Məhkəmə qərarları › İş №2-1(103)-130/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-130/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-130/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı2, iddiaçıların vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X3, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair reyestrdə qeydiyyatda dəyişiklik edilməsi və yeni reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, X3, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 5, ev 4-ə dair Tubu Eyvaz qızı və X13 məxsus olmuş, “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasportda tikililərin və həyətə məxsus torpağın 353,9 kv.m ümumi sahəsinə (pasportda həmin sahənin 85,3 kv.m həyət torpağı, qalanın isə (225,7; 9,7; 21,3; 7.3 və 4,6 kv.m) yaşayış otaqları və digər tikililər) X7 1/2 payına müvafiq olaraq iddiaçıların hər birinə ümümi mülkün 1/8 payında yeni reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandılrmışdır ki, 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin X1 adına verilmiş çıxarışa əsasən (175 nömrəli kitabın 7912-ci səhifəsi) 1-ci Razyezdnoy küçəsi, 5- ci dalan 4 nömrəli ev-mülk yarı payda X13 məxsus olmuşdur. Həmin mülk vərəsəlik qaydasında hazırkı iddiaçılara – vərəsələrə keçmişdir. Belə ki, “Vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş vərəsənin əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında” 11 mart 2003-cü il tarixli Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş Şəhadətnamədən görünür ki, 03 avqust 1985-ci ildə vəfat etmiş X7 vərəsələri İddiaçı1, X8, İddiaçı2 və İddiaçı3dır. Şəhadətnamə verilən əmlak vərəsəliyi qəbul etmiş, lakin bu vərəsəlik hüquqlarını rəsmiləşdtirmədən 8 oktyabr 1983-cı il tarixdə vəfat etmiş X6 arvadı və qızlarıdır. Şəhadətnamə verilən əmlak Bakı şəhəri Texniki İinventarlaşdırma Bürosunda 175 nömrəli reyester kitabında 7912 səhifədə verdiyi qeydiyyat vəsiqəsinə əsasən ünvan 3-də 4/8 paydan ibarət mülkü qalmışdır. Yəni ümumi mülkün (353,9 kv.m) yarısı iddiaçılara miras qalmışdır. Reyestr 2v-İ-53 nömrəsi ilə qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı1 adına çıxarış verərkən miras mülkün iddiaçılara düşən payın yarı hissəsinə (185,1 kv.m) səhvən digər yan hissədə payları olan üç şəxsin adı da göstərilmişdir. Halbuki onların mülkün iddiaçılara aid hissəsində payları yoxdur, onların payı ümumi mülkün digər 1/2 hissəsindədir. Lakin Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 17 aprel 2003-cü il tarixdə İddiaçı1 adına FM seriyalı 020806 saylı qeydiyyat vəsiqəsi verərkən aşkar yanlışlığa yol verərək, Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də 10 otaqlı 114,2 kv.m yaşayış sahəsi, 185.1 kv.m ümumi sahəsi olan 4 saylı fərdi yaşayış evinin İddiaçı1 adına 1/8 payda, digər payçılar üzrə X3 adına 1/8 payda, İddiaçı2 adına 1/8 payda, İddiaçı3 adına 1/8 payda, X4 adına 1/8 payda, X9 adına 1/8 payda, X18 adına 2/8 payda xüsusi mülkiyyət hüququnu qeydiyyatdan keçirmişdir və bu barədə 175 saylı reyestr kitabında 7912 səhifədə 30/907 nömrə ilə 17 aprel 2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Halbuki, qeyd olunan ünvana dair İddiaçı1 adına yeni qeydiyyat vəsiqəsi verilərkən həmin ünvana dair 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən X7 adına verilmiş çıxarışa əsasən (175 nömrəli kitabın 7912-ci səhifəsi) 1-ci Razyezdnoy küçəsi, 5-ci dalan 4 nömrəli ev-mülkün yarı payda X13, digər hissəsi isə X27 və X10 məxsus olması nəzərə alınmamışdır. Həmin evə dair çəkilmiş Planla da 1-ci Razezdnoy küçəsi, 5-ci dalan 4 nömrəli ev-mülkün yarı payda X27 və Tubu Eyvaz qızına, qalan yarı payda X13 məxsus olması qeyd olunmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Oktyabr rayonu, Qədirli küçəsi, dalan 5, ev 4-ə dair Tubu Eyvaz qızı və X13 məxsus «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasportda tikililərin və həyətə məxsus torpağın ümumi sahəsinin 353,9 kv.m olması göstərilmişdir. Pasportda həmin sahənin 85,3 kv. metrinin həyət torpağı, qalanın isə (225,7; 9,7; 21,3; 7,3 və 4,6 kv.m.) yaşayış otaqları və digər tikililərin olması əks olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən 2003-cü ildə Bakı şəhəri, Qədirli küçəsi, 5-ci dalan, 4 saylı evə dair qeydiyyat vəsiqəsi verilərkən qeyd olunan pasportda göstərilən tikililərin ümumi sahəsi 268,6 kv.m (353,9 – 85,3 = 268,6) göstərilməli olduğu halda, tərtib olunmuş yeni arayışda ümumi sahə 353,9 kv.m göstərilməklə dəyişikliyin olmaması göstərilsə də, yeni qeydiyyat vəsiqəsində ümumi sahə səhvən 185,1 kv.m kimi qeyd olunmuşdur ki, bu da iddiaçıların xüsusi mülkiyyətdə paylarının yarı hissədə azaltmaqla mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdehdən həmin aşkar qeydiyyatı aparılmamış mülki hüquqlarını bərpa etməsini (ya ümumi miras mülkün-353,9 kv.metrin 1/8 hissəsinə paylara dair yeni çıxarışın verilməsini ya da iddaçıların yarı payında adı yazılan digər vərəsələrin adını xaric etməklə yarı payın hər birinə 1/4 hissədə göstərilməklə yeni çıxarışın verilməsi yolu ilə) və iddiaçıların adına müvafiq payda yeni çıxarış və texniki pasportun verilməsi barədə qanuni tələbləri əsassız olaraq təmin edilməmişdir. Belə ki, 03 may 2021-ci il tarixdə iddiaçılar öz adından DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sifarişli poçtla ərizə göndərərək (zəruri sənədlirin əsli və təsdiq olunmuş surətləri 12 mart 2020-ci il tarixli ərizə ilə cavabdehə göndərilmişdir) həmin aşkar yanlışlığı düzəldərək onların adına müvafiq payda yeni çıxarışın verilməsini, əks halda həmin aşkar yanlışlığın düzəldilməsi və onların pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün Bakı İnzibati Məhkəməsinə müraciət etməli olacaqlarını bildirsələr də, 6 may 2021-ci il tarixdə ərizəni rəsmən qəbul edən cavabdeh bu günə kimi heç bir cavab verməmişdir. Göründüyü kimi, cavabdehin səhlənkar hərəkətləri nəticəsində iddiaçıların ümumi paylı mülkiyyətdə olan payları əhəmiyyətli dərəcədə azalmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində iddiaçıların ümumi paylı mülkiyyətdə olan payları əhəmiyyətli dərəcədə azalmışdır. Cavabdeh yanlışlığını könüllü olaraq düzəltməkdən imtina etdiyindən, həmin yanlışdığın düzəldilməsi vəzifəsinin məhkəmə qaydasında ona həvalə edilməsinə zərurət yaranmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və digərlərinin 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 5-ci dalan, 4 saylı evə dair Tubu Eyvaz qızı və X13 məxsus olmuş, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasportda tikililərin və həyətə məxsus torpağın 353,9 kv.m ümumi sahəsinə X11 1/2 payına müvafiq olaraq iddiaçıların hər birinə ümumi mülkün 1/8 payında yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası etirazla qarşılanır. İddiaçılar iddia tələbi ilə bağlı İdarəyə 17 mart 2021-ci il və 18 mart 2020-ci il tarixlərdə müraciət etmişlər. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda sökülmüş fərdi yaşayış evinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada tərtib edilərək verilmişdir. Belə ki, iddiaçı tərəfindən ərizədə qeyd olunan sənədlər (texniki pasportda qeyd olunan 225,7; 9,7; 21.3; 7,3; 4.6 kv.m) təqdim olunmuş texniki pasportda öz əksini tapmış yaşayış evlərinin və həyət tikililərinin tikintialtı sahəsidir. Qeyd olunan mülk söküldüyündən, naturada yerini təyin etmək mümkün olmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış, iddiaçılara 13 may 2021-ci il tarixli məktub göndərilmişdir. İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “fərdi yaşayış evinə dair reyestrdə qeydiyyatda dəyişiklik edilməsi və yeni reyestrdən çıxarışın verilməsi” kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçılar İddiaçı1, X3, İddiaçı2 və İddiaçı3 ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və halhazırda sökülmüş fərdi yaşayış evinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada tərtib edilərək verilmişdir. Belə ki, iddiaçı tərəfindən ərizədə qeyd olunan sahələr (texniki pasportda qeyd olunan “A” tikilisi-225,7; “B” tikilisi-9,7; “V” tikilisi-21.3; “İ” tikilisi-7.3; “İİ”tikilisi-4,6 kv.m) təqdim olunmuş texniki pasportda öz əksini tapmış yaşayış evlərinin və həyət tikililərinin tikintialtı sahələridir. Arxiv texniki pasportundan göründüyü kimi ümumi torpaq sahəsi 353,9 kv.m, qalan 85,3 kv.m isə həyət torpağıdır. Qeyd olunan torpaq söküldüyündən naturada yerini təyin etmək mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində həmin evə iddiaçıların mülkiyyət hüquqları Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci ilin aprel ayında verilmiş pasport və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınsa da, aparılmış qeydiyyatda iddiaçıların 353,9 kv.m ümumi sahəsi olan evə yox, onun yarısı həddində – 185,1 kv.m olan evə 1/8 pay üzrə hüquqları əks olunmuşdur. Halbuki, onların hər birinin 1/8 payı ümumi sahəsi 353,9 kv.m olan fərdi yaşayış evinə münasibətdədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1965-ci ilin aprel ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un surətindən görünür ki, Bakı şəhəri, Oktyabr (indiki Yasamal) rayonu, Qədirli küçəsi, dalan 5, 4 saylı ev X14 və Tubu Eyvaz qızına məxsus olmaqla paylı mülkiyyətdədir. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfndən 22 fevral 2003-cü il tarixdə reyestr 2V-İ-53 nömrə ilə qeyd edilərək verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə aşağıdakılar göstərilmişdir: 12 saylı DNK-nın notariusu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edir ki, 3 avqust 1985ci il tarixdə vəfat etmiş X11 vərəsəsi ünvan 3 ünvanında yaşayan İddiaçı1, X8, İddiaçı2 və İddiaçı3dır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 8 oktyabr 1983-cü il tarixdə vəfat etmiş X6 həyat yoldaşı və qızlarıdır. Şəhadətnamə verilən əmlak Bakı şəhəri TİB-dən (175 nömrəli rey. 7912-ci səhifə) verilən qeydiyyat vəsiqəsinə əsasən ünvan 3-də 4/8 paydan ibarət miras mülkü qalmışdır. Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 020806 nömrəli “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də yerləşən, 10 otaqlı, 114,2 kv.m yaşayış sahəsi və 185.1 kv.m ümumi sahəsi olan 4 saylı fərdi yaşayış evinin 1/8 hissəsi İddiaçı1 Zəkiriyyə qızının, 1/8 hissəsi X3, 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi İddiaçı3, 1/8 hissəsi X4, 1/8 hissəsi X9, 1/8 hissəsi X18 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir və bu barədə 175 saylı reyestr kitabının 7912-ci səhifəsində 30/907 nömrə ilə 17 aprel 2003-cü il tarixdə qeydiyyat aparılmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 5, 4 saylı ev, daşınmaz əmlakın ümumi sahəsi 185.1 kv.m, paylı mükiyyətdə olmaqla 1/8 hissə X12, 2/8 hissə X18, 1/8 hissə İddiaçı1, 1/8 hissə X3, 1/8 hissə İddiaçı2, İddiaçı3 və 1/8 hissə X5 mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 27 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 5, 4 saylı evin ümumi sahəsi 185,1 kv.m, torpaq sahəsinin faktiki sahəsi 353,9 kv.m-dir, ərizəçi X5 hissəsində “A” evi 2-ci mərtəbə səviyyəsində 3,2x9,0=28,8 kv.m sahə tikilib. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş səınədlər sırasına aşağıdakılar da aiddir: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – (1.11) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 020806 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də yerləşən, 4 saylı fərdi yaşayış evinin yaşayış sahəsi 114,2 kv.m və ümumi sahəsi 185.1 kv.m-dir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırda əmlak söküldüyündən naturada yerini təyin etmək mümkün deyildir. 27 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından isə göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 5, 4 saylı evinin ümumi sahəsi 185,1 kv.m-dir, xüsusi mülkiyyət hüququnu qeydiyyatdan keçirmişdir Texniki pasportda qeyd olunan “A” tikilisi-225,7; “B” tikilisi-9,7; “V” tikilisi-21.3; “İ” tikilisi-7.3; “İİ”-tikilisi-4,6 kv.m exniki pasportda öz əksini tapmış yaşayış evlərinin və həyət tikililərinin tikintialtı sahələridir. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və hal-hazırda sökülmüş fərdi yaşayış evinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada tərtib edilərək verilmişdir. Göründüyü kimi cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar