Məhkəmə qərarları › İş №2-1(103)-1299/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1299/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1299/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəh., Yasamal ray., Salatın Əsgərova küç., ev 79 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti və X9) “qərarın ləğv edilməsi və s. ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1099/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 16.08.2019-cu il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 22.06.2019-cu il tarixli şikayət ərizəsindəki tələblərinin Bakı şəhər İcra hakimiyyəti tərəfindən təmin edilməsi; 21.04.2014 və 03.04.2015-ci il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərarın (əmr-sərəmcam-rəyi) verildiyi tarixdən ləğv edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin üzərinə cavabdeh-Sabunçu rayonu İcra hakimiyyətinə qarşı xüsusi icraat qaydasında mülki icraat üzrə məhkəmədə iddia qaldırılmasına məcburetmə barədə qərar çıxarılması və bununla Sabunçu rayonu İcra hakimiyyətinin 21.04.2014 və 03.04.2015-ci il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərarı-aktının (əmr qərar- sərəmcamrəy- aktı) məhkəmə yolu ilə verildiyi tarixdən ləğv edilməsi; hazırkı iddia ərizəsində birləşdirdiyi cinayət tərkibli mülki qanun pozuntuları üzrə qanunsuz olaraq yolu və torpağı zəbt edən qanuni sahib olmayan X7 qarşı yolun açılması və qanunsuz tikililərin sökülməsi barədə qərarın qəbul edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin üzərinə mülki icraat qaydasında iddia qaldırılmasına məcburetmə barədə qərar çıxarılması; X4 qanunsuz istifadəsində olan torpağa, yolun qalan ərazisini qanunsuz özgəninkiləşdirən digər şəxslərin istifadəsində olan torpaqlara həbs qoyulması üçün Bakı şəhər İcra hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırmasına məcburetmə barədə qətnamə çıxarılması; birbiri ilə bağlı hallar üzrə və qanunsuz qərar və hərəkətləri ilə dövlət mülkiyyətinin özgəninkiləşdirilməsində iştirak edən bir-biri ilə bağlı olan: a) Sabunçu rayonu polis idarəsinin, b) Sabunçu rayonu prokurorluğunun; c) Sabunçu rayonu İcra hakimiyyətinin; d) Nardaran qəsəbəsi Bələdiyyəsinin məsul şəxsləri; e) dövlətə məxsus torpaqları zəbt edərək ayrı-ayrı şəxslərə satan X3 barəsində cinayət xarakterli hərəkətlərini araşdırmaq üçün Bakı şəhər İcra hakimiyyətini hüquq mühafizə orqanları qarşısında iddia qaldırmağa məcburetmə barədə qərar çıxarılması; məcburetmə haqqında iddia vasitəsi kimi Bakı şəhər İcra hakimiyyətinin öhdəliklərinin icrası haqqında müddət müəyyən edən qərar qəbul edilməsi; iddiaçının təqdim etdiyi konkret faktları hüquqi əhəmiyyəti olan faktlar kimi qəbul edilərək, cavabdehə əsas faktlar kimi təqdim edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə X1 Ləhiş bağları massivində 5216 saylı bağın yanından keçən 3 küçəni birləşdirən yolu bağlayaraq və yolun ətrafındakı 15 sot ərazini hasarlayaraq üzərində ev tikintisinə başlamışdir. O, burada yolun mövcud olduğu barədə məlumatlı olmuş, eyni zamanda onun (iddiaçının) tərəfindən də bu barədə məlumatlandırılmış, şikayətlərə baxmayaraq ev tikintisini başa çatdırmışdır. Yol ərazisi hasarlanan ilk günündən- 2014, 2015, 2016, 2019-cu illər ərzində və hazırkı vaxtadək Sabunçu rayonu İcra hakimiyyətinə, Bakı şəhər İcra hakimiyyətinə, AR Əmlak Komitəsinə, AR Torpaq Komitəsinə və digər aidiyyəti orqanlara 13 şikayət ərizəsi ilə müraciət etmiş, yolun açılmasını tələb etmişdir. Aidiyyəti organlar, o, cümlədən Bakı şəhər İcra hakimiyyəti yolun zəbt olunduğunu, ərazinin qanunsuz hasarlandığını təsdiqləmiş, Sabunçu rayonu İcra hakimiyyətindən tikintinin dayandırılmasını, yolun açılmasını, təcili tədbirlərin görülməsini tələb etmişdir. Sabunçu rayonu İcra hakimiyyəti cavabında aidiyyəti orqanlara və ona göndərdiyi cavabında yolun olmasını, açılmasının məqsədəuyğun hesab etmədiyi barədə qərar vermişdir. Rəsmi dövlət sənəd və sübutlarının özündə olmasına baxmayaraq qanunsuz qərar-aktını əsaslandırmaq üçün 22 dekabr 1998-ci il N° 593-İQ saylı “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” AR Qanununu, Dövlətin rəsmi istinad etdiyi resursları (kartoqrafik, aerofotogeodezik xəritələr, Bakı şəhərinin ərazisinin Azərkosmosun peyk təsviri vasitəsilə ortofotoları, AR Torpaq Komitəsinin xəritələri, Əmlak Komitəsinin, özünün ərazi xəritələri) onun təqdim etdiyi, rəsmi plan, xəritə, çıxarışları sənəd hesab etməyərək, internetdən, əyləncə brauzeri olan “GOOGLE”dan ərazinin 3-4 il ərzində görüntüsünü çap edib bu dövlət blankındakı qərarına qoşaraq, rəsmi sənəd kimi ona və dövlət orqanlarına təqdim etmişdir. Yolun və torpağın qanunsuz olaraq zəbt olunması faktı digər aidiyyəti orqanların və Bakı şəhər İcra hakimiyyətinin özünün də təşkil etdiyi komissiyalar tərəfindən təsdiq olunmasına baxmayaraq Sabunçu rayonu İcra hakimiyyətinin bu qərar-aktları Bakı şəhər İcra hakimiyyəti tərəfindən qəbul olunmuşdur. Bakı şəhər İcra hakimiyyəti Sabunçu rayonu İcra hakimiyyətinin bu qanunsuz qərar aktlarını ləğv etməmiş, yolun açılması üçün müvafiq tədbirlər həyata keçirməmişdir. 5 il ərzində tədbirlər görülməsini tələb etsə də nəticə olmamış, ev tikilib başa çatmış, hətta yolun qalan açıq hissəsi də ayrı-ayrı şəxslərə satılmışdır Sabunçu rayonu İcra hakimiyyətinin dövlətə məxsus mülkiyyətin, yol və torpaqların qanunsuz olaraq özgəninkiləşdirilməsi qərarına-aktına əsasən Sabunçu rayonu DİN və Sabunçu rayon prokurorluğu yolu bağlayan və bu torpağı zəbt edən X9, torpağı baba torpağı adı ilə satan X2, Nardaran Bələdiyyəsinə, Sabunçu rayonu İcra hakimiyyətinə qarşı cinayət işinin qaldırılmasını rədd etmişdir. Sabunçu rayonu İH-nin, Sabunçu rayon polis idarəsinin və Sabunçu rayon prokurorluğunun qərar və sərəncamları qanunsuz olmaqla bərabər Sabunçu rayonunda dövlət əmlakının özgəninkiləşdirilməsi məgsədi ilə dövlətin mülkiyyət hüquqlarını pozmuşdur. Dövlətdə ilk dəfə Sabunçu rayonunda “baba-torpağı” kateqoriyasında mülkiyyət kateqoriyasının olduğu qərarla, sərəncamla, aktla rəsmiləşdirmiş, rəsmi orqan adından “baba- torpağı” ilk dəfə mülkiyyət statusu kimi müəyyən edilmiş, qanuni sayılmışdır. Sabunşu rayon Polis idarəsinin qərarında Cinayət yolu ilə zəbt olunan və hasara alınan dövlət mülkiyyəti olan bağ torpaqlarını və yollarını satmaq üçün Nardaran Bələdiyyəsindən rəsmi sənəd əldə edildiyi, İcra hakimiyyətinin bu torpaqlar barədə dövlətə zidd qərar-akt verdiyi bəyan edilmişdir. Qeyd olunmalıdır ki, Sabunçu rayonu Ləhiş bağlar massivinin torpaqları 1970-ci illərin ortalarından başlayaraq 6-12 sot ölçüsü ilə Bakı şəhəri idarə və müəssisələrinin bağ kooperativlərinin üzvlərinə paylanmış torpaqlardır. Sahibləri tərəfindən özəlləşdirilməyən və baxımsız qalan Bağlar və torpaqlar Bağlar idarəsi 2007-ci ildə ləğv olunduqdan sonra (Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə AR Prezidentinin 2186 №li 02 may 2007-ci il Sərəncamına əsasən 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” AR Qanununun tələblərinə əsasən Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, əmlakı və arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir) Dövlətin torpaq balansına, Azərbaycan Respublikası Əmlak Komitəsinə verilmişdir. Bu torpaqların çox hissəsi mütəşəkkil cinayətkar qrup tərəfindən bir neçə şəxsin baba torpağı adı altında idarə etdikləri, alıb-satdıqları torpaqlardır. O, 22.06.2019-cu il tarixdə Bakı ş. İcra hakimiyyətinə şikayət ərizəsi ilə müraciət edərək Nardaran Ləhiş bağları massvində Sabunçu rayonu İcra hakimiyyəti tərəfindən dövlət əmlakının qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı barədə bütün sənədləri, şəkil, xəritə, təsdiq olunmuş sxem və planları da əlavə etməklə Bakı şəhər İcra hakimiyyətinə daha bir şikayət ərizəsi göndərmişdir. Bakı şəhər İcra hakimiyyətindən şikayətləri əsasında cavabdehlərə qarşı məhkəmə iddia qaldırmaq niyyətinin olub olmamasını bildirməyi tələb etmiş, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınması qaydalarına riayət etmişdir. 22.06.2019-cu il tarixli Bakı şəhər İcra hakimiyyətinə verdiyi şikayət ərizəsində halları təfsilatı ilə yazmış, 13-cü dəfə məsələni qaldırmış, Bakı şəhər İcra hakimiyyətinin vəzifəsi kimi aşağıdakı konket tədbirlərin: Sabunçu rayonu Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində qanunsuz olaraq özgəninkiləşdirlmiş dövlətə məxsus (onun torpaq balansında olan) torpaqların açılması yoldan istifadə hüququnun bərpa edilməsi, hüquqlardan istifadənin təmin edilməsi məqsədi ilə (hazırkı iddia ərizəsində qeyd etdiyi) hüquqi hərəkətlər edilməsini tələb etmişdir. Göründüyü kimi 22.06.2019-cu il tarixdə Bakı şəhər İcra hakimiyyətinə göndərdiyi şikayət ərizəsi bir-biri ilə əlaqəli orqanların (Sabunçu rayonu İcra hakimiyyəti, Sabunçu rayonu polis idarəsi, Sabunçu rayonu prokurorluğu) mülki, cinayət və inzibati hüquqa sirayət edən qarşılıqlı hərəkətləri (hərəkətsizliyi, aktları) ilə həyata keçirdikləri biri-biri ilə əlaqədar olan qanun pozuntuları barəsində məhkəmədə iddia qaldırması tələbindən ibarət olmuşdur. Ərizədə faktları və cavabdehləri dəqiq göstərmiş, təsdiqedici faktlar şikayət ərizəsinə əlavə olunmuşdur. Lakin Bakı şəhər İcra hakimiyyəti özü baxmalı oldüğu halda onun 22.06.2019-cu il tarixli şikayət ərizəsinə mahiyyəti üzrə baxmamış, tədbirlər görməmiş mahiyyəti üzrə cavab göndərməmişdir. Tələblərinə, faktlara sübutlara məhəl qoymamışdır. Bakı şəhər İcra hakimiyyəti şikayət ərizəsini N-l 26-008 qeydiyyat nömrəsi ilə 09.07.2019cu il tarixdə cavabdehə, qaldırdığı məsələlərdə özünün tabeçiliyində olan aşağı instansiyaya, Sabunçu rayonu İcra hakimiyyətinə yönəltmişdir. Bütün bunlar, onun subyektiv hüquqlarının pozulması, qanunsuz inzibati aktın ləğv olunmaması kimi ciddi fəsadlara gətirib çıxarması, Bakı şəhər İcra hakimiyyətinin inzibati hərəkəti və hərəkətsizliyi onun inzibati icraat qaydasında Bakı şəhər İcra hakimiyyətinə qarşı bu iddianı qaldırmağına əsas verir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3671/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2- 1(81)-3671/2019 saylı və 2-1(81)-3626/2019 saylı inzibati işlər 2-1(81)-3626/2019 sayı altında bir icraatda birləşdirilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3626/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakim Ş.Süleymanova) iş baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 01.11.2019-cu il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2882/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 3626/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 21.01.2020-ci il tarixdə iddiaçı qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-759/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadı ilə (hakimlər Z.Quliyev, N.Rəsulbəyova, A.Hüseynov) kassasiya icraatına xitam verilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5023/2020 nömrəli qərardadı ilə 2-1(112)-5023/2020 saylı inzibati iş üzrə X9 və Bakı şəhər Sabunçu rayon İcra hakimiyyəti üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1099/2021 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı X9 və Bakı şəhər Sabunçu rayon İcra hakimiyyəti üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qərarın ləğv edilməsi və s. tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 03.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsini, şikayətə hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə baxılmasını, vəsatətlərin nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə. çəkişmə prinsipini, fakt və dəlilləri qiymətləndirmə şərtlərinə riayət etmədən, Azərbaycan Respublkası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 68-ci maddəsini təhrif edərək, hüquqa və prosessual tələblərə zidd olaraq statusuna yox, xidməti vəzifə göstərişlərinə əsaslanaraq, bundan sui-istifadə etməklə formalaşdırdığı daxili inamına əsaslanan qərar çıxarmışdır. Şikayətçinin hüquqları çərçivəsində məhkəmənin istinad etdiyi məhdudiyyətlərə əsaslar olmamışdır. Məhkəmə iddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığı həqiqətə uyğun olmamışdır. Məhkəmə. yuxarı məhkəmə statusunu üzərinə götürmüş, Qərardadında özündən əvvəlki aşağı və yuxarı məhkəmələrin bu iddianı inzibati icraat hüququna, İPM-ə aid etdiklərini birbaşa və dolayı yollarla əsassız hesab etmişdir. Əvvəlki məhkəmələr İPM-in 8.2 və AR AM-in 4 saylı qərarının 15.1. bəndinə istinad etməklə bu işin inzibati icraat hüququna aid olduğunu mübahisələndirməmiş. İPM-in əhatəsindən kənara çıxmadığını təsdiq etmişdilər. Məhkəmə, “İnzibati icraat haqqında” AR Qanununun (bundan sonra İİH) 2.02. maddəsinin tələblərinə cavab verən, inzibati və hüquqi nəticələr doğuran inzibati Aktın statusunu təhrif etmiş, qanuna zidd olaraq onu hüquqi sənəd yox, məktub hesab etmişdir . Bununla belə, məhkəməyə məlum olmuşdur ki, iddianın əsas mahiyyətini elə məhkəmənin məktub adı verdiyi “Akt’ın törətdiyi ciddi hüquqi nəticələrin aradan qaldırılması təşkil etmişdir. Bu “Akt’ın əlamətləri (dövlət qulluqçusu səlahiyyəti daşıyan səlahiyyətli şəxs tərəfindən imzalanması, dövlət blankında tərtib olunması, hüquqtəyinedici təsiri, dövlətin suveren mülkiyyət hüququ ilə əlaqədar qərar, rəy, xarakteri daşıması, qeyri normativ xarakterli inzibati akt) və hüquqi nəticə xarakteri (kütləvi surətdə dövlətin balansında olan torpaqların özgələşdirilməsinə, zəbt olunamasına, qanunsuz sahiblərə verilməsinə yönəlməsi))) səbəb olduğu üçün yuxarı orqan tərəfindən ləğv olunması olması məqsədi) onun məktub olmadığını göstərir (AR Konstitusiya Məhkəməsinə 21.01.2020-ci il tarixli sorğu-müraciət, vəsatətlər, iddia ərizəsinin 24, 25-cü bəndləri- “Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icraya qəbul olunmuş sayılan, məzmununa münasibət bildirilməyən, icrasına hərəkətsizlik nümayiş etdirilən. Sabunçu rayonu İcra Hakimiyyətinin 21.04.2014 və 03.04.2015-ci il tarixli qanunsuz qərar-aktı: a) tətbiq sferası, istiqaməti, əhatə və təsir dairəsinə, məqsədinə, məzmununa görə; b)rəy, sərəncam, göstəriş, qərar xarakterli ifadələrinə, məzmun quruluşuna görə; c)dövlət blankında tərtib olunduğuna görə; d) icraya qəbul olunduğuna görə, d) əsasında hərəkətlər edildiyinə görə; e)nəticələr doğurduğuna görə qeyri- normativ xarakterli əlverişsiz inzibati akt xarakteri daşıyır. Bu qərar-aktın qanuna zidd olduğu Bakı Şəhər İcra Hakimiyyətinin özünün və digər aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların rəyləri ilə təsdiqlənir“). Məhkəmə iddiaçının mülki subyektiv hüquqlara malik olmadığını Qərardadında özü təsdiq etmiş, hətta iddia sənədlərinə qoşulmuş əlavələrdə bunların olduğunu görərək sorğu göndərərək buna əmin olmuşdur. Şikayətçinin statusunu müəyyən etmək üçün sorğu göndərməyi bu icraat üçün vacib hesab edən məhkəmə bu sorğusu ilə yanaşı, iş materiallarına məlumat kimi adı gedən dövlətə məxsus yolun və özgələşdirilən torpağın üzərində tikilən evin, bu evi tikən şəxsin mülki statusu barədə elə həmin orqana da sorğu göndərə bilərdi. Şikayətçinin, məhkəmənin belə bir prosessual hərəkəti yerinə yetirib- yetirməməsi barədə məlumatı olmasa da, məhkəmənin bu dövlət torpağı və adı gedən yolla bağlı, bu torpağı və adı gedən yollu zəbt edərək üzərində ev tikən şəxslə bağlı, onun əşya, əmlak, varislik və s. hüquqları ilə bağlı, daha dəqiq deyilsə bu hüquqlara malik olmaması ilə bağlı məlumatlara malik olduğuna yüksək dərəcədə əminliyi vardır (bildirişlər, sorğular). Məhkəmənin bunu araşdırmaması, məlumat almaması inandırıcı hesab oluna bilməz. İşin apellyasiya icraatı zamanı iddiaçı 26.04.2021-ci il tarixdə vəsatət təqdim edərək, 09.09.2020-ci il tarixdə verilmiş səhvləri aradan götürülmüş, düzəliş olunmuş 6 (25) saylı vəsatətin mətndə verilmiş düzəliş olunmuş kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi.Əlavə olaraq,o, sədrlik edənin sualına cavab olaraq iddia tələbini birinci instansiya məhkəməsinə təqdim etdiyi formada müdafiə etdiyini , 41 vəsatət verdiyini bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib ,apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti tərəfindən E.Nəbiyevə (X17) ünvanlanmış 21.11.2014-cü il tarixli (iddiaçı tərəfindən iddia ərizəsində 21.04.2014-cü il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərar-akt (əmr qərar- sərəmcam-rəy- aktı) kimi qeyd olunmuşdur) məktubda müraciətçiyə bildirilmişdir ki, ona məxsus bağ sahəsinin yerləşdiyi əraziyə baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə bütün yollar Bilgəh-Pirşağı avtomobil yoluna perpendikulyar olaraq çəkilib. Həmin yola paralel yollar qeyd olunan ərazidə mövcud deyil. Onun tələb etdiyi yol vətəndaş X5 istifadəsində olan torpaq sahəsinə aiddir. Ərizədə qeyd olunan ərazidə paralel yollar olmadığından yolun açılması məqsədə uyğun hesab olunmur. - Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti tərəfindən E.Nəbiyevə (X17) ünvanlanmış 03.04.2015-ci il tarixli (iddiaçı tərəfindən iddia ərizəsində 03.04.2015-ci il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərar-akt (əmr-qərar sərəmcam-rəy- aktı) kimi qeyd olunmuşdur) məktubda müraciətçiyə bildirilmişdir ki, ona məxsus 5216 saylı bağın AA 021894 saylı 05.03.2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündə iddia etdiyi yol əksini tapmamışdır. Həmçinin həmin ərazinin 2001, 2009, 2010 və 2012-ci il tarixlərində fəza çəkilişlərində iddia etdiyi yolun olmadığı məlum olmuşdur. 2009-cu ildə bağ sahəsini özəlləşdirərkən həmin ərazidə bağ evinin olmadığı 2009-cu ilin fəza çəkilişində öz əksini tapmışdır. Torpaq sahəsi özəlləşdirildikdən sonra bağ evinin tikintisinə icazənin alınması üçün o, tikəcəyi bağ evinin eskiz layihəsini və torpaq sahəsinin sənədlərini Sabunçu rayon İcra hakimiyyətinə təqdim etməlidir. Lakin. o, 2010-cu ildə tikinti işlərinə başlamış və 2012-ci ildə tikinti işlərini başa çatdırmışdır. Bu müddət ərzində və ondan əvvəl də Nardaran qəsəbəsi, Ləhiş bağ massivində Bilgəh Sumqayıt avtomobil yoluna paralel yolların olmadığı 2001-ci ildən bu günə qədər fəza çəkilişlərində öz əksini tapmamışdır. - İddiaçı və X17 tərəfindən Bakı şəhər İcra hakimiyyətinə ünvanlanmış 22.06.2019cu il tarixli şikayət ərizəsində Əsasnaməyə və Azərbaycan Respublikası Konstitusiyasına görə Dövlət əmlakı olan və zəbt edilərək, özgəninkiləşdirilən yolun, dövlət mülkiyyətinə qaytarılması məqsədi ilə cinayət işinin qaldırılmasının təmin olunması, xüsusi icraat qaydasında baxılması üçün məhkəməyə müraciət olunması, prosessual və inzibati hüquq normalarına əsaslanaraq yolun açılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********92 №li 17.02.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Ləhiş bağ sahəsi, 0,12 hektardan ibarət olan 5216 saylı bağ sahəsi 27.08.1998-ci il tarixli, 21632 nömrəli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 05.11.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 18.12.2009-cu il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsi 11.02.2010-cu il tarixli, 4Ə-01-50 reyestr nömrəli bağışlama müqaviləsi əsasında 10.03.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra 0,12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 149,8 kv. metr olan 5216 saylı bağ evi vahid əmlak kimi 03.05.2012-ci il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5216 saylı bağ evi 31.01.2013-cü il tarixli, 4Ə-01-91 reyestr nömrəli bağışlama müqaviləsi əsasında 14.02.2013-cü il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Ləhiş bağ sahəsi, 0,12 hektardan ibarət olan 5216 saylı bağ sahəsi 27.08.1998-ci il tarixli, 21632 nömrəli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 05.11.2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında 18.12.2009-cu il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsi 11.02.2010-cu il tarixli. 4Ə-01-50 reyestr nömrəli bağışlama müqaviləsi əsasında 10.03.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra 0,12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 149,8 kv. metr olan 5216 saylı bağ evi vahid əmlak kimi 03.05.2012-ci il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5216 saylı bağ evi 31.01.2013cü il tarixli, 4Ə-01-91 reyestr nömrəli bağışlama müqaviləsi əsasında 14.02.2013-cü il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göründüyü kimi, hazırkı iş üzrə Bakı şəhəri, Ləhiş bağ sahəsi, 0,12 hektardan ibarət olan 5216 saylı bağ sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi Bakı şəhəri, Ləhiş bağ sahəsi, 0,12 hektardan ibarət olan 5216 saylı bağ sahəsi ilə bağlı olduğundan və iddiaçının qeyd edilən bağ sahəsi üzərində hər hansı hüququ olmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçı 26.04.2021-ci il tarixdə vəsatət təqdim edərək, 09.09.2020-ci il tarixdə verilmiş səhvlərə düzəliş olunması barədə vəsatət təqdim etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, “Özgələşdirilən dövlət yolunun açılması təmin edilməyəcəyi təqdirdə və bu məqsədlə bağlı 15.08.2020-ci il tarixli iddia ərizəsinin tələblərinin təmin edilməyəcəyi təqdirdə: a) mülkiyyətindən sərbəst istifadə imkanları əlindən alındığı üçün; b) əmlakının fiziki şəraiti geri gaytarılmaz olaraq dəyişdirildiyi üçün; c) əmlakına xas olan hüquqi vəziyyət dəyişdirildiyi üçün və əmlakınına xas olan keçmiş hüquqi imkanlarından bəhrələnmək imkanları məhdudlaşdırıldığı üçün ona dəyən mülki və mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə AR Dövlətinə qarşı mülki tələblər irəli sürmək üçün.

1. Mülkiyyət sahibi olan və xarici vətəndaş olan X13 AR İPM-in 30-cu maddəsinə uyğun olaraq prosesin bərabər hüquqlu həmiştirakşı kimi iddiaçı tərəfində maraqlarına toxunan 3-cü tərəf kimi icraata cəlb edəsiniz;

2. X12 maraqlarını təmsil edən şəxsin onun etibarnaməsinə əsasən iddiaçı-İddiaçı olduğunu qəbul edəsiniz.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının düzəliş edilməsini xahiş etdiyi 09.09.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş və birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən vəsatət iddia tələbinin mahiyyəti ilə bağlı olmadığından təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iş üzrə iddia irəli sürmək üçün subyektiv hüququ olmadığından onun işin apellyasiya icraatı zamanı təqdim etdiyi düzəliş edilmə barədə vəsatəti təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi işin birinci icraatı zamanı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilmiş, təqdim etdiyi əlavələrin dəqiqləşdirmə olduğunu bildirmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı subyektiv hüququ olmadığından, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1099/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar