Məhkəmə qərarları › İş №2-1(103)-1304/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1304/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1304/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin götürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(112)-10803/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 05-08 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə - Bakı şəhəri LGBİ) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün iddia ərizəsində adları çəkilən sənədlərin cavabdehdən götürülərək Bakı şəhəri LGBİ-yə təqdim olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 02.07.2021-ci il tarixli **********147968 nömrəli qərarı ilə Cavabdeh MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.06.2018-01.06.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada 05.07.2021-ci il tarixli **********148003 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrə aid (01.06.2018-01.06.2021) aşağıda qeyd olunan sənədlərin yoxlamanı keçirən Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır: 1. Aşağıdakı sənədlərin elektron surəti: Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (01.01 2018-ci il tarixdən 31 05.2021-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 1.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 1.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 1.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; 1.5. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; 1.6. Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 1.7. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 1.8. İştirak payı göstərilməklə Azərbaycan Respsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 1.9. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 1.10. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisı ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 1.11. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 1.13. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); 1.14. Dəyən 10 000 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 1.15. Dəyəri 2 000 min manatdan yuxarı olan bütün sığorta polisləri; 1.16. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; 1.17. Torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, podrat müqavilələri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları; 1.18. Müəssisə tərəfindən götürülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; 1.19. Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; 1.20. İddia müddəti keçmiş kreditor və debıtor borclar barədə məlumatlar: 1.21. Ümidsiz borclar barədə məlumatlar. 2. Yoxlamanın predmetinə aid olan 01.01.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (01.01,2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək) elektron surəti: 2.1. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda) ; 2.2. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 2.3. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); 2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), 2.5. Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); 2.6. Mal-materialların daşıma xərcləri; 2.7. Yük gömrük bəyanamələrinin surəti (PDF faylda); 2.8. Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 2.9. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); 2.10. Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); 2.11. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərim, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyrı-maddi aktivlərin reyestri (excel faylda); 2.12. Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; 2.13. Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 2.14. Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 2.15. Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; 2.16. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 2.17. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 2.18. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda; və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq 10.08.2021-cı il tarixli “Sənədlərin yoxlamaya təqdim edilməməsi” barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(112)-10803/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: H.Ağalarov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, vergi orqanı təyin edilmiş səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuna müvafiq qaydada cavabdehdən sənədləri tələb etsə də, həmin sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Sənədələrin təqdim edilmədiyi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda, sözügedən sənədlərin əldə edilməsi qanunvericiliyə görə məhkəmə qərarı ilə həyata keçirilməlidir. Bununla bağlı bildirmək istəyir ki, MMC hazırda hər hansı tikinti işləri ilə məşğul olmur. MMC tikinti işləri ilə məşğul olmadığı üçün müvafiq sənədləşmə işlərini aparan əməkdaşlarını ixtisara salmışdır. Bu səbəbdən qeyd olunan sayda sənədləri qısa zaman ərzində vergi əməkdaşlarına təqdim etmək fiziki cəhətdən və vaxt baxımından qeyri-mümkün olmuşdur. Bundan başqa onu da qeyd edir ki, MMC-də bütün vergi və digər yoxlamalar vaxtlı-vaxtında aparılmış və hər hansısa çatışmamazlıqlar aşkar edilməmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı səyyar vergi yoxlamasının keçirilməsi üçün iddia ərizəsində adları çəkilən sənədlərin cavabdehdən götürülərək Bakı şəhəri LGBİ-yə təqdim olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı təyin edilmiş səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuna müvafiq qaydada cavabdehdən sənədləri tələb etsə də, həmin sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Sənədələrin təqdim edilmədiyi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda, sözügedən sənədlərin əldə edilməsi qanunvericiliyə görə məhkəmə qərarı ilə həyata keçirilməlidir. Odur ki, Vergi Məcəlləsinin 43.11-ci maddəsinin dispozitiv şərtlərinə riayət edildiyi müəyyən olunduğu üçün iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir; -42.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər; -43.1-ci maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir; -43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Vergi qanunvericiliyində “sənədlərin götürülməsi” hüququ geniş mənada ifadə olunmuşdur ki, bu hüquq vergi orqanın səlahiyyətlərinə aid edilmişdir. Belə ki, səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyəcisi tərəfindən təqdim olunan sənədlərin öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərlə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən VM-ə müvafiq olaraq ona təqdim edilmiş sənədləri vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə götürülməsini həyata keçirir. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən VM ilə müəyyən edilmiş qaydada tələb etmək vergi orqanının hüququdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 02.07.2021-ci il tarixli **********147968 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: iyun 2018-may 2021) təyin edilmiş, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********148003 nömrəli 05.07.2021-ci il tarixli Tələbnamə təqdim edilmişdir. Tələbnamədə qeyd edilən müddətin bitməsinə baxmayaraq hüquqi şəxs Cavabdeh MMC tərəfindən Tələbnamədə göstərilən yoxlamanın predmetinə aid olan sənədlər yoxlamaya təqdim edilmədiyindən iddiaçı tərəfindən 10.08.2021-ci il tarixdə “Sənədlərin qismən təqdim olunması barədə” akt tərtib edilmiş, cavabdehin direktoru X2 həmin aktı imzalamışdır. Göründüyü kimi vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada zəruri olan sənədləri vermədiyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(112)-10803/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar