Məhkəmə qərarları › İş №2-1(103)-1295/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1295/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1295/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7409/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin KA-1603 nömrəli xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona və onun ailəsinə qaçqın statusu verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Suriya vətəndaşıdır. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. O, 45 yaşlı kişi cinsinə aid Suriya vətəndaşıdır. Ərizəçi evlidir. Onun üç qızı və iki oğlu var. 3 övladı Azərbaycanda anadan olub və bütün ailə üzvləri Azərbaycan dilini yaxşı bilir, özlərini Azərbaycanlı kimi hiss edirlər. Bu da, onun və ailəsinin nə dərəcədə Azərbaycana qanı ilə bağlı olduğunu göstərir. Qeyd etməlidir ki, o, əslində 2000-ci ilin əvvəllərindən Azərbaycanda yaşayır. 2010-cu ildə öz ölkəsinə qayıtmışdır. Hamıya bəlli olan faktdır ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlanmış və 2 əks qütb olmuşdur. X6 qüvvələri və ona müxalif olanlar. Aydındır ki, Bəşər Əsəd qüvvələri güclü olduğuna görə əks qütb olan müxalifçiləri öldürməyə çalışır. Vətəndaş müharibəsi başlanandan sonra o, müxalif olduğuna görə 2013-cü ildə nikahından sonra Bəşər Əsəd qüvvələri tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Onun sözlərinə görə o, 2011- ci ildən vətəndaş müharibəsi başlanıldığına görə Əsəd qüvvələri tərəfindən dəfələrlə hədələnib və həmin vaxtdan müəyyən edilib öldürüləcəyindən qorxub ona görə 2013-cü ildən Suriyanı tərk etmişdir. Qeyd etməlidir ki, 2 ay öncə onun Suriyada yaşadığı evə çağırış arayışı gəlmişdir. X4 Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən göndərilib. Həmin arayışa əsasən guya o, istintaqa cəlb olunmalıdır. Lakin, reallıqda o, Suriyaya qayıdacağı halda digər soydaşları kimi taleyi naməlum olacaq və Əsəd qüvvələri tərəfindən öldürüləcəkdir. O, 2013-cu ildən Azərbaycana gəlib. 5 iyul 2022-ci il ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti ("DMX") onun vəsatətini qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 02 avqust 2020-ci ildə DMX K/A-1603 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, onun iddiaları əsaslı deyil və yeni hal aşkar edilməyib, halbuki, çağırışı arayışı yeni hal kimi nəzərə alınması zəruridir. Bildirməlidir ki, iş materiallarına əlavə olunan poçt qəbzindən də, göründüyü kimi o, DMX-nin qərarını 8 sentyabr 2022-ci il tarixində qəbul etmişdir ona görə müddəti ötürməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12738/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Mirasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12738/2022 saylı 16 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7409/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınmaqla sənədləri ərizəsinə əlavə olunmaqla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi üçün iddiaçı Samer Ammouriye 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prossessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 3- 37/2-205xxxx/2023 nömrəli məktubla Suriya Ərəb Respublikasının vətəndaşı 28 may 1977-ci il təvəllüdlü İddiaçı Jonid braəsində inzibati araşdırma aparılaraq 28 iyul 2023-cü il tarixli İQ- 49/6 nömrəli qərar qəbul edilmişdir. Məktuba qoşma şəklində qərarın surəti əlavə edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmənin hüquqi yardımı nəzərə alınmaqla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ49/6 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona və onun ailəsinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7409/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik-dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. 1-ci mərhələ (işin mühüm faktlarının müəyyən edilməsi və mötəbərliyinin qiymətləndirilməsi) .İş üzrə mühüm faktlar aşağıdakılardır: İddiaçı etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır (İİQ, maddə 45.2.2). Hüquqtətbiqedən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitələliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (“BMTQAK”), Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998, bənd 11). “İnandırıcılıq keyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən iki qrupa bölünür: daxili mötəbərlik və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüsus MÖMün müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq bu iş üzrə xarici mötəbərliyin olubolmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanılmalı iki əsas amil ərizəçinin izahatlarının müfəsəllik (yaxud təfsilatsızlıq) səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq (yaxud ziddiyyətlilik) dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin dörd indikatoru fərqləndirilir: 1) kafi dərəcədə müfəssəlik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq (bax Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33-cü səhifələr). 6.Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifıkdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifıkdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Ərizəçinin müraciəti inandırıcı olmaması səbəbindən rədd edilib, lakin DMX tərəfindən müəyyən edilən hallar faktlara deyil, onların subyektiv fikrinə əsaslanıb. DMX iddianın maddi əsasını təşkil edən aşağıdakı faktları müəyyən etməyib: 1) Ərizəçinin daimi olaraq təqibə məruz qoyulması. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatlarm mənşə ölkəsində baş verəbilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. 2-ci mərhələ: Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. Cenevrə Konvensiyasının (və Protokolunun) və Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Qanunun 1.1 -ci maddələri qaçqın anlayışına oxşar tərif verir (yerli qanunun verdiyi anlayışı qeyd edirik; kursiv mənimdir): Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Konvensiyasının və Qanunun 1.1-ci maddəsinə uyğun olaraq qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu; b) təqib və təqib üçün səbəblər; d) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. Əsaslı qorxu Yoxlamanın 1-ci mərhələsindən görünür ki, ərizəçinin izahatları mötəbər hesab edilir. Bunun əsasında MÖM-ə uyğun olaraq ərizəçinin öz siyasi baxışlarına görə əsaslı qorxusu təsdiq edilir. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik ki, ərizəçi Suriyaya qayıdacağı təqdirdə onu siyasi baxışlarına görə hökümət tərəfindən öldürülə bilər. Təqib, təqib agentləri və təqib üçün əsaslar "Təqib" termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMTQAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51 -ci bəndi). Bu ehtimal ağlabatandır ki, Suriyaya qayıdacağı təqdirdə ərizəçinin həyatı və səhhəti zorakılıq riski altındadır.Beləliklə,Suriyaya qayıdacağı təqdirdə ərizəçinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən Əsəd rejimi adlı silahlı birləşmələridir. Ərizəçi təqib edilməsinin əsasını siyasi baxışı təşkil edir. Hamıya bəlli olan faktdır ki, halhazırda Suriyada müxalif qüvvələr Əsəd rejimi tərəfindən təqib olunu və tutulduğu halda öldürüləcəkdir. Yuxarıda göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur: İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; İddiaçı etnik və dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyəti görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Suriyanın) himayəsindən istifadə edə bilməyən şəxsdir; Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin mübahisələndirdikləri qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. “Qaçqın” – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrup mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək isəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 10. 2-ci hissə. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. İş materiallarında olan sənədlərdən görünür ki; Suriya Ərəb Respublikasının vətəndaşları olan İddiaçı və onun ailə üzvləri Alijonid Amouri, Suad Amouri, Mira Amuri, Anaam Amouri, Yazan Amouri və Sana Aljanid-ə BMT QAK tərəfindən xx.xx.2025-ci il tarixədək qüvvədə olan himayə sənədi verilmişdir. xx.xx.1977-ci il təvəllüdlü Suriya Ərəb Respublikasının vətəndaşı X5 ilə xx.xx.2023cü il tarixdə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatəti üzrə yeni açılmış hallarla bağlı (ərizə-anketinin) qeydiyyatı və təkrar müsahibəsi zamanı sonuncu dəfə 2012-ci ildə Suriyaya qayıtdıqdan sonra hökumət nümayəndələri tərəfindən saxlanıldığını, qardaşı Amar Amourinin “İşid” qurplaşmasında döyüşdüyü üçün pasportuna baxış keçirildikdən sonra həbs ounduğunu, 3 ay həbsdə qaldığını, sonra oradan qaçmağa müvəffəq olduğunu, ailə üzvləri ilə birlikdə qeyri-qanuni yolla Türkiyə Respulikası ərazisinə keçdiklərini söyləmişdir. İddiaçı Türkiyədə 3 ay qaldıqdan sonra ailə üzvləri ilə birlikdə X2 getdiklərini, 4 ay orada yaşadıqdan sonra 27 avqust 2013-cü il tarixdə qanuni yolla Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Müharibədə iştirak etmədiyini, qardaşının “İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Əlavə olaraq qardaşı Amar Amourinin “İŞİD” terror qruplaşmasının tərkibində 2015-ci ilə qədər hökümətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq İdarəsinə çağırıldığını ehtimal etdiyini bildirmişdir. Özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu bildirmişdir Cavabdehin xx.xx.2023-cü il tarixli İQ-49/6 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarına əsasən, Suriya Ərəb Respublikasının vətəndaşı 28 may 1977-ci il təvəllüdlü İddiaçı Jonid (Pasport: 0********) ailə üzvləri ilə birlikdə (həyat yoldaşı, 10 yanvar 1985-ci il təvəllüdlü Sana Aljanid, qızı, 16 avqust 2009-cu il təvəllüdlü Anaam Amouri, oğlu, 15 avqust 2010-cu il təvəllüdlü Yazan Amouri, qızı, 15 sentyabr 2014-cü il təvəllüdlü Suad Amouri, oğlu, 11 yanvar 2016-cı il təvəllüdlü Alijonid Amouri) 1 iyul 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İddiaçı Jonidin Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciəti ilə əlaqədar icraat aparılmış və şəxsin qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən ona və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsinə dair 8 oktyabr 2019-cu il tarixli İQ-231/6 nömrəli qərar qəbul edilmişdir. İddiaçı Jonid yuxarıda qeyd olunan qərarın ləğv edilməsi və ona qaçqın statusunun verilməsi vəzifəsinin Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli e-2-1(112)- 7409/2023 nömrəli qərardadı ilə İddiaçı Jonidin qaçqın statusunun verilməsinə dair vəsatəti üzrə zəruri araşdırmanın aparılması və müraciətinə yenidən baxılması üçün Dövlət Miqrasiya Xidmətinə 1 (bir) ay müddət təyin edilmişdir. Məhkəmənin yuxarıda qeyd olunan qərardadı üzrə yaranmış yeni halların araşdırılması məqsədilə İddiaçı Jonid Dövlət Miqrasiya Xidmətinə dəvət edilmiş, onunla yenidən müsahibə keçirilmişdir. Ərizəçi ilə 21 iyul 2023-cü il tarixdə keçirilən təkrar müsahibə zamanı o, sonuncu dəfə 2012-ci ildə Suriyaya qayıtdıqdan sonra hökumət nümayəndələri tərəfindən saxlanıldığını, qardaşı Amar Amourinin “İŞİD" qruplaşmasında döyüşdüyü üçün pasportuna baxış keçirildikdən sonra həbs olunduğunu, 3 ay həbsdə qaldığını, sonra oradan qaçmağa müvəffəq olduğunu, ailə üzvləri ilə birlikdə qeyri-qanuni yolla Türkiyə Respublikası ərazisinə keçdiklərini söyləmişdir. İddiaçı Türkiyədə 3 ay qaldıqdan sonra ailə üzvləri ilə birlikdə Misir Ərəb Respublikasına getdiklərini, 4 ay orada yaşadıqdan sonra 27 avqust 2013-cü il tarixdə qanuni yolla Azerbaycan Respublikasına gəldiklərini bildirmişdir. Ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı dediklərinin təhlili aparılmış, dediklərində müəyyən uyğunsuzluqlar aşkara çıxarılmışdır. Belə ki, o, 1-ci müsahibəsi zamanı Suriyaya qayıtdıqdan sonra Rakka şəhərində gedən müharibəyə cəlb olunduğunu, 2 ay orada döyüşdüyünü, ona 4 günlük istirahət verildikdə həmin müddətdə Türkiyəyə qeyri-qanuni yola keçdiyini qeyd etmişdir. Ərizəçi ilə aparılan xx.xx.2023-cü il tarixli ' sonuncu müsahibə zamanı isə o, müharibədə iştirak etmədiyini, qardaşının "İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Qeyd edilən uyğunsuzluq ərizəçinin diqqətinə çatdırılsa da o, bu uyğunsuzluğun səbəbini izah etməkdə çətinlik çəkmiş və bu uyğunsuzluq onun dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. Bundan əlavə İddiaçı sübut olaraq işində yeni halların yaranması ilə bağlı təqdim etdiyi sənədə baxış keçirilmiş, bu sənədin 10 iyul 2017-ci il tarixli sənəd olduğu, ərizəçinin 2021ci il tarixdə bu sənədi əldə etdiyi, sənəddə Suriya Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin İddiaçı Jonidin və anası Enaamın İstintaq idarəsinə yaxınlaşması ilə bağlı çağırış vərəqəsi olması aydın olmuşdur. O, qardaşı Amar Amourinin “İŞİD’’ terror qruplaşmasının tərkibində 2015-ci ilə qədər hökumətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq idarəsinə çağrıldığını ehtimal etdiyini bildirmişdir. İddiaçı təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, özü və ailə üzvləri qaçqının himayə vəsiqəsi ilə təmin edilmişlər. Ərizəçi özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu etiraf etmişdir. İddiaçı Jonidin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi baxışlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (112)-7409/2023 nömrəli qərardadında qeyd olunan məsələlər "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, İddiaçı Jonidin qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi yeni dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasf’nın 3-cü bəndinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir ("Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 27 iyul 2023-cü il tarixli, 15 saylı protokolu). "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 13-cü bəndini rəhbər tutaraq, Suriya Ərəb Respublikasının vətəndaşı İddiaçı Jonidə və onun ailə üzvlərinə (həyat yoldaşı, xx.xx.1985-ci il təvəllüdlü Sana Aljanid, qızı xx.xx.2009-cu il təvəllüdlü Anaam Amouri, oğlu xx.xx.2010-cu il təvəllüdlü Yazan Amouri, qızı xx.xx.2014-cü il təvəllüdlü Suad Amouri, oğlu xx.xx.2016-cı il təvəllüdlü Alijonid Amouri) qaçqın statusu verilməsindən imtina edilmişdir. İş materiallarına əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərar dəyişdirilmədən qüvvədə saxlanımalıdır. Kollegiya bu nəticəyə o səbəbdən gəlir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamış, müraciətinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı sonuncu dəfə 2012-ci ildə Suriyaya qayıtdıqdan sonra hökumət nümayəndələri tərəfindən saxlanıldığını, qardaşı Amar Amourinin “İşid” qurplaşmasında döyüşdüyü üçün pasportuna baxış keçirildikdən sonra həbs ounduğunu, 3 ay həbsdə qaldığını, sonra oradan qaçmağa müvəffəq olduğunu, ailə üzvləri ilə birlikdə qeyri-qanuni yolla Türkiyə Respulikası ərazisinə keçdiklərini söyləmişdir. İddiaçı Türkiyədə 3 ay qaldıqdan sonra ailə üzvləri ilə birlikdə X2 getdiklərini, 4 ay orada yaşadıqdan sonra 27 avqust 2013-cü il tarixdə qanuni yolla Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Müharibədə iştirak etmədiyini, qardaşının “İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Əlavə olaraq qardaşı Amar Amourinin “İŞİD” terror qruplaşmasının tərkibində 2015-ci ilə qədər hökümətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq İdarəsinə çağırıldığını ehtimal etdiyini bildirmişdir. Özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu bildirmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı məlumatlarının təhlili aparılmış, məlumatlarda müəyyən uyğunsuzluqlar aşkara çıxarılmışdır. Belə ki, o, 1-ci müsahibəsi zamanı Suriyaya qayıtdıqdan sonra Rakka şəhərində gedən müharibəyə cəlb olunduğunu, 2 ay orada döyüşdüyünü, ona 4 günlük istirahət verildikdə həmin müddətdə Türkiyəyə qeyri-qanuni yola keçdiyini qeyd etmişdir. Ərizəçi ilə aparılan xx.xx.2023-cü il tarixli sonuncu müsahibə zamanı isə o, müharibədə iştirak etmədiyini, qardaşının "İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Qeyd edilən uyğunsuzluq ərizəçinin diqqətinə çatdırılsa da o, bu uyğunsuzluğun səbəbini izah etməkdə çətinlik çəkmiş və bu uyğunsuzluq onun dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. Bundan əlavə İddiaçı sübut olaraq işində yeni halların yaranması ilə bağlı təqdim etdiyi sənədə baxış keçirilmiş, bu sənədin 10 iyul 2017-ci il tarixli sənəd olduğu, ərizəçinin 2021-ci il tarixdə bu sənədi əldə etdiyi, sənəddə Suriya Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin İddiaçı Jonidin və anası Enaamın İstintaq idarəsinə yaxınlaşması ilə bağlı çağırış vərəqəsi olması aydın olmuşdur. O, qardaşı Amar Amourinin “İŞİD’’ terror qruplaşmasının tərkibində 2015ci ilə qədər hökumətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq idarəsinə çağrıldığını ehtimal etdiyini bildirmişdir. İddiaçı təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, özü və ailə üzvləri qaçqının himayə vəsiqəsi ilə təmin edilmişlər. Ərizəçi özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu etiraf etmişdir. İddiaçı Jonidin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi baxışlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Qeyd edilənlərdən görünür ki, iddiaçı ilə müsahibə keçirilərək onun dinlənilmə hüququ cavabdeh tərəfindən təmin olunmuş, həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-7409/2023 nömrəli qərardadında qoyulmuş məsələlər “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, İddiaçı Jonidin qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər formal mülahizələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib edilməsi və ya təqib ediləcəyinə əsasən verən hər hansı hal aşkar edilmədiyindən, birinc instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. AR İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7409/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar