Məhkəmə qərarları › İş №2-1(103)-130/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-130/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-130/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3851/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Ucar rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə 17.07.1974-cü ildə başlamış və 01.01.1990-cı ildən etibarən “NMS 25” saylı gəmidə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan motorçu vəzifəsində işləməyə başlamışdır. İddiaçıya DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən 22.12.2016-cı il tarixli ərizəsinə əsasən 09.12.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan vəzifələrdə ən azı 25 il işləmiş şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin 60 yaşı tamam olmadığından, o, hal-hazırda Dəniz Xidmətləri Departamenti Donanma Xidmətinin Limançı gəmisində baş mexanik vəzifəsində işini davam etdirir. 2019-cu ilin iyun ayının 1-dən onun pensiyasının ödənişi DSMF-nin Bakı şəhəri Nəsimi ravon şöbəsi tərəfindən dayandırılmışdır. İmtina məktubunda buna səbəb kimi göstərilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çaldıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun müraciəti üzrə inzibati icraatda imtinanın səbəblərini konkret göstərməmiş, ona əmək pensiyasının dayandırılmasının səbəbləri göstərilməmiş, bərpa edilməsinə münasibət bildirmədən yenidən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə sənədləri təqdim etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmasını, eləcə də 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq zərərli əmək şəraitində əmək stajına malik olan şəxsdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan, yəni 11 avqust 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranır. Cavabdeh iddiaya dair vəsatətdə göstərmişdir ki, iddiaçı cavabdehdə lazımi qaydada müraciət edib imtina almadan məhkəməyə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”na 2 nömrəli əlavəyə əsasən, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubunda iddiaçıya məlumat verilmişdir ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinə baxıla bilər. Yəni iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və imtina verilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili X1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin “Pensiya miqdarının dəyişdirilməsi barədə” 18 iyul 2019-cu il tarixli sərəncamının ləğv edilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 24.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən verilmiş iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3851/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2009/2020 saylı, 07 dekabr 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.04.2021-ci il tarixli, 2-1(102)-661/2021 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2009/2020 saylı 7 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, işin halları kifayət qədər araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən qanunun tələbləri pozulmuşdur. Belə ki, onunla iş yerində və eyni vəzifədə işləyən şəxslərə pensiya təyin olunması barədə qərar ləğv olunmamış və bu gün də pensiyalarını almaqda davam edirlər. Həmin Qanunun 12.4-cü maddəsinə görə, inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Lakin məhkəmə tərəfindən qeyd olunan hal və qanunun tələbləri nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur; müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 67-ci və digər maddələrində maraqlı şəxslərin etimadının qorunması prinsipi öz əksini tapmışdır. İddiaçı adi vətəndaşdır və pensiya təyin olunarkən dövlət orqanı ilə hüquq münasibətinə daxil olmuşdur. Pensiya təyinatı ilə bağlı hüquq münasibətinə daxil olduğu tərəf qanun əsasında formalaşan və fəaliyyəti qanunla tənzimlənən dövlət orqanı olduğu üçün təbii olaraq o, inzibati orqanın qanunun tələblərinə əsasən hərəkət etdiyini və qərar qəbul etdiyini qəbul edib, etimad göstərmişdir. Qanunda da öz əksini tapmış etimadın qorunması prinsipi məhz inzibati orqanla münasibətə girən və hüquq bərabərliyinin olmadığı inzibati hüquq münasibətində vətəndaşın hüququnu qorumaq və inzibati orqan tərəfindən sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Pensiya təyin olunarkən inzibati orqan tərəfindən qanunun tələbləri rəhbər tutulmuşdur. Necə ola bilər ki, eyni inzibati orqan sonradan qanunun tələbini başqa cür şərh edə bilsin?! Məhkəmə qeyd etdiyi bu halları nəzərə almamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istədiyi əsas məsələlərdən biri məhkəmənin istinad etdiyi sübutla bağlıdır. Belə ki, məhkəmə qərarında özünün gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" QSC tərəfindən verilmiş 29.09.2020-ci il tarixli arayışa istinadən onun işlədiyi gəmilər “Üzən heyət”ə aid deyil. Diqqətə çatdırmaq istəyir ki, 29.09.2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçının çalışdığı dövr ərzində müxtəlif vəzifələri icra etdiyi gəmilərin “üzmə rayonu” Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindədir. Arayışda gəmilərin yedək gəmisi və neft yığan gəmilər olduğu qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan arayışda onun vəzifəsinin “üzən heyət”ə aid olmadığı ilə bağlı hər hansı məlumat qeyd olunmamış, əksinə işlədiyi gəmilərin “üzmə rayonu” qeyd olunmuşdur. Adi məntiqlə yanaşdıqda gəminin üzmə rayonunun qeyd olunmasının həmin gəminin üzən gəmi olduğu və heyətinin də üzən heyətə aid olduğu qənaətinə gəlmək mümkündür. Məhkəmənin qeyd olunan arayışın məzmunundan kənara çıxaraq işlədiyi vəzifənin üzən heyətə aid olmadığı qənaətinə gəlməsi əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının iş yerinə sorğu edərək iddiaçının həm 2 saylı siyahıda, həm də Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda hansı sahədə (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla), yaxud xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) işləməsi ilə bağlı araşdırma aparmamışdır. Apellyasiya məhkəməsi iddiaçının dəniz donanmasının gəmi heyətində çalışmadığı qənaətinə gəlmiş, lakin gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmamış, işlədiyi "xxxx" QSC-dən iddiaçının işləmiş olduğu peşənin siyahıda göstərilən dəniz donanmasının gəmi heyətində çalışıb çalışmamasını öyrənməmiş, siyahıda qeyd edilən dəniz donanması üzən heyətə aid liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlərə aid olmasını müəyyən etməmişdir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, 17.07.1974-cü ildə Ucar kolxozlararası tikinti idarəsinə fəhlə işinə qəbul olunmuşdur. 05.11.1974-cü ildə idarənin 107 №-li əmrinə əsasən işdən azad edilmişdir. 19.06.1975-ci ildən 20.08.1975-ci il tarixədək müvəqqəti olaraq həmin idarədə fəhlə işləmişdir. 26.07.1976-cı il tarixdə Dop sahəsinə birinci dərəcəli fəhlə işinə qəbul edilmişdir. 31.12.1976-cı ildə 1-ci dərəcəli çilingər – gəmi ustası ixtisası verilib və eyni vəzifəyə işə qəbul olunmuşdur. 01.02.1977-ci ildə Dop sahəsinin ləğv olunması ilə əlaqədar eyni mexaniki sexə vəzifəyə keçirilmişdir. 21.09.1977-ci ildə eyni sexdə ikinci dərəcə verilmişdir. 10.04.1978-ci ildə işdən azad edilmişdir (hərbi xidmətə çağırış ilə əlaqədar). 24.06.1978-ci ildən 30.05.1980-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 10.07.1980-ci ildə Bakı gəmi təmiri zavodu mexaniki sexə ikinci dərəcəli çilingər – gəmi ustası vəzifəsinə işə qəbul edilmişdir. 26.11.1980-ci ildə eyni sexdə üçüncü dərəcə verilmişdir. 19.01.1982-ci ildə Enerqomexaniki təmir sexinə nasos stansiyasının ikinci dərəcəli maşinisti vəzifəsinə keçirilmişdir. 07.09.1982-ci ildə İstehsalat – dispetçer şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir. 03.07.1984-cü ildə işdən azad edilmişdir. 23.07.1984-cü ildə Bakı Dəniz Limanı Liman sahilində 2-ci sinif matrosu vəzifəsinə qəbul edilmişdir. 11.01.1985-ci ildə liman donanmasının “Buxtovıy” liman/sahil gəmisində 2-ci sinif sahil matrosu hesab edilmişdir. 16.03.1985-ci ildə eyni yerdə “Orbita” liman/sahil gəmisində 2-ci sinif matrosu, 24.06.1985-ci ildə eyni yerdə “Orbita” liman/sahil gəmisinin bosmanı, 19.09.1985-ci ildə eyni yerdə “Trudovik” liman/sahil gəmisinin 1-ci sinif matrosu, 16.01.1988-ci ildə “Trudovik” liman/sahil gəmisinin bosmanı, 14.07.1989-cu ildə “Orbita” liman/sahil gəmisinin 1-ci sinif matrosu, 01.01.1990-cı ildə “HMC-25” 1-ci sinif motorçu; 1-ci sinif matros, 01.04.1992-ci ildə “Kosmos” 1-ci sinif motorçu; 1-ci sinif matros, 14.10.1992-ci ildə “HMC-21” 1-ci sinif motorçu; 1-ci sinif matros, 23.02.1996-cı ildə “Limançı” gəmisində növbə mexaniki, 01.01.1998-ci ildə “Şirinov” gəmisinə növbə mexaniki, 18.09.1998-ci ildə “E.Kazımov” gəmisində növbə mexaniki, 01.09.2005-ci ildə “E.Kazımov” gəmisində müvəqqəti böyük mexanik, 11.12.2005-ci ildə “E.Kazımov”-da növbə mexaniki, 23.12.2005-ci ildə “E.Kazımov” gəmisində müvəqqəti böyük mexanik, 22.06.2007 “E.Kazımov” gəmisində daimi böyük mexanik, 09.11.2007-ci ildə “Limançı”-da müvəqqəti növbə mexaniki, 15.11.2007-ci ildə “Əhmədli” gəmisində böyük mexanik, 08.01.2008-ci ildə “Limançı” gəmisinə növbə mexaniki, 25.08.2008-ci ildə “N.Şirinov” gəmisinə müvəqqəti böyük mexanik, 25.09.2008-ci ildə “E.Kazımov” gəmisinə böyük mexanik, 16.11.2008-ci ildə “N.Şirinov” gəmisinə müvəqqəti böyük mexanik, 08.01.2009- cu ildə “E.Kazımov” gəmisinə böyük mexanik, 02.05.2016-cı ildə ştat cədvəlinə əsasən həmin vəzifəylə Donanma xidmətində sayılmışdır. 24.01.2017-ci ildə struktur dəyişikliyi ilə əlaqədar Donanma ilə dəniz xidmətinin Elxan Kazımov gəmisinə mexanik vəzifəsinə keçirilmişdir. 10.06.2019-cu ildə Dəniz xidmətləri departamenti “Donanma xidmətinin “Elxan Kazımov” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. 08.07.2019-cu ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Limançı” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir, 09.08.2019cu ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Günəşli” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. 04.03.2020-ci ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. Halhazırda Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində çalışır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İRD 147 nömrəli 10.12.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 23.07.1984-cü ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 1244/Л nömrəli əmrə əsasən Dəniz donanmasına 2 dərəcəli matros vəzifəsinə işə qəbul edilmişdir. 195/л saylı 11.01.1985-ci il tarixli əmrə əsasən “Buxtovıy” gəmisində 2 dərəcəli sahil matrosu. 460/ л saylı 16.03.1985-ci il tarixli əmrə əsasən “Orbita” gəmisinə 2 dərəcəli matros, 1033/ л saylı 24.06.1985-ci il tarixli əmrə əsasən “Orbita” gəmisində bosman, 1518/ л saylı 19.09.1985-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisinə 1 dərəcəli matros, 145/ л saylı 16.01.1988-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisində bosman, 1248/ л saylı 14.07.1989-cu il tarixli əmrə əsasən Orbita” gəmisinə bosman, 2312/л saylı 01.01.1990-cı il tarixli əmrə əsasən “NMS-25” gəmisinə 1 dərəcəli motorçu-matros, 366/л saylı 01.04.1992-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə 1 dərəcəli motorçu-matros, 37/k saylı 23.02.1996-cı il tarixli əmrə əsasən “Limançı" gəmisinə növbə mexaniki, 143/k saylı 01.01.1998-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə növbə mexaniki, 88/k saylı 18.09.1998-ci il tarixli əmrə əsasən “E.Kazımov” növbə mexaniki, 127/k saylı 01.09.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 170/k saylı 11.12.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində növbə mexaniki, 184/k saylı 23.12.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 136/k saylı 09.11.2007-ci il tarixli əmrə əsasən “Limançı” gəmisinə növbə mexaniki, 138/k saylı 15.11.2007-ci il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə böyük mexanik, 02/k saylı 08.01.2008-ci il tarixli əmrə əsasən “Limançı” gəmisində növbə mexaniki, 103/k saylı 25.08.2008-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisində böyük mexanik, 115/k saylı 25.09.2008-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 142/k saylı 16.11.2008-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə böyük mexanik, 01/k saylı 08.01.2009-cu il tarixli əmrə əsasən E.Kazımov” gəmisinə böyük mexanik, 1/027 saylı 24.01.2017-ci il tarixli əmrə əsasən Donanma və dəniz xidmətinin “E.Kazımov” gəmisində baş mexanik, 1/206.3 saylı 08.07.2019-cu il tarixli əmrə əsasən Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Limançı” gəmisinə baş mexanik, 1/298 saylı 09.08.2019-cu il tarixli əmrə əsasən Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Günəşli” gəmisində baş mexaniki vəzifəsinə keçirilmişdir. Hal-Hazırda Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Günəşli” gəmisində baş mexanik vəzifəsində çalışır. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular və mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən **********7 №li 02.06.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı pensiya işinin surətindən müəyyən olunur ki, DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin 1742 nömrəli qərarı ilə İddiaçı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında güzəştli şərtlərlə yaşa görə 09.12.2016-cı il tarixdən 177,58 manat məbləğində ömürlük pensiya təyin edilmiş, Şöbənin “Pensiyanın miqdarının dəyişdirilməsi haqqında” 15.02.2017-ci il tarixli sərəcamı ilə sonuncuya 01.01.2017-cı il tarixdən ömürlük 248,44 manat məbləğində pensiya verilməsi qərara alınmışdır. DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin “pensiya miqdarının dəyişdirilməsi haqqında” 18 iyul 2019-cu il tarixli sərəncamı ilə İddiaçı tələb olunan güzəştli iş stajının olmadığı üçün pensiya ödənişinin dayandırılması və 7.927,73 manat məbləğində artıq ödənilmiş pensiyanın bərpa olunması qərara alınmışdır. “Kapital Bank” 28 May filialının 27.06.2019-cu il tarixli qəbzin surətindən grünür ki, İddiaçı tərəfindən 7.927,73 manat məbləğində artıq ödənilmiş pensiya DSMFnin Bakı şəhəri Nəsimi rayon şöbəsinə qaytarılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İRD 078 nömrəli 29.09.2020-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 23.07.1984-cü il tarixində Bakı Dəniz Limanına (indiki "xxxx" QSC) işə qəbul edilmişdir. Hazırda o, Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində işləyir. İddiaçı çalışdığı dövr ərzində “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı” (əvvəlki adı “Trudovik”), “N.Şirinov”, “E.Kazımov” (əvvəlki adı “Kosmos”) və “Günəşli” (əvvəlki adı “Orbita”) gəmilərində müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindədir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Buxtovıy-yedək gəmisi; 2) “NMS-25”-neft yığan gəmi; 3) “Limançı”- yedək gəmisi; 4) “N.Şirinov”-yedək gəmisi; 5) “E.Kazımov”- yedək gəmisi; 6) “Günəşli”- yedək gəmisi. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 30.12.2019-cu il və 30.01.2020-ci il tarixli eyni məzmunlu imtina məktublarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İddiaçının pensiya işindən müəyyən olunur ki, inzibati orqan Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında güzəştli şərtlərlə yaşa görə iddiaçıya 09.12.2016-cı il tarixdən ömürlük pensiya təyin etmiş, “Pensiya miqdarının dəyişdirilməsi haqqında” 18.07.2019-cu il tarixli sərəncamı ilə, iddiaçının tələb olunan güzəştli iş stajı olmadığı üçün, pensiya ödənişinin dayandırılması və 7.927,73 manat məbləğdə artıq ödənilmiş pensiyanın bərpa olunması qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından göründüyü kimi iddiaçının ümumi iş stajı (01.01.2006-cı il tarixədək mövcud olmalı 25 il) işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" QSC-nin 2/02-09/1195 nömrəli 01.09.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahıda 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat); 3-cü bəndinin (kod 23003000-Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010- Üzən heyət) əlavə edilən “bütün adlarda motorçular” (23003020-14706) və “mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020-23484) qeylərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular” və “mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə əsasən güzəştli pensiya üçün stajı 21 il 8 ay təşkil edir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X2 tərəfindən vəkil Faiq Ələkbər-zadənin sorğusuna 22 dekabr 2020-ci il tarixli 120/03/06- As/589 saylı cavab məktubunda bildirilmişdir ki, "xxxx" QSC-yə məxsus gəmilər Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, yalnız “Nüsrət Şirinov”, “Elxan Kazımov”, “Limançı” və “Günəşli” gəmiləri "xxxx" QSC-nin mülkiyyət kimi Dövlət gəmi reyestrində qeydiyyatdadır. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" QSC tərəfindən verilmiş 26.01.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı işlədiyi “Buxtovıy”, “Trudovik”, “Orbita”, “NMS-25”, “Kosmos”, “Limançı”, “N.Şirinov”, “E.Kazımov”, “Əhmədli” və “Günəşli” gəmiləri liman akvatoriyası ilə yanaşı, liman akvatoriyasından kənarda sahil xəttindən 20 mil uzaqlaşmamaq şərtilə üzən gəmilərdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsidir. Yuxarıda adları qeyd olunan gəmilər xidməti köməkçi donanma və ya liman donanması gəmilərinə aiddir və gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Buxtovıy-yedək gəmisi; 2) “NMS-25”-neft yığan gəmi; 3) “Limançı”- yedək gəmisi; 4) “N.Şirinov”-yedək gəmisi; 5) “Kosmos” gəmisi-(adı dəyişdirilmiş “E.Kazımov” gəmisi)yedək gəmisi; 6) “Orbita” gəmisi-(adı dəyişdirilmiş “Günəşli” gəmisi)- yedək gəmisi, “Əhmədli” gəmisi-yedək gəmisi. Göründüyü kimi, apellyasiya baxışı zamanı təqdim edilmiş "xxxx" QSC-nin 26.01.2022-ci il tarixli arayışında iddiaçının işlədiyi “Buxtovıy”, “Trudovik”, “Orbita”, “NMS- 25”, “Kosmos”, “Limançı”, “N.Şirinov”, “E.Kazımov”, “Əhmədli” və “Günəşli” gəmilərinin liman akvatoriyası ilə yanaşı, liman akvatoriyasından kənarda sahil xəttindən 20 mil uzaqlaşmamaq şərtilə üzən gəmilər olduğu, 01.09.2021-ci il tarixli arayışında İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahıda 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat); 3-cü bəndinin (kod 23003000-Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010- Üzən heyət) əlavə edilən “bütün adlarda motorçular” (23003020-14706) və “mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020-23484) qeylərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular” və “mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə əsasən güzəştli pensiya üçün stajının 21 il 8 ay təşkil etdiyi qeyd olunmuşdur. İddiaçının iş yerindən təqdim edilən arayışa görə iddiaçıya Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular və mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına imkan verir. Cavabdeh inzibati orqanın iddiaçının tələb olunan güzəştli iş stajı olmaması əsası ilə, pensiya ödənişinin dayandırılması barədə “Pensiya miqdarının dəyişdirilməsi haqqında” 18.07.2019-cu il tarixli sərəncamı mövcud qaunvericiliyin tələblərinə uyğun olmamışdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qanunun normasından da göründüyü kimi, əlavə ərizənin verilməsi yeni bir iddia ilə məhkəməyə müraciət edilməsini deyil, mübahisələndirmə haqqında iddia zamanı həmin nəticələrin aradan qaldırılmasına dair tələblə çıxış etməyi nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, “Pensiya miqdarının dəyişdirilməsi barədə” 18 iyul 2019-cu il tarixli sərəncam ləğv edilməli, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının verilməsi bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, “Pensiya miqdarının dəyişdirilməsi barədə” 18 iyul 2019-cu il tarixli sərəncam ləğv edilməklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3851/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin, İddia tələbi təmin edilsin. “Pensiya miqdarının dəyişdirilməsi barədə” 18 iyul 2019-cu il tarixli sərəncam ləğv edilməklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar