Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-130/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5688/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5688/2024, xx.xx.2024-cü il qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5688/2024, xx.xx.2024-cü il qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilərək iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən müəyyən edilir ki, Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı "vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahəsi ayrılması haqqında" qərarı ilə iddiaçıya Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində, fərdi yaşayış evin tikintisi üçün 400 m2 ərazisi olan torpaq sahəsi ayrılmışdır. Bu barədə ona Sabunçu RİH Başçısının Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998ci il tarixli 03 saylı çıxarışı verilmişdir. Həmçinin iş materiallarında tərəfindən təqdim edilmiş mübahisəli torpaq sahəsi ilə eyni ərazidə, yəni Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən torpaq sahəsinin ayrılmasına dair oxşar sənəd (Sabunçu RİH Başçısının Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarından çıxarış) əsasında həmin torpaq sahəsinin sahibi olan vətəndaşların Bakı İnzibati Məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarın nüsxəsi vardır. Həmçinin cavabdehin istinad etdiyi sənədlərin mövcud olub-olmaması vətəndaşın deyil, dövlət orqanlarının öhdəliyi olduğundan bu kimi hallar sahiblik və istifadəsində olan torpaq sahəsinə dair çıxarışın verilməməsinə əsas deyildir, həmçinin bucür arxiv sənədləri və məlumatları vətəndaşlar tərəfindən tərtib edilib saxlanılmalı deyildir. Tərəflərin izahatları Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 03 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə iddiaçıya Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ərazisində yaşayış evi tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindəki tələbinin təminindən imtina edilərək bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı həmin Fərmanın 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının sürətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8- ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023- cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktublarda bildirilmişdir ki, “Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 03 saylı, xx.xx.1998-ci il tarixli qərarı verilərkən Maştağa qəsəbə üzrə Nümayəndəliyin səlahiyyətli olub-olmaması, nümayəndəliyə torpaq ayrılması ilə bağlı səlahiyyət verilib-verilməməsi ilə bağlı məlumatların təqdim edilməsi barədə Sabunçu rayon İcra Hakimiyyətinə sorğunuza baxıldı. Sorğuda qeyd edilən məsələlərlə bağlı Sabunçu RİH-də məlumat yoxdur. Sorğuda qeyd edilən sənədlər Sabunçu RİH-də olmadığından həmin sənədlərin təqdim edilməsi mümkün deyil”. Maştağa Qəsəbə inzibati Ərazi Dairə üzrə Nümayəndəlikdən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktublarda bildirilmişdir ki, “məktubda qeyd edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 3 №-li, 17 mart 1998-ci il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan y/m, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış beşinci kvartal 26B saylı 1200,0 kv.m torpaq sahəsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir”. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublarda bildirilmişdir ki, “Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur”. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli torpaq sahəsini iddiaçıya ayıran orqan Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi olmuş, lakin həmin nümayəndəliyə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən belə bir səlahiyyətin verilməsinə dair sərəncam (qərar) müəyyən edilməmişdir. Kollegiya onuda qeyd edir ki, Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyin qərarında müvafiq icra hakimiyyətinin sərəncamına (qərarına) istinad edilməməsi də belə bir səlahiyyətin nümayəndəliyə verilməməsinə dəlalət edir. Halbuki, yuxarda qeyd olunan normalardan görünür ki, inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması, səlahiyyəti yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir. Beləliklə, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. İPM-nin : 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apelyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5688/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-130/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-130/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver