Məhkəmə qərarları › İş №2-1(103)-1297/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1297/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1297/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1956-cı il tarixində Laçın rayonunun Mollalar kəndində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki yaşadığı ünvan-Sumqayıt şəhəri, 15-ci məhəllə, 10 №li yataqxana, otaq 75) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2- 1(112)-7422/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 11.06.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının anası X4 və qardaşı X5 1992-ci ilin may ayında Laçın rayonu ərazisində hərbi əməliyyatlar zamanı itkin düşmüşlər. Laçın Rayon Məhkəməsinin 3 iyul 1997-ci il tarixli qətnaməsi ilə X1 və X3 xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi barədə iddia təmin edilmişdir. 15 avqust 1997-ci il tarixdən ona (iddiaçıya) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvü statusu və bu statusu təsdiq edən vəsiqə verilmişdir. Şəhid ailəsi üzvü statusu alsa da, indiyədək şəhid ailələri üçün qanunla nəzərdə tutulmuş imtiyazlardan istifadə edə bilməmişdir. Belə ki, şəhid ailələri üçün nəzərdə tutulmuş sosial müavinətin verilməsi və mənzillə təmin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin göstərilən məsələlər həllini tapmamışdır. Bununla əlaqədar 2019-cu ilin əvvəllərində Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin qəbulunda olmuş və həmin vaxt ona şəhid ailəsi üzvü olduğunu təsdiq edən vəsiqənin yeniləməli olması bildirilmişdir. Bundan sonra o, vəsiqəsinin yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etsə də, qeyd olunan qurum tərəfindən vəsiqəsinin yenilənməsindən imtina edilmiş və buna səbəb kimi onun şəhid ailəsi statusunun olmaması göstərilmişdir. Həmçinin, qeyd olunan qurum tərəfindən ona bildirilmişdir ki, şəhid ailəsi statusunun alınması üçün anası X1 və qardaşı X3 ölmüş elan olunmaları barədə məhkəmə qətnaməsi olmalıdır. Daha sonra, iddiaçı anası X1 və qardaşı X3 ölmüş elan olunmaları barədə ərizə ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunaraq 1926-cı ildə Laçın rayonu Mollalar kəndində doğulmuş X4 və 1965-ci ildə Laçın rayonu Mollalar kəndində anadan olmuş qardaşı X5 ölmüş elan edilmişlər. Bundan sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ərizə ilə müraciət edərək ona verilmiş şəhid ailəsi üzvünün vəsiqəsinin yenilənməsini xahiş etsə də, qeyd olunan qurumdan göndərilmiş 14 aprel 2021-ci il tarixli cavab məktubunda şəhid ailəsi üzvü olan şəxslər kateqoriyasına aid edilmədiyindən, ona şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, inzibati orqan tərəfindən ona şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» AR Qanununun 1-ci maddəsinə, İPM-in 2.2.3, 34.1, 45, 46-cı maddələrinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyuması barədə qərar çıxarılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7422/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçıya şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı, onun birinci instansiya məhkəməsində vəkili və nümayəndəsi olmuş Vəkil (Sumqayıt Regional Vəkil Bürosu) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7422/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı ünvanlanmış 14 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Müraciətinizə Sosial Xidmətlər Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 2-ci yarımbəndinə əsasən şəhidin ailə üzvü, onun arvadı (əri), valideynləri; 18 yaşına çatmayan uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) hesab olunur. Qeyd olunanlara əsasən bildirilir ki, qanunvericiliyin tələbinə əsasən Siz şəhidin ailə üzvü olan şəxslər kateqoriyasına aid edilmədiyinizdən, şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: (2.1.1) arvadı (əri), (2.1.2) valideynləri, (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar, (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa, (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qaydaların 4.1-ci bəndinə görə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qaydaların 4.2-ci bəndinə görə şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik normalarının məzmunundan görünür ki, şəxsin şəhid ailəsinin üzvü olması ilə bağlı meyarları konkret müəyyən etmişdir və bu şəxslərin sırasına şəhidin bacısını “uşaq evlərində tərbiyə edilən” olması ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “uşaq evində tərbiyə olunan” olmadığından və 65 yaşı olduğundan, eyni zamanda 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə heç bir bir sübut təqdim etmədiyindən iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası eyni zamanda iş materiallarında olan ******* №-li iddiaçının şəhid ailəsi üzvü olmasını təsdiq edən vəsiqə ilə bağlı qeyd edir ki, vəsiqə 15.08.1997ci il tarixdən etibarlı olmuşdur. Eyni zamanda iş materiallarında olan Laçın Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(047)-579/2020 saylı qətnaməsindən görünür ki, Laçın Rayon Məhkəməsinin 03 iyul 1997-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilərək, 1926-cı il tarixdə anadan olmuş anası X4 və 1965-ci il tarixdə anadan olmuş qardaşı X3 1992-ci ilin may ayından itkin düşmələri faktı müəyyən olunmuşdur. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı 15.08.1997-ci il tarixli vəsiqəni anasının və qardaşının itkin düşmələri faktı ilə əlaqədar olaraq əldə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı qeyd edilən vəsiqənin ləğv edilməsini, qüvvədən düşməsini və ya etibarsız hesab edilməsini təsdiq edən hər hansı sənəd-sübut təqdim etməyərək, şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi Azərbaycan Respublikası İPM-nin 36-cı maddəsinə uyğun olaraq, iddiaçının şəhid ailəsi üzvü olmasını təsdiq edən ******* №-li, 15.08.1997-ci il tarixli vəsiqənin tanınması ilə bağlı deyildir, belə olan halda cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7422/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7422/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar