Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1299/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, iddiaçı X2,3-cü şəxs X4 iştirakları ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (X8 üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1662/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh və 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 6, 75 saylı mənzilin X4 ½ hissədə payına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1662/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh və 3-cü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzili üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. 3-cü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barışıq sazişində qeyd edilən şərtlər iddiaçı tərəfindən tam yerinə yetirilməmiş və barışıq sazişində göstərilmiş pul məbləği iddiaçı tərəfindən ödənilməmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh və 3-cü şəxsin apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində X5, qalan ½ hisssəsi üzərində isə İddiaçı mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********16 nömrəli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilinə dair (paylı) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə mülkiyyət hüququ (paylı) tanınmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilin üzərində tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməlidir. İş materiallarında olan 19 saylı notariat ofisində reyestrdə 3M-424 nömrə ilə qeyd edilmiş xüsusi notarius X13 oglu tərəfindən təsdiq edilmiş X2 ilə X8 arasında baglanmış xx.xx.2019-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək aşağıdakı göstərilənlər barədə tam razılığa gəlmişlər:
1. Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 saylı mülki iş üzrə 15 mart 2016cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzil birgə nikah dövrü əldə edilmiş əmlak kimi bölünərək 1/2 hissədə X4, 1/2 hissədə X1 paylarının müəyyən edilməsi hissəsində X9 öz payından X1 xeyrinə imtina edir.
2. Həmin qətnamə ilə “Mersedes E 270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000,00) 1/2 hissədə X4, 1/2 hissədə X1 paylarının müəyyən edilməsi hissəsində İddiaçı öz payından X4 xeyrinə imtina edir.
3. X2 qeyd edilən məhkəmə qətnaməsi ilə X3 tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzildən X4 payına düşən 28.500 (iyirmi səkkiz min beş yüz) manat puldan çıxaraq (735 manat dəyəri olan bölünmüş əmlakdan 370 manat, 300 manat aliment borcundan) ona ümumilikdə 19.600 (on doqquz min altı yüz) manat pul ödəyir.
4. Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər.
5. X8 mənzili 06 iyun 2019-cu il tarixinədək boşaltmağa öhdəlik götürür. Saziş notarial qaydada təsdiq olundugu andan qüvvəyə minmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-232/2018 saylı iş üzrə 16 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 6, 75 saylı mənzilin naturada bölünməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 saylı mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsindən görünür ki, X8 ilə birgə nikah dövrü əldə etdiyi “Mersedes E-270" CDİ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000 manat) 1/2 hissəsi 9.500 ( doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin X3 alınaraq iddiaçıya qaytarılması, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakın üzərində 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə cavabdeh X4 payı müəyyən edilməsi və həmin hissəyə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 tarixli xx.xx.2021-ci il saylı məktubundan görünür ki, İddiaçı cavabdeh X7 qarşı “cehiz əşyaları və birgə nikah dövründə əldə edilmiş əmlak tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 200/2016 saylı, 15 mart 2016-cı il tarixli qətnaməsi xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzilin üzərində iddiaçının tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Cavabdeh yalnız formal mülahizələrə əsaslanaraq sazişin hüquqmüəyyənedici sənəd olmadığa istinad etmişdir. Lakin, cavabdeh inzibati orqan həmin notarial qaydada bağlanmış sazişin məhz onu bağlayan tərəflərin iradəsini ifadə edən ikitərəfli əqd-müqavilə olmasını nəzərə almamışdır. Həmin əqdin adına müqavilə və ya saziş yazılması müqavilənin mahiyyətinə xələl gətirmir. Həmin barışıq sazişi mahiyyət etibarı ilə mənzilin tam mülkiyyət hüququ ilə iddiaçıya verilməsini özündə ifadə edir. Belə olan halda iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində iddiaçı X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilinə dair (paylı) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə İddiaçı mülkiyyət hüququ (paylı) tanınmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilin 1/2 hissəsi X5, 1/2 hissəsi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılardır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Kollegiya bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzili üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. İddiaçının göstərdiyi dəlillərdən fərqli olaraq, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə növü kimi barışıq sazişi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Məhkəmə kollegiyası vurğulayır ki, qeyd olunan maddələrin məzmunundan göründüyü kimi barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Bakı şəhər 19 saylı Notariat ofisinə xx.xx.2019-cu il tarixli barışıq sazişində qeyd edilən 19600,00 (on doqquz min altı yüz) manat pulun həqiqətən də X2 tərəfindən X6 ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi ilə əlaqədar sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq ünvan 3flər öz aralarında razılaşdıqları və özləri tərəfindən tərtib edilmiş barışıq sazişini imzaladıqdan sonra bu saziş notariatda təsdiq edilmişdir. Barışıq sazişində qeyd edilən 19600 ( on doqquz min altı yüz) məbləğə dair hesablaşma tərəflər arasında özlərinin razılşdıqları şəkildə aparılmışdır. Yuxarıda qeyd edilən məktubdan aydın olur ki, barışıq sazişinin tərəfləri biri-birinə qarşılıqlı ödənişlər edilməsini sözlə notariatda bildirmişlər. Bu ödənişlər notariat ofisində baş verməmişdir. 3-cü şəxsin apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, şikayət əsassızdır. İş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası bildirir ki, qeyd olunan maddələrin məzmunundan göründüyü kimi barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas olmadığından iddiaçının mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbi təmin olunmamalıdır. Ona görə də məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1662/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 3-cü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1662/2021 saylı, xx.xx.2021-ci il qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı X1 iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.