Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1303/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı “10.01.1974-cü il tarixdən 18.11.2005-ci il tarixədək işlədiyi illərin onun sığorta stajına daxil edilməklə, 64 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (qızı) X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı “10.01.1974-cü il tarixdən 18.11.2005-ci il tarixədək işlədiyi illərin onun sığorta stajına daxil edilməklə, 64 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Əmək kitabçasına əsasən 10.01.1974-cü il tarixdə (10.01.1974-cü il tarixli, 1 nömrəli əmrə əsasən) Ordjenikidze Rayonu Fəhlə Gənclərin 114 №-li məktəbinə təsərrüfat müdiri təyin edilib, 20.11.1978-ci il tarixdə (20.11.1978-ci il tarixli, 21 nömrəli əmrə əsasən) öz xahişi ilə işdən azad edilib. 06.02.1979-cu il tarixdə (14.02.1979-cu il tarixli, 15 nömrəli əmrə əsasən) Oktyabr rayon Qida Ticarəti 13 №-li mağazaya fəhlə təyin edilib, 09.07.1979-cü il tarixdə (12.07.1979-cu il tarixli, 246 nömrəli əmrə əsasən) həmin mağazaya kiçik satıcı keçirilib, 07.07.1982-ci il tarixdə (12.07.1982-ci il tarixli, 289 nömrəli əmrə əsasən) həmin mağazada satıcı vəzifəsinə keçirilib. 01.10.1982-ci il tarixdə (02.11.1982-ci il tarixli, 518 nömrəli əmrə əsasən) Azərbaycan SSR ƏHQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 29.10.1982-ci il tarixdə (29.11.1982-ci il tarixli, 311/c saylı əmrə əsasən) 26 Bakı Komissarı adına Qida Ticarəti 58 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilib. 12.04.1983-cü il tarixdə (12.04.1983-cü il tarixli, 98K saylı əmrə əsasən) 70 №-li mağazaya satıcı keçirilib. 21.07.1985-ci il tarixdə (24.07.1985-ci il tarixli, 196-ok saylı əmrə əsasən) 18 №-li mağazaya eyni vəzifəyə keçirilmişdir. 03.10.1985-ci il tarixdə (02.10.1985-ci il tarixli, 264-ok nömrəli əmrə əsasən) Oktyabr RQT keçirilməsi ilə əlaqədar Azərbaycan SSR ƏHQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. 05.10.1985-ci il tarixli, 267-ok nömrəli əmrə əsasən 02.10.1985-ci il tarixli, 264-ok saylı əmr ləğv edilmişdir. 21.10.1985-ci il tarixdə (18.10.1985-ci il tarixli, 279-ok nömrəli əmrə əsasən) 18 №-li mağazaya müdir vəzifəsinə keçirilmişdir. 29.04.1986-cı il tarixdə (29.04.1986-cı il tarixli, 117-ok nömrəli əmrə əsasən) öz razılığına əsasən həmin mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. 24.04.1987-ci il tarixdə (24.04.1987-ci il tarixli, 117-ok nömrəli əmrə əsasən) həmin dükanın satıcısı vəzifəsində saxlanılmaqla müdir vəzifəsinə keçirilmişdir. 01.05.1989-cu il tarixdə (28.04.1989-cu il tarixli, 106-ok saylı əmrə əsasən) 3-cü kateqoriyalı satıcı vəzifəsindən azad edilməməklə müdir ixtisaslaşması verilmiş (1-ci kateqoriyalı satıcı), 15.11.1993-cü il tarixdən (30.12.1993-cü il tarixli, 124-k saylı əmrə əsasən) 18 saylı mağazaya müdir vəzifəsinə təyin edilmişdir. 01.04.1995-ci il tarixdə (Baş İdarənin 13.02.1995-ci il tarixli, 04 saylı əmrinə əsasən) Səbail rayonu Yeyinti Ticarəti İdarəsi ləğv olunaraq Səbail rayon Ticarət və İctimai İaşə İdarəsi yaradılmışdır. 24.04.1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 24 saylı əmrinə əsasən bu İdarə də ləğv edilərək DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilib. 28.12.1999-cu ildə 01 saylı əmrə əsasən DƏK-in İstehsalat və Təsərrüfat İdarəsi ləğv edilib, DƏN-in Ticarət və Xidmət Müəssisə və Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin tabeliyinə keçirilmiş, 30.04.2001-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 30.04.2001-ci il tarixli, 475 saylı Fərmanına əsasən DƏN-in Ticarət və Xidmət Müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. 26.01.2004-cü ildən İqtisadi İnkişaf Nazirliyinin 26.01.2004-cü il, 03 saylı əmrinə əsasən Mərkəzin adı dəyişdirilərək “Ticarət-xidmət və istehsalat müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzi müəyyən edilmişdir. 18.11.2005-ci il tarixdə (18.11.2005-ci il tarixli, 387 a saylı əmrə əsasən) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli arxiv arayışına əsasən Bakı şəhəri Səbail rayonu Yeyinti Ticarəti 18 №-li mağazasında müdir vəzifəsində işləmiş iddiaçının gəlirinin 1995-ci il üzrə məbləği-136480 AZM təşkil etmişdir. İddiaçının iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 5 sentyabr 2019-cu il tarixli iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iş stajının düzgünlüyünün yerində qarşılıqlı yoxlanması zamanı iddiaçının 01.06.1995-ci ildən işdən azad olunduğu 18.11.2005-ci il tarixədək ona əmək haqları hesablanmadığı aşkar olunmuşdur. Bu səbəbdən də, qeyd edilən dövr sığorta stajına daxil edilməmişdir və nəticədə nə tələb olunan azı 25 il sığorta stajı, nə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “10.01.1974-cü il tarixdən 18.11.2005-ci il tarixədək işlədiyi illərin onun sığorta stajına daxil edilməklə, 64 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. İddiaçının işlədiyi bütün illər və xüsusilə də, cavabdehin göstərdiyi 01.06.1995-18.11.2005-ci illər arasında vəzifələrini icra etdiyi müəssisənin bütün qeydləri əmək kitabçasında öz əksini tapmışdır və təbii ki, bunun məntiqi nəticəsi olaraq həmin illər işləməsinə dair vergi və sığorta tutmaları da aparılmışdır. 01.06.1995-ci ildə işdən azad olunması barədə heç bir əmr əmək kitabçasında qeyd olunmamış və mövcud olmamışdır. Qeyd olunan 18 №-li mağazadakı vəzifələrinə xitam verən 387 M saylı əmr, 18.11.2005-ci il tarixinə aid olmuşdur. Lakin, cavabdeh bununla bağlı mövqeyini yalnız əmək haqqı cədvəlləri ilə əsaslandırmış, rəsmi əmr barədə mövqe bildirilməmişdir. Buna görə də, yoxlama iş stajının müddətinin həqiqiliyini əks etdirməyib, natamam xarakter daşıyır. Bundan başqa əmək pensiyası yaşa görə 2018-ci il tarixdən hesablanmalıdır. Cavabdehin etirazları: Cavabdehə iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Həmin Qaydaların 3.1.1-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin, “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhə 01.04.1995-ci il tarixindən 18.11.2005-ci il tarixinədək əmək kitabçasında imza və möhürün olmamasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.11-ci maddəsinə əsasən “Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir”. İş stajının düzgünlüyünün yerində qarşılıqlı yoxlanması zamanı 01.06.1995-ci ildən işdən azad olunduğu, 18.11.2005-ci il tarixədək əmək haqqının hesablanmadığı aşkar olunmuşdur. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 22.08.2019-cu il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, arayış əmək haqqı cədvəli tərtib edilir. Həmçinin arayışın qeyd hissəsində bildirilmişdir ki, İddiaçı iyun-dekabr 1995- 1999-cü illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. İddiaçının əmək kitabçasında imza və möhürün olmaması və həmçinin arxiv arayışında bu illərin öz əksini tapmaması vətəndaşın nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə DSMF 1 saylı Bakı Ərazi Şöbəsi ərizəsini təmin edə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Teyyub İdris oğlunun 10.01.1974-cü ildən 18.11.2005-ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, ona 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi mübahisəli dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla hazırkı iş üzrə mübahisəli məsələ 1995-2005-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, iddiaçının həmin dövrlərdə işlədiyi, iş materiallarında olan əmək kitabçası və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər və dəlillərin mötəbərliyinə əsaslı şübhə 01.04.1995-ci il tarixdən 18.11.2005-ci il tarixədək əmək kitabçasında imza və möhürün olmamasıdır. Belə ki, işçinin iş stajını təsdi edən əsas sənəd olan əmək kitabçasında özügedən dövrlər üzrə imza və möhür yoxdur. Məhkəmə qərarında arxiv arayışına istinad etsə də, arxiv arayışında İddiaçı iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəllərinin olmaması, 1999-2005-ci illər üzrə isə əmək haqqının hesablanmadığı qeyd edilmişdir. Məhkəmə işi tam araşdırmamış, iddiaçının 10.01.1974-cü il tarixdən 18.11.2005-ci il tarixədək işləməsi faktı ilə əlaqədar düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1540/2020 saylı 19 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2022/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-330/2021 saylı 17 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1540/2020 saylı 19 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (qızı) X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsinin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirdi, bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı ona 64 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx xxxx 1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 64 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası və əmək kitabçasının tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun 10 yanvar 1974-cü ildən 18 noyabr 2005-ci ilədək olan iş dövrü 30 ildən artıqdır. Cavabdeh iddiaçının 10.01.1974-20.11.1978-ci və 06.02.1979-01.10.1982-ci illərə dair olan əmək fəaliyyətini mübahisələndirmir, hesab edir ki, iddiaçı 1 iyun 1995-ci ildə işdən azad olunduğundan və 18 noyabr 2005-ci il tarixədək əmək haqqı hesablanmadığından onun 25 il sığorta stajı olmamışdır. Belə ki, işin 15-ci səhifəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı ilə bağlı iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur, 1999-2005-ci illər üzrə əmək haqqı hesablanmamışdır. İddiaçıya məxsus əmək kitabçasının 1995-2005-ci illərə aid olan dövrünün “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndində qeyd edilir ki, işəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının əmək kitabçasından görünür ki, o, 01.04.1995-ci il tarixdən 18.11.2005-ci il tarixədək yalnız bir müəssisədə işləmiş, respublikada aparılan islahatla bağlı müəssisənin adı bir neçə dəfə dəyişdirilmiş, bu dəyişikliklər əmək kitabçasında əksini tapmış, müdiriyyətin imzası və möhürü olmayan əmrlər yalnız müəssisənin adının dəyişdirilməsi ilə bağlı olmuşdur. İddiaçının eyni müəssisədə işlədiyi dövrdə birinci dəfə işə qəbul edilən vaxt verilən əmr və 18 noyabr 2005-ci il tarixdə işdən azad olunmasına dair verilən əmr işəgötürənin imza və möhürü ilə təsdiq edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 330/2021 saylı 17 fevral 2021-ci il tarixli qərarında göstərilənlərlə bağlı hazırki apellyasiya baxışı zamanı Səbail rayonu Yeyinti Ticarət İdarəsinin 18 saylı mağazasının hansı dövrdə fəaliyyət göstərməsi barədə məlumat verilməsi, fəaliyyət göstərdiyi dövrdə müəssisənin adının dəyişdirilməsi barədə əmrlərin (13.02.1995-ci il tarixli 04 saylı əmr, 28.12.1999-cu il tarixli 01 nömrəli əmr, 26.01.2004-cü il tarixli 03 nömrəli əmr), o cümlədən İddiaçı 15.11.1993-cü ildə 18 saylı mağazaya satıcı təyin edilməsi ilə bağlı 30.12.1993-cü il tarixli 124-k saylı və işdən azad edilməsi barədə 18.11.2005-ci il tarixli 387M nömrəli əmrlərin, işlədiyi dövrdə (1993-2005-ci ilə qədərki dövr) əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən 15.04.2021ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı 1982-1995-ci ilin may ayınadək hər ay əmək haqqı hesablanmış, onun 1974-1978-ci illər üzrə əmək fəaliyyətinə dair heç bir material Mərkəzin arxivində yoxdur, 1979-1982-ci illər və 1995-ci ilin iyun-dekabr ayları-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur və 1999-2005-ci illər üzrə əmək haqqı hesablanmamışdır. Məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş 387M saylı 18.11.2005-ci il tarixli əmrdən görünür ki, İddiaçı Səbail rayonunda yerləşən 18 saylı mağazanın müdiri olaraq 18.11.2005-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ilə bağlı təqdim olunmuş digər əmrlərin təsdiq olunmuş surətlərinə görə o, müxtəlif dövrlərdə işlədiyi müəssisədə növbəti məzuniyyətlərə buraxılmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş 02.09.2021-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçının işlədiyi 18 saylı mağaza 20.06.1999-cu il tarixdə İXMİM-nin tabeliyinə verilmiş və özəlləşdirilərək xüsusi mülkiyyət növünə keçirildiyindən 07.06.2006-cı il tarixli 000944 No-li şəhadətnaməyə əsasən İXMİMnin 24.11.2006-cı il tarixli 272 No-li əmri ilə tabelikdən çıxarılmışdır. Sorğuda göstərilən 18.11.2005-ci il tarixli 387 No-li əmrin surəti və İddiaçı əmək haqqında dair arxiv arayışı da təqdim olunmuşdur. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçası və verilmiş məhkəmə sorğularına əsasən təqdim olunmuş cavab məktublarının məzmunundan aydın olur ki, İddiaçı 01.04.1995-ci il tarixdən 18.11.2005-ci il tarixədək eyni müəssisədə işləyərkən onun işə qəbul edilməsi barədə əmr imza və möhürlə təsdiq edilmiş, sonradan iş yerinin adının dəyişdirilməsi ilə bağlı bir neçə dəfə əmrlər verilmiş, yəni işlədiyi müəssisə mövcud olmuş və iddiaçı həmin müəssisədə əmək fəaliyyətini davam etdirmiş, 18 noyabr 2005-ci il tarixdə isə işdən azad olunmuş və bu barədə əmr də işəgötürənin imza və möhürü ilə təsdiq edilmişdir. Buna görə də iddiaçının 1995-2005-ci illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan 10.01.1974-cü ildən 18.11.2005-ci il tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının 10.01.1974-cü il tarixdən 18.11.2005-ci il tarixədək 31 il 6 ay 24 gün işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Bununla bağlı iddiaçıya 64 yaşdan yaşa görə pensiya təyin edilməsi barədə tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə qərarında pensiya təyinatının hansı tarixdən aparılması göstərilməsə də, bu halı apellyasiya instansiya məhkəməsi kobud pozuntu kimi qəbul etmir və hesab edir ki, məhkəmə qərarı iddiaçıya 64 yaşdan, yəni yaşa görə əmək pensiyasının təyin edildiyi tarix 10.06.2019-cu il tarix hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın rəddi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarı iddiaçıya 64 yaşdan, yəni yaşa görə əmək pensiyasının təyin edildiyi tarix 10.06.2019-cu il tarix hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarı iddiaçıya 64 yaşdan, yəni yaşa görə əmək pensiyasının təyin edildiyi tarix 10.06.2019-cu il tarix hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1303/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1303/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver