Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1296/2025 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İ İddiaçılar iddiaçı4 və digərlərinin cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsinə (Bakı şəhəri Binəqədi Rayon Su Kanal İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: ümumi kanalizasiya xəttinin layihələndirilməsi və inşa edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iddiaçı4 və İsrafilova Nübar Sadıx qızının iştirakları ilə, İddiaçılar iddiaçı4 və digərlərinin cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsinə, Bakı şəhəri Binəqədi Rayon Su Kanal İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə qarşı “ümumi kanalizasiya xəttinin layihələndirilməsi və inşa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçılar iddiaçılar iddiaçı4, İsrafilova Nübar Sadıx qızı və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçılar iddiaçı4 və digərləri cavabdeh Azərbaycan Dövlət X4rşı “ümumi kanalizasiya xəttinin layihələndirilməsi və inşa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, 1ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinləridir. Sözügedən ərazidəki kanalizasiya xətləri sakinlər tərəfindən kustar üsulla düzəldilmiş və artıq istismara yararsız vəziyyətdədir. İki gündən bir kanalizasiya xətləri tutulur və çirkab suları küçəyə axır. Xüsusən, yağış yağan zaman da xətlər tutulur və çirkab sularının küçəyə axması iddiaçılara problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış yağanda kanalizasiya suları onların evlərinə, həyətlərinə dolur. Kanalizasiya bütün küçə boyu getməli və ümumi xətdə birləşdirilməli idi. İddiaçılar qeyd olunan tələb ilə bağlı cavabdehə müraciət etsələr də, onların müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçılar hesab edir ki, həmin imtina əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər.
3. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Binəqədi rayon Sukanal İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur.
5. Sonradan iddiaçılar məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişlər və ərizə icraata qəbul edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi rədd edilmişdir.
7. Qərardan narazı qalan iddiaçılar iddiaçılar iddiaçı4, İsrafilova Nübar Sadıx qızı və iddiaçı1 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
9. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddiaçı4 və N.İsrafilova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər iddiaçılara, üçüncü şəxsə və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər iddiaçılar, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İddiaçılar hazırkı iddia tələbi ilə Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 30 və X2 küçələri ünvanına yeni kanalizasiya xətlərinin çəkilməsinə nail olmaq istəyirlər. Bununla bağlı onlar cavabdehə müraciət etsələr də, sonuncu tərəfindən onların müraciətinin təmin edilməsindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, Bakı şəhəri üzrə “xxxx” ASC tərəfindən yeni kanalizasiya şəbəkələrinin çəkilməsi istiqamətində planlı şəkildə işlər həyata keçirilir ki, bu planın tərkib hissəsi olaraq mərhələli şəkildə qeyd olunan ünvan da nəzərdə tutulur.
12. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, vahid elektron kadatsr baza məlumatlarına əsasən sahə AR Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadədə olan Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oyl). Sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahənin ərtafında işlək və ləğv olunmuş neft quyularının baza məlumatı mövcuddur.
13. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi Şəxsinin ## ### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi işləri dövlət investisiya proqramları çərçivəsində ayrılan maliyyə vəsaitlərinə uyğun olaraq mərhələli qaydada həyata keçirilir. Bu çərçivədə tədbirlərin icra ardıcıllığı texniki imkanlar, mövcud infrastrukturun vəziyyəti, magistral sistemlərin qəbul gücü, eləcə də ayrılmış maliyyə vəsaitlərinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Binəqədi qəsəbəsinin kanalizasiya sisteminin yaradılması məqsədilə müvafiq layihə yanaşmaları müəyyən edilmiş və həmin yanaşmaya əsasən ilkin mərhələdə əsas daşıyıcı kanalizasiya kollektorlarının, növbəti mərhələdə isə toplayıcı kanalizasiya şəbəkələrinin inşası nəzərdə tutulmuşdur. Hazırda Böyükşor hövzəsi üzrə əsas daşıyıcı kanalizasiya kollektorlarının və tullantı su təmizləyici qurğularının inşası dövlət investisiya proqramı çərçivəsində mərhələli qaydada davam etdirilir. Həmin magistral infrastrukturun yaradılmasından sonra Binəqədi qəsəbəsi ərazisində, o cümlədən müraciətdə qeyd olunan 1-ci mədən, korpus 30 və X2 küçələri üzrə toplayıcı kanalizasiya şəbəkələrinin genişləndirilməsi məsələsinə baxılması nəzərdə tutulur. Eyni zamanda bildiririk ki, ötən dövr ərzində mövcud kanalizasiya sistemlərinin texniki imkanlarından və ayrılmış maliyyə vəsaitlərindən asılı olaraq Binəqədi qəsəbəsinin müəyyən hissələrində lokal kanalizasiya şəbəkələrinin tikintisi və yenidən qurulması işləri həyata keçirilmişdir. Lakin mövcud magistral infrastrukturun məhdud imkanları səbəbindən həmin işlərin bütün əraziləri tam şəkildə əhatə etməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, müraciətdə göstərilən ünvanlar üzrə kanalizasiya şəbəkələrinin tikintisi ilə bağlı tədbirlərin həyata keçirilməsi magistral kanalizasiya infrastrukturunun yaradılması və növbəti illər üzrə dövlət investisiya proqramları çərçivəsində ayrılacaq maliyyə vəsaitlərinə uyğun olaraq mərhələli qaydada müəyyən ediləcəkdir. Hazırda qeyd olunan ünvanların ayrıca təsdiq edilmiş növbəlilik siyahısında konkret sıra göstəricisi müəyyən edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
16. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Əsas anlayışlar kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır; Maddə 37. Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulma və tullantı sularının axıdılması
1. Ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün: a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli; b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli; c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli; ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir.
2. Müraciət edən tərəfindən kanalizasiya sistemlərinə qoşulmanın qaydaları və tələbləri pozulduğu hallarda kanalizasiya müəssisəsi obyekti qoşmaqdan, onun olduğu ərazidə tullantı sularının axıdılmasını və drenaj işlərinin aparılmasını yerinə yetirməkdən imtina edə bilər.
3. Müraciət edən ümumi istifadədə olan kanalizasiya sisteminə onun obyektinin qoşulmasına və tullantı sularının axıdılmasına imtina haqqında qərardan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edə bilər.
4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır. Maddə 38. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması 38.1. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması mövcud şəbəkə nəzərə alınmaqla, sifarişçinin bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə elektron qaydada müraciətinə uyğun olaraq, qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. 38.2. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması üçün sifarişçi kanalizasiya müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir. 38.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri kanalizasiya müəssisələri tərəfindən həyata keçirilir. 38.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və tullantı sularının axıdılması sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud kanalizasiya müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir. 38.5. Kanalizasiya müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi tələbata uyğun və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun tullantı sularının axıdılması sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. 38.6. Sifarişçinin tikinti obyektini kanalizasiya sisteminə qoşmaq məqsədilə kanalizasiya sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdirilir. 38.7. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olubolmamasından asılı olmayaraq 30 (otuz) gün müddətində həyata keçirilir. 38.8. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 (otuz) gün müddətində həyata keçirilir. 38.9. Bu Qanunun 38.7-ci və 38.8-ci maddələrində göstərilən hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli, ## ###### 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”: Bənd 2.1. Sifarişçinin tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Bənd 2.2. Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hazırlanan texniki şərtlərə əsasən bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir.
18. Məhkəmə diqqətə çatdırır ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 5ci maddəsi su təchizatı və tullantı sularının axıdılması sistemlərinin yerləşdirilməsi və inkişaf sxemləri ilə bağlı münasibətləri tənzimləyir. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)- içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri, su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional səviyyəli sxemlərə müvafiq olaraq həyata keçirilir.
19. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını, iş üzrə toplanmış sübutları, apellyasiya baxışı zamanı əldə edilmiş mütəxəssis rəyini və tətbiq edilməli olan milli və beynəlxalq hüquq normalarını birlikdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. İlk növbədə kollegiya qeyd edir ki, inzibati orqanın hər hansı məhdudlaşdırıcı qərarı qanuna əsaslanmalı, faktiki hallarla təsdiq edilməli və mütənasib olmalıdır. İnzibati orqanın qərarı yalnız ümumi mülahizələrə və ehtimallara deyil, obyektiv və yoxlanıla bilən faktlara söykənməlidir.
20. Hazırkı işdə cavabdeh iddiaçıların yaşayış evlərinin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmasından imtinanı kanalizasiya şəbəkələrinin mərhələli şəkildə tikilməsi və iddiaçının ünvanının növbəti mərhələlərdə nəzərdə tutulması ilə əsaslandırmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin istinad etdiyi növbəlilik siyahısı, mərhələlilik planı və ya bu məzmunlu təsdiq edilmiş hər hansı inzibati sənəd ümumiyyətlə mövcud deyildir. Cavabdeh nə birinci instansiyada, nə də apellyasiya baxışı zamanı iddia etdiyi növbəlilik sistemini təsdiq edən hüquqi akt, proqram, sərəncam, investisiya planı və ya digər rəsmi sənəd təqdim edə bilməmişdir.
21. Belə olan halda cavabdehin imtinasının əsasını təşkil edən faktiki hal sübuta yetirilməmiş hesab edilməlidir. Mövcud olmayan və ya məhkəməyə təqdim edilməyən sənədə istinad etməklə şəxsin hüquqlarının məhdudlaşdırılması hüquqi dövlət prinsipinə uyğun sayıla bilməz. Kollegiya xüsusilə vurğulayır ki, inzibati orqanın diskresion səlahiyyəti qeyri-məhdud deyildir. Diskresiya qanunun hüdudları daxilində, obyektiv meyarlar əsasında və ayrıseçkiliyə yol vermədən həyata keçirilməlidir. Əks yanaşma hüquqi müəyyənlik və bərabərlik prinsiplərini pozmuş olar.
22. İş üzrə apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə mütəxəssisinin rəyindən müəyyən edilir ki, iddiaçılara məxsus yaşayış evləri mövcud mərkəzləşdirilmiş kanalizasiya kollektoruna çox yaxın məsafədə yerləşir və texniki baxımdan həmin şəbəkəyə qoşulması mümkündür. Mütəxəssis qoşulmanın texniki baxımdan mümkünsüz olduğunu göstərən hər hansı maneə müəyyən etməmişdir. Cavabdeh həmin rəyin düzgünlüyünü təkzib edən alternativ ekspertiza rəyi, texniki sənəd və ya digər mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən kollegiya mütəxəssis rəyini iş üzrə etibarlı və obyektiv sübut kimi qəbul edir.
23. Beləliklə, iş üzrə müəyyən edilir ki: – qoşulmanın texniki imkanı mövcuddur; – cavabdehin istinad etdiyi növbəlilik sistemi faktiki olaraq mövcud deyildir; – qoşulmanın mümkünsüzlüyünü göstərən hər hansı obyektiv maneə müəyyən edilməmişdir.
24. Bu hallar cavabdehin imtinasının faktiki əsaslarının olmadığını göstərir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə görə inzibati aktın qanuniliyinin sübut edilməsi vəzifəsi inzibati orqanın üzərinə düşür. İnzibati orqan qəbul etdiyi qərarın həm hüquqi, həm də faktiki əsaslarını sübut etməlidir. Hazırkı işdə cavabdeh həmin prosessual vəzifəsini yerinə yetirməmişdir.
24. Kollegiya hesab edir ki, cavabdeh yalnız ümumi xarakterli izahatlarla kifayətlənmiş, lakin bu izahatları təsdiq edən heç bir rəsmi sənəd təqdim etməmişdir. Bu isə inzibati aktın qanuniliyi barədə məhkəmədə daxili inam formalaşdırmır. Birinci instansiya məhkəməsi isə cavabdehin sübuta yetirilməmiş izahatlarını mötəbər fakt kimi qəbul etməklə sübutların qiymətləndirilməsi qaydalarını düzgün tətbiq etməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi olduğunu müəyyən edir. Dövlət orqanları insanların sağlam və təhlükəsiz yaşayış mühitində yaşamaq hüququnun təmin edilməsi üçün zəruri tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 41ci maddəsi hər kəsin sağlamlığının qorunması hüququnu, 39-cu maddəsi isə sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin edir. Həmin konstitusion təminatlar dövlət orqanlarının insanların normal sanitariya şəraitində yaşamasını təmin etmək üçün yalnız normativ aktlar qəbul etməsini deyil, həm də real və səmərəli inzibati fəaliyyət göstərməsini tələb edir. İnzibati fəaliyyətin əsas prinsiplərindən biri hüquqi müəyyənlik prinsipidir. Hüquqi müəyyənlik tələb edir ki, dövlət orqanlarının qəbul etdiyi qərarlar əvvəlcədən müəyyən edilmiş, obyektiv və hamı üçün aydın meyarlara əsaslansın. Şəxsin hüquqlarının məhdudlaşdırılması mövcud olmayan, yaxud hüquqi qüvvəsi təsdiq edilməmiş daxili qaydalara və ya şifahi izahatlara əsaslana bilməz. Belə ki, mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxış müasir sanitariya xidmətinin mühüm elementidir və insanların sağlamlığı, yaşayış şəraiti və ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlıdır. 25.Bu yanaşma beynəlxalq hüquqda da qəbul edilmişdir. Belə ki, hər bir şəxsin mümkün olan ən yüksək fiziki və psixi sağlamlıq səviyyəsinə malik olmaq hüququnun həyata keçirilməsi üçün sanitariya və ətraf mühitin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi vacibdir. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi özünün Lopez Ostra v. Spain, Öneryıldız v. Turkey və sonrakı qərarlarında vurğulamışdır ki, sanitariya infrastrukturu və ətraf mühitlə bağlı dövlət qərarları insanların şəxsi və ailə həyatına hörmət hüququ ilə sıx bağlıdır. Dövlət bu sahədə qərarlar qəbul edərkən şəxslərin maraqları ilə ictimai maraqlar arasında ədalətli tarazlığı təmin etməli, qəbul etdiyi qərarların kifayət qədər hüquqi və faktiki əsaslarını göstərməlidir. Hazırkı işdə cavabdeh nə belə tarazlığı təmin etmiş, nə də imtinanın zəruriliyini sübuta yetirmişdir.
26. Kollegiya hesab edir ki, hazırkı işdə cavabdehin imtinası nə hüquqi, nə faktiki, nə də texniki baxımdan əsaslandırılmışdır.Texniki imkanın mövcud olduğu, qoşulmaya mane olan obyektiv səbəblərin müəyyən edilmədiyi, istinad edilən növbəlilik sisteminin mövcud olmadığı və cavabdehin imtinanın qanuniliyini sübuta yetirə bilmədiyi şəraitdə iddiaçının kanalizasiya xidmətindən istifadə hüququnun qeyri-müəyyən müddətə məhdudlaşdırılması qanunçuluq, hüquqi müəyyənlik, bərabərlik və mütənasiblik prinsiplərinə ziddir.
27. Ona görə də kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin mübahisələndirilən imtinası qanunsuz hesab edilərək ləğv edilməli və iddia tələbi qismən təmin olunmalıdır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
29. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 1 10 ünvanında yerləşən ərazidə ümumi kanalizasiya xəttinin layihələndirilməsi, inşa edilməsi və iddiaçıların yaşadığı mübahisəli ərazinin növbəyə alınması barədə inzibati icraatın aparılması öhdəliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsinin üzərinə qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 1 10 ünvanında yerləşən ərazidə ümumi kanalizasiya xəttinin layihələndirilməsi, inşa edilməsi və iddiaçıların yaşadığı mübahisəli ərazinin növbəyə alınması barədə inzibati icraatın aparılması öhdəliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov