Məhkəmə qərarları › İş №2-1(103)-1304/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1304/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1304/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Xumar Afət qızı mərdanovadan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3938/2020 saylı 10 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. İddiaçıya məxsus 106284 saylı 28.06.1975-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1971-ci ildə Lenin adına X7 Orderli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1975-ci il tarixdə oranı bitirmişdir. İddiaçının pensiya işinin materiallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir, pensiyanın məbləği 01.01.2020-ci il tarixdən 332,26 manat (SH256,97+PSK-75,29) müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilərkən fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50%-i nəzərə alınmışdır. İddiaçı ona pensiyanın kapital yığımının 50%-dən hesablanmaqla təyin olunması ilə razılaşmayaraq pensiyasının düzgün hesablanması, yəni kapitalın tam nəzərə alınmaqla hesablanması barədə cavabdeh inzibata orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 27.02.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya pensiya mövcud qanunvericiliyə uyğun olaraq düzgün hesablanmış və pensiyanın məbləği 01.01.2020-ci il tarixdən 332,26 manat (SH256,97+PSK-75,29) müəyyən edilmişdir. Fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50% hesablanması “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli 377 saylı fərmanına uyğun aparılır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiyanın düzgün hesablanmasından cavabdeh orqan tərəfindən imtina edilmişdir. Bu zamann cavabdeh orqan pensiyanın düzgün hesablanmasının mümkünsüzlüyünü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli, 377 saylı fərmanına uyğun olaraq aparılmasına istinad etmişdir. Halbuki dövlət sosial sığorta haqqının 50%-nin pensiyaçının fərdi hesabın sığorta hissəsində nəzərə alınması yalnız hərbi qulluqçulara münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən onun pensiyası hesablanarkən yuxarıda qeyd edilən fərman əsas gətirilərək, dövlət sosial sığorta haqqının 50%-nin nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də onun hüquqları pozulmuşdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının müraciətinə baxılan zaman müəyyən edilmişdir ki, onun pensiyası mövcud qanunvericiliyə uyğun olaraq düzgün hesablanmışdır və pensiyanın məbləği 01.01.2020-ci il tarixdən 332,2 manat müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli, 377 nömrəli fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı 10.06.2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçının məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 1.1.8-ci və 10-cu maddələrinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərində pensiya təyin edilərkən fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının tam nəzərə alınması əks olunmuşdur. Cavabdehin istinad etdiyi normaya əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması müddəası hərbi qulluqçulara aid olduğu halda iddiaçıya tətbiq edilmişdir ki, bununla da iddiaçının sosial təminat hüquqları pozulmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindın apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı 10.06.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanuna ziddir və ləğv olunmalıdır. Belə ki, məhkəmə 1352 saylı 01.05.2017-ci il tarixli Fərmanın 2.9-cu bəndini hərbi qulluqçulara aid etməklə yanlış nəticəyə gəlmişdir. Çünki həmin bənddə nəzərdə tutulmuş 1.0.5-ci maddə “Əmək pensiyaları haqqında” qanunun hazırki redaksiyası baxımından deyil, 01 yanvar 2006-cı il redaksiyasına uyğun tətbiq edilməlidir. Belə ki, qanunun 01.01.2006-cı il redaksiyasında 1.0.5-ci maddə hazırki 1.0.8-ci maddəyə uyğun gəlir. 28.11.2006-cı il tarixli 184-İİİQD nömrəli AR Qanunu ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-1.0.5-ci maddələr əlavə edilmiş, 1.0.3-1.0.12-ci maddələr 1.0.6-.1.0.15-ci maddələr hesab edilmişdir. Yəni, bu dəyişiklik nəticəsində 1.0.5-ci maddə hazırki 1.0.8-ci maddə kimi başa düşülməlidir. Apellyasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçıya 21.11.2005-ci ildə İİ dərəcə əlilliyə görə əmək pensiyası (25 manat olmaqla) təyin edilmişdir. 01.06.2015ci il tarixdən yəni, yaşa görə əmək pensiyası hüququnun yarandığı (63 yaş) tarixdən etibarən əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Həmin tarixdən etibarən pensiyanın məbləği 174.71 (BH-100.0+SH-74.71) 212.55 manata (BH-100.0+SH+74.71+YH+37.84) çatdırılmışdır. Ona pensiya təyin olunarkən hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli fərmanına əsasən Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Adı çəkilən bənd Azərbaycan Respublikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 saylı Fərmanı ilə ləğv edilmişdir. Pensiyada sonrakı artımlar qanunvericiliyə uyğun olmuş, Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyasının indeksləşdirilməsi haqqında” Sərəncamlarına uyğun olaraq 01.01.2020-ci il tarixdən pensiyanın məbləği 284.96 manatdan 332.26 manat, 01.01.2021-ci il tarixdən 389.18 manata çatdırılmışdır. Hazırda iddiaçıya ödənilən pensiya məbləği 394.40 manat təşkil edir. İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 60 % nəzərə alınmaqla onun yaşa görə əmək pensiyası yenidən hesablandıqda 01.01.2006-cı il tarixədək olan 35 il 5 ay 20 gün sosial sığorta stajına uyğun olaraq 27031.68 manat məbləğində pensiya sığorta kapitalı + 01.01.2006-cı il tarixdən 12.06.2020-ci il tarixədək 13 il 8 ay sığorta stajına uyğun olaraq 15973.83 manat pensiya sığorta kapitalına əsasən onun əmək pensiyasının məbləği 298.65 manat müəyyən olunacaqdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1535/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı 10.06.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-345/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1535/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, o Bərdə rayon İnternat orta məktəbində işlədiyi vaxt ümumi xəstəlik səbəbindən İİ qrup əlil olmuş, 2006-cı ilin noyabr ayından sonra isə Laçın rayon 45 saylı orta məktəbində işlədiyi zaman ümumi xəstəlik səbəbindən İİ qrup əlil olmuşdur. İİ qrup əlil olaraq Laçın rayon Təhsil şöbəsinin tabeliyində olan 45, 13 və 19 saylı orta məktəblərdə əlil olaraq işləmişdir. İşlədiyi illərdə əlillərə aid olan bütün imtiyazlardan istifadə etmişdir. 2011-ci ildən isə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin qərarı ilə əlil olduğuna görə əmək haqqına 25% əlavə edilmişdi. Hazırda da müqavilə əsasında Laçın rayonunda 45 saylı tam orta məktəbdə işləyir. Onun əlillik statusu ləğv edilməmiş, əlilliyə görə bütün imtiyazlardan istifadə hüququ qüvvədədir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 27.02.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 11.03.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı 21.11.2005-ci ildə İİ dərəcə əlilliyə görə əmək pensiyası (25 manat olmaqla) təyin edilmiş, sonradan yəni 01.06.2015-ci il tarixdən yaşa görə əmək pensiyası hüququnun yarandığı (63 yaş) tarixdən etibarən əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Ona pensiya təyin olunarkən hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli fərmanına əsasən Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Adı çəkilən bənd Azərbaycan Respublikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 saylı Fərmanı ilə ləğv edilmişdir. Odur ki, iddiaçıya təyin edilmiş pensiyanın məbləği sonrakı artımlar nəzərə alınmaqla dəyişmiş və 01.01.2020-ci il tarixdən pensiyanın məbləği 284.96 manatdan 332.26 manat, 01.01.2021-ci il tarixdən 389.18 manata çatdırılmışdır. Hazırda iddiaçıya ödənilən pensiya məbləği 394.40 manat təşkil edir. Hazırda iddiaçı ona təyin edilmiş pensiyanın kapital hissəsinin tam nəzərə alınmaqla yenidən hesablanmalı olduğunu hesab edir. İş üzrə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlsə də, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsi həmin məhkəmələrin mövqeyi ilə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-345/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, iş materiallarında iddiaçının pensiya işi vardır, lakin həmin pensiya işində olan sənədlərdən iddiaçıya 16.11.2005-ci ildən 01.12.2006-cı ilədək İİİ qrup əlilliyə görə pensiya təyin edildiyi ( iş v. 64) və iddiaçıya 15 manat 30 qəpik pensiya hesablandığı (iş v.65) qeyd edilmişdir. Pensiya işindən iddiaçıya pensiyaya təyin edilərkən və ya daha sonra məcburi sosial sığorta haqlarının hansı həcmdə nəzərə alındığını müəyyən etmək mümkün deyildir. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu halı araşdırmamış, sadəcə cavabdehin dəlilləri ilə kifayətlənərək (50% nəzərə alınması ilə bağlı) qərar qəbul etmiş, bununla da İPM-nin 12.1-ci maddəsinin tələbini- işin araşdırılması prinsipini pozmuşdur. İş materiallarından iddiaçıya ilk dəfə pensiya təyin edilərkən və daha sonrakı dövrlərdə pensiya məbləğinin hansı qaydada hesablanması, məcburi sosial sığorta haqlarının hansı həcmdə nəzərə alınması aydın olmadığından iddiaçıya hal-hazırda ödənilən pensiya məbləğinin düzgünlüyünə qiymət vermək mümkün deyildir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə cavabdehdən iddiaçıya ilk dəfə pensiya təyin edilərkən və daha sonrakı dövrlərdə illər üzrə pensiya məbləğinin hansı qaydada hesablanması, məcburi sosial sığorta haqlarının hansı həcmdə nəzərə alınması ilə bağlı məlumat almalı, daha sonra isə pensiyanın hesablanma qaydasının qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirməlidir. Qeyd olunanlar İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi üçün məcburi olduğundan işə təkrar apellyasiya qaydasında baxılarkən cavabdeh inzibati orqandan iddiaçıya məxsus pensiya işi tələb olunmuşdur. Təqdim edilmiş pensiyaçının 001736 saylı uçot vərəqəsindən görünür ki, İddiaçı ilkin olaraq 21.11.2005-ci ildə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, sonradan həmin pensiya 01.06.2015-ci il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəf bildirmişdir ki, İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 60% nəzərə alınmaqla onun yaşa görə əmək pensiyası yenidən hesablandıqda 01.01.2006-cı il tarixədək olan 35 il 5 ay 20 gün sosial sığorta stajına uyğun olaraq 27031.68 manat məbləğində pensiya sığorta kapitalı + 01.01.2006-cı il tarixdən 12.06.2020-ci il tarixədək 13 il 8 ay sığorta stajına uyğun olaraq 15973.83 manat pensiya sığorta kapitalına əsasən onun əmək pensiyasının məbləği 298.65 manat müəyyən olunacaqdır. “Əmək pensiyaları haqqında” qanunun 1.0.5-ci maddəsi hazırki redaksiya baxımından deyil, 01 yanvar 2006-cı il redaksiyasına uyğun tətbiq edilməlidir. Belə ki, qanunun 01.01.2006-cı il redaksiyasında 1.0.5-ci maddə hazırki 1.0.8-ci maddəyə uyğun gəlir. 28.11.2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-1.0.5-ci maddələr əlavə edilmiş, 1.0.3-1.0.12-ci maddələr 1.0.6-.1.0.15-ci maddələr hesab edilmişdir. Yəni, bu dəyişiklik nəticəsində 1.0.5ci maddə hazırki 1.0.8-ci maddə kimi başa düşülməlidir. 4 saylı Bakı DOST mərkəzinin 14.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı yaşa görə 394.4 manat məbləğində əmək pensiyası alır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29.06.2021-ci il tarixli xidməti arayışından görünür ki, İddiaçı 01.06.2015-ci il tarixdə yaşa görə pensiya təyin edilərkən pensiyası həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən hesablanmışdır. Ona 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək sosial sığorta stajına uyğun olaraq 5446.96 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun yaşa görə əmək pensiyasının indiki məbləği 394.40 manat təşkil edir. İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 60 % nəzərə alınmaqla onun yaşa görə əmək pensiyası yenidən hesablandıqda 01.01.2006-cı il tarixədək olan 35 il 5 ay 20 gün sosial sığorta stajına uyğun olaraq 27031.68 manat məbləğində pensiya sığorta kapitalı + 01.01.2006-cı il tarixdən 12.06.2020-ci il tarixədək 13 il 8 ay sığorta stajına uyğun olaraq 15973.83 manat pensiya sığorta kapitalına əsasən onun əmək pensiyasının məbləğinin 298.65 manat müəyyən olunacağı qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları diqqətə çəkir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə olan 3-cü cümləsinə görə sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 01.01.2006-cı il tarixdən 01.07.2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 % artırılmaqla, 01.07.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bu cümlə əvvəllər “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində olmamış, 01.07.2017-ci il tarixdən qüvvəyə minməklə əlavə edilmişdir. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni, mümkündür ki, 01.01.2006-cl il tarixdən 01.07.2017-ci il tarixə qədər olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 3-cü cümləsi tətbiq oluna bilər. Ona görə ki, bu kateqoriyaya aid olan şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda 01.01.2006-cı il tarixdən 01.07.2017-ci il tarixədək olan dövr ərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilib və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra 01.07.2017-ci il tarixədək işlədiyi müddət ərzində fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80% artırılmaqla 01.07.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır. İddiaçıya yaşa görə pensiya təyin edilənədək yığdığı pensiya kapıtalı nəzərə alınmaqla 2015-ci ildə ona pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 3cü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80% artırılmasını nəzərdə tutmamışdır. İddiaçının ona yaşa görə 01.06.2015-ci ildə pensiya təyin edilənə qədər topladığı pensiya kapitalından istifadə edilərək ona pensiya təyin edilmiş, bu zaman fərdi hesabın sığorta hissəsində istifadə edilməmiş pensiya kapitalı mövcud olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 3-cü cümləsi 01.07.2017-ci il tarixdən qüvvəyə minsə də, 01.07.2017ci il tarixə qədər pensiya hüququ yaranmış şəxslərə də şamil oluna bilər. Lakin bu zaman nəzərə alınmalıdır ki, bu norma 01.07.2017-ci ilə qədər pensiya yaranmış o şəxslərə şamil olunacaq ki, həmin şəxslərə ya 01.07.2017-ci ilə qədər pensiya təyin edilməmiş olsun, ya da pensiya təyin edilsin və şəxs işləməkdə davam etsin. Hazırki işdə isə iddiaçıya 01.07.2017-ci ilə qədər, yəni 01.06.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayon Təhsil şöbəsi 45 saylı tam orta məktəbin 07.09.2021-ci il tarixli arayışına əsasən İddiaçı 01.09.2006-cı il tarixdən 16.06.2020-ci il tarixədək məktəbdə ixtisası üzrə coğrafiya müəllimi işləsə də, onun 01.06.2015-ci il tarixdə pensiya təyin olunduqdan sonra işlədiyi müddət ərzində fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı olmamışdır ki, həmin kapital da 80% artırılmaqla 01.07.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alına bilsin. Odur ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı 10 iyun 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı 10 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar