Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1302/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının iddiaçıya məxsus torpaq sahəsi hissəsində ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5600/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM, 012841 №-li Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Düşərgə küçəsi (əvvəlki adı - Laqernaya) ünvanında yerləşən 11 otaqdan, 125,6 kv.m. yaşayış sahəsi, ümumi sahəsi 175.9 kv.m. olan 11 saylı fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 184 saylı reyestr kitabında, 9033-cü səhifədə, 30/5856 qeydə alma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır. Eləcə də, iddiaçının adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport verilmişdir. Həmin Pasporta əsasən, iddiaçının qanuni əsaslarla ünvan 2 ünvanında yerləşən faktiki istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 596 kv.m. təşkil edir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 239 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədi ilə 11845 ha torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Cavabdehin Sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin ərazidə tikinti işləri apararkən mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsinə baxmayaraq, açıq-aşkar hüquqdan sui-istifadə edərək iddiaçının əmlakdan istifadə etmək imkanından məhrum etmiş, həmçinin həmin əmlakı məhv etmişdir. Belə ki, əvvəla, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz hərəkətləri səbəbindən iddiaçı ona məxsus olan əmlakdan lazımınca istifadə edə bilmir. X4 Cəmiyyəti, özbaşınalığa yol verərək əmlaka gələn Abay döngəsi adlı yeganə gediş-gəliş avtomobil yolunu, eləcə də iddiaçıya məxsus olan əmlakın yerləşdiyi ərazini zəbt edərək, iddiaçını əmlakından istifadə etmək imkanından məhrum etmişdir. Yeganə ictimai gediş-gəliş yolu olan Abay döngəsi vasitəsi ilə əmlakın ərazisinə daxil olmaq və ya oradan çıxmaq mümkün deyildir. İkincisi, üçüncü şəxs tərəfindən tikinti işləri aparılarkən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin sərhədini keçərək eni 4 m., uzunluğu 16.35 m. olan, ümumilikdə torpaq sahəsinin 65.4 kv.m. hissəsində bünövrə qazılmış, hündürlüyü 1 m. səviyyədə olan daş hasarı sökülmüş, nəticədə iddiaçının istifadəsində olan torpaq sahəsinə müdaxilə edilərək onun hüquqları pozulmuşdur. Baş verilən həmin faktlar iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış və 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş Razılaşmada qeydə alınmışdır. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddia ərizəsinə münasibət bildirməmiş və iddiaya etiraz məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5600/2024 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddiа tələbi təmin еdilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m. ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5600/2024 saylı qərarından üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi araşdırma zamanı üçüncü şəxsin iştirakını təmin etmədən, iş üzrə heç bir maddi hüquq norması tətbiq etmədən, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququ olmadığı halda, heç bir hüquqi qüvvəsi olmayan texniki pasporta, orada qeyd edilənləri təhrif etməklə istinad edərək, birtərəfli subyektiv və ədalət mühakiməsi prinsiplərinə aşkar zidd qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hakimi iddiaçının polis orqanlarına müraciəti nəticəsində imzalanmış heç bir hüquqi qüvvəsi olmayan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş əhəmiyyətsiz razılaşmanı rəhbər tutmuş, bu zaman üçüncü şəxsə qanuni əsaslarla verilmiş torpaq sahəsi ilə bağlı (xüsusən torpaq sahələrinin üst-üstə düşməsi, torpaq sahələrinin hazırkı mülkiyyətçiləri və istifadəçilərinin aydınlaşdrılması və s. halların müəyyən edilməsi məqsədi ilə) mütəxəssis və ekspert rəyləri almadan, uzun illər əvvəl tərtib olunmuş, ziddiyyətli ölçülər əks olunmuş və iddiaçının torpağa hüququnu təsdiq etməyən əhəmiyyətsiz texniki pasportu yetərli hesab edərək qanunsuz və əsassız olaraq iddiaçının mənafeyinə xidmət etmişdir. İddiaçının mövqeyinə və işə son dərəcə subyektiv və birtərəfli yanaşan hakim mübahisələndirilən Sərəncamın verilməsinə əsas olmuş, qüvvədə olan əvvəlki xx.xx.2004 və xx.xx.2008-ci il tarixli Sərəncamların mövcudluğunu da diqqətdən kənarda qoymuşdur. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5600/2024 saylı qərarında maddi hüquq norması kimi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına istinad edilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar qeyd olunmuşdur. 2004-cü ildə həmin torpaq sahəsi üzərində sərəncam alınmışdır. 2018-ci ildən sərəncam "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ərazidə tikinti işləri aparılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsinin harada olduğu bəllidir. Torpaq sahəsinə dair ayrıc aktı məhkəməyə təqdim olunmuşdur. Torpaq sahəsi dövlət tərəfindən ərazidə tikinti və abadlıq işlərinin aparılması məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmışdır. Bununla bağlı olaraq sərəncam və digər sənədlər də mövcuddur. Qarşı tərəfin təqdim etdiyi texniki pasport, qeydiyyat vəsiqəsi və ya digər sənədlərdə iddiaçının dövlət torpağına hər hansı hüququnu təsdiq edən qeyd yoxdur. Ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin harada olduğu bəlli deyil. Nə texniki pasport, nə də qeydiyyat vəsiqəsində torpağın koordinatları əks olunmur. Eyni zamanda texniki pasport üzərində düzəliş edilərək iddiaçının adı yazılmış və həmin düzəlişin kim tərəfindən və nə vaxt edilməsi aydın deyil. Göstərilənlərə əsasən məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... Yaranmış zərurətlə əlaqədar Laqernaya küçəsi, ev 11 üzrə X1 (*adın üzərindən xətt çəkilərək X6 qeyd olunub) adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportun idarənizdə mövcud olan arxiv nüsxəsinin, eyni zamanda vətəndaşın adında olan düzəlişlərin hansı tarixdə və kim tərəfindən edilməsi barədə; həmçinin seriya FM, 012841 nömrəli Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin və ünvan 4 ünvanında yerləşən evin koordinatlarına dair məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X2 və X3 oğluna məxsus pasportun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş Pasportla iş materiallarında olan və birinci instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş Pasport müqayisə edildikdə aşağıdakılar müəyyən edilir:
1. İddiaçı tərəfindən təqdim edilmiş texniki pasport Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan nüsxə ilə eynilik təşkil etmir, doldurulma qaydası və yazı forması fərqlidir – eyni sənədin nüsxələri deyil;
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan nüsxə üzərində “X6” qeydi mövcud deyil;
3. İddiaçı tərəfindən təqdim edilmiş texniki pasport imzalar və möhürlərlə təsdiq edilməyib (*arxivdə saxlanılan nüsxədən fərqli olaraq). Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 yuxarıda qeyd olunanlara münasibətdə məhkəməyə bildirdi ki, arxiv sənədlərindən də göründüyü kimi, iddiaçı müvafiq alqı-satqı müqaviləsi bağlayaraq arxiv sənədlərində qeyd edilən şəxslərdən mübahisə predmeti olan torpaq sahəsini və eləcə də 11 otaqdan ibarət evi almışdır. Həmin sənədlər torpaq sahəsi və evə münasibətdə hüquqmüəyyənedici sənədlər kimi qəbul edilməlidir. Göründüyü kimi, texniki pasportda eyni ölçülər qeyd olunub və eyni daşınmaz əmlaka münasibətdə verilib. Belə olan halda iddiaçının adının arxivdə saxlanılan nüsxədə olmaması heç nəyi dəyişmir və iddiaçının ziyanına şərh edilə bilməz. Sözügedən texniki pasportda qələmlə xətt çəkilərək iddiaçının adı qeyd olunmuşdur, lakin həmin dövrdə texniki pasport üzərində qeydlər edilərkən bu kimi hallara yol verilirdi. Arxivdən əldə edilən texniki pasport hazırda iddiaçıya məxsus olan evə aid texniki pasportdur. Həmin texniki pasport başqa bir şəxsə məxsus deyil. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-577/2024 saylı qərardadından görünür ki, İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı oluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 239 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanılmış 1896 nömrəli icarə müqaviləsi əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən 1.1845 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin mülki işin icraatı hazırkı iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmçinin müəyyən edilir ki, sözügedən mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi icraatı dayandırmamışdan əvvəl ekspertiza təyin etmiş və İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1013 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Baxış zamanı müəyyən olundu ki, təqdim olunan torpaq sahəsi cavabdehin faktiki istifadəsində olmaqla üç tərəfdən mişar daşı ilə hasara alınmışdır. Bir tərəfdən (iddiaçı tərəfindən tikinti işləri aparılan sahəyə tərəf) isə hasar mövcud deyildir. Baxışda iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, həmin hasara alınmayan hissədə də əvvəllər hasar mövcud olmuşdur. Təqdim olunan torpaq sahəsinin giriş-çıxış qapısı faktiki vəziyyətdə park ərazisi istiqamətində quraşdırılmışdır. Torpaq sahəsinin üzərində tikilinin mövcud olmadığı müəyyən olundu. Qərardadın birinci sualı üzrə qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 08/118 №-li, xx.xx.2008-ci il tarixli “Ayrıc Aktfnda qeyd olunanlara əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 239 № li Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 1/845 ha torpaq sahəsinin döngə nöqtələri (koordinatları) müəyyən edilmişdir. Baxış zamanı təqdim olunan mübahisəli torpaq sahəsinin 08/118 №-li, xx.xx.2008-ci il tarixli "Ayrıc Aktı" ilə ayrılan sahənin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə qeyd olunur ki, təqdim olunan mübahisəli torpaq sahəsində tikilinin mövcud olmadığı müəyyən edilmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsində faktiki olaraq tikililər mövcud olmadığından, 11 saylı yaşayış evinin Texniki pasportunda torpaq sahəsinin koordinatları qeyd olunmadığından (eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazinin situasiya planı göstərilmədiyindən) İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Düşərqə küçəsindəki 125,6 m2 yaşayış sahəsindən ibarət olan 11 saylı xüsusi mülkiyyətin, o cümlədən İddiaçı istifadəsində olması bildirilən ümumi ölçüsü 596,0 m2 olan torpaq sahəsinin döngə nöqtələrini müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə qeyd olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Düşərqə küçəsindəki 125,6 m2 yaşayış sahəsindən ibarət olan 11 saylı xüsusi mülkiyyət, o cümlədən İddiaçı istifadəsində olması bildirilən ümumi ölçüsü 596,0 m2 olan torpaq sahəsinin döngə nöqtələrini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 239 № li Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 1.1845 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən eymək mümkün olmamışdır”. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, ekspert rəyi və qərardad birinci instansiyası məhkəməsinə hazırkı iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Yəni birinci instansiyası məhkəməsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamını İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Düşərgə küçəsi (əvvəlki adı - Laqernaya) ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m. ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edərkən yuxarıda qeyd olunanlar məhkəməyə bəlli idi və məhkəmə tərəfindən nəticə etibarilə faktiki olaraq icrası mümkün olmayan qərar qəbul edilmişdir. Birinci instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “ ... iddiaçının torpaq sahəsinə münasibətdə istinad etdiyi hüquqmüəyyənedici sənəd Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur. Cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək hüququna malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin yanaşması ilə razılaşmır. Belə ki, hal-hazırda iş materiallarında iddiaçıya münasibətdə yeganə mövcud olan hüquqmüəyyənedici sənəd – Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya FM, № 012841 Qeydiyyat vəsiqəsidir, həmin qeydiyyat vəsiqəsi isə iddiaçının yalnız fərdi yaşayış evinə münasibətdə xüsusi mülkiyyəti hüququnun olmasını təsbit edir. Eyni zamanda hal-hazırda evin fiziki olaraq mövcud olmadığı və texniki pasportun legitimliyi qəbul edilsə belə, torpaq sahəsinin müvafiq koordinatlarını əks etdirmədiyi işin mübahisələndirilməyən hallarındandır. İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, sözügedən fərdi yaşayış evi ərizəçinin nümayəndəsinin sözlərinə görə 10-12 il qabaq sökülüb. Yerini təyin etmək mümkün olmadı. Nümayəndənin göstərdiyi ərazidən təxmini nöqtə koordinatı əlavə olundu. Göründüyü kimi, hal-hazırda iddiaçının mübahisələndirdiyi 596 kv.m. ölçüdə olan torpaq sahəsinin məhz Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 239 № li Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 1.1845 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, düşdüyü təqdirdə isə həmin sahənin 1.1845 ha torpaq sahəsinin hansı hissəsində olması nə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, nə də ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müəyyən edilə bilməmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli razılaşmanın müddəalarından görünür ki, bünövrə qazılan zaman İddiaçı istifadəsində olan torpaq sahəsinin 65,4 kv.m. hissəsinə müdaxilə edilmiş və həmin müdaxilənin aradan qaldırılması və s. barədə tərəflər razılığa gəlmişlər. Lakin həmin razılaşma hər hansı hüquqimüəyyənedici sənədə əsaslanmadığı təqdirdə inzibati aktın ləğvi üçün əsas olaraq qəbul edilə bilməz. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61-ci maddəsinə müvafiq olaraq, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi maddi-hüquqi və formal hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqanın mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməməsi hazırkı vəziyyətdə iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda inzibati aktın qanunilik şərtlərinə əməl edilməklə qəbul edilməməsi iş materialları ilə öz təsdiqini tapmadığından, onun ləğv edilməsinə hər hansı əsas müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5600/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5600/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi rədd edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov