Məhkəmə qərarları › İş №2-1(103)-1294/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1294/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1294/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Şirinov Ziya Allahverdi oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ayrı-seçkiliyə yol verilməməsinin təqdiq edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2-1(112)- 3180/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr - 10 noyabr 2020-ci il Azərbaycan Vətən Müharibəsi dövründə səfərbərlik zamanı, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ayrı-seçkiliyə yol verildiyinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2-1(112)-3180/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim F.Əliyev). Həmin qərardaddan iddaçı apelyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, hazırkı iş üzrə İddiaçı məhkəmədə öz adından iddia qaldıraraq, X5, X2, və X4 həqiqi hərbi xidmətə münasibətinə, həmçinin onların qismən səfərbərlik üzrə hərbi xidmətə göndərilməməsinə dair cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarları qəbul etməklə ayrı-seçkiliyə yol verilməsinin təsdiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunan iddia, tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu isə inzibati prosessual qanunvericiliyə uyğun deyil və məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ bəndində əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Həmin maddənin Vİ bəndində əsasən Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Həmin maddənin Vİİİ bəndinə əsasən fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Həmin Qanunun 34.4-cü maddəsinə görə isə fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Qanunun 10.4.7-ci maddəsində göstərilir ki, əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumaq informasiya sahibinin vəzifəsidir. Eyni zamanda Qanunun 21.1.1-ci maddəsinə uyğun olaraq sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda informasiya sahibi həmin sorğunu icra etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə birinci intansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan şəxslər barəsində ayrı-seçkiliyə yol verilməsinin təsdiq olunmasını tələb etməklə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud deyil, bu səbəbdən iddia mümkün sayılmamalıdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadında iddia tələbini mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir və ona görə də, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2-1(112)-3180/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Ziya Şirinov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar