Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1302/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi” haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10734/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra mətndə Yasamal RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Yasamal RİH arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair mənzil icarə münasibətlərinin xx.xx.2002-ci il tarixdən mövcud olmasının müəyyən edilməsi və həmin mənzilə dair onunla mənzil icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, o, hal-hazırda yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə dair onunla mənzil kirayə müqaviləsinin bağlanmasını istəyir. O, dəfələrlə RİH-yə müraciət etmiş, ailəsinin faktiki yaşamağa yeri olmadığına görə ona mənzil verilməsini xahiş etmişdir. 1991-ci ildə onun ailəsinə M.Sübhi küç, 89 saylı evdə 4 otaqlı mənzil verilmiş, lakin bu mənzil zəbt olunduğundan və o, bu mənzildə məskunlaşa bilməmişdir. Rayon ərazisində müvafiq mənzil olmadığından bu ailəyə mənzil verilməmişdir. Ailəyə köməklik göstərilməsi üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, lakin mənzil fonu olmadığından bu mümkün olmamışdır. O, daha sonra müraciət edərək ailəsinin yaşamağa yeri olmadığını bildirmiş və məcburiyyət qarşısında qalaraq Mətbuat pr. 64 saylı ünvanın yarımzirzəmisindəki sahəyə məskunlaşdığını qeyd edərək, bu sahəni onun çox çətinvəziyyətini, özünün İİ qrup əmək qabiliyyətsiz əlil olduğunu və ailəsini nəzərə alaraq onun ailəsinə sığınacaq verilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Yasamal RİH başçısının xx.xx.2002-ci il tarixli 473 saylı sərəncamında onun ailəsinin məskunlaşıb yaşadığı Mətbuat prospekti 64 saylı evin yarımzirzəmisində yerləşən sahənin ona 4 nəfər ailə üzvü ilə sığınacaq kimi verilməsi, RPİ-yə onun ailəsini ona verilmiş ünvana pasport qeydiyyatına alınması tapşırılmışdır. Bundan əlavə, Yasamal RİH Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı mənzil kommunal təsərrüfat sahəsinin xx.xx.2022ci il tarixli arayışında da qeyd olunmuşdur ki. İddiaçı sözügedən mənzildə qeydiyyatdadır, yaşayış sahəsi mənzil kimi istifadə edilir. Mənzil İstismar Sahəsinin balansındadır. Sözügedən əmlak mənzil sahəsi kimi onun tərəfindən istifadə olunur və kommunal xərclərini ödəyir. Bununla bağlı olaraq o, Yasamal RİH-yə müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh orqan ona Yasamal RİH Başçısının xx.xx.2002-ci il tarixli sərəcamına əsasən sığınacaq olaraq müvəqqəti yaşamaq üçün verildiyindən həmin sahəyə dair onunla daimi kirayə müqaviləsinin bağlanmasının mümkün olmadığını qeyd etmişdir. Onunla sözügedən mənzilə dair kirayə müqaviləsinin bağlanılması onun 2009-cu ildən əvvəlki dövrdə həmin yaşayış sahəsində yaşaması səbəbindən mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. ünvan 1 ünvanında yerləşən mənzilin Yasamal RİH-nin balansında olması, həmçinin onun 2002-ci ildən hal hazıradək həmin mənzildə yaşaması işin mübahisələndirilməyən halıdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Yasamal RİH-nin “İddiaçı sığınacaq verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 473 №-li Sərəncamı ilə İddiaçı 4 nəfər ailə üzvü (özü, arvadı, qızı və oğlu) ilə sığınacaq kimi verilmiş ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə (sığınacaq) dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılmasına dair sərəncam verilməsi vəzifəsinin Yasamal RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Yasamal RİH Başçısının xx.xx.2002-ci il tarixli, 473 nömrəli sərəncamı ilə İddiaçı Yasamal rayonu, Mətbuat prospekti, 64 saylı evin yarımzirzəmisində yerləşən sahəyə sığınacaq olaraq müvəqqəti yaşamaq üçün yerləşdirildiyindən onunla kirayə müqaviləsi bağlanılmamış və hər hansı bir sənədləşmə işləri aparılmamışdır. İddiaçı Yasamal rayonu, Mətbuat prospekti, 64 saylı evin yarımzirzəmisinə dair kirayə müqaviləsinin bağlanılması barədə imtina verilmişdir. Yasamal RİH-nin xx.xx.2002-ci il tarixli, 473 nömrəli sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sərəncam və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10734/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri Cavabdeh “İddiaçı sığınacaq verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 473 №-li sərəncamı ilə İddiaçı 4 nəfər ailə üzvü (özü, arvadı, qızı və oğlu) ilə sığınacaq kimi verilmiş ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə (sığınacaq) dair İddiaçı adına daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdeh Bakı Şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10734/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Yasamal RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Ağdam rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Yasamal RİH tərəfindən İddiaçı ünvanlanmış M-78-068 saylı, xx.xx.2017- ci il tarixli məktubda qeyd olunmuşdur ki, məskunlaşdığı yarımzirzəmidə öz vəsaiti hesabına təmir işlərinin aparılmasına icazə verilməsi barədə rayon icra hakimiyyətinə unvanladığı ərizəsinə baxılmışdır. Mənzil şəraitini nəzərə alaraq öz vəsaiti hesabına təmir işlərinin aparılmasına rayon icra hakimiyyəti etiraz etmir. - Yasamal RİH Mənzil Kommunal Təsərrüfatı Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfatı sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli arayışdda qeyd olunmuşdur ki, İddiaçı Mətbuat prospekti 64 ünvanında qeydiyyatdadır. Yaşayış sahəsi mənzil kimi istifadə edilir. Mənzil, Mənzil İstismar Sahəsinin balansındadır. Sözügedən əmlak mənzil sahəsi kimi İddiaçı tərəfindən istifadə olunur. - Mənzil Kommunal Xidməti üçün FPİ seriyalı 591508 №-li xx.xx.2022-ci il tarixli, qəbzin surətindən müəyyən olunur ki, İddiaçı Mətbuat prospekti 64 ünvanı üçün 2020, 2021, 2022-ci illər üçün 52 manat xidmət haqqı ödəmişdir. - Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 24 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 39/x №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Yasamal rayonu Mətbuat prospekti 64 saylı bina Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. xx.xx.2002-ci il tarixli 473 saylı Yasamal RİH Başçısının sərəncamına əsasən Mətbuat prospekti 64 saylı binanın yarımzirzəmisindəki sahə X1 kimi verilmişdir. X4 göstərilən ünvanda qeydiyyata düşmüşdür. Həmin ünvanda X2 ailə üzvləri yaşayır. - İddiaçı sifarişi əsasında X8 tərəfindən verilmiş 132 №-li, xx.xx.2023-cü il tarixli rəydə qeyd olunmuşdur ki: Təsviri: ........ Təqdim olunmuş sənədlərin tərkibində, Azərbaycan Respublikası "xxxx" QSC-nin, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 64 ünvanında yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinin qazlaşdırılmasına dair 44/TŞ-2019-034691/B saylı, 2019-cu il tarixli texniki şərt (izahat və cizgilər), “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” bağlanmış xx.xx.2019-cu il tarixli 100960 saylı akt, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt vardır. ........ Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiqat obyekti faktiki olaraq daşdan və digər konstruksiyadan inşa olunmuş 5 (beş) mərtəbəli, iki girişli yaşayış binasının birinci girişində yarımzirzəmisində yerləşir. Tədqiqat obyektinə giriş-çıxış yolu yaşayış binasının qarşısındakı ümumi həyəyanı sahədən metal qapı vasitəsilədir. Tədqiqat obyekti iki tərəfdən yol ilə, qalan iki tərəfdən qonşu sahələrlə həmsərhəddə yerləşir. Tədqiqat obyektinə daxil olduqda müəyyən olunmuşdur ki, tədqiqat obyekti yer səviyəsindən 0,40 metr aşağıdadır, mövcud vəziyyətdə mənzil kimi istifadə olunur, tərkibində qonaq (zal) və iki yataq otağı, giriş-dəhliz, mətbəx və birgə sanitariya qovşağı (hamam-tualet) vardır. Qeyd edilən tikililərin ayrı-ayrılıqda təyinatı, sahələri, ölçüləri və hündürlüyü aşağıdakı kimidir: - Qonaq otağı (zal) – 22,95 kv. m (5,10 x 4,50 m), h=2,70 m; - Yataq otağı - 26,71 kv.m (5,45 x 4,90 m), h=2,70 m; - Yataq otağı - 16,00 kv. m (4,90 x 3,20 m), h =2,60 m; - Giriş-dəhliz - 5,70 kv. m (3,00 x 1,90 m), h= 2,60 m-2,70 m; - Mətbəx - 6,27 kv. m (3,30 x 1,90 m), h= 2,70 m; - Sanitariya qovşağı – 2,47 kv. m (1,90 x 1,30 m), h = 2,60 m Cəmi: 80,10 kv. m-dir. Nəticə: Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Yasamal RİH başçısının xx.xx.2002-ci il tarixli, 473 nömrəli sərəncamı ilə, İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 64 saylı evin yarımzirzəmisində sığınacaq olaraq müvəqqəti yaşamaq üçün verilmiş sahənin (faktiki olaraq mənzil kimi istifadə olunur) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olduğu və tikinti-texniki baxımından, hal-hazırda yaşayış üçün yararlı vəziyyətdə olduğu müəyyən edilir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-05566/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş Yasamal RİH Başçısının 473 №-li xx.xx.2002-ci il tarixli sərəncamda (surəti) (sərəncama əsas olmuş sənəd əlavə edilməmişdir) göstərilmişdir ki, X5 dəfələrlə RİH-nə və Respublikanın digər rəhbər orqanlarına müraciət etmiş, ailəsinin faktiki yaşamağ yeri olmadığına görə mənzil verilməsini xahiş etdmişdir. Məlum olmuşdur ki, 1991-ci ildə onun aiiləsinə M.Sübhi küçəsi, 89 saylı evdə 4 otaqlı mənzil verilmiş, lakin bu mənzil zəbt olunduğundan o, bu mənzilə məskunlaşa bilməmişdir. Rayon ərazisində müvafiq mənzil olmadığından bu ailəyə mənzil verilməmişdir. Ailəyə köməklik göstərilməsi üçün dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, lakin mənzil fondu olmadığından bu mümkün olmamışdır. İddiaçı hal-hazırda müraciət edərək ailəsinin yaşamağa yeri olmadığını bildirir və məcburiyyət qarşısında qalaraq mətbuat prospekti 64 saylı ünvanın yarımzirzəmisindəki sahəyə məskunlaşdığını qeyd edərək bu sahəni onun çox çətin vəziyyətini, özünün 2-ci qrup əmək qabiliyyətsiz əlil olduğunu və ailəsini nəzərə alaraq, onun ailəsinə sığınacaq vrilməsini nəzərə alaraq, onun ailəsinə sığınacaq verilməsini xahiş etmişdir. Bu məsələyə RİH-nin mənzil məsələləri üzrə ictimai komissiyasında baxılmış və razılıq verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq: İddiaçı ailəsinin məskunlaşıb yaşadığı Mətbuat prospekti 64 saylı evin yarımzirzəmisində yerləşən sahənin ona 4 nəfə ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) sığınacaq kimi verilməsi, RPİ-nə İddiaçı ailəsini ona verilmiş ünvana pasport qeydiyyatına alınmasının tapşırılması qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********27 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) hazırda kimin mülkiyyətində olması, həmçinin İddiaçı adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın olubolmamasına dair müvafiq məlumat və sənədlərin surətlərinin verilməsi barədə sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır.İddiaçı adına dövlət reyestrində daşınmaz əmlakın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Eyni ünvan göstəricilərinə malik 2 ədəd əmlak aşkar edilmişdir.Belə ki, ümumi sahəsi 20.0 kv.m olan ünvan 8 ünvanında yerləşən mənzil xx.xx.2001-ci il tarixdə X10 adına qeydiyyata alınmışdır, lakin hüquq sahibinin ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli müraciət əsasında hüquqları ləğv edilmişdir. Ümumi sahəsi 65.8 kv.m, yaşayış sahəsi 36.0 kv.m olan ünvan 8 ünvanında yerləşən mənzilin 1 otağı (y\s - 14.0 kv.m, k\s - 14.9kv.m) X13 adına qeydiyyata alınmışdır, 2 otağı (y/s - 22.0 kv.m, k/s - 14.9 kv.m) X12 adına qeydiyyata alınmışdır, lakin Cavabdeh 416/g saylı xx.xx.2015-ci il tarixli məktubuna əsasən hüquqları ləğv olunmuşdur. - İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə Yasamal RİH tərəfindən verilmiş 5-21/2- M-138-068/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Yasamal RİHnin başçısının xx.xx.2022-ci il tarixli, 473 nömrəli sərəncamı ilə Yasamal rayonu, Mətbuat prospekti, 64 saylı evin yarımzirzəmisində yerləşən sahə yalnız sığıncaq olaraq müvəqqəti yaşamaq üçün ona verildiyindən həmin sahəyə dair onunla daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 50.1 və 50.1.4-cü maddələrinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 59.1-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf– dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 59.2-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2-ci maddəyə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Mübahisəli yaşayış sahəsinin iddiaçının istifadəsinə verildiyi zaman qüvvədə olmuş və hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin yaşayış sahəsinin birinci növbədə verilməsi adlanan 38-ci maddəsinə əsasən: Yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aşağıdakı şəxslərə birinci növbədə verilir: Böyük Vətən müharibəsi əlillərinə, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələrinə və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslərə; X9, Sosialist Əməyi Qəhrəmanlarına, habelə Şöhrət, Əmək Şöhrəti, “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmət etməyə görə” ordenlərinin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərə; SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunan xəstəliklər siyahısında göstərilmiş bəzi xroniki xəstəliklərin ağır formalarına tutulmuş şəxslərə; vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə, SSRİ-nin müdafiəsi uğrunda başqa döyüş əməliyyatları zamanı döyüşən ordunun tərkibində olmuş şəxslərə, vətəndaş müharibəsinin və Böyük Vətən müharibəsinin partizanlarına, habelə SSRİ-nin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslərə; İ və İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular sırasından olan İ və İİ qrup əlillərə; dövlət vəzifəsini və ya ictimai vəzifəni icra edərkən, insan həyatını xilas etmək, sosialist mülkiyyətini və hüquq qaydasını mühafizə etmək üçün SSRİ vətəndaşı borcunu yerinə yetirərkən həlak olmuş yaxud bədbəxt hadisə nəticəsində istehsalatda həlak olmuş şəxslərin ailələrinə; istehsal sahəsində uzun müddət vicdanla işləmiş fəhlələrə və qulluqçulara; “Qəhrəman ana” adı verilmiş yaxud “Analıq şərəfi” ordeni və ya “Analıq medalı” ilə təltif olunmuş analara, çoxuşaqlı ailələrə və tək analara; əkiz uşaq doğulan ailələrə. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə vətəndaşların başqa kateqoriyalarına da yaşayış sahəsini birinci növ. bədə almaq hüququ verilə bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, Yasamal RİH Başçısının 473 №-li xx.xx.2002-ci il tarixli sərəncamına əsasən dövlət mənzil fonduna aid ünvan 4 ünvanında yerləşən məhdud kommunal şəraitli mənzil iddiaçıya arvadı, oğlu və qızı ilə birlikdə mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi verilmişdir. İddiaçı hal-hazıradək fasiləsiz və etirazsız olaraq həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Onun müxtəlif vaxtlarda həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı etdiyi müraciətlər nəticəsiz qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istifadəsində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsini hər hansı başqa icarədardan müqavilə əsasında və ya müvəqqəti sakin kimi əldə etməmişdir. Həmin yaşayış sahəsi Yasamal RİH-nin hal-hazırda da qüvvədə olan sərəncamı ilə ailəsi ilə birgə yaşaması üçün ayrılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10734/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10734/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1302/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1302/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver