Məhkəmə qərarları › İş №2-1(103)-1304/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1304/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1304/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin ərizəsinə əsasən qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 277/2021 nömrəli 17 noyabr 2022-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxs X3) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-277/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-131/2022 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-277/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (Apellyasiya baxışı zamanı X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir). Bir sıra prosessual hərəkətlər edildikdə sonra göstərilən qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından icra olunması üçün cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə qərarın izah olunmasına dair ərizə ilə müraciət edilərək bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 277/2021 saylı qərarının nəticə hissəsində bağ sahəsinin hansı ünvanda yerləşməsi və bağ sahəsinin nömrəsi qeyd olunmadığından qərarın icrasında müəyyən çətinliklər yaranmış, qərara izah verilməsini zəruri etmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-277/2021 saylı qərarına izah verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 nömrəli 17 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim P.Hüseynov) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının İdarə tərəfindən icra edilməsi mərhələsində müəyyən çətinliklər yaranmışdır. Belə ki, məhkəmə qərarının nəticə hissəsində qeyd edilən bağ sahəsi “Köçəri” bağlar massivində 204 saylı BTK üçün ayrılan ərazidir. Lakin Azərbaycan SSR Bakı şəhər X6 İcrayyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarının arxiv arayışında 204 saylı BTK üçün ayrılan torpaq sahələrinin harada yerləşməsi qeyd olunmamışdır. İddiaçı tərəfindən faktiki göstərilən sahə isə Pirşağı bağ massividir. Məhkəmə qərarında mübahisələndirilən bağ sahəsinin Mərdəkan qəsəbəsində yoxsa Pirşağı bağ massivində yerləşməsi, həmçinin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi, təmin olunmasını, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Həm ərizənin, həm də apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, inzibati orqan tərəfindən məhkəmə qərarının icrasının mümkün olmamasına əsas məhkəmə qərarının nəticə hissəsində qeyd edilən Bakı şəhər X6 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin Mərdəkan qəsəbəsində yoxsa Pirşağı bağ massivində yerləşməsi və bağ sahəsinin nömrəsinin qeyd edilməməsi ilə bağlıdır. Göründüyü kimi cavabdeh hazırki izah verməyə dair ərizəsində göstərdiyi məsələləri həm inzibati icraat zamanı, həm də məhkəmə araşdırmaları zamanı etiraz və şikayətinin dəlilləri kimi qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə qərarının nəticə hissəsindən aydın göründüyü kimi, cavabdeh üzərinə Bakı şəhər X6 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə qərarının nəticə (qərara aldı) hissəsində cavabdehin üzərinə həvalə edilmiş öhdəliklər aydın və dəqiq şəkildə göstərilmiş, cavabdehin (ərizəçinin) hazırki ərizəsinin əsası məhkəmə qərarının aydın və ya dəqiq olmaması, həmçinin ziddiyyətli olması ilə əlaqədar olmayıb, yalnız cavabdehin (ərizəçinin) formal mülahizələrindən ibarətdir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla qərardadın ləğvinə əsas vermir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və 1.2, 76, 80, 85, 116-cı ci maddələrini və MPM-nin 263- 264 maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 nömrəli 17 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar