Məhkəmə qərarları › İş №2-1(103)-1302/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1302/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1302/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının hesabına hasarın sökülməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5382/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan fərdi yaşayış evindən mərkəzi yola giriş-çıxış qapısının Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin hesabına açılması, fərdi yaşayış evi ilə mərkəzi yol arasında İcra Hakimiyyəti tərəfindən tikilmiş ikinci hasarın sökülməsi və evinin qarşısında ondan alınmış həyətyanı torpaq sahəsinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən mərkəzi yola paralel olan köməkçi yola giriş-çıxış yolunun təmin olunması və fərdi yaşayış evi ilə köməkçi yol arasındakı iddiaçının evinin qarşısındakı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tikilmiş hasarın sökülməsinin iddiaçının öz hesabına həyata keçirilməsinə maneələrin törədilməməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ilin fevral ayına kimi ünvan 1 ünvanda yaşamış və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının həmin ünvandakı torpaq sahəsində 35 kv.m. sahəsi olan iki otaqlı evi vardır. 2008-ci ildə qeyd edilən ərazidə mərkəzi yolun abadlaşdırılması ilə əlaqədar yolun kənarı hasara alınmağa başlanmış və hasarın kənarında olan evlərə giriş-çıxış yolu qoyulmuşdur. Yol boyu bütün fərdi yaşayış evlərinə yola çıxış qapısı verilsə də, iddiaçının yaşadığı ünvan 1 ünvanına giriş-çıxış qapısı verilməmişdir. Əksinə yol kənarında olan əsas hasardan içəridə, təxminən 10 metr məsafədə daha bir hasar tikilmiş və bununla də iddiaçının evinə girişçıxış yolu bağlanmışdır, evinin qarşısında olan həyətyanı sahəsi də ondan alınmışdır. İddaçının evinin üç tərəfi qonşulardır, yalnız bir tərəfi mərkəzi yol istiqamətindədir. Evə giriş üçün gərək hər hansı qonşunun icazəsini almaqla həyəti keçərək hasarı nərdivan qoymaqla aşasan. Evə yeganə giriş havadan helikopterlə mümkün ola bilər. Bu barədə iddiaçı dəfələrlə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə, həmçinin digər aidiyyəti qurum və təşkilatlara müraciət etsə də bu məsələ bu günə kimi həll edilməmişdir. Sonuncu dəfə Suraxanı rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci ildə edilən yazılı müraciət isə cavabdehin Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş və oradan isə xx.xx.2021-ci ildə cavab verilərək ümumi formada bildirilmişdir ki, giriş-çıxış yolunun açılması mümkün deyildir. Məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı hazırda evlidir, üç azyaşlı övladı var. Yaşadığı evin ətraf aləmdən tam təcrid edilməsi evdə yaşamalarını mümkünsüz edir və onların konstitusion hüquqlarının pozulmasıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5382/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən İddiaçı fərdi yaşayış evindən mərkəzi yola paralel olan köməkçi yola İddiaçı giriş-çıxış yolunun təmin olunması və İddiaçı fərdi yaşayış evi ilə köməkçi yol arasındakı İddiaçı evinin qarşısındakı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tikilmiş hasarın sökülməsinin İddiaçı öz hesabına həyata keçirilməsinə maneələrin törədilməməsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5382/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv olunması və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2008-ci ildə "xxxx" ASC tərəfindən Bakı-aerport yolunun genişlənməsi və yenidən qurulması zamanı Suraxanı rayonu, Bülbülə qəsəbəsinin ərazisinə düşən yolun kənarındakı yaşayış evləri abadlaşdırılmaqla hər bir evə, o cümlədən bu iş üzrə iddaçı olan İddiaçı həmin dövrdə mövcud olan evinə giriş-çıxış üçün yol verilmişdir. Lakin hazırda 35 kv.m sahəsi olan iki otaqlı sözügedən tikili həmin dövrdə mövcud olmadığından həmin həyətyani sahəyə giriş-çıxış verilməsi nəzərdə tutulmamışdır. Həmçinin sözügedən iki otaqlı yaşayış sahəsi 35 kv.m olan tikili Bakıaerport yolunun genişlənməsi və yenidən qurulması başa çatdıqdan sonra iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd olmadan özbaşına inşa edilmişdir. Eyni zamanda strateji və dövlət əhəmiyyətli olan Bakı-aerport yolun kənarında hər hansı bir tikinti işlərinin aparılması, giriş-çıxış qapılarının qoyulması yolverilməzdir. Göstərilənlərə əsasən qərarın ləğv olunması və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsində baş məsləhətçi (mühəndis) işləyən X2 bildirdi ki, 2008-ci ilin mart ayında yolun genişləndirilməsi zamanı sözügedən tikili orada mövcud olmamışdır. Həmin qeyd olunan ərazidə iddiaçının əmisinin və bibisinin evləri olmuşdur. 2009-cu ildə yol istismara veriləndən sonra bu tikili orada olub. Sputnik görüntülərini məhkəməyə təqdim etmişlər. Yol çəkilən zaman tikili mövcud deyildi. Sözügedən tikiliyə iddiaçının nümayəndəsinin bacısının həyətindən giriş-çıxış olmuşdur. Həmin tikililər bir hasar daxilində yerləşmişdir. İddiaçının nümayəndəsinin qardaşının evi olmuşdur. Onunla razılaşma əldə edilmiş və ona kompensasiya ödənilmişdir. Yol çəkilən zaman iddiaçı tərəfin İcra Hakimiyyətinə hər hansı müraciəti olmamışdır. Yalnız 2011-ci ildə iddiaçı tərəf tikilinin sənədləşdirilməsi ilə bağlı olaraq müraciət etmişdir və həmin müraciət müvafiq şəkildə cavablandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İƏD üzrə Nümayəndəliyi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının eyni məzmunlu müraciəti ilə əlaqədar bir neçə dəfə yaşadığı ünvana baxış keçirilmiş və istifadəsində olan torpaq sahəsi ilə qarşı tərəfdə yerləşən torpaq sahəsinin daxili ərazisindən giriş-çıxış yolunun ayrılmasının mümkün olmadığı müəyyən olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, hazırki iş üzrə İddiaçı atası X3 mübahisəli məsələ ilə bağlı RİH-ə etdiyi müraciətə müvafiq qaydada baxılaraq mübahisə predmeti olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən (coğrafi koordinatları: UTM 39T 414752, 4477374) mübahisəli tikili 2008-ci ildə Heydər Əliyev prospektində strateji əhəmiyyətli yeni yolun genişləndirilməsi zamanı mövcud olmadığından sözügedən tikiliyə giriş-çıxışın verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan ünvana tərəflərin iştirakı ilə yerli baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, həmin ünvanda tikili vardır. İddiaçının nümayəndəsi bildirmişdir ki, evi 2007-ci ildə tikmişdir, o vaxta kimi burada istixana quraşdırıb əkin işləri ilə məşğul olmuşdur, yol və hasar çəkiləndə evi olmuşdur, evin 3 tərəfi qonşu, digər tərəfi isə hasardır, qonşuların həyətindən girib-çıxırlar, əvvəl burada yolu və darvazası olmuşdur, torpağın sənədi yoxdur, ev özbaşına tikilidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının qeyd etdiyi ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsi və ev iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində deyildir. İddiaçı həmin torpaq sahəsi və evin ona məxsus olması və nə vaxt tikilməsi barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsində baş məsləhətçi (mühəndis) işləyən X1 izahatından görünür ki, 2008-ci ilin mart ayında yolun genişləndirilməsi zamanı həmin tikili orada mövcud olmamış, 2009-cu ildə yol istismara veriləndən sonra bu tikili orada olmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, ünvan 7 ünvanında yerləşən (coğrafi koordinatları: UTM 39T 414752, 4477374) mübahisəli tikili 2008-ci ildə Heydər Əliyev prospektində strateji əhəmiyyətli yeni yolun genişləndirilməsi zamanı mövcud olmadığından sözügedən tikiliyə giriş-çıxışın verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı tərəf 2008-ci ildə yolun genişləndirilməsi zamanı evin mövcud olduğunu bildirsə də, həmin torpaq sahəsi və ev iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olmadığı üçün bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Həmçinin 2008-ci ildə evə giriş-çıxış bağlandığı üçün həmin dövrdə iddiaçı tərəfindən cavabdehə müraciət edilməsi və bununla bağlı aralarında mübahisənin yaranması ilə əlaqədar sübutlar da məhkəməyə təqdim edilməmişdir və bu hallar iş materialları ilə də öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı hasarın yerində darvazasının olduğunu bildirsə də, darvazanın olması və onun sökülməsi ilə əlaqədar məsələlər iddiaçı tərəfindən bu günə qədər hər hansı formada bildirilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videodisk oradakı görüntülərin nə vaxt, kim tərəfindən və nə üçün çəkilməsi əsaslandırılmadığından, eləcə də iddiaçı tərəfindən müvafiq ünvana aid fotoşəkillər iş materiallarına əlavə edildiyindən, həmçinin məhkəmə kollegiyası tərəfindən həmin əraziyə və ünvana tərəflərin iştirakı ilə yerli baxış keçirildiyi üçün sübut kimi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5382/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar