Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1294/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8467/2021 saylı 10.12.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (COVİD-19) pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik ödəmənin, ümumilikdə, 570 manat məbləğin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə iddiaçı 01.03.2020-ci ildə tarixdən işsizdir. O. 190 manat birdəfəlik ödəmə üçün cavabdehə müraciət edərək qeydiyyatdan keçmiş, lakin sonuncu tərəfindən «SMS» bildirişlə, onun nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) «Əmək müqaviləsi bildirişi» altsistemində həyat yoldaşının adına qüvvədə olan əmək müqaviləsi olduğuna görə ona birdəfəlik müavinətin verilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8467/2021 saylı 10.12.2021-ci il tarixli qərarı ilə İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ildə 3 ay üzrə 190 manat olmaqla, cəmi 570 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmənin qərar qanunsuz və əsassızdır. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə,ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi və buna uğun vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 "ömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəmə Məşğulluq haqqında Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Hazırda birdəfəlik ödəmənin verilməsi proqrammı başa çatdırılaraq icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin oluaraq, ödənişlər həyata keçirilmişdir. Birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs nazirliyin Məşbulluqu alt sisteminqdə (MAS) saxlanılır və bu şəxsin istəyi ilə müraciəti olduğu halda məşğuluğunun təmin olunması məsələsinə qanunamüvafiq olaraq baxılır. «Məşğulluq haqqında» Qanuna uyğun olaraq X2 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmsına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədi ilə SMS-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Mərkəzdə iş aparılır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədi ilə özünü məşğulluğa cəlb edir. Məhkəmə qanunvericiliyin imkanından istifadə etməyərək dövlətin əlavə maliyyə yükünə səbəb olur. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı onun iştirakı olmadan işə baxılıb ədalətli qərarı çıxarılmasınını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarının 14-17-ci vərəqlərinə əsasən müəyyən olunur ki, iddiaçının 01.03.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınaraq 190 manat birdəfəlik ödəmə verilməsi üçün cavabdehə müraciət edərək qeydiyyatdan keçmiş, lakin sonuncu tərəfindən nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) «Əmək müqaviləsi bildirişi» altsistemində həyat yoldaşının adına qüvvədə olan əmək müqaviləsi olduğuna görə ona birdəfəlik müavinətin verilməsindən imtina olunması barədə ona bildiriş göndərilmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş (i.v.32), Zərdab Rayon Qeydiyyat Şöbəsinin 24 dekabr 2014-cü il tarixli 194871 saylı «Nikahın pozulması haqqında» şəhadətnamədən görünür ki, iddiaçı ilə həyat yoldaşı X4 oğlu arasında olan nikah ləğv edilmiş və bu barədə akt qeydi kitabında 19.11.2014-cü il tarixində 47 №-li qeyd aparılmışdır. Göründüyü kimi, cavabdehin istinad etdiyi, elektron informasiya sistemində təsbit olunan göstəricilərin həqiqliyi dəyiqləşdirmədən, həqiqətə uyğun olmayan və təhrif olunmuş məlumatlar əsasında iddiaçıya birdəfəlik ödəmənin verilməsindən əsassız olaraq imtina olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının həyat yoldaşı ilə aralarındakı nikahın pozulması barədə məlumatın cavabdehin istinad etdiyi elektron informasıya sistiminə daxil edilməməsi iddiaçının təqsirinə yozula bilməz. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 24.2-ji maddəsinin tələbinə görə inzibati orqan olaraq cavabdeh iddiaçının xeyrinə olan halların nəzərə valınmasından imtina edə bilməz. Cavabdehin hazırkı apellyasiya şikayətinin dəlillərindən həmçinin görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına və 2020-ci il 7 aprel tarixli 127 "nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaya müvafiq olaraq (190 manat) birdəfəlik ödəmənin verilməsi proqramının hazırda başa çataraq icrası müddəti bitdiyini və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödənildiyi əsas tutaraq iddiaçının tələbini mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı nəzərdə tutur ki, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması və ödəmənin cavabdeh nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş“Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” aşağıdakıları nəzərdə tutmuşdur: “...1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Eyni zamanda, "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 №-li, Qərarı ilə « Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”na müvafiq olaraq 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, MAS-di işsizlik statusu qeydiyyata alındığı və adıçəkilən «Qayda»nın 2.3-cü bəndində sadalanmış ödəmələri almadığı halda, cavabdeh, Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, əsassız olaraq, iddiaçıya mülkiyyətində torpaq sahəsi olmasını əsas tutaraq, birdəfəlik ödəmə verilməsindən imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin birdəfəlik ödəmələrin 2020-ci ilin aprel-may ayı üçün nəzərdə tutulduğunu və bununla bağlı ayrılmış vəsaitin ödəniş müddətinin bitdiyini əsas tutaraq, iddianın mümkünsüz hesab edən və birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarı ilə iddianın təmin olunması və 2020-ci ilin üç (aprel, may, iyul) ay üzrə, 190 manatdan olmaqla, ümumilikdə 570 manat məbləğində birdəfəlik ödəmənin verilməsinin cavabdehə həvalə edilməsi işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticədir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8467/2021 saylı 10.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8467/2021 saylı 10.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1294/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1294/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver