Məhkəmə qərarları › İş №2-1(103)-1301/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1301/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1301/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X7 ibarət tərkibdə, Pərvin Adil qızı İbrahimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11606/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus xx.xx.1984-cü ildə doldurulmuş ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 2 №-li Bakı Brolyer Quşçuluq fabrikində işləmişdir. 2 nömrəli Yeni Bakı brolyer X9 X3 komitəsi ilə birgə yığıncağının 19 noyabr 1992-ci il tarixli Protokolunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iclasda- Abşeron rayon XDS İcraiyyə Komitəsinin 22 iyun 1990-cı il tarixli 147 №-li qərarı, Azərbaycan Respublikası Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli 489 №-li qərarı və Fabrikin Əmək kollektivi X3 komitəsi ilə birgə qərarına əlavə olaraq fabrikin fəhlə və qulluqçularına fərdi üsulla yaşayış evləri tikmək üçün X2 ərazisindən ayrılmış 0,08 hektar hesabı ilə fabrikin işçisi İddiaçı verilməsi qərara alınmışdır. Abşeron rayon Dövlət Arxivi tərəfindən Nümayəndə (iddiaçının nümayəndəsi) ünvanlanmış E 1058 №-li, xx.xx.2021-ci il tarixli arxiv arayışına əlavə olunmuş Abşeron Rayon XDS İK-nin “Yeni-Bakı brolyer quşçuluq fabrikinə həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.1990-cı il tarixli 147 №-li qərarın surətindən müəyyən olunur ki, X2 torpaq sahəsindən Yeni Bakı Broyler fabrikinə orada işləyən və yaşayan özlərinə məxsus fərdi evi və torpağı olmayan fəhlə və mütəxəssislərə hər ailəyə 0,10 hektar hesabı ilə 300 ailəyə 30 hektar, küçə və meydançalar üçün 6 hektar cəmi 36 hektar torpaq sahəsi ayrılması, o cümlədən dinc yerdən 20 hektar, örüş yerindən 16 hektar ayrılması qərara alınmışdır. Abşeron rayon Dövlət Arxivinin F 606 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2 nömrəli Yeni Bakı Broyler fabrikinin sənədləri saxlanması və mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İddiaçı ona ayrılmış 0,08 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin tələbi sonuncu tərəfindən təmin olunmamışdır. Belə ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi trəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********57 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş sənədlər təqdim edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Nümayəndə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Abşeron rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 147 №-li və Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 489 №-li Qərarlarına əsasən 2 №-li Yeni Bakı Broyler X6 şurasını Həmkarlar İttifaqı Komitəsi ilə birgə yığıncağının xx.xx.1992-ci il tarixli, 15 №-li protokolu ilə ona X2 ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 nömrəli Yeni Bakı Broyler X9 X3 Komitəsi ilə birgə yığıncağının 19 noyabr 1992-ci il tarixli 15 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi ona ayrılmışdır. Sözügedən torpaq sahəsindən hal-hazırda da istifadə edir. Sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bununla bağlı tərəflərindən ərizə ilə cavabdeh orqana müraciət olunmuş və Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Lakin inzibati orqan sözügedən ərizəyə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir və qeyd olunmuşdur ki, qanunvericiliyin tələb etdiyi sənədlər təqdim edilməmişdir. Hesab edir ki, imtina məktubu qanunsuz və əsassızdır. Çünki "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələb etdiyi müvafiq sənədlər orqana təqdim olunsa da, cavabdeh mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidnetinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin coğrafi mövqeyini əks etdirən yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi digər sahə ilə ümümi hasar daxilində yerləşir. Yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin X2 ayrıc aktı barədə elektron bazada məlumat aşkar edilmədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11606/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 147 №-li və Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 489 №-li Qərarlarına əsasən 2 №-li Yeni Bakı Broyler X6 X3 Komitəsi ilə birgə yığıncağının xx.xx.1992-ci il tarixli, 15 №-li protokolu ilə İddiaçı X2 ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan normalarda protokol hüquqmüəyyənedici sənəd kimi qeyd edilməmişdir. Torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. X2 ayrıc aktı barədə elektron bazada məlumat aşkar edilmədi. Torpaq sahəsinin iddiaçıya qanunvericiliyin tələblərinə uyğun ayrılması və həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçının məktubu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Abşeron rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 147 №-li və Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 489 №-li Qərarlarına əsasən 2 №-li Yeni Bakı Broyler X6 X3 Komitəsi ilə birgə yığıncağının xx.xx.1992-ci il tarixli, 15 №-li protokolu ilə ona X2 ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədədir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən “torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi”nə istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır və ona görə də məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırki işdə iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin müddəa eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Cavabdeh inzibati orqan imtina məktubunda əsas dəlil kimi iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş sənədləri ona təqdim etmədiyini göstərmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1984-cü ildə doldurulmuş ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 2 №-li Bakı Brolyer Quşçuluq fabrikində işləmişdir. 2 nömrəli Yeni Bakı brolyer X9 X3 komitəsi ilə birgə yığıncağının 19 noyabr 1992-ci il tarixli Protokolunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iclasda-Abşeron rayon XDS İcraiyyə Komitəsinin 22 iyun 1990-cı il tarixli 147 №-li qərarı, Azərbaycan Respublikası Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli 489 №-li qərarı və Fabrikin Əmək kollektivi X3 komitəsi ilə birgə qərarına əlavə olaraq fabrikin fəhlə və qulluqçularına fərdi üsulla yaşayış evləri tikmək üçün X2 ərazisindən ayrılmış 0,08 hektar hesabı ilə fabrikin işçisi İddiaçı verilməsi qərara alınmışdır. Abşeron rayon Dövlət Arxivi tərəfindən Nümayəndə (iddiaçının nümayəndəsi) ünvanlanmış E 1058 №-li, xx.xx.2021-ci il tarixli arxiv arayışına əlavə olunmuş Abşeron Rayon XDS İK-nin “Yeni-Bakı brolyer quşçuluq fabrikinə həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.1990-cı il tarixli 147 №-li qərarın surətindən müəyyən olunur ki, X2 torpaq sahəsindən Yeni Bakı Broyler fabrikinə orada işləyən və yaşayan özlərinə məxsus fərdi evi və torpağı olmayan fəhlə və mütəxəssislərə hər ailəyə 0,10 hektar hesabı ilə 300 ailəyə 30 hektar, küçə və meydançalar üçün 6 hektar cəmi 36 hektar torpaq sahəsi ayrılması, o cümlədən dinc yerdən 20 hektar, örüş yerindən 16 hektar ayrılması qərara alınmışdır. Abşeron rayon Dövlət Arxivinin F 606 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2 nömrəli Yeni Bakı Broyler fabrikinin sənədləri saxlanması və mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğulara əsasən: -Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin T/746 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Abşeron rayon X5 İcraiyyə Komitəsinin 147 №-li xx.xx.1990-cı il tarixli “Fərdi ev tikmək üçün Binə qəsəbə XDS icraiyyə komitəsinə torpaq sahəsinin ayrılması haqqında” qərarın surətindən müəyyən olunur ki, Abşeron rayon XDS icraiyyə komitəsi qərara almışdır ki: .......... 3-cü bəndi- Yeni-Bakı brolyer quşçuluq fabrikinə həyətyanı torpaq sahəsi ayrılması haqqında: Yeni-Bakı brolyer quşçuluq Fabriki Abşeron RİK-i qarşısında məsələ qaldırmışdır ki, həmin fabrikdə işləyən, orda yaşayan fəhlə və mütəxəssislərə fərdi üsulla yaşayış evləri tikintisi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 300 ailəyə həyətyanı sahəsi ayrılsın. Tələb olunan torpaq sahəsinə baxış keçirildi və müəyyən olundu ki, Bakı-Şamaxı asfaltının cənubunda 23 kilometrliyində yerləşir. Həmin sahə Xırdalan südçülük sovxozuna təhkim olunmuşdur. Göstərilən sahənin 20 hektarı suvarılmayan dincə qoyulmuş, 16 hektarı örüş yeridir. Abşeron RİK-nin sərəncamına əsasən Yeni Bakı brolyer fabriki tərəfindən həyətyanı torpaq üçün tələb olunan torpaq sahəsi komissiya tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1979-cu il tarixli 468 №-li qərarına müvafiq ilkin sənədlər tərtib olunmuşdur.

1. X2 torpaq sahəsindən Yeni Bakı brolyer fabriki orada işləyən və yaşayan özlərinə məxsus fərdi evi və torpağı olmayan fəhlə və mütəxəssislərə hər ailə üçün 0,10 hektar hesabı ilə 300 ailəyə 30 hektar küçə və müydançalar üçün 6 hektar cəmi 36 hektar torpaq sagəsi ayrılsın, o cümlədən dinc yerdən 20 hektar, örüş yerindən 16 hektar. Yeni-Bakı brolyer fabriki həmin sahəni Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1979-cu il tarixli 468 №-li qərarına müvafiq sənədləşdirilsin, həmin sənədlərin Azərbaycan Nazirlər Sovetində təsdiqinə nail olsun. Həyətyanı sahələr vətəndaşlar arasında torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetində təsdiq olunduqdan sonra paylanılsın. -Azərbaycan Respublikasının Dövlət Arxivinin 3-48DA/2-01934/2023 saylı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, 2 №-li Yeni Bakı Broyler X9n X3 komitəsi ilə birgə yığıncağının xx.xx.1992-ci il tarixli 15 №-li il protokolu və Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 147 №-li Qərarı arxivə dövlət mühafizəsinə verilməyib. Həmin məktuba əlavə edilmiş: - Nazirlər Sovetinin 489 №-li, xx.xx.1990-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən ....... Yeni Bakı brolyer fabrikinin, Abşeron rayonunun Hövsan südçülük və 3 nömrəli Zeytun sovxozlarının, habelə Goradil damazlıq quşçuluq fabrikinin ərazilərində onların fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikintisi və kollektiv bağçılıq və bostançılıq yaratmaq üçün 132.05 hektar torpaq sahələrnini 1 və 2 nömrəli əlavələrə uyğun olaraq ayrılması qərara alınmışdır. - Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 23 oktyabr tarixli 489 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Fərdi yaşayış evləri tikintisi və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri ayrılan yaşayış məntəqələri”nin siyahısının surətindən müəyyən olunur ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinə Abşeron rayonu, Xırdalan Südçülük sovxozu ərazisindən “Yeni Bakı brolyer fabrikinin fəhlə və qulluqçularından 300 ailəyə fərdi yaşayış evlərinin tikintisi altına 36,0 ha (20,0 ha dinc, 16,0 ha örüş) daimi istifadə üçün ayrılması müəyyənləşdirilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-14390/2023 saylı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 30 aprel 2001-ci il tarixli, 212 nömrəli sərəncamı ilə Azərquşsənaye Dövlət Şirkətinin 2 №-li Yeni Bakı Broyleri Fabrikinin bazasında “Bakı broyler 2” açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********47 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, torpaq sahəsinin faktiki ölçüsü 1448,0 kv. m-dir. Eyni zamanda qeyd olunmuşdur ki, torpaq sahəsi mişar daşından hasarla sərhədlənib. Torpaq sahəsi üzərində yaşayış evi iki ədəd, bir ədəd yaşayış evinin yarımçıq tikilisi və həyət tikilisi mövcuddur. Ərizəçinin verdiyi şifahi məlumata əsasən torpaq sahəsinin 648,0 kv. m. hissəsi bələdiyyə sənədi ilə alınmışdır. Torpaq sahəsinin yerləşmə sxeminə dair sənəd təqdim olunmayıb. Göstərilən faktiki torpaq sahəsinin koordinatı baxılması üçün akta əlavə olunmuşdur. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarış verilməsini tələb etdiyi 0,08 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində əlində Abşeron Rayon XDS İK-nin “Yeni-Bakı brolyer quşçuluq fabrikinə həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.1990-cı il tarixli 147 №-li qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 23 oktyabr tarixli 489 nömrəli qərarı və həmin qərarlar əsasında 2 nömrəli Yeni Bakı Broyler Fabriki Əmək kolletivinin X3 komitəsi ilə birgə yığıncağın 19 noyabr 1992-ci il tarixli 15 nömrəli protokolu mövcuddur, həmin sənədlər də məhkəməyə təqdim olunmuşdur. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Həmçinin cavabdehin imtinasında istinad etdiyi “yerləşmə cizgisinin təqdim edilməməsi və X2 ayrıc aktı barədə elektron bazada məlumat aşkar edilməməsi” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələri kimi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusu əsasında cavabdeh orqanın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 23 oktyabr tarixli 489 nömrəli qərarı ilə Yeni Bakı Broyler Fabrikinə fərdi evi və torpağı olmayan , orada işləyən fəhlə və mütəxəssislərə fərdi üsulla yaşayış evləri tikintisi üçün 300 ailəlik həyaətyanı torpaq fondunun ayrılması nəzərə alınaraq, iddiaçı ilə yanaşı, həmçinin ayrıayrı şəxslərə ayrılmış torpaq sahələri üzərində həmin şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınaraq bu barədə həmin torpaq sahələrinə dair reyestrdən çıxarışlar verilmişdir, hansı ki, bu çıxarışlar cavabdeh qurumun məhz inzibati praktikası əsasında verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Hazırki işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin (iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərin) eyni hüquqmüəyyənedici sənədlərə istinad etməklə mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən olunmuş və aydın olmuşdur ki, bu barədə inzibati orqanın inzibati praktikası mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?” Hazırkı mübahisəyə baxılarkən oxşar iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqe əsas götürülərək cavabdeh quruma məhkəmə sorğusu verilmiş və sonuncunun təqdim etdiyi sənədlərdən məlum olmuşdu ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin yerləşdiyi ünvanda iddiaçı ilə eyni hüquqi vəziyyətdə olub, eyni hüquqmüəyyənedici sənədlərə malik olan və tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən ayrı-ayrı şəxslərin adına müxtəlif torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir. Belə olan halda cavabdeh qurumun iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtinası əsassız olmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11606/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11606/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar