Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1298/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “əmrlərin ləğv edilməsi, onun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdeh Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “əmrlərin ləğv edilməsi, onun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası DİN-nin Tibb İdarəsinə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kordiologiya şöbəsinin tibb bacısı İddiaçı övladının səhhəti ilə əlaqədar olaraq 02.12.2019-cu il tarixdən övladının 3 yaşı tamam olanadək uşağaqulluqla əlaqədar sosial məzuniyyətə buraxılmağına icazə verilməsi barədə 20.11.2019-cu il tarixdə raportla DİN-nin Tibbi İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifova müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Ə82Ş/H-029-19 saylı 25.11.2019-cu il tarixli əmri ilə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı, tibb xidməti serjantı İddiaçı 2019-cu ilin dekabr ayının 2-dən 2021-ci ilin aprel ayının 14-dək uşağına qulluqla əlaqədar (3 yaşı tamam olanadək) sosial məzuniyyət verilmişdir. Əmrə əsas kimi İddiaçı 20.11.2019-cu il tarixli raportu və 21.05.2018-ci il tarixli, AZ-İV-116910 nömrəli doğum haqqında şəhadətnamənin surəti göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin DİN-nin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Mahmud Yusifova ünvanladığı məktubla bildirilmişdi ki, İddiaçı 20.11.2019-cu il tarixli raportuna əsasən Tibb İdarəsinin müvafiq əmri ilə 02.12.2019-cu il tarixdən 14.04.2021-ci il tarixədək uşağına qulluqla əlaqədar sosial məzuniyyətə buraxılmışdır. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10.01.2020-ci il tarixli 012-525-1220 nömrəli məktuba əsasən İddiaçı 04.12.2019-cu il tarixdə “Samur X15”ndən tək çıxaraq ölkə hüdudlarını tərk etmiş, sonuncunun 16.09.2016-cı il təvəllüdlü qızı X10 və 14.04.2018-ci il təvəllüdlü oğlu X8 ölkə hüdudlarını tərk etmələri müəyyən olunmamışdır. Odur ki, xidməti təhqiqat zərurəti ilə əlaqədar DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı məzuniyyətinin dayandırılaraq geri çağırılması və bu barədə Daxili Təhqiqatlar İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Ə7- 02Q-20 saylı 14.01.2020-ci il tarixli əmri ilə xidməti təhqiqat zərurəti ilə əlaqədar olaraq, barəsində DİN-in Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı, tibb xidməti baş serjantı İddiaçı 15 yanvar 2020-ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmışdır. Əmrə əsas kimi DİN-in Daxili Təhqiqatlar İdarəsinin 14.01.2020-ci il tarixli, 023-225-1220 nömrəli məktubu əsas göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 14.01.2020-ci il tarixli məktubu ilə İddiaçı sosial məzuniyyətdən geri çağırılması barədə Tibb İdarəsinin 14.01.2020-ci il tarixli əmrinin surəti məlumat üçün DİN-nin Daxili Təhqiqatlar İdarəsinə göndərilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 16.01.2020-ci il tarixli məktubla İddiaçı müraciət edilərək onun sosial məzuniyyətdən geri çağırıldığı və təcili olaraq xidməti vəzifəsinin icrasına başlamalı olduğu bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin DİN-nin Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyevə ünvanladığı 16.01.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı barəsində Respublika Baş Prokurorluğuna Qızılgül Hüseynovanın ünvanladığı eyniməzmunlu müraciətinə aidiyyəti üzrə baxılmışdır. Barəsində DİN-nin Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar İddiaçı 15.01.2020-ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmış və hazırda İddiaçı mobil telefonuna (***-***-**-**) edilən zənglərə cavab vermir. Qeyd olunan səbəbdən araşdırmanın aparılması mümkün olmamışdır. “Vətəndaş Q.Hüseynovanın müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” DİN Daxili Təhqiqatlar İdarəsinin 21 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının kardiologiya şöbəsinin tibb bacısı İddiaçı ona sosial ev düzəltmək adı ilə 01.11.2019-cu il tarixdə 25.000 manatını ələ keçirməsi barədə vət. Qızılgül Hüseynovanın DİN-in rəhbərliyinə ünvanladığı və Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş müraciətləri əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, DİNin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürərək tanışı Qızılgül Hüseynovaya Mənzil X14 (MİDA) vasitəsilə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə 01.11.2019-cu il tarixdə sonuncudan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmışdır. 14.04.2018-ci il təvəllüdlü övladı Əziz Hüseynova 3 yaşı tamam olanadək qulluq etməsilə əlaqədar tibb xidməti baş serjantı İddiaçı 20.11.2019-cu il tarixli raportu nəzərə alınaraq sonuncu DİN-in Tibb İdarəsinin müvafiq əmri ilə 02.12.2019-cu il tarixdən sosial məzuniyyətə buraxılmış, xidməti təhqiqat prosesində tibb bacısı İddiaçı azyaşlı oğlu Ə.Hüseynovu keçmiş həyat yoldaşı C.Hüseynovun himayəsində saxlayıb 04.12.2019-cu il tarixdə “Samur” X15 vasitəsilə ölkə hüdudlarını özbaşına tərk etməsi müəyyən edilmiş və o, DİN-in Tibb İdarəsinin 25.11.2019-cu il tarixli Ə82ş/h-029-19 nömrəli əmri ilə məzuniyyətdən geri çağırılmışdır. Tanışı İddiaçı tərəfindən aldadılaraq 25.000 manat pulunun ələ keçirilməsi barədə vət. Qızılgül Hüseynovanın müraciəti əsasında Yasamal RPİ 29-cu PB-də araşdırma aparılaraq 23.12.2019-cu il tarixdə toplanmış material öyrənilməsi üçün Yasamal rayon Prokurorluğuna göndərilmişdir. Xidməti təhqiqat zamanı vət. Qızılgül Hüseynova izahatında İddiaçı təxminən 15 ildir ki, tanıdığını, belə ki, sonuncunun mütəmadi olaraq onun Bakı şəhərində İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən işlətdiyi “Qızılgül” adlı gözəllik salonuna gəlib-getdiyini, normal münasibətlərinin olduğunu, təxminən 2019-cu ilin oktyabr ayının sonlarında salonda olarkən söhbət zamanı İddiaçı özünə sosial binalardan sərfəli qiymətə ev aldığını, əgər istəsə ona da sosial ev təşkil edə biləcəyini bildirdiyini, iki otaqla ev almaq üçün 25.000 manat pul lazım olduğunu, həmçinin bu barədə salonda işləyən digər qızlara da dediyini, Günelə inandığına görə bir neçə gün sonra, yəni 01.11.2019-cu il tarixdə işlətdiyi gözəllik salonunda İddiaçı ona sosial ev düzəltmək üçün 25.000 manat pul verdiyini, lakin həmin vaxtdan bu günədək sonuncunun hələ də ona sosial ev düzəltmədiyini, nə də pulunu geri qaytarmadığını, 07.12.2019-cu ildən tarixdən Günelin istifadəsində olan nömrələrinə zəng çatmadığını, ona görə İddiaçı hazırda harada olduğunu bilmədiyini, həmin pulu Günelə verərkən yanında salonda işləyən qızların da olduğunu, həmçinin DİN-in 102 xidmətinə müraciət etdikdən sonra Loğman Zeynalov adlı şəxsin ona zəng edərək şikayətini araşdıracağını bildirsə də, sonradan sonuncunun Güneli tapa bilmədiyini dediyini göstərmişdir. Xidməti təhqiqat zamanı Vət. Ləman Əliyeva izahatında təxminən 1 ildir ki, Qızılgül Hüseynovanın işlətdiyi Bakı şəhəri, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən “Qızılgül” adlı gözəllik salonunda saç ustası işlədiyini, İddiaçı da tez-tez həmin salona gəldiyini, onu tanıdığını, normal münasibətlərinin olduğunu, 2019-cu ilin oktyabr ayının sonlarında Günelin salonda olarkən özünə sosial binalardan sərfəli qiymətə ev aldığını, əgər istəyən olsa köməklik edə biləcəyini bildirdiyini, həmin vaxt Qızılgül Hüseynovanın da Günelə sosial ev istədiyini dediyini, sonuncunun isə bunun üçün 25.000 manat pul lazım olduğunu, digər məsələləri isə 1 ay ərzində özü həll edəcəyini bildirdiyini, 01.11.2019-cu il tarixdə Qızılgül Hüseynovanın işlədikləri gözəllik salonunda İddiaçı onların yanında sosial ev düzəltmək üçün 25000 manat pul verdiyini, lakin həmin vaxtdan sonra Qızılgül Hüseynovanın onu tapa bilmədiyini, bu günədək evi düzəltmədiyini, pulu da geri qaytarmadığını göstərmişdir. Xidməti təhqiqat zamanı Vət. Ləman Əliyevanın izahatında göstərdiyi xüsusatları qeyd olunan gözəllik salonunda işləyən vət. Sevinc Cəfərova və Hüsniyyə Əliyeva da öz izahatlarında təsdiqləyərək eyni məzmunlu izahat vermişlər. Xidməti təhqiqat zamanı Vət. Səid Dursunov izahatında 2006-cı ildə İddiaçı ilə ailə qurduqlarını, həmin nikahdan bir qız övladlarının dünyaya gəldiyini, 2008-ci ildə rəsmi olaraq boşandıqlarını, uşağın isə anasında qaldığını, ara-sıra gedib uşağı gördüyünü, daha sonra 2014-cü ildə İddiaçı başqa bir şəxslə ailə qurduğunu, həmin nikahdan da iki azyaşlı övladının olduğunu, İddiaçı hər hansı şəxsdən sosial ev düzəltmək adı ilə hər hansı məbləğdə pul alması barədə heç bir məlumatının olmadığını, 2019-cu ilin dekabr ayının əvvəllərində keçmiş həyat yoldaşı İddiaçı qızları Məryəmi onun xəbəri olmadan taksiyə əyləşdirib onun yaşadığı evə göndərdiyini, həmin vaxtdan qızının onunla yaşadığını, İddiaçı ilə əlaqə saxlamağa çalışsa da, onun nömrələrinə zəng çatmadığına görə hazırda harada olduğunu bilmədiyini göstərmişdir. Xidməti təhqiqat zamanı Vət. Cavid Hüseynov izahatında 2014-cü ildə DİN-in Hospitalının tibb bacısı İddiaçı ilə ailə həyatı qurduğunu, bu nikahdan iki övladlarının dünyaya gəldiyini, böyük övladı Ayla Hüseynovanın 2016-cı il təvəllüdlü olduğunu, kiçik övladı Əziz Hüseynovun 2018-ci il təvəllüdlü olduğunu, 2018-ci ildə İddiaçı ilə faktiki olaraq ayrıldıqlarını, 24.04.2019-cü il tarixdə rəsmi olaraq boşandıqlarını, həmin vaxtdan qızı Aylanın onunla yaşadığını, oğlu Əzizin isə anası ilə qaldığını, 2019-cu ilin dekabr ayının əvvəllərində İddiaçı azyaşlı oğlu Əzizi taksi ilə dayəsi ilə birlikdə onun yaşadığı evə göndərdiyini, sonradan Günelin onunla telefonla danışaraq uşağın səhhəti ilə əlaqədar xəstəlik sənədlərini də götürüb Rusiya və Gürcüstan Respublikalarına gedəcəyini bildirdiyini, həmin vaxtdan uşaqların hər ikisinin onunla və onun valideynləri ilə yaşadığını, təxminən dekabr ayının ortalarında Günelin ona zəng edərək uşaqları soruşduğunu və Moskva şəhərində olduğunu bildirdiyini, lakin dəqiq nə vaxt gələcəyini demədiyini, həmin vaxtdan sonra İddiaçı ilə əlaqəsinin olmadığını, həmçinin Günelin Qızılgül adlı tanışından ona sosial ev düzəltmək adı ilə 25.000 manat pul alması barədə məlumatının olmadığını, lakin Günelin əvvəllər münasibətləri olduğu vaxtlarda ona Qızılgül adlı tanışının gözəllik salonunda işlədiyini və faizə pul verdiyini, bir neçə dəfə də ondan faizə pul götürüb qaytardığını bildirdiyini, İddiaçı xarici ölkəyə tək getdiyini, uşaqlarının isə hər ikisinin onda qaldığını göstərmişdir. Xidməti təhqiqat zamanı DİN-in Tibb İdarəsinin Xüsusi şöbəsinin rəisi Loğman Zeynalov izahatında vət. Qızılgül Hüseynova tərəfindən Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının tibb bacısı İddiaçı verdiyi 25.000 manat pulu geri ala bilməməsi ilə əlaqədar DİN-in 102 xidmətinə ünvanlanmış müraciətin icraatına daxil olduğunu, bununla əlaqədar ərizəçinin mobil telefonuna zəng etdiyini, telefon danışığı zamanı vət. Q.Hüseynovanın tanışı kimi İddiaçı borc pul verdiyini, lakin onu tapa bilmədiyini bildirdiyini, sonuncuya İddiaçı ilə əlaqə saxladıqdan sonra ona cavab veriləcəyini bildirdiyini, araşdırma zamanı İddiaçı 2021-ci ilə qədər sosial məzuniyyətdə olduğunu və bu müddət ərzində Rusiya, Gürcüstan və Türkiyə Respublikalarına getmək istədiyinin müəyyən edildiyini, 16.12.2019-cu il tarixdə vət. Q.Hüseynovanın başqa bir nömrədən ona zəng edərək məsələ ilə maraqlandığı, sonuncuya İddiaçı məzuniyyətdə olduğunu və telefonu bağlı olduğu üçün onunla əlaqə saxlamağın mümkün olmadığını bildirdiyini, sonuncunun isə əsəbi şəkildə onun İddiaçı ilə bir olduğunu və ondan şikayət edəcəyini bildirdiyini, telefon danışığı zamanı onun cavab verməyinə demək olar ki, imkan vermədiyini, sonuncuya şikayət etmək hüququnun olduğunu və İddiaçı ilə heç bir əlaqəsinin olmadığını bildirdiyini, bu zaman Qızılgül Hüseynovanın onu nalayiq söyüşlərlə təhqir edərək telefon əlaqəsini kəsdiyini, həmin hadisə barədə şifahi olaraq idarə rəisinə məlumat verdiyini, vət. Q.Hüseynova 16.12.2019cu il tarixdə idarə rəisinin qəbulunda olarkən bir daha ona İddiaçı məzuniyyətdə olduğunun, telefonunun bağlı olduğunun izah olunduğunu, məsələ ilə əlaqədar ərazi polis orqanına müraciət etməsinin məqsədəmüvafiq olmasının məsləhət bilindiyini, vət. Q.Hüseynovaya qarşı heç bir kobudluğa yol vermədiyini göstərmişdir. Xidməti təhqiqat zamanı Yasamal RPİ 29-cu PŞ-nin təhqiqatçısı Rahid Xanlarov izahatında vət. Qızılgül Hüseynovanın ərizə ilə Yasamal RPİ 29-cu PŞ-yə müraciət edərək işlədiyi Yasamal rayonu İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən “Qızılgül studio” gözəllik salonunun müştərisi olan DİN-nin Tibb İdarəsinin əməkdaşı İddiaçı ona sosial ev düzəltmək adı ilə ondan 25.000 manat pul almasını, vədinə əməl etməyərək dələduzluq etməsini göstərdiyini, həmin müraciətin 16.12.2019-cu il tarixdə HK-1-4233 nömrəsi ilə qeydə alınaraq tərəfindən araşdırma aparıldığını, ilkin araşdırma zamanı Qızılgül Hüseynovanın izahatının alındığını, hadisə yerinə baxış keçirildiyini, fotoşəkilləri çəkilərək materiala əlavə olunduğunu, iş üzrə əməliyyat tapşırığı verildiyini, İddiaçı xidmət apardığı DİN-in Tibb İdarəsinə sorğu göndərildiyini, keçmiş əri Cavid, qardaşı Kənan, bacısı İlahə ilə telefon əlaqəsi saxlanıldığını, onların İddiaçı hazırda harada olması, yaşadığı ünvan barədə məlumatlarının olmadığını bildirdiklərini, Tibb İdarəsinin Kadrlar şöbəsi ilə aparılan telefon danışığı zamanı İddiaçı hazırda analıq məzuniyyətində olduğunu və məzuniyyətini Türkiyə, Gürcüstan, Rusiya Federasiyası ərazisində keçirəcəyi ilə əlaqədar raportla müraciət etdiyini bildirdiklərini, 23.12.2019-cu il tarixdə toplanmış materialın Yasamal Rayon Prokurorluğuna şifahi sorğuya əsasən öyrənilməsi üçün göndərildiyini göstərmişdir. Xidməti təhqiqat zamanı DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi Sirac Qasımov izahatında mütəmadi olaraq şöbənin tibb personalına X22nin tələblərinə riayət etməyi, daxili nizam-intizam qaydalarına və subardinasiya qaydalarına əməl etməyi aşıladığını, şöbənin tibb bacısı İddiaçı 17.06.2004-cü il tarixdə xidmətə qəbul olunduğunu, 02.12.2019-cu il tarixdən uşağa qulluqla əlaqədar 14.04.2021-ci il tarixədək sosial məzuniyyətə çıxdığını, onun Qızılgül Hüseynovadan nə vaxt və hansı məbləğdə pul alması barədə heç bir məlumatının olmadığını göstərmişdir. Beləliklə, aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, DİNin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb 01.11.2019-cu il tarixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmış, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək 04.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi Sirac Qasımov tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətmişdir. “Polis haqqında” Qanunun 3, 5 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının X22”nin 1, 2, 3, 4, 13 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb 01.11.2019-cu il tarixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratdığına, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək 04.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı ciddi intizam tənbehinə layiq olması, “İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəis vəzifəsini müvəqqəti icra edərkən tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı X4 intizam tənbehinə layiq olması qərara alınmışdır. Azərbaycan Respublikası daxili İşlər Naziri general - polkovnik Vilayət Eyvazov tərəfindən imzalanmış Ə86-001-20 saylı 23.01.2020-ci il tarixli “DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalı əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” əmrdən görünür ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürərək tanışı Qızılgül Hüseynovaya Mənzil X14 (MİDA) vasitəsilə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə 01.11.2019-cu il tarixdə sonuncudan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmışdır. 14.04.2018-ci ci il təvəllüdlü övladı Əziz Hüseynova 3 yaşı tamam olanadək qulluq etməsilə əlaqədar tibb xidməti baş serjantı İddiaçı 20.11.2019-cu il tarixli raportu nəzərə alınaraq sonuncu DİN-in Tibb İdarəsinin müvafiq əmri ilə 02.12.2019-cu il tarixdən sosial məzuniyyətə buraxılmış, xidməti təhqiqat prosesində tibb bacısı İddiaçı azyaşlı oğlu Ə.Hüseynovu keçmiş həyat yoldaşı C.Hüseynovun himayəsində saxlayıb 04.12.2019-cu il tarixdə “Samur” X15 vasitəsilə ölkə hüdudlarını özbaşına tərk edib hazıradək qayıtmaması müəyyən edilmiş və o, DİN-in Tibb İdarəsinin 14.01.2020-ci il tarixli Ə7-029-20 nömrəli əmri ilə məzuniyyətdən geri çağırılmışdır. Tanışı İddiaçı tərəfindən aldadılaraq 25.000 manat pulunun ələ keçirilməsi barədə vət. Qızılgül Hüseynovanın müraciəti əsasında Yasamal RPİ 29-cu PŞ-də araşdırma aparılaraq 23.12.2019-cu il tarixdə toplanmış material öyrənilməsi üçün Yasamal rayon Prokurorluğuna göndərilmişdir. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi Sirac Qasımov tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətmişdir. Göstərilənləri nəzərə alaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin 5.3.19-cu bəndini rəhbər tutub, “Polis haqqında” Qanunun 3, 5 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının X22”nin 1, 2, 3, 4, 13 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb 01.11.2019-cu il tarixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratdığına, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək 04.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı “Azərbaycan Respublikasının X12 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X12 xidmətdən xaric edilmiş, “İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəis vəzifəsini müvəqqəti icra edərkən tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı X11 ciddi xəbərdar edilmiş, DİN-in Tibb İdarəsinin rəhbərliyindən (M.Yusifov) tabelikdəki əməkdaşlar tərəfindən qanunçuluğa və DİN-in müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələblərinə dönmədən əməl olunması, polisin nüfuzuna və daxili işlər orqanları əməkdaşının adına xələl gətirən neqativ halların qarşısının alınması üçün kəsərli tədbirlərin görülməsi tələb olunmuşdur. Əmrə əsas: Daxili Təhqiqatlar İdarəsinin rəyi olmuşdur. DİN Tibb İdarəsinin 24.01.2020-ci il tarixli Ə5ş/h-029-20 nömrəli əmrindən görününr ki, tibb xidməti baş serjantı İddiaçı DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya Şöbəsinin tibb bacısı olaraq 24 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi ilə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. Əmrə əsas: DİN-in 23.01.2020-ci il tarixli Ə86-001-20 nömrəli əmri olmuşdur. Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X5 X3 müraciəti əsasında “ilkin yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 mart 2020-ci il tarixli qərarından müəyyən olunur ki, aparılmış araşdırma zamanı İddiaçı əməlində dələduzdluq cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyindən ilkin yoxlama materialı üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Hazırda İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək “Ə86- 001-20 saylı 23.01.2020-ci il tarixli və Ə5ş/h-029-20 saylı 24.01.2020-ci il tarixli əmrlərin ləğv edilməsi, onun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 ilə yaxındır ki, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Azərbaycan Hospitalında tibb bacısı işləyir. Xidməti fəaliyyəti zamanı bir dəfə də olsun barəsində intizam tənbeh tədbiri görülməmiş, nümunəvi işçi kimi həvəsləndirmə tədbiri olaraq, təşəkkür və pul mükafatları almışdır. Həyat yoldaşı ilə nikahı pozulduqdan sonra birgə nikahdan doğulan 3 uşağı onun himayəsi altındadır və ailəni dolandıracaq tək əmək qabiliyyətli şəxsdir. Lakin, bütün bunlara baxmayaraq demək olar ki, bütün ömrünü həsr etdiyi DİN-nin Tibb İdarəsinin rəhbərliyi heç bir əsas olmadan “X12 xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən onu işdən xaric etmişlər. Belə ki, sonuncu oğlu X16 14.04.2018-ci il tarixdə dünyaya gəldikdən sonra 3 uşağa təkbaşına baxmaq eyni vaxtda işləmək çətin olduğu üçün həmin ildə öz arzusu ilə müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Bir müddət keçdikdən sonra dövlət əhəmiyyətli tədbir olan Avropa oyunları respublikada keçirildiyindən və işçi çatışmazlığı olduğundan müvafiq əmrlə müzuniyyətdən geri çağırılmış və oyunlar bitdikdən işlər qaydasına düşdükdən sonra yenidən 03.12.2019-cü il tarixdən öz arzusu ilə müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. 2020-ci ilin yanvar ayının sonlarında övladının səhhəti ilə bağlı Rusiya Federasiyasında olduğu zaman işlədiyi DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalından iş yoldaşları ona işdən xaric olunması barədə söz-söhbətlərin getdiyini bildirmişlər. 2020-ci ilin fevral ayının 20-də hospitala gedib əmrin surətini götürmüşdür. O, qanunvericiliyin tələblərinə uyğun olaraq öz arzusu və müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətdə olduğu halda, heç bir əsas olmadan DİN-nin 23.01.20120-ci il tarixli, Ə86.001-20 nömrəli əmri əsasında DİN-nin Tibb İdarəsinin 24.01.2010-ci il tarixli, Ə5ş/h- 029-20 nömrəli əmri ilə “X12 Xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9cu bəndinə əsasən (DİO əməkdaşları adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmə kobud pozuntudur, qeyd olunan əmrlər ləğv edilməli və o, işə bərpa olunmalı, müəcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ona ödənilməlidir. İddia tələbi “X12 Xidmətkeçmə haqqında” Əsasnamənin 87-1, 125-ci maddələrinə, Əmək Məcəlləsinin 300cü maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, İPM-nin 2.2.1, 8.1.3, 14.1, 32.1, 38.-ci maddələrinə və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, DİNnin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürərək tanışı Qızılgül Hüseynovaya Mənzil X14 (MİDA) vasitəsilə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəciyi adı ilə 01.11.2019-cu il tarixdə sonuncudan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmışdır. 14.04.2018-ci il təvəllüdlü övladı Əziz Hüseynova 3 yaşı tamam olanadək qulluq edilməsi ilə əlaqədar tibb xidməti baş serjantı İddiaçı 20.11.2019-cu il tarixli raportu nəzərə alınaraq sonuncu DİNnin Tibb İdarəsinin müvafiq əmri ilə 02.12.2019-cu il tarixdən sosial məzuniyyətə buraxılmış, xidməti təhqiqat prosesində tibb bacısı İddiaçı azyaşlı oğlu Ə.Hüseynovu keçmiş həyat yoldaşı Ç.Hüseynovun himayəsində saxlayıb, 04.12.2019- cu il tarixdə “Samur” X15 vasitəsilə ölkə hüdüdlarını özbaşına tərk edib geri qayıtmaması müəyyən edilmiş və o, DİN-nin Tibb İdarəsinin 14.01.2020-ci il tarixli Ə7- 029-20 nömrəli əmri ilə məzuniyyətdən geri çağırılmışdır. Yol verdiyi qəbahətlərə görə tibb xidməti baş serjantı İddiaçı DİN-in 23.01.2020-ci il tarixli, Ə86-001-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının X12 xidmətkeçmə haqqında” Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X12 xidmətdən xaric edilmişdir. Beləliklə, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı barəsində qəbul olunmuş qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. Göstərilənlərdən aydın olur ki, tibb xidməti baş serjantı İddiaçı “DİN-nin 23.01.2020-ci il tarixli Ə86-001-20 nömrəli əmrinin və həmin əmr əsasında elan olunmuş DİN-nin Tibb İdarəsinin 24.01.2020-ci il tarixli, Ə5ş/h-029-20 nömrəli əmrin ləğv edilməsi” barədə qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun işdən azad olunması barədə cavabdeh orqanlar tərəfindən hər hansı rəsmi sənədin ona verilməsi halı məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları: İddiaçı, onun vəkili X6 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddiaçının raportda səmimiyyətinin olmadığını, belə ki, iddiaçı sonrakı raportunda ölkə adlarını yazmaqla uşaqlarını həmin ölkələrə aparmaq üçün ona məzuniyyət verilməsini xahiş etsə də, cavabdeh orqanın özü tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı azyaşlı uşaqlarını sabiq həyat yoldaşının yanında qoymaqla adı çəkilən ölkələrə tək getmişdir. Rəhbərliyə yalan məlumat vermə daxili işlər orqanının əməkdaşının adına ləkə gətirici hərəkət kimi qəbul edilir. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirkaçıları hazırki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş digər cavabdeh Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırki işdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı tələbi “hər iki cavabdeh orqanın verdiyi Ə86-001-20 saylı 23.01.2020-ci il tarixli və Ə5ş/h-029-20 saylı 24.01.2020-ci il tarixli əmrlərin ləğv edilməsi, onun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutulması” barədədir. İddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbinin hüquqi əsası kimi qeyd edilən halların məhkəmə araşdırması zamanı sübuta yetirilməməsinə, bununla da, mübahisələndirilən əmrlərin əsassız olmasının məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamasına istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, tanışı Qızılgül Hüseynovadan 25000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratdığına, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək 04.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kardiologiya Şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı Azərbaycan Respublikasının “X12 xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X12 xidmətdən xaric edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, cavabdeh iddiaçının X12 xidmətdən xaric edilməsinə əsas olaraq onun əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin müəyyən edilməsi ilə bağlı hallara deyil, vətəndaş Qızılgül Hüseynovanın müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair DİN Daxili Təhqiqatlar İdarəsinin 21 yanvar 2020-ci il tarixli rəyinə əsasən müəyyən hərəkətlərə yol verdiyinə, o cümlədən sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət etməsinə və bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə əsaslanmışdır. Qeyd olunmalıdır ki, Daxili İşlər nazirinin 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X22nin” 1-ci bəndinə əsasən daxili işlər orqanının əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 4-cü bəndinə əsasən Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Həmin Kodeksin 13-cü bəndinə əsasən icrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.) üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Həmin Kodeksin 15-ci bəndinə əsasən Yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir. Həmin Kodeksin 15.1-ci bəndinə əsasən Yaxın qohumunun məhkum olması haqqında ona məlum olduğu vaxtdan 1 ay müddətində xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməlidir. Həmin Kodeksin 20-ci bəndinə əsasən Xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir. Kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu müəyyən edilmiş qaydalara uyğun olaraq xidmət etdiyi qurumun rəisinə (komandirinə) yönəltməlidir. Dövlət orqanının resurslarının təhlükəsizliyini təmin etməli və onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili X9 nizamnaməsi" ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili X9 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş bu Nizamnaməyə, “DİO əməkdaşlarının X22”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir. Hazırki işdə İddiaçı verdiyi raporta əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 25.11.2019-cu il tarixli Ə82Ş/H-029-19 saylı əmri ilə 2019-cu ilin dekabr ayının 2-dən 2021-ci ilin aprel ayının 14-dək uşağına qulluqla əlaqədar (3 yaşı tamam olanadək) sosial məzuniyyət verilmiş, lakin sonradan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10.01.2020-ci il tarixli 012-525-1220 nömrəli məktuba əsasən İddiaçı 04.12.2019-cu il tarixdə “Samur X15”ndən tək çıxaraq ölkə hüdudlarını tərk etməsi, sonuncunun 16.09.2016-cı il təvəllüdlü qızı X10 və 14.04.2018-ci il təvəllüdlü oğlu X8 ölkə hüdudlarını tərk etmələrinin müəyyən olunmaması barədə məlumat verildiyi üçün xidməti təhqiqat zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Ə7-02Q-20 saylı 14.01.2020-ci il tarixli əmri ilə barəsində İddiaçı 15 yanvar 2020-ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmış, 21 yanvar 2020-ci il tarixli xidməti təhqiqatın nəticəsinə dair rəyə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23.01.2020-ci il tarixli Ə86-001-20 saylı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 24.01.2020-ci il tarixli Ə5Ş/H-029-20 saylı əmrinə əsasən xidmətdən xaric edilmişdir (bu barədə sənədlər toplusu tam olaraq apellyasiya baxışı zamanı məhkəmə sorğusuna əsasən əldə olunmuşdur). Beləliklə, iş üzrə iddiaçının yuxarıda sadalanan hərəkətlərə yol verməsi Daxili İşlər nazirinin 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X22”ndə təsbit olunmuş prinsip və qaydaların yerinə yetirilməməsi, xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və bu hal "Azərbaycan Respublikası daxili X9 nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. “Azərbaycan Respublikasının X12 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquqmühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı barəsində cavadehlər tərəfindən mübahisələndirilən əmrlərin qəbul edilməsində istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmədiyi üçün həmin əmrlər qanunvericiliyin tələbləri baxımından qanuni olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1298/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1298/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver