Məhkəmə qərarları › İş №2-1(103)-1300/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1300/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1300/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) qarşı “təyin olunmuş pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(81)-2528/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü il 9 sentyabr tarixdə ona İİ qrup əlilliyə görə pensiya təyin edildikdən sonra 1995-ci ildən Dövlət Gömrük Komitəsində xidmətə qəbul edilmiş və 2018-ci ilin sentyabr ayına kimi fasiləsiz olaraq xüsusi rütbəli şəxs olaraq qulluq etmişdir. Cavabdeh inzibati orqan Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən ona pensiya təyin etməli olduğu halda, qanunsuz olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadla bundan imtina etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-706/2019 saylı 22.04.2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması barədə inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi vəzifəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi 2019-cu il 06 sentyabr tarixli 2- 1(103)-2211/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 03 dekabr tarixli 2-1(102)-3308/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 06 sentyabr tarixli, 2-1(103)-2211/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 yanvar tarixli 2- 1(103)-590/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2- 1(103)-590/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2-1(102)-105/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-1(103)-590/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 09.09.1994-cü il tarixində 2-ci qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. İddiaçının əlilliyinin səbəbi “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqədar olduğundan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 11.06.2016-cı il tarixində cavabdehə göndərilmiş məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi - təminat xərcliyi əsasında pensiya təyin edilmişdir. Lakin 09.10.2018-ci il tarixində Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə yenidən iddiaçıya dair məlumat vərəqi göndərilmişdir və məhkəmə iddiaçının pensiyasının həmin məlumat vərəqəsinə əsasən yenidən hesablanmasını cavabdehə həvalə etmişdir. Halbuki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.6-cı maddəsi ilə birmənalı olaraq müəyyən edilir ki, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Beləliklə, iddiaçı 2016-cı ildən etibarən hərbi qulluqçu kimi pensiya aldığından, hazırda onun pensiyası sonuncu təminat xərcliyinə uyğun olaraq yenidən hesablana bilməz. Bundan əlavə, məhkəmə tərəfindən tamamilə əsassız olaraq Qanunun 37.3.2-ci maddəsinə istinad olunmuşdur. Həmin maddə hazırkı münasibətlərə şamil edilə bilməz. Belə ki, həmin maddədə adi qaydada əlilliyə görə pensiya alan şəxslərdən bəhs olunur, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasından söhbət gedir. İddiaçının pensiyası isə, aydın olduğu kimi, bu qaydada deyil, təminat xərcliyinə uyğun olaraq hesablanır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər və əlavə olaraq iddiaçının vəkili bildirdi ki, iddiaçının tələbi pensiyanın əlillikdən yaşa görə keçirilməsi ilə bağlıdır. Məlumat vərəqəsi nəzərə alınmaqla pensiyanın növü dəyişsin. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə 26 yanvar 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı 2019-cu il 24 iyun tarixdə yeni məzmunda iddia tələbi barədə ərizə vermiş, həmin ərizə ilə Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən, həmçinin əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanmasının və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş məlumat vərəqəsinə uyğun olaraq ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizədə yeni məzmunda iddianın əsasları, həmçinin ərizədə və ya məhkəmə iclas protokolunda iddiaçının izahatında iddianın dəyişdirilməsinin səbəbləri göstərilməmişdir. İddiaçı əvvəlkindən fərqli tələb irəli sürsə də, məhkəmə tərəfindən həmin ərizənin icraata qəbul edilməsini İPM-in 54-cü maddəsinin tələblərinə uyğun həll etməmiş, bu zaman, həmçinin yeni məzmunda iddianın İPM-in 35.1-ci maddəsində təsbit olunmuş şərtlərə cavab verib-vermədiyini yoxlamamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının cavabdehə müraciəti pensiya növünün dəyişdirilməsi ilə bağlı olmuşdur. Buradan, irəli sürülən tələb də inzibati orqana müraciətə uyğun olmalı, öz növbəsində məhkəmə araşdırması da irəli sürülən həmin tələbə uyğun aparılmalıdır. İnzibati orqana müraciətin hədlərindən kənara çıxan iddia mümkünsüzdür. Beləliklə, məhkəmə ilk növbədə yeni məzmunda iddianın mümkünlük şərtlərini yoxlamalı və qiymətləndirməli idi. Həmin məzmunda iddianın mümkünsüz olduğunun müəyyən edildiyi halda, məhkəmə baxışının predmetini ilkin məzmunda iddia təşkil etməlidir. Həmin iddiada isə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində təsbit olunmuş hüququnun təmin olunmasını - əlilliyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası növünə dəyişdirilməsini tələb edir. Həmin normaya görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsi **********1 saylı, 2019-cu il 18 fevral tarixli məktubla iddiaçının 29.10.2018-ci il tarixli ərizəsinin təmin olunmasından imtina etmişdir. Apellyasiya baxışı zamanı yaranmış zərurətlə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı **********1 saylı, 2019-cu il 18 fevral tarixli məktubla təmin edilməsindən imtina olunan 29.10.2018-ci il tarixli müraciət ərizəsinin məhkəməyə təqdim olunması məqsədilə sorğu ünvanlanmış, sorğuya cavab olaraq İddiaçı 29.10.2018-ci il tarixli müraciət ərizəsi məhkəməyə təqdim olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə 29.10.2018-ci il tarixli müraciət ərizəsində qeyd etmişdir ki, 1994-cü ildə yaralanıb ikinci qrup əlil olduqdan sonra ordudan tərxis olunub 1995-ci ilin mart ayından Azərbaycan Dövlət Gömrük Komitəsində işə qəbul olunmuş və 2018-ci ilin avqust ayından yaş həddinə görə təqaüdə çıxmışdır. Sənədləri İdarəyə təqdim edən zaman “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə görə bir pensiyadan başqa pensiyaya keçmək olmaz. 23 il iş stajı var. Pensiya alınmasına köməklik edilməsini xahiş edir. İddiaçının müraciətindən görünür ki, iddiaçının müraciəti gömrük orqanında çalışdığı zaman topladığı iş stajı nəzərə alınmaqla pensiya növünün dəyişdirilməsi ilə bağlı olmuşdur. Eyni zamanda, apellyasiya baxışı zamanı iddiaçının vəkili mülahizə təqdim edərək göstərmişdir ki, iş materiallarından görünür ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqan olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsi əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir. Bu halı cavabdehin iddiaçıya verdiyi 18 fevral 2019-cu il tarixli, **********1 saylı cavab məktubu da təsdiq edir. Belə ki, həmin məktubun məzmunundan göründüyü kimi, iddiaçının “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması deyil, ona yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının təyin olunması” barədə müraciət edildiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən əmək pensiyasının başqa növə keçməsi üçün lazımi bütün sənədlər təqdim edilsə də, inzibati orqan ərizəni təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdəki ilkin iddia ərizəsi ilə müəyyən olunur ki, iddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yəni iddiaçı iddiasında “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində təsbit edilmiş hüququnun təmin olunmasını-əlilliyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası növünə dəyişdirilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi də iddia tələbinin dəqiqləşdirilmiş formasına uyğun baxaraq qərar qəbul etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinə əlavə ərizəsini tələbin dəqiqləşdirilməsi kimi qəbul edərək, həmin ərizə əsasında qərar qəbul etmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. İkinci ərizə məhkəmənin təşəbbüsü nəticəsində dəyişdirilmişdir. Bu da hüquqi savadı olmayan vətəndaşın vəziyyətini hazırkı halda pisləşdirmiş və iddianın mümkünlük şərtlərinə cavab verməməsinə gətirib çıxarmışdır. İddiaçının sonradan təqdim etdiyi ərizə iddia tələbinə dəqiqləşmə ərizəsi kimi deyil, ərizənin başlığında göstərildiyi kimi “iddia ərizəsinə əlavə” kimi qəbul edilməlidir. Yəni, iddia tələbinin həcminin artırılması kimi qəbul edilməli idi. Eyni zamanda, həmin ərizə ilə bağlı məhkəmə İPM-in 54-cü maddəsinin tələblərinə uyğun heç bir prosessual hərəkətləri etməmiş, həmin ərizə icraata götürülməmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən belə bir qərardadın qəbul edilməsi barədə sübut yoxdur. Qərardad olmadığı halda isə iddianın dəyişdirilməsi barədə ərizənin icraata götürülməməsi kimi qəbul edilməli və ilkin iddia tələbi üzrə işə baxıb qərar qəbul edilməlidir. Eyni zamanda, fərz etsək ki, həmin ərizə icraata götürülmüşdür, bu halda iddianın predmeti tələbin həcminin artırılması kimi qəbul edilərək, məhkəmə iddiaçının pensiya təminatı hüququnu təmin edərək, qanunilik və ədalətlilik baxımından iddia tələblərini qismən, yəni “məlumat vərəqəsinə əsasən yaşa görə pensiya təyin edilməsi” hissəsində təmin etməli və qalan hissələrdə təmin etməməli idi. Beləliklə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciəti pensiya növünün dəyişdirilməsi ilə bağlı olmuş və məhkəmədə ilkin irəli sürülən tələb də inzibati orqana müraciətə uyğun olmuşdur. Məhkəmə araşdırması da irəli sürülən pensiya növünün dəyişdirilməsi tələbinə uyğun aparılmalı və müvafiq qərar qəbul edilməlidir. İddiaçının ilkin iddiasında “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində təsbit olunmuş hüququ təmin olunmalı, iddia tələbinin əlilliyə görə təyin edilmiş əmək pensiyası yaşa görə əmək pensiyası növünə dəyişdirilməlidir. Odur ki, məhkəmə araşdırması iddiaçının ilkin tələbinə uyğun aparılmalı, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə iddiaçıya Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilməlidir ki, iddiaçı “iddia ərizəsinə əlavə”də Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti pensiya növünün dəyişdirilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “iddia ərizəsinə əlavə”də irəli sürülən tələb inzibati orqana müraciətə uyğun olmadığından, inzibati orqana müraciətin hədlərindən kənara çıxan iddia mümkünsüz olduğundan, məhkəmə baxışının predmetini ilkin məzmunda iddia-“iddiaçıya Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsi nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması barədə qərar qəbul edilməsi” tələbi təşkil etməlidir. Məhkəmə araşdırması da irəli sürülən həmin tələbə uyğun aparılmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı 08 noyabr 1976-cı ildən 15 noyabr 1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 12 fevral 1993-cü il tarixdən 19 iyun 1995-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə Nazirinin 060gm nömrəli, 09 iyun 1995-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında” AR Qanunun 18-ci maddəsinin “q” bəndinə (təşkilati tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadığına görə) müvafiq olaraq “motoatıcı birqada komandirin yavəri” vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ona Müdafiə Nazirliyi xətti ilə əlilliyə görə pensiya təyin olunması məqsədilə MN-05732 nömrəli 05 iyul 2016-cı il tarixli “məlumat vərəqi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilmişdir. İddiaçının 16/3941- ******* saylı pensiyaçının uçot vərəqindən görünür ki, 1994-cü il 9 sentyabr tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı məxsus ИT-1 № ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, Dövlət Gömrük Komitəsinin 01 mart 1995-ci il tarixli 137 nömrəli əmri ilə Dövlət Gömrük Komitəsinin növbətçi hissəsinin inspektoru vəzifəsinə təyin olunmuş, 10 noyabr 1997-ci il tarixli 990 nömrəli əmr ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci şərnişin şöbəsinin inspektoru vəzifəsinə keçirilmiş, 14 sentyabr 2008-ci il tarixli 548Ş nömrəli əmr ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmişdir. Komitənin 07 avqust 2018-ci il tarixli 100/1151Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş, 07 avqust 2018-ci il tarixli 100/1152Ş nömrəli əmr ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X3” gömrük postunun baş inspektoru vəzifəsinə təyin olunmuş, 31.08.2018-ci il tarixli 100/1354Ş nömrəli əmr ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunmuş 09.10.2018-ci il tarixli Məlumat vərəqəsində iddiaçının vəzifə maaşı 270 manat, rütbə maaşı 134 manat (GXPL), xidmət illərinə görə əlavə 30% 121.20, ərzaq payı 32 manat, digər növ əlavələr 1266,28 manat, cəmi 1823,48 təşkil etmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsi nəzərə alınmaqla, xüsusi rütbəli şəxs kimi pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 18 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi tərəfindən 1994-cü il 9 sentyabr tarixindən iddiaçıya 2-ci qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqəli olduğundan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2016-cı il 11 iyun tarixində İdarəyə daxil olmuş 05732 nömrəli məlumat vərəqəsi əsasında ona hərbi qulluqçu kimi təminat xərcliyinin (584,30 manat) 80 faizi - 467,44 manat məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş dövr üzrə hesablanmış 26573,28 manat məbləğində vəsait müvafiq kart hesabına köçürülmüşdür. Hal-hazırda sonuncu artım nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği 498,24 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində təsbit olunmuş hüququnun təmin olunmasını - əlilliyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası növünə dəyişdirilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.4-cü maddəsinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin— 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AR Qanunun 27-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər: gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 50 yaş; gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 55 yaş; gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki - 60 yaş. Həmin Qanunun 120-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə; İddiaçının 20 ildən çox gömrük orqanlarında xidmət etməsi işin mübahisələndirilməyən halıdır. Odur ki, kollegiya qeyd edir ki, İddiaçı gömrük orqanlarında xidmət müddəti 20 ildən çox (23 il) təşkil etdiyindən, onun xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və cavabdehin imtinası isə qanunsuz olmuşdur. Cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadına gəldikdə, bununla əlaqədar kollegiya qeyd edir ki, Ali Məhkəmənin sonuncu qərarında bu dəlilə qiymət verilərək göstərilmişdir ki, qanunverici həmin maddəni Qanunun İİ fəslinə (Yaşa görə əmək pensiyası) aid etmişdir və həmin maddə yaşa görə əmək pensiyası təyin olunmuş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsi nəzərə alınmaqla xüsusi rütbətli şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(81)- 2528/2019 saylı qərarı ləğv edilsin, İddia tələbi təmin edilsin. İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsi nəzərə alınmaqla xüsusi rütbətli şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar