Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1299/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3, iddiaçının və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10340/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1965-ci ildə anadan olmuşdur. xx.xx.1982-ci ildə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) “Qaz-neft mədən" fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, 1989-cu ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək o, hərbi xidmətdə olmuş, xx.xx.1989-cu ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə və vəzifələrdə işləmiş, xx.xx.2017-ci il tarixdən halhazıradək isə Operativ İdarəetmə Xidmətində böyük mühəndis vəsifəsində çalışır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, onun əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilən arayışlara əsasən onun 1 yanvar 2006-cı il tarixdək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən artıqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) 1100000a—11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdehə təqdim olunan 18 avqust 1987-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək dövr ərzində “Bayıl Limanı” X7 İdarəsinin X8 Özülündə mühəndis-texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, mühəndistexnoloq vəzifəsi qeyd olunan siyahı üzrə müəyyən edilmiş neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsinə uyğun olmadığından iddiaçının həmin dövrlər üzrə güzəştli iş stajı yoxdur. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az, yəni 7 il 11 ay 13 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1998xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10340/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) HOOOOOa —11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 18 avqust 1987-ci il tarixli AT-İV ******* nömrəli əmək kitabçasına və SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00004 nömrəli arayışına əsasən əsasən iddiaçı E.S. Novruzovun xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək dövr ərzində “Bayıl Limam” X7 idarəsinin X8 Özülündə mühəndis-texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. Hazırki isin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyini iddia etdiyi vəzifə Siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli stajı mövcud deyil. Güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu müəyyənləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Göründüyü kimi, mühəndis-texnoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzə nəzərdə tutulmadığından və neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsinə uyğun olmadığından İddiaçı həmin dövrlər üzrə güzəştli iş stajı mövcud deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixədək 10 ildən az (7 il 11 ay 13 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Əlavə olaraq bildiririk ki, iddiaçıya verilən güzəştli arayışda onun müvəqqəti olaraq qazma ustası işlədiyi qeyd olunmuş, lakin hansı dövrləri əhatə etdiyi dəqiq göstərilməmişdir. Həmin arayışdan da göründüyü kimi iddiaçının işlədiyi mühəndis-texnoloq vəzifəsi və Siyahıda nəzərdə tutulmuş qazma ustası vəzifəsi fərqləndirilmişdir.Eyni zamanda iddiaçı xx.xx.2022-ci il tarixli cavabdeh orqana ərizəsində bu vəzifələrdə müvəqqəti olaraq işlədiyini qəbul etmişdir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Miriyeva apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, İddiaçı və vəkili İ.Qocayev onunla razılaşmamış, güzəştli arayışlarla işlədiyi peşələrin Siyahıda nəzəoədə tutulduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə məcburetmə haqqında iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddia tələbinin təmin olunması ilə razılaşmayaraq hesab edir ki, iddiaçının işlədiyini iddia etdiyi vəzifə Siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli stajı mövcud deyil. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri əsassız sayır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, ali və orta ixtisas, texniki peşə məktəbində təhsil müddəti iş sajına daxil edilir (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndi nəzərədə tuturdu ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər). Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İşə əlavə olunmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 01-307 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışına, habelə, Əzizbəyov rayon hərbi komissarlığı tərəfindən verilmiş 27.noyabr 193-cü il tarixli ******* nömrəli hərbi biletinə və AT-İV seriyalı ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçının aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1982-xx.xx.1989: M.Əzizbəyobv adına Azərbaycan neft və kimya institutunda təhsil müddəti – 6 il 11 ay 13 gün; xx.xx.1989-xx.xx.1990:”Xəzərdənizneftqaz”İB X7 İdarəsi neft və qaz quyularının istismarı və kəşfiyyat-qazma işləri üzrə qazmaçı köməkçisi – 7 ay 13 gün; xx.xx.1990-xx.xx.1998: X8 özülündə mühəndis-texnoloq –7 il 10 ay 7 gün; xx.xx.1998-xx.xx.2000: X1ma ustası – 1 il 2 ay; xx.xx.2000-xx.xx.2000: X8 özülündə rəis müavini - 9 ay 23 gün; xx.xx.2000- xx.xx.2005: X1ma ustası – 5 il 2 ay 7 gün; İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə onun 2006-cı ilə qədər 20 ildən də çox ümumi stajı toplanır və bu işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının güzəştli pensiya hüququ verən iş stajı 10 ildən azdır. Cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks X6 23 may 2022-ci il tarixli güzəştli arayışında qeyd olunur ki, iddiaçının 2006-cı ilə qədər X1maçı köməkçisi və qazmaçı, mühəndis-texnoloq, qazma ustası və rəis müavini kimi işlədiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının “11000000 “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində:
1. Qazma; a) fəhlələr: 1100000a—11297 (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları); b) Rəhbərlər və mütəxəssislər 1100000b—23196 (buruqların ustaları və onların köməkçiləri); 1100000b—22247 (bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)); 1100000b—24094 (buruq qurğularının rəisləri və onların müavinləri) – kodlarınının göstəricilərində nəzərdə tutulmuşdur. Kompleks X6 23 may 2022-ci il tarixli digər bir arayışına və həmin məktuba əlavə olunmuş qazma işləri üzrə mühəndisin və mühndis-texnoluqun vəzifə təlimatlarına əsasən müəyyən olnur ki, qazma qurğuları və özüllərinin mühəndis-texnoloqunun və qazma üzrə mühəndisinin əmək funesiyaları eynidir. Belə olan halda, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının xücüsusilə ağır və zərərli iş şəratində güzəştli pensiya hüququ verən iş stajı 10 ildən də artıq toplanır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının 10 ildən az olduğunu mübahisələnirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda da, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə əsaslı olaraq həmin tarixdən yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə etmişdir. Lakin bu zaman məhkəmə, pensiyanın qanunauyğun hesablanıb ödənilmə qaydasını qərarında göstərməmişdir (İşdə olan ******** No-li şəxsiyyət vəsiqəsinə görə xx.xx.1965-ci il tarixdə doğulmuşdur (ASAN 5 xx.xx.2015) . Belə ki, mək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, iddiaçnın pensiya təyinatı barədə müraciəti Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qanunun qeyd olunan tələbi baxımından, deməli, iddiaçıya həmin tarixdən əvvəlki üç il üçün hesablanıb verilə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını və qanunvericiliyin tələblərinin pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10340/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı nəticə hissəsində iddiaçı “İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra “və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10340/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı nəticə hissəsində, “İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.