərəfindən verilməsi tam şəkildə öz əksini tapmamışdır. Lakin adı çəkilən Qaydaların xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 49 nömrəli sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş "xxxx" trestininin bazasında "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2014-cü il tarixində tam başa çatdırılmış, lakin hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Yuxarıda da qeyd olunduğu kimi, vaxtilə qüvvədə olmuş Qaydaların 3.7 və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə ödənclərin hansı üsulla ödənilməsi öz əksini tapmışdır. Belə ki, Qaydalar müəyyən etmişdir ki, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-37/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)-1530/2022 saylı xx.xx.2022-ci il tarixli qərarlar). Bununla bağlı hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisənin özəlləşdirilməsi xx.xx.2014-cü il tarixdə tam başa çatsa da, onun hüquqi varisinin müəyyən edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya müavinət onu əvvəllər də ödəyən cavabdeh qurum tərəfindən ödənilməkdə davam etməlidir. Bununla bağlı məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh qurumun iddiaçıya münasibətdə qəbul etdiyi “sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, ondan geri alınan müavinətin alınması dayandırılmalı, geri alınan müavinətin ona qaytarılması öhdəliyi isə cavabdehə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı cavabdeh qurumun iddiaçı barəsində “sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul etdikdən sonra “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla da iddiaçının sosial təminat hüququna birbaşa müdaxilə edilmişdir. Belə ki, cavabdeh qurumun “sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərarında “xx.xx.2014-xx.xx.2022-ci il tarixli dövr üzrə artıqvermənin müəyyən olunduğu, əlilliyə görə əmək pensiyası ödənişində bunun nəzərə alınması” qeyd olunsa da, xx.xx.2022-ci il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın məzmununda “xx.xx.2022-ci il tarixli 25918 saylı müavinəti dayandırmaq haqqında qərara əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək müavinət üzrə 5672,26 manat artıqvermənin müəyyən edildiyi” qeyd olunmuş və buna görə də iddiaçının hər ay “əlilliyə görə” aldığı əmək pensiyasından tutulmalar edildiyi aydın olur. Odur ki, məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardıma əsasən iddiaçı onun sosial təminat hüququnu pozan xx.xx.2022-ci il tarixli qərarın da ləğvi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası həmin tələbin birinci instansiya məhkəməsində irəli sürülmədiyini və bununla bağlı iddiaçıya məhkəmə tərəfindən hüquqi yardımın göstərilmədiyini kobud pozuntu kimi qiümətləndirmir, ona görə ki, iddiaçı adı çəkilən qərarın icrasından doğan məsələləri- ondan geri alınan müavinətin alınmasının dayandırılması və geri alınan müavinətin ona qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini birinci instansiya məhkəməsində işə baxılarkən zatən iddia tələbində irəli sürmüşdü. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə baxılan işdə iddiaçının öncədən qoyduğu tələblərlə birlikdə araşdırılıb, ona hüquqi qiymət verilməsi daha məqsədəmüvafiqdir. Kollegiya onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının apellyasiya baxışı zamanı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərara qiymət verilməsə də, onun icrasından doğan məsələlərə düzgün hüquqi qiymət verildiyi üçün bu hal, həmin qərarın ləğvi ilə bağlı tələbə apellyasiya qaydasında baxılmasının qarşısını almır, əksinə birinci instansiya məhkəməsində aparılan araşdırmalar və məhkəmənin gəldiyi qənaət həmin- xx.xx.2022-ci il tarixli qərarın ləğvini labüd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan qəbul etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların qəbul edilməsini, həmçinin iddiaçının sosial təminat hüququnu pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7852/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı “cavabdeh qurumun “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı “cavabdeh qurumun “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar