Məhkəmə qərarları › İş №2-1(103)-1303/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1303/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1303/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X15 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı qərarların etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-723/2020 saylı qərardadından iddiaçının nümayəndəsi R.Qədimquliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6, X17 və X9 "Torpaq sahələrinin ayrılmasına (əslində satılmasına) dair xx.xx.2005-ci il tarixli 022, 023, və 024 saylı qərarları və həmin torpaq sahələrinin sonradan X7 mülkiyyətinə verilməsi barədə xx.xx.2006-cı il tarixli 226, 227, və 228 saylı qərarları etibarsız hesab edilməklə, həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-723/2020 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi R.Qədimquliyev apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi ona məxsus olmamış, dövlətin mülkiyyətində olmuş, bələdiyyə səlahiyyət hədlərini aşmışdır. Nümayəndə hesab etmişdir ki, hazırkı iddiada iddiaçı və cavabdeh olan inzibati orqanların statusu məsələsinə baxılmalıdır. Statusuna görə yerli icra hakimiyyəti orqanı ilə bələdiyyə biri digərindən əhəmiyyətli dərəcədə fərqlənən qurumlardır və bu qurumların biri-biri ilə münasibətləri, tabeçilik münasibətləri deyildir.Mübahisələrin həlli üzrə komissiya həmçinin subordinasiya baxımından yuxarı inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələri həll edir. Nümayəndə birinci instansiya məhkəməsinin hazırkı iddianın qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyətinin subyektiv hüququn olmaması razılaşmayaraq bildirdi ki, hazırkı halda mübahisənin predmetini cavabdeh Badamdar Bələdiyyəsinin torpaq ayırma haqqında olan qərarlarının (X6, X17 və X9 “Torpaq sahələrinin ayrılmasına (əslində satılmasına) dair xx xxxxx 2005-ci il tarxli 022, 023 və 024 saylı qərarları və həmin torpaq sahələrinin sonradan X7 mülkiyyətinə verilməsi barədə xx xxxxxx 2006-cı il tarixli, 226, 227 və 228 saylı qərarları) əsaslılığının yoxlanılması deyil, həmin qərarlar əsasında ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması və bu baxımdan bələdiyyənin həmin torpaq sahələrinə dair sərəncam vermək səlahiyyətinin olmaması təşkil edir.Nümayəndə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 723/2020 saylı qərardadının ləğv edilməsini və mübahisənin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, işdən görünür ki, Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 024 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci Y/m-də 600 kvm. torpaq sahəsi X9 ayrılmışdır. Sonradan vətəndaş X8 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 228 saylı qərarı ilə X7 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 023 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci Y/m-də 600 kvm. torpaq sahəsi X17 ayrılmışdır. Sonradan vətəndaş X13 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 227 saylı qərarı ilə X7 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 022 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci Y/m-də 600 kvm. torpaq sahəsi X6 ayrılmışdır. Sonradan vətəndaş X3 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 226 saylı qərarı ilə X7 adına rəsmiləşdirilmişdir. Bununla yanaşı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 2005 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 1-ci massivində 600 kvm. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X2, xx.xx.1999-cu il tarixli 1200 saylı sərəncamı ilə hər birinə 600 kvm. olmaqla X18 və X10 torpaq sahələri ayrılmışdır. X1, X20 və X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Badamdar Bələdiyyəsinin hazırki mübahisə predmeti olan qərarlarının ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2018-ci il tarixli qərarla iddianı mümkün saymamışdır. Adıçəkilən qərardan iddiaçılar tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət olunmuş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Konstitusiya Məhkəməsi öz qərardadında qeyd etmişdir ki, bələdiyyənin həmin torpaq sahələrinin istifadəyə verilməsinin əsaslılığının yoxlanılması müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia hər iki tərəf inzibati orqandır və hazırki mübahisə onların səlahiyyətləri ilə əlaqədar olduğundan, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlhiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Pezidentinin xx.xx.2012-ci il tarixli, 648 №-li Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Bakı şəhər İcra Hakimiyyəti həmin Əsasnamə əsasında təşkil olunan və fəaliyyət göstərən dövlət qurumudur və onun başçısı Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsnin 1-ci bəndinə görə Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bu əsasdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinə uyğun şəkildə həllini tapmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllə inzibati orqanla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquqi münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmələr tərəfindən baxılması və həll edilməsi prosesi tənzimləyir. İnzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə inzibati orqan iştirak edir. Onun tərəfləri əvvəlcədən qeyri-bərabərdir, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (yəni inzibati orqan) digərinə, yəni fiziki və ya hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, məhkəməyə müraciət edən tərəf kimi fiziki və ya hüquqi şəxs çıxış edir. İnzibati məhkəmə icraatda bütün hallarda tərəfin biri kimi (və bir qayda olaraq cavabdeh qismində) inzibati orqan çıxış edir. Lakin bu qaydadan istisna da mümkündür. Belə ki, qanunvericiliyə əsasən inzibati orqanın mübahisə ilə əlaqədar yekun qərar qəbul etmək hüququna malik olmadığı halları göstərmək olar. Belə hallarda inzibati mübahisənin həll edilməsi üçün məhkəməyə müraciətin təşəbbüskarı kimi inzibati orqan çıxış edir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia tələbi - cavabdeh inzibati orqan - Səbail rayonu Badamdar Bələdiyyəsinin torpaq sahələrinin ayrılmasına dair qərarların etibarsız hesab edilməklə, həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsidir. İddiaçı inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələni həll etmək məqsədi ilə qəbul edilmiş və müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiri sayılan qərarları mübahisələndirir. İddiaçı inzibati orqan olaraq mübahisə ilə bağlı qərar qəbul etmək hüququna malik olmadığına görə mübahisənin həll edilməsi üçün haqlı olaraq inzibati məhkəməyə müraciət etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iddianın qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyətinin subyektiv hüququn olmaması dəlilini də qəbul etmir. Belə ki, iddiaçının qaldırdığı iddia tanınma haqqında iddia növünə aiddir. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) əsasən inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır: İPM-nin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Tanınma haqqında iddia o zaman yol veriləndir ki, hüquq münasibəti mövcud olsun (və ya olmuş olsun) və həmin hüquq münasibəti kifayət qədər konkretləşdirilmiş olsun. Bundan əlavə, tanınma haqqında iddianın predmeti olması üçün hüquq münasibəti mübahisəli olmalıdır. İnzibati hüquqda hüquq münasibəti dedikdə, konkret şəraitdə publik hüquq sahəsinə aid olan hüquq normasına əsasən bir subyektlə digər subyekt (və ya obyekt) arasında yaranan qarşılıqlı hüquqi əlaqə başa düşülür. Hazırkı mübahisənin predmetini cavabdeh Badamdar Bələdiyyəsinin torpaq ayırma haqqında olan qərarlarının əsaslılığının yoxlanılması deyil, həmin qərarlar əsasında ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması və bu baxımdan bələdiyyənin həmin torpaq sahələrinə dair sərəncam vermək səlahiyyətinin olmaması təşkil edir. İddiaçı həmin qərarların etibarsızlığının tanınması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qüvvədən düşmüş elan edilmiş inzibati aktlara qarşı da yalnız tanınma haqqında iddia qaldıra bilər. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi R.Qədimquliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-723/2020 saylı qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar