Məhkəmə qərarları › İş №2-1(103)-1303/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1303/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1303/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın (çıxarışın) verilməsi” haqqında iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(112)-11758/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəc (Ləhiş) bağ massivi ünvanında yerləşən 0,25 ha ölçülü 2397 nömrəli bağ torpaq sahəsinin (icarə müqaviləsi № 15820) iddiaçının mərhum atası X8 adına Daşınmaz əmlakın Dövlət reyestrində ilkin qeydiyyata alınması və həmin torpaq sahəsi ilə bağlı iddiaçının mərhum atasının adına bununla bağlı dövlət reyestrindən arayışın (yaxud çıxarışın və texniki sənədin) verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X18 arasında bağlanılmış xx.xx.1982-ci il tarixli, 15820 №-li müqaviləyə əsasən X11 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 0.25 ha təşkil edən 2397 saylı bağ torpaq sahəsinin iddiaçının mərhum atası X11 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəc bağ massivi sahə 2397 ünvanında yerləşən bağ/torpaq sahəsi iddiaçının mərhum atası İbrahimov Şamil (onun adı bəzi sənədlərdə “Şəmil” kimi qeyd olunmuşdur) Sadıq (bəzi sənədlərdə “Sadıx” olaraq göstərilmişdir) oğluna və ailələrinə məxsus olmuşdur. Ata-anasının ölümündən sonra bağ sahəsi hazırki vaxtadək onun və digər bacı qardaşının faktiki sahibliyində və qanuni istifadələrində olub, miras onların tərəfindən qəbul olunmuşdur. Ailələri həmin bağ sahəsinə 1970-ci illərdən sahiblik etməyə başlamışdır. Bağ sahəsi atasına keçmiş Bağlar Təsərrüfatı İdarəsi tərəfindən icarə müqaviləsi əsasında verilmişdir. Hələ atasının sağlığında, onlar uşaq/gənc yaşlarında olarkən bağlanmış müqavilənin nömrəsi 15820, bağın nömrəsi isə 2397 olmuşdur. Orada bir mərtəbəli kiçik bağ evi də var idi. Həmin ev indi də mövcuddur. Lakin istifadə edilmədiyindən yararsız hala düşmüşdür. 1996-cı ildə “Torpaq islahatı haqqında” qanun qəbul edilib və həmin qanunla bağ torpaq sahələri əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilib. Bundan əlavə, Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, bağ sahələri ilə bağlı 2007-ci ilədək bağlanmış icarə müqavilələri, ümumiyyətlə, bağ sahələri ilə bağlı qanuni istifadəçilik hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını tanıtdırmaq və qeydiyyata aldırmaq istəyirdilər. Lakin hüquqi sənədləri itirildiyindən, bu sənədləri isə başqa yolla əldə edə bilmədiklərindən istifadə/sahiblik hüquqlarının mövcudluğunu məhkəmə qaydasında müəyyən etdirmək məcburiyyətində qalmışdırlar. Məhkəmədən öncə vərəsəlik hüquqlarının qeydiyyatı ilə bağlı 23 saylı Notariat ofisinə müraciət etmişdirlər. X15 və X9, həmçinin bacısı X4 və onun birgə müraciəti ilə vərəsəlik işi açılmış, onlar varis kimi tanınmışdır. 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək üçün həmin notariat ofisi tərəfindən onlara xx.xx.2022-ci il tarixdə 119 saylı arayış da verilmişdir. Torpaq sahəsi ilə bağlı qonşuları ilə heç bir mübahisələri yoxdur və qonşuluqda olan bağ sahələrinin sahibləri onların öz qohumlarıdır. Bağ sahəsini zamanında ata-babaları eyni vaxtda və birlikdə alıblar (icarə hüquqları ilə) ki, qonşu olsunlar. Bu üzdən qonşularla heç bir narazılıqları, qarşıqlıqlı və ya birtərəfli torpaq tələbləri, iddiaları, mübahisələri yoxdur. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə daxil olmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan başqa, idarənin arxivində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(008)-4059/2022 saylı qətnaməsində qeyd olunan 2397 nömrəli bağa dair 15820 saylı icarə müqaviləsi barədə məlumat aşkar edilməmişdir. Təqdim olunan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4059/2022 saylı qətnaməsi ilə idarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(112)-11758/2023 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X18 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 15820 №-li müqaviləyə əsasən X11 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 0.25 ha təşkil edən 2397 saylı bağ torpaq sahəsinin mərhum atası X11 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri X16 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Ləhiş bağlar massivində 2397 saylı bağın icarəçisi, 8-ci km. qəsəbəsi, Neftayıranlar küçəsi, ev 7, mənzil 37 ünvanında yaşayan X13 ünvanlanmış 1300 №-li, xx.xx.1982-ci il tarixli təkrar bildirişdə (bildirişin notarial qaydada tərcümə təsdiq olunmuş surəti ilə birgə) qeyd olunmuşdur ki, “Sizin bağ evinin icarəsinə dair sənədlər və hüquqlarının yenilənməsi üçün Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinə (texniki) müraciət etmənizi Sizdən xahiş edirik. Müraciət edən zaman üstünüzdə-pasport, bağın icarə müqaviləsi, ailə tərkibini qeyd etməklə, yaşayış yerindən arayış, iş yerindən arayış olmalıdır. Siz gəlməsəniz, Sizinlə bağlanmış icarə müqaviləsinin pozulması məsələsi qaldırılacaqdır”. -Azərbaycan SSR İstehlak Cəmiyyətləri İttifaqı “Azərittifaq” “Azərbaşkooptiktəsticarət” İdarəsi Universal Bazası tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə təqdim etmək üçün verilmiş arayışda (notarial qaydada tərcümə təsdiq olunmuş) qeyd olunmuşdur ki, X19 həqiqətən “Azərbaşkooptiktəsticarət” Universal Bazasında “mal yükləyən” kimi işləmişdir. -28 saylı MİS tərəfindən 1982-ci ildə Bağlar Təsərrüfatı İdarəsinə təqdim etmək üçün verilmiş arayışda (notarial qaydada tərcümə təsdiq olunmuş) qeyd olunmuşdur ki, X19 ünvan 5 ünvanında yaşayır və ailə tərkibinə - arvadı 1931-ci il təvəllüdlü X3, qızı 1959-cu il təvəllüdlü X2, 1963-cü il təvəllüdlü X20, 1966-cı il təvəllüdlü İddiaçı, 1968-ci il təvəllüdlü X21, 1970-ci il təvəllüdlü X14, 1972-ci il təvəllüdlü X22 daxildir. -Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş 312957 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 xx.xx.1998-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin mart ayının 11-ci günündə 204 № ilə qeyd edilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı ərizə və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəc (Ləhəş) bağ massivi ünvanında yerləşən 0,25 ha ölçülü 2397 nömrəli bağ/torpaq sahəsinin 15820 nömrəli icarə müqaviləsi əsasında vəfat etməsi anınadək mərhum atası X1 və qanuni istifadəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, ərizənin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəc (Ləhiş) bağ massivi ünvanında yerləşən 0,25 ha ölçülü 2397 nömrəli bağ sahəsinin 15820 nömrəli icarə müqaviləsi əsasında ərizəçi İddiaçı atası X8 öldüyü xx.xx.1998-ci il tarixədək faktiki sahibliyi və istifadəsində olması faktı müəyyən edilmişdir. Sözügedən qətnamənin 2-ci səhifəsinin 10-cu abzasında qeyd olunmuşdur ki, Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1982-ci il tarixli sənədindən görünür ki, Ləhiş bağları ərazisində yerləşən 2397 nömrəli bağ evi X11 15820 nömrəli icarə müqaviləsi əsasında verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş müvafiq sorğuya əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********06 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 2397 saylı bağ sahəsi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məktuba əlavə olunmuş: -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktının surətindən müəyyən olunur ki, Ləhiş bağ massivində yerləşən 2397 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 2500.0 kv.m, faktiki sahəsi 2500,0 kv.m təşkil edir. Göstərilən sahənin sərhədləri şərtidir. Sahədə yaşayışa yararsız-uçulmuş ev var, evin bir hissəsi sahədən kənarda qalır. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmayıb. Şərti göstərilən sahənin koordinatları akta əlavə olunmuşdur. Bağ sahəsinə dair məhkəmə qətnaməsi təqdim edilmişdir. -Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış 119 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “X10, X9, X5 və İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 07 mart 1998-ci ildə ölmüş ataları X8 adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yeni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X11 məxsus olan əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və ya onun dublikatının (təkrar) sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 23 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur”. İddiaçı (nümayəndəsi X6) ünvanlanmış **********04 (3-21-3-30/2-İ-0195-8/2023) №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2397” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Tərəfindən bağ sahəsinə dair hüquqmüəyyəedici sənədlər təqdim olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan başqa, idarənin arxivində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(008)-4059/2022 saylı qətnaməsində qeyd olunan 2397 nömrəli bağa dair 15820 saylı icarə müqaviləsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, təqdim olunan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4059/2022 saylı qətnaməsi ilə idarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır”. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəc (Ləhiş) bağ massivi ünvanında yerləşən 0,25 ha ölçülü 2397 nömrəli bağ torpaq sahəsinin (icarə müqaviləsi № 15820) iddiaçının mərhum atası X8 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçının bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim etməməsinə və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(008)-4059/2022 saylı qətnaməsində qeyd olunan 2397 nömrəli bağa dair 15820 saylı icarə müqaviləsi barədə məlumatın aşkar edilməməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mərhum atasına qanuni əsaslarla (icarə müqaviləsi əsasında) ayrılmış mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı və “Torpaq islahatı haqqında” Qanunun tələbləri baxımından onun mülkiyyəti sayılır ki, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirərək onun hüquqlarının dövlət qeydiyyatını həyata keçirməlidir. Bundan əlavə, iddiaçının mərhum atasına məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, iddiaçının mərhum atasına qanuni əsaslarla verilmiş mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı və “Torpaq islahatı haqqında” Qanunun tələbləri baxımından onun mülkiyyəti sayılır ki, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirərək onun hüquqlarının dövlət qeydiyyatını həyata keçirməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum atasına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəc (Ləhiş) bağ massivi ünvanında yerləşən 0,25 ha ölçülü 2397 nömrəli bağ torpaq torpaq sahəsi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi də analoji mövqedən çıxış edir. Lakin həmin bənddə göstərilən “elektron çıxarış” ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən “çıxarış” eyniləşdirilməməlidir. Belə ki, Qanunun tələbləri baxımından çıxarış – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Lakin Təlimatda qeyd edilən elektron çıxarış Qanunun 22.2-ci maddəsində göstərilən arayışla eynilik təşkil edir. Təlimatın 7.1-ci bəndində də “reyestrdən çıxarış” ilə “elektron çıxarış” anlayışları bir-birindən fərqləndirilmişdir. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha ölçülü 2397 nömrəli bağ torpaq sahəsinin İddiaçı mərhum atası X11 məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(112)-11758/2023 saylı qərarı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha ölçülü 2397 nömrəli bağ torpaq sahəsinin İddiaçı mərhum atası X11 məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar