Məhkəmə qərarları › İş №2-1(103)-1296/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1296/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1296/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İmran oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin 24.04.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı İmran oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İmran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin 24.04.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5514/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İmran oğlu xx.xx.1966-cı ildə anadan olmuşdur. 24 aprel 2017-ci il tarixdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. 16/76-021189 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 29.01.2016-ci il tarixli Qərarına əsasən İddiaçı İmran oğluna 23.12.2015-ci il tarixdən yaşa görə ömürlük 1406.60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı İmran oğlu barəsində 04124 saylı Məlumat Vərəqəsinə əsasən İddiaçı İmran oğlu 22.12.2015-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə (yaşa görə) əsasən tərxis olunmuş, onun təqvim xidmət illəri 32 il 04 ay, güzəştli xidmət illəri 10 il 03 ay 25 gün, cəmi iş stajı və xidmət illəri 42 il 07 ay 25 gün təşkil edir. Pul təminatı (təminat xərcliyi) vəzifə maaşı 660 manat, rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə 317.60 manat (40%), ərzaq payı əvəzinə kompensasiya 64 manat, usta məharət dərəcəsinə görə 231 manat (35%), cəmi 1406.60 manat təşkil edir. İddiaçı 24 aprel 2017-ci il tarixdən onun pensiya məbləğinə əlavənin hesablanması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı ərizəsinə cavab verilməmişdir. Sonradan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin 24.04.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı il tarixdən bu günədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2.1ci maddəsinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində əlil olan hərbi qulluqçular müharibə əlilləri hesab olunurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan 2-ci qrup əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Xüsusi olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2)qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Ona sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilmişdir. Qanunun 19.1.7.2-ci maddəsinin tələbləri iddiaçıya şamil edilə bilməz, ona görə ki, iddiaçının pensiya təminatı onu sonuncu tutduğu vəzifədən, daha doğrusu təminat xərcliyindən götürülür ki, buda öz növbəsində Qanunun 1.0.5-ci maddəsi ilə tənzimlənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5514/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin təyin edilməsi ilə bağlı yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən (13.06.2020-ci il) əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmunu ilə eyni əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin eyni mahiyyətlə bağlı 01.12.2020ci il tarixli qərarı və Ali Məhkəmənin 29.07.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı İmran oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin 24 aprel 2017-ci il tarixdən hesablanaraq ödənilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və yaranmış pensiya fərqinin onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən, yəni 13.06.2020-ci il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən adı çəkilən Qanunun 19.1.7.2-ci maddəsinə və ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı 08.10.2020-ci il tarixli qərardadına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçıya 23.12.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, bundan sonra ona 24.04.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Hazırda iddiaçı qulluq illərinə görə onun əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin 24.04.2017-ci il tarixdən hesablanaraq ödənilməsini tələb edir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının müvafiq tələblə cavabdeh inzibati orqana müraciət edərkən və işə birinci instansiya qaydasında baxılarkən qüvvədə olmuş, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində. Qeyd olunan normanın məzmunundan görünür ki, iddia olunan əlavə o şəxs barəsində tətbiq olunur ki, həmin şəxs müharibə əlilidir və ona yaşa görə pensiya təyin edilmişdir; müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil, vətəndaş yaşa görə pensiya alır. Hazırki işdə iddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya alır. İddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlillik də təyin olunmuşdur. Lakin ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 19.1-ci maddəsi şamil oluna bilməzdi. Belə ki, bu kateqoriyadan olan şəxslərə əlilliklə bağlı güzəştlər (əmək pensiyasına əlavələr), “Əmək pensiyaları haqqında” Qanunun 20.16, 20.16.1-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin maddələrin məzmununa görə bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin- 100 faizi, İİ qrup müharibə əlillərinə- 80 faizi, İİİ qrup müharibə əlillərinə- 55 faizi. Hərbi qulluqçuların əmək pensiyasına əlavələr edilməsinin əsasları və qaydaları “Əmək pensiyaları haqqında” Qanunun 20.14-20.16-cı maddələrində tənzimlənir. Həmin normaların müqayisəli təhlilindən görünür ki, əmək pensiyası təyin olunmuş hərbi qulluqçuların əmək pensiyasına əlavələr edilməsi üçün müxtəlif meyarlar və həmin meyarlara mütənasib olaraq təminat xərcliyinin faiz nisbətləri müəyyən olunmuşdur. Digər kateqoriyalardan olan hərbi qulluqçuların pensiyalarına əlavələr daha az müəyyən olunduğu halda, müharibə əlilləri üçün təminat xərcliyinin daha yüksək faizini təşkil edən əlavələr hesablanır. Hərbi qulluqçunun müharibə əlili sayılması, onun sosial təminat hüququnda imtiyaz yaradan hüquqi fakt kimi qəbul olunur. Bu imtiyaz onda ifadə olunur ki, müharibə əlilinə başqa şəxslərə nisbətdə daha yüksək məbləğdə sosial ödəniş edilməsi yolu ilə əlilliyi kompensasiya edilir. Müharibə əlili olan hərbi qulluqçulara da bu cür imtiyazlar "Əmək pensiyaları haqqında" Qanunun 20.16-cı maddəsində nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı olmamış və birinci instansiya məhkəməsi də onun bu tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 240-VİQD saylı 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmişdir. Bu hal da hazırki vəziyyətdə iddiaçının tələbinə “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin tətbiq edilməsini qeyri-mümkün edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin **********1 saylı 23.07.2020-ci il tarixli qərarına əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunduğundan hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5514/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5514/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar