Məhkəmə qərarları › İş №2-1(103)-1293/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1293/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1293/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Talıbova (Məmmədova) Aida Tiflis qızının, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Talıbova (Məmmədova) Aida Tiflis qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4022/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Talıbova (Məmmədova) Aida Tiflis qızı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 24 oktyabr 2023-cü il tarixli əmrinin ləğv edlməsi, xidmətə bərpa olunması və buraxılmış əmək haqlarının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə mübahisələndirilən əmrin tarixi 25 oktyabr 2023-cü il kimi dəqiqləşdirilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.1974-cü ildə anadan olmuş iddiaçı 26 iyul 2004-cü il tarixdən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında birbaşa gizir rütbəsi verilməklə gizir kimi hərbi xidmətə başlamışdır. Xidmət illərində müxtəlif vəzifələrdə xidmət etmiş, 2014-cü ildə baş gizir rütbəsi verilmiş və 2018-ci ildən X6 xidmətinin hərbi həkim komissiyasında arxiv rəisi vəzifəsini icra etmişdir. Xidməti dövründə hər hansı nöqsan və xidməti uyğunsuzluğa yol verməmişdir. 45 yaşı tamam olduqdan sonra qadın hərbi qulluqçularların 50 yaşı tamam olanadək 2019-cu ilin oktyabr ayının 1dən hər il iddiaçı ilə bir illik müqavilə bağlanılmışdır. Növbəti müqavilə müddətinin başa çatmasına baxmayaraq 18 avqust 2023-cü il tarixdə ona hərbi həkim komissiyasından keçməli olduğunu bildirmişlər və o, həkim komissiyasından keçərək 21 avqust 2023-cü il tarixdə hərbi xidmətə yararlı olmağına dair rəy verilmişdir. Lakin 29 avqust 2023-cü il tarixdə iddiaçı sərəncama çıxarılmışdır. Sərəncama çıxarılan zaman iddiaçı 50 yaşının xx.xx.2024-cü ildə tamam olacağını və pensiya hüququnun 2024-cü ilin iyul ayında yaranacağını bildirmiş və bununla bağlı Daxili Qoşunların komandanına rəsmi ərizə ilə müraciət etmişdir. İddiaçıya heç bir rəsmi cavab verilməmişdir. Müvafiq təlimatlara əsasən iddiaçı sərəncama çıxarılmağı və ordu sıralarından tərxis olunmağı ilə bağlı komandanlığın Kadrlar şöbəsi tərəfindən xəbərdarlıq edilməmişdir və rəsmi heç bir məlumat verilməmişdir. Tərxisi ilə bağlı iddiaçı ilə fərdi söhbətlər aparılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, sabiq hərbi qulluqçu, istefada olan baş gizir İddiaçı Daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2023-cü il tarixli 313-14/Ə320/2023 №-li əmrinə əsasən daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli 199 №-li əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 42.0.1 və 44.2-ci maddələrinə müvafiq olaraq (yaşa görə) DQBİ-nin tibb xidmətinin hərbi-həkim komissiyasında arxiv rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçı ərizəsində ordu sıralarından tərxis olunması ilə bağlı Kadrlar İdarəsi tərəfindən xəbərdar edilməməsini və tərxis olunması ilə bağlı onunla fərdi söhbətlər aparılmamasını bildirsə də, toplanılmış sənədlər öyrənilərkən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətinin hərbi-həkim komissiyasının sədri polkovnikleytenant Əlican Hacıyev tərəfindən və xx.xx.2023-cü il tarixdə Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətinin rəisi polkovnik Alışan Musayev tərəfindən söhbətlər aparılmışdır. Aparılmış söhbətlər zamanı İddiaçı son yaş həddinin (hərbi xidmətdə olmağın son yaş həddi) 01 yanvar 2024-cü il tarixdə bitməsini, pensiya hüququnu əldə etmək üçün xidmət müddətinin 2024-cü ilin iyul ayına qədər uzadılmasını xahiş etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsində ehtiyatda olmağın son yaş hədləri və dərəcələri, 44.1-ci maddədə ehtiyatda olan hərbi vəzifəlilərin yaşa görə dərəcələrə bölünməsi və son yaş hədlərinədək ehtiyatda olmanı müəyyən edir. Qanunun 44.2-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün-50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün-45 yaşdır. Toplanılmış materiallar öyrənilərkən məlum olmuşdur ki, İddiaçı xx.xx.1974-cü il təvəllüdlü olduğundan onun qanunla nəzərdə tutulmuş son yaş həddi xx.xx.2024-cü il tarixdə bitir. Odur ki, onun müqavilə müddətinin uzadılması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqqhesabı aparmaq üçün göndərilir. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, istefada olan baş gizir İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən, iddiaçı sabiq hərbi qulluqçu, istefada olan baş gizir İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa olunması və buraxılmış əmək haqlarının ödənilməsi” tələbinə dair iddiası əsassız və normativ aktların tələblərinə zidd olduğundan təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4022/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan qanunun tələblərinə istinad edərkən hərbi xidmətdə olmağın son yaş həddi ilə ehiyatda olmağın son yaş həddini nəzərə almamışdır. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq gizir İddiaçı hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqdan sonra onun xidmət müddəti ehiyatda olmağın son yaş həddinədək artırılmışdır. Gizir heyəti üçün ehtiyatda olmağın son yaş həddi 50 yaş nəzərdə tutulmuşdur. Onun xidmət müddəti pensiya hüququ əldə edənədək artırılması qanunvericiliyin tələblərinə zidd olduğundan daxili işlər nazirinin müavin-daxili qoşunlar komandanının xx.xx.2023-cü il tarixli 199 N-li əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 42.0.1 və 44.2-ci maddələrinə müvafiq olaraq (yaşa görə) Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətinin hərbi-həkim komissiyasında arxiv rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Tərəflərin iştirakı: Məhkəmənin iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirilən əmr xx.xx.2023-cü il tarixli olmaqla, iddia ərizəsi məhkəməyə müəyyən edilmiş müddət daxilində xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İddia mümkün iddiadır və mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun üçün əlverişsiz hüquqi nəticələr yaradan 25 oktyabr 2023-cü il tarixli əmrin ləğvini, eyni zamanda həmin aktın icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasını, əvvəlki vəzifəsinə bərpa edilməsini və xx.xx.2023-cü il tarixdən başlayaraq ona ödənilməyən əmək haqqının ödənilməsini tələb edir. İddiaçı tələbini qanuni əsası kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü bəndinə istinad edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbinin icrasının mümkünsüzlüyünü iddiaçının artıq ehtiyatda olmağın son yaş həddinə çatması ilə əsaslandırır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: -2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; -39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 45 yaş (01 yanvar 2024-cü ilədək qüvvədə olan redaksiyası). -39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). -40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. -42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: 42.0.1. yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda. -44.2. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır (01 yanvar 2024-cü ildən “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 1074-VİQD nömrəli, 22 dekabr 2023-cü il tarixli, Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir.) Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun olaraq aşağıdakı qaydada hərbi xidmətdə saxlanıla bilərlər: gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 1074-VİQD nömrəli, 22 dekabr 2023-cü il tarixli, Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsində “20” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilmişdir. X10 müddəaları adlanan 5.1-ci maddəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -17.1-ci maddəsinə əsasən, Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə diqqət yetirir: -Elektron məhkəmə informasiya sistemində şəxsiyyət vəsiqəsi bölməsindəki məlumatlardan görünür ki, iddiaçı Talıbova (hazırki soyadı Məmmədova) Aida Tiflis qızı xx.xx.1974-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 nömrəli arxiv arayışından görünür ki, baş gizir İddiaçı Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2004-cü il tarixli 28 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2004-cü il tarixli 77 №-li əmrilə Yasamal Rayon Hərbi Komissarlığından ehtiyatdan gəlmiş hesab edilərək, “gizir“ hərbi rütbəsi verilməklə Tibb xidmətinin hərbi-həkim komissiyasında məsul icraçı vəzifəsinə təyin edilərək DQBİ-nin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 26 iyul 2004-cü ildən vəzifəsinin icrasına başlamış hesab edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 19 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 60 №-li əmrilə Tibb xidmətinin hərbi həkim komissiyasında məsul icraçı vəzifəsindən azad edilib, Tibb xidmətinin hərbi-həkim komissiyasında laborant vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2010-cu il tarixli 33 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2011-ci il tarixli 1 №-li əmrilə Tibb xidmətinin hərbi-həkim komissiyasında laborant vəzifəsindən azad edilib, Tibb xidmətinin hərbi-həkim komissiyasında laborant vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 12 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 29 №-li əmrilə DQBİ-nin Tibb xidmətinin hərbi-həkim komissiyasında laborant vəzifəsindən azad edilib, DQBİ-nin Tibb xidmətinin sanitar-epidemiologiya dəstəsində məsul icraçı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 61 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 105 №-li əmrilə DQBİ-nin tibb xidmətinin sanitar-epidemiologiya dəstəsində məsul icraçı vəzifəsindən azad edilib, DQBİ-nin tibb xidmətinin sanitarepidemiologiya dəstəsində məsul icraçı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 45 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 60 №-li əmrilə DQBİ- nin tibb xidmətinin sanitar-epidemiologiya dəstəsində məsul icraçı vəzifəsindən azad edilib, DQBİ-də Tibb xidmətinin hərbi-həkim komissiyasında məsul icraçı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 34 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 45 №-li əmrilə DQBİ- də Tibb xidmətinin hərbi-həkim komissiyasında məsul icraçı vəzifəsindən azad edilib, DQBİ-də Tibb xidmətinin hərbi-həkim komissiyasında arxiv rəisi vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 99 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 89 №-li əmrilə növbəti “baş gizir” hərbi rütbəsi verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 oktyabr 2023-cü il tarixli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.1 və 44.2-ci maddələrinə müvafiq olaraq (yaşa görə) DQBİ-də tibb xidmətinin hərbi-həkim komissiyasında arxiv rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən istefaya buraxılmış baş gizir İddiaçı Daxili Qoşunların şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli söhbət vərəqəsindən görünür ki, həqiqi hərbi xidmətdən istefaya buraxılmaqla bağlı İddiaçı ilə söhbət aparılmışdır. İddiaçı hərbi xidmətdə olmağın son yaş həddinin 01 yanvar 2024-cü il tarixdə bitdiyini bildirmiş və pensiya hüququnu əldə etmək üçün xidmət müddətinin 2024-cü ilin iyul ayına qədər uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Tibb xidmətinin Hərbi-həkim komissiyasının arxiv rəisi vəzifəsində xidmət etmiş baş gizir X2 şəhadətləndirilməsi keçirilmiş, onun barəsində komissiya tərəfindən müvafiq rəy verilmişdir. Rəydən görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 №-li, xx.xx.2008-ci il tarixli əmrinin, DİN-in 559 №-li, xx.xx.2008-ci il tarixli Təlimatının Xəstəliklər və fiziki çatışmazlıqlar cədvəlinin İİİ qrafasının 34ç maddəsinə əsasən Hərbihəkim komissiyasında şəhadətləndirilərkən “A” – Hərbi xidmətə yararlıdır” hesab edilmişdir. Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri tərəfindən iddiaçı ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aparılmış söhbət vərəqələrindən görünür ki, iddiaçı pensiya hüququnu əldə etmək üçün xidmət müddətinin 2024-cü ilin iyul ayına qədər uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının 49 yaşı olması nəzərə alınaraq Daxili Qoşunlarda həqiqi hərbi xidmətə qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, iddiaçı Daxili işlər nazirinin müavini- daxili qoşunlar komandanının xx.xx.2023-cü il tarixli əmri ilə DQBİ-nin tibb xidmətinin hərbihəkim komissiyasında arxiv rəisi vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Cavabdeh orqan iddiaçı barəsində mübahisələndirilən əmrin qəbul edilməsini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.1-ci və 44.2-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı hazırda qeyd olunan inzibati aktı və onun nəticələrini mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının hüquqi marağı əmrin ləğv edilməsi və işə bərpa edilməsi olsa da, mahiyyət etibarilə arzuladığı yekun hədəf hərbi qulluqçu kimi pensiya hüququnun əldə edilməsinə yönəlmişdir. Həmin hədəfin reallaşması hazırki mübahisənin iddiaçının xeyrinə həllindən keçir. İddiaçının mübahisələndirilən əmrədək hərbi qulluqçu kimi stajı 19 il 02 ay 28 gün təşkil etdiyindən və iddiaçı üçün tələb olunan staj “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunun keçid müddəalarına əsasən 20 ilin tamamlanması ilə bağlı olduğundan, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü bəndinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.4-cü maddəsinə istinad edərək həqiqi hərbi xidmətinin bu hüququ əldə edənə qədər davam etdirilməsini xahiş edir. Cavabdeh inzibati orqan iddiaçının hərbi xidmət fəaliyyətinin qüsursuz olduğunu, Hərbi-həkim komissiyasının müvafiq rəyinə əsasən iddiaçının hərbi xidmətə yararlı hesab edilməsinin mübahisələndirilmədiyini qeyd edərək, imtina əsasının məhz iddiaçının ehtiyatda olmağın son yaş həddinə çatması ilə əsaslandırır. Məhkəmə kollegiyası əvvəla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü bəndini və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.4 və 39.5-ci maddələrini ayrı-ayrılıqda nərəzdən keçirir. Belə ki, qanunvericinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü bəndində mötərizə daxilində verilmiş ifadədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.4-cü maddəsində güddüyü məqsəd açıq-aşkardır. Zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər. Göründüyü kimi sözügedən maddədə əksini tapan mövqe digər bir halla əlaqələndirilməmişdir. Yəni ki, müvafiq kateqoriya hərbi qulluqçular məhz güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmək məqsədilə öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər. Əks halda hərbi xidmətin davam etdirilməsinin hərbi qulluqçu üçün gətirəcəyi fayda mövcud olmayacaqdır. Məsələn, hərbi qulluqçu xidmətdə olmağın son yaş həddinə çatsa da amma güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilmirsə məhz onun razılığı ilə bu hüququn əldə edilməsi məqsədilə bu hüquq əldə edilənə kimi hərbi xidmətdə saxlanılır. Tələb olunan yeganə şərt hərbi qulluqçunun razılığı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmək məqsədi güdməsidir. Cavabdeh inzibati orqan isə Qanunun sözügedən 39.4-cü maddəsini 39.5-ci maddə ilə birlikdə şərh edir. Belə ki, Qanunun 39.5-ci maddəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər ifadəsi qeyd edilmişdir. Lakin qanunverici 39.4-cü maddəni 39.5-ci maddəyə göndərməmiş və bu maddələri bir-biri ilə əlaqələndirməmişdir. 39.5-ci maddənin özündə də 39.4-cü maddəyə istinad edilməmişdir. Yəni əgər qanunverici 39.4-cü maddədə digər bir şərt kimi “ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla” ifadəsini işlətmiş olsaydı cavabdeh inzibati orqanın etirazı tam əsaslı hesab edilə bilərdi. Lakin qanunverici məhz bilərəkdən qeyd edilən şərti 39.4-cü maddəyə salmamışdır. Əks halda sosial təminat hüququna malik olan bir hərbi qulluqçunun hərbi xidmətdə qalmasının onun özü üçün sonda faydası olmayacaqdır. Bu məqamda qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Bununla belə Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, gizir heyətindən olan qadın hərbi qulluqçuların ehtiyatda olmalarının son yaş hədləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 01 yanvar 2024-cü il tarixədək olan redaksiyasına əsasən (həmin dövrədək qüvvədə olan 44.2-ci maddəsinə əsasən ) 45 olmuş, 22 dekabr 2023-cü il tarixli Qanunla 01 yanvar 2024-cü il tarixdən etibarən qüvvəyə minməklə sözügedən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 44.2-ci bəndi çıxarılmış və Qanunun digər normalarına əsasən ehtiyatda olmağın son yaş həddi gizir qadınlar üçün 50 yaş müəyyən edilmişdir. İddiaçının gizir heyətinə aid olması işin mübahisəsiz halıdır. Göründüyü kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olan 44.2-ci maddəsinə əsasən gizir qadınlar üçün ehtiyatda olmağın son yaş həddi 45 olmuşdur. İddiaçıya dair şəxsi iş materiallarından müəyyən olunur ki, baxmayaraq ki, müvafiq dövrdə ehtiyada olmağın son yaş həddi 45 idi, iddiaçının 45 yaşı tamam olandan sonra DİN-in müavini DQ komandanının əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə istinadən öz razılığı ilə müddəti 1 il olmaqla hərbi xidmət müddəti uzadılmışdır. Belə ki, müvafiq olaraq DİN-in müavini DQ komandanı tərəfindən xx.xx.2019cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-cü il tarixlərdə əmrlər verilmişdir. Cavabdeh inzibati orqan hazırki tələbə dair etirazında gizir heyətindən olan qadınlar üçün ehtiyatda olmağın son yaş həddinin 50 olmasına və bir hərbi qulluqçunun ehtiyatda olmanın son yaş həddi çatdıqdan sonra hərbi xidmətdə saxlanılmasının mümkünsüz olmasına istinad etsə də, onu da nəzərə almamışdır ki, vaxtilə məhz iddiaçının pensiya hüququnu əldə etməsini təmin etmək məqsədilə hələ həmin dövrdə ehtiyatda olmanın son yaş həddi gizir heyətindən olan qadınlar üçün 45 yaş olsa da müvafiq əmrlə iddiaçı hərbi xidmətdə saxlanılmış və sonda hərbi qullquçu kimi güzəştli şərtlərlə pensiya əldə edəcəyinə ümid bəsləmişdir. Cavabdeh inzibati orqan həm iddiaçını öz razılığı ilə müvafiq əmrlərlə 4 il ardıcıl olaraq hərbi xidmətdə saxlayarkən, həm də sonuncu dəfə mübahisələndirilən əmr qəbul edərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinin dispozisina şərtlərinin nəzərə alındığını bildirir. Belə ki, iddiaçının hər il hərbi xidmət müddəti uzadılarkən güddüyü məqsəd məhz pensiya hüququ əldə etməsi olmuşdur. Sonuncu dəfə söhbət vərəqələrindən də görünür ki, iddiaçı yeni eyni əsasla hərbi xidmətdə saxlanılmasını xahiş etmişdir. Hazırki işin araşdırılmış hallarına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan öz hərəkətləri ilə iddiaçı üçün müəyyən güzəşt (pensiya hüququ) əldə etməsi məqsədilə davamlı praktika formalaşdırmışdır. Yuxarıda qeyd edildiyi kimi, “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq müddəti bir il olmaqla, ümumilikdə 2019-2022-ci illər ərzində iddiaçı öz razılığı ilə hərbi xidmətdə saxlanılıb. Beləliklə, iddiaçının inzibati orqan tərəfindən formalaşdırılmış praktikaya etimad hüququ yaranmışdır. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, həmin dövrlərdə “Hərbi xidmət və hərbi vəzifə” haqqında qanunun 44.2-ci maddəsinə əsasən gizir heyətindən olan qadınlar üçün ehtiyyatda olmanın son həddi kimi 45 yaş müəyyən edilmişdir. Beləliklə iddiaçı 2019-2022-ci illərdə əlavə olaraq 46,47,48 və 49 yaşında ehtiyyatda olan hərbi qulluqçu kimi xidmətdə saxlanılmışdır. Məhkəmə həmçinin onu da istisna etmir ki, hər hansı bir hərbi qulluqçu ilə müvafiq tələblərə cavab vermək şərtilə sonradan hərbi xidmət müddətinin uzadılması, buna dair bağlaşma bağlamaqda inzibati orqan müəyyən diskresion səlahiyyətlərə malik ola bilər. Lakin bu halda da belə inzibati orqan həmin səlahiyyətlərini İnzibati icraat haqqında qanunun müvafiq normalarına uyğun tətbiq etməlidir. Belə ki, İnzibati icraat haqqında qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırki mübahisələndirilən əmrdən isə inzibati orqanın yuxarıda sadalanan nüanslara əks olaraq öz mülahizəsini dəqiq və aydın şəkildə əsaslandırması aydın görünmür. Diqqətə çatdırılır ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Bununla yanaşı işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının etimadı qanunsuz hərəkətlərə əsaslanmamışdır. Belə ki, 2019-2023-cü ilədək hər il hərbi xidmətdə saxlanılma müddəti uzadılarkən qüvvədə olan qanun normasına istinad edilmiş və iddiaçının razılığı, əldə etmək istədiyi güzəşt nəzərə alınmışdır. İşin araşdırılmış hallarına məcmu olaraq qiymət verən məhkəmə kollegiyası qənaətini onunla izah edir ki, iddiaçı əldə etmək istədiyi hüququ əldə edənədək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda xüsusi norma kimi çıxış edən 39.4-cü maddəsinə uyğun olaraq hərbi xidmətini davam etdirmək üçün aidiyyəti qaydada müraciət etsə də, cavabdeh tərəfindən ehtiyatda olmağın son yaş həddinə çatması əsası ilə istefaya buraxılması barədə əmr verilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3- 1314/Ə320/2023 nömrəli inzibati akt inzibati icraat haqqında hüquq normalarını və maddi hüquq normalarını nəzərə almadan qəbul edildiyindən, qanunsuz inzibati akt kimi qiymətləndirilməli və ləğv edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddia tələbinin digər hissəsinə mübnasibətdə də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı Talıbova (Məmmədova) Aida Tiflis qızının DQBİ-də tibb xidmətinin hərbi-həkim komissiyasının arxiv rəisi vəzifəsindən azad edilərək istefaya buraxılması barədə – 25 oktyabr 2023-cü il tarixli 3-13-14/Ə320/2023 nömrəli əmr ləğv olunduğu halda onun hüquqi nəticələrinin aradan qaldırılması, onun tutduğu vəzifəsinə bərpa olunması və müvafiq dövr üzrə məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi barədə qərara gəlmişdir. Bununla da, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirildiyindən, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və qərarın ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4022/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar