Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1296/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2- 1(112)-5229/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 57 yaşının tamam olduğu 19.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il tarixdə Lənkəran rayonunda anadan olub. 1978-ci il tarixdən 1981-ci il tarixədək (1 il 3 ay) Lənkəran rayonu Biləsər kəndi Frunze adına sovxozunda fəhlə vəzifəsində işləyib. 28.10.1981-ci il tarixdən 26.11.1983-cü il tarixədək hərbi xidmətdə olub. 01.09.1983-cü il tarixdən 27.07.1984-cü il tarixədək peşə məktəbində təhsil alıb. Təhsil aldıqdan sonra 22.10.1984-cü il tarixədək təcrübə keçib. 23.10.1984-cü il tarixdən hal-hazıradək “Azərbaycan X9” QSC-nin X4 motorçu və mexanik vəzifələrində işləyib. Həmin vəzifələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Üzən heyət: bütün adlarda motorçular: 23003020—14706; mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər: 23003020—23484), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndində (Üzən heyət: bütün adlarda motorçular və mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 21 ildən çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş edib. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşdan, yəni 19.07.2020-ci il tarixdən təyin edilməlidir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalan”nın 3.2-ci bəndinin üçüncü abzasına əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 19 iyun 1981-ci il tarixli ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 12 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-5229/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı X2 57 yaşının tamam olduğu 19 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı X3 xx.xx.1963-cü il tarixdə doğulmuş, O, 01.09.1980-18.06.1981-ci illərdə Frunze adına sovxozda fəhlə işləmiş, 28.10.1981- 19.11.1983-cü il tarixlərdə hərbi xidmətdə olmuş, 01 sentyabr 1983-cü ildə Bakı Dəniz Yolları məktəbinə daxil olmuş, 27 iyul 1984-cü ildə həmin məktəbi əyani təhsil formasında “1-ci dərəcəli motorçu” ixtisası üzrə bitirmiş və ona № 202 nömrəli attestat verilmiş, 23.10.1984-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Dövlət X9ndə işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X6 Filialı tərəfindən verilmiş arayışa əsasən, Lənkəran rayon Biləsər kənd Frunze adına sovxozun 1978-ci il əmək haqqı kitabında iyun ayı üçün əmək haqqı almışdır. Sovxozun 1978-ci ilə aid əmrlər kitabı yoxlanıldı, İddiaçı işə qəbulu və işdən azad olması barədə əmrləri müəyyən olmadı. Lənkəran rayon Biləsər kənd Frunze adma sovxozun 01 sentyabr 1980-ci il tarixli 106 №-li əmrilə sovxoza fəhlə qəbul edilmişdir. Lənkəran rayon Biləsər kənd Frunze adına sovxozun 18 iyun 1981-ci il tarixli 81 №-li əmrilə § 2, sovxoz fəhləliyindən azad edilmişdir. Lənkəran rayon Biləsər kənd Frunze adına sovxozun 17 avqust 1981-ci il tarixli 104 №-li əmrilə sovxozun 5 №-li briqadasına fəhlə qəbul edilmişdir. Lənkəran rayon Biləsər kənd Frunze adına sovxozun 04 noyabr 1981-ci il tarixli 133 №-li əmrilə hərbi xidmətə çağırıldığı üçün sovxoz fəhləliyindən azad edilmişdir. 1978-ci ilin iyun, 1980 (avqust-dekabr) -1981 (yanvar-iyun; avqust-oktyabr) aylarında əmək haqqı almışdır. Birinci instansiya məhkəməsinin sərəncamına cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X6 Filialı tərəfindən X8 filialında saxlanılan Lənkəran rayon Biləsər kənd Frunze adına sovxozda İddiaçı oglunun 1978-cı ilin iyun ayı üçün aldığı əmək haqqına aid hissənin təsdiq olunmuş ksero surəti təqdim olunmuşdur. “Azərbaycan X9” QSC tərəfindən verilmiş arayışa əsasən, İddiaçı həqiqətən Azərbaycan Dövlət X9nin üzücü heyətin nəqliyyat donanması gəmilərində 23.10.1984-cü il tarixindən 12.03.2013- cü il tarixinədək və 03.12.2014-cü il tarixindən hal-hazıradək motorçu, elektrik, 4-cü, 3- cü, 2-ci və baş mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 34 il 04 ay 02 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №li qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təstiq edilmiş 2№li siyahının XXVİİl hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154№li Qərarına əsasən X9 Azərbaycan Dövlət X9 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət X9nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə “Azərbaycan X9” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13- cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının sovxozda işlədiyi dövr - həmin dövrün 01.09.1980-18.06.1981-ci il olan hissəsi əmək kitabçasına əsasən müəyyən olunur. İddiaçının arxiv araşıyı ilə təsdiq olunan sovxozda 1978-ci ilin iyun ayında, 1980-ci ilin avqust ayında, 1981-ci ilin avqust, sentyabr və oktyabr aylarında işlədiyi dövrü nəzərə alır, arxiv arayışında göstərilən qalan dövr, əmək kitabçasına əsasən, 01.09.1980- 18.06.1981-ci il ildə işlədiyi dövrlə üst-üstə düşür; Beləliklə, iş materiallarında olan attestatın, hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, arxiv arayışından göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının 23.10.1984-cü ildən 01.01.2006-cı il tarixədək işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: XXVİİİ hissənin 3-cü bəndinin Dəniz və çay donanması 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) uyğundur. İddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olması işin cavabdeh tərəfindən mübahisələndirilməyən halıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (19.07.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 19.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-5229/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1296/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1296/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver