Məhkəmə qərarları › İş №2-1(103)-1296/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1296/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1296/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi),X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxs Rəcəbov Mir-Məmməd Faiq oğlunun iştirakı ilə, İddiaçı Mir-Məmməd oğlunun cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs: Rəcəbov Mir-Məmməd Faiq oğlu və digərləri) qarşı “qeydiyyata çıxarma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11222/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Mir-Məmməd oğlu məhkəməyə ərizə ilə müraciət edərək Rəcəbov Mir- Məmməd Faiq oğlu, Rəcəbov Mir-Faiq Mir-Məmməd oğlu və Rəcəbov MirFikrət Mir- Məmməd oğlunun yaşayış hüququndan istifadəsinə xitam verilərək qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Rəcəbov Mir-Məmməd Faiq oğlu, Rəcəbov Mir-Faiq Mir-Məmməd oğlu və Rəcəbov Mir-Fikrət Mir-Məmməd oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Yasamal rayon Polis İdarəsinin cavabdeh qismində, Rəcəbov Mir-Məmməd Faiq oğlu, Rəcəbov Mir-Faiq Mir-Məmməd oğlu və Rəcəbov Mir-Fikrət Mir-Məmməd oğlunun üçüncü şəxs qismində müəyyən edilməsini və iddia tələbinin Rəcəbov Mir-Məmməd Faiq oğlu, Rəcəbov Mir-Faiq MirMəmməd oğlu və Rəcəbov Mir-Fikrət Mir-Məmməd oğlunun qeydiyyatdan çıxarılmasının Yasamal rayon Polis İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11222/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunmuşdur. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində aparılmış məhkəmə araşdırması zamanı iş üzrə cəlb olunmuş üçüncü şəxslərin həmin mənzilə dair istfadə hüququnu təsdiq edən hər hansı müqavilə və ya dövlət reyestrində qeydə rast gəlinməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının düzgün tövsif etməyərək yanlış nəticəyə gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Rəcəbov Mir-Məmməd Faiq izahatında mübahisəli ünvandan qeydiyyatdan çıxdığını bildirmişdir. Cavabdeh tərəf əvvəlki məhkəmə iclasından öncə məhkəməyə ərizə ilə müraciət etmiş, onların nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə və qərar çıxarılmasına etirazlarının olmadığını bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan daşınmaz əmlakdan övladının və nəvələrinin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi ilə yekunlaşmışdır. İşin faktiki hallarını hərtərəfli araşdıran və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “Rəcəbov Mir- Məmməd Faiq oğlu qeydiyyatdan çıxarılması” hissəsi artıq mübahisə predmeti olmadığına görə xitam verilməli, digər üçüncü şəxslərin qeydiyyatdan çıxarılması hissəsində isə təmin edilməlidir. İddia tələbinin Rəcəbov Mir-Faiq MirMəmməd oğlu və Rəcəbov Mir-Fikrət Mir- Məmməd oğlunun qeydiyyatdan çıxarılması hissəsində təmin edilməsilə bağlı mövqeyini Kollegiya aşağıdakılarla əsaslandırır : Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İş materiallarında olan ******* saylı, xx.xx.2022-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, X5, Rəcəbov Mir-Məmməd Faiq oğlu, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü Rəcəbov X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçının tələbi onun mülkiyyətində olan ünvan 2 ünvanından Rəcəbov Mir-Məmməd Faiq oğlunun, Rəcəbov Mir-Faiq MirMəmməd oğlunun və Rəcəbov Mir-Fikrət Mir- Məmməd oğlunun qeydiyyatdan çıxarılmaları ilə bağlıdır. Hazırkı araşdırma zamanı üçüncü şəxslərdən Rəcəbov Mir-Məmməd Faiq oğlunun mübahisəli ünvandan qeydiyyatdan çıxması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2294/2020 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmənin qətnaməsi ilə Rəcəbov Mir-Məmməd Faiq oğlu ilə X4 arasında olan nikahın pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 24 mart 2007-ci il təvəllüdlü Rəcəbov Mir-Faiq Mir-Məmməd oğlu və 21 oktyabr 2016-cı il təvəllüdlü Rəcəbov Mir-Fikrət Mir-Məmməd oğlu anaları X2 himayəsinə verilmişdir. İşin hallarından aydındır ki, mübahisəli mənzildə hazırda qeydiyyatda olan 24 mart 2007-ci il təvəllüdlü Rəcəbov Mir-Faiq Mir-Məmməd oğlunun və 21 oktyabr 2016-cı il təvəllüdlü Rəcəbov Mir-Fikrət Mir-Məmməd oğlunun anaları X4 başqa ünvanda yaşayır və qeydiyyatdadır. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, “...........üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün mütləq qaydada onların istifadə hüququna mülki məhkəmə qətnaməsi ilə xitam verilməli və yalnız bundan sonra onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mübahisəsinə qiymət veriləcəkdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, bu müddəa Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq, yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Bununla bağlı nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan yalnız ər (arvad), valideynlər və övladlar mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək, orada daimi yaşamaqdan asılıdır. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu baxımdan mülkiyyətçi ilə aralarında etibarlı ailə münasibətləri olmayan şəxslərin yaşayış sahəsinə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir ki, həmin razılaşma yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmadır. Qeyd olunanlara əsasən Kollegiya bildirir ki, 24 mart 2007-ci il təvəllüdlü Rəcəbov Mir-Faiq Mir-Məmməd oğlu və 21 oktyabr 2016-cı il təvəllüdlü Rəcəbov Mir-Fikrət Mir- Məmməd oğlu qüvvədə olan məhkəmə qətnaməsi ilə anaları – X2 himayəsində saxlanılmış, buna görə də, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən, uşaqlar mübahisəli mənzilə münasibətdə istifadə hüququna malik deyillər. Kollegiya bildirir ki, hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı Mir-Məmməd oğlunun hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11222/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Üçüncü şəxslər Rəcəbov Mir-Faiq Mir-Məmməd oğlunun və Rəcəbov Mir-Fikrət Mir- Məmməd oğlunun ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Pərviz Hüseynov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar