Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1305/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə (hazırki adı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Suraxanı rayon Xidmət Nümayəndəliyi) qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya 13 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qalan hissədə iddianın rədd edilməsi qərara alınmışdır (hakim R.Daşdəmirov) Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İK-nın 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi rədd edilmişdir (sədrlik edən və məruzəçi S.Seyidova, hakimlər V.Məmmədov və İ.Əhmədov). Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)-1009/2020 saylı 21.04.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Dadaşov). Bakı Apelyasiya Məhkəməsinin İK-nın 2-1(103)-1309/2020 saylı 26.08.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi X.Cəmilova, hakimlər M.Tağızadə və Ü.Mayılov). Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)-88/2021 saylı 26.01.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)- 1309/2020 saylı 26.08.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi İ.Hüseynov, hakimlər K.Bədəlov və B.Qəribov). İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.01.2015-ci ildən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 1976-cı ildən əmək fəaliyyətinə başlamışdır və müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşına çatdığından və yaşayış yeri Suraxanı rayonunda yerləşdiyindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə əmək pensiyası ilə təmin edilməyi üçün məktubla müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi 16.04.2019-cu il tarixli **********4 saylı cavab məktubu ilə imtina cavabı vermişdir. Əmək kitabçasındakı qeydlərdən də görünür ki, iddiaçı 26.01.1976-cı ildən başlayaraq işə girmiş və müxtəlif peşələrdə çalışmaqla 30.12.2005-ci ilədək işləmişdir. Yəni onun əmək kitabçasında adı qeyd edilən müəssisələrdə işləməyi mötəbər sübutla - əmək kitabçası ilə təsdiqlənir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhz bu səbəbdən cavabdeh- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə əmək kitabçasında göstərilən iş dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması zəruridir. Eyni zamanda bildirir ki, DSMF-nin Şəmkir rayon şöbəsindən ünvanlanmış cavabda “Zirvə Fermer” təsərrüfatının 14.03.2002-ci ildən 30.12.2005-ci ilədək məcburi dövlət sosial sığorta haqqını ödəməməsi və hesabat təqdim etmədiyi bildirilmişdir. Qeyd edilənlərlə bağlı bildirir ki, iddiaçı həmin müəssisədə məsul vəzifədə deyil, fəhlə işləmişdir və onun tərəfindən sosial sığorta ödənişlərini ödənib-ödənməməsinə nəzarət edilməsi qeyri-mümkün olmuşdur. O, səhər işə gedib axşam evə qayıtmışdır. Sosial sığorta ödənişlərinin ödənibödənməməsi və hesabatların verilməməsi iddiaçının deyil, müəssisənin rəhbərliyinin və mühasibatçılığın işidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin nümayəndəsinin izahatı: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan sosial sığorta stajı olmadığından yaşa görə pensiya almaq hüququ yoxdur. Vətəndaşın иТ-İ №0122144 nömrəli əmək kitabçasına baxarkən orda qeyd olunan “Zirvə” Fermer Təsərrüfat”-ının fəaliyyəti yoxlanan zaman müəyyən olunmuşdur ki, 27.04.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Ona görə də vətəndaşın bu müəssisəsdə iş stajını 14.03.2002-ci il tarixdən götürülə bilməz. Bu səbəbdən vətəndanşın tələb olunan nə 25 il sosial sığorta stajı, nə də tələb olunan azı 17245,44 manat pensiya kapıtalı olmadığı üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 26.09.2019-cu il tarixli 2-1(82)-2639/2019 nömrəli qərarı qanunsuz və ədalətsiz olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən 18.09.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26.01.1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış, 26.01.1976-cı il tarixdən 25.07.1983-cü il tarixədək Azərbaycan SSR Toxuculuq Fabrikində, 14.05.1984-cü ildən 07.08.1989-cu il tarixədək N.Nərimanov adına İTXB filialında, 15.08.1991- ci ildən 02.01.1997-ci ilədək 3 saylı Həyət və X2 İstismar Trestində, 05.09.1997-ci ildən 02.03.2002-ci il tarixədək Günəş şəxsi kiçik müəssisəsində, 14.03.2002-ci ildən 30.12.2005-ci il tarixədək Zirvə fermer təsərrüfatında çalışmışdır, ümumilikdə 25 ildən çox ümumi iş stajı vardır. İşdən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq 16 aprel 2019-cu il tarixdə **********4 saylı məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə uyğun olaraq 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Tələb olunan sosial sığorta stajı olmadığından yaşa görə pensiya almaq hüququ yoxdur. 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iddiaçının əmək kitabçasına əsasən 25 ildən çox iş stajı öz təsdiqini tapır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində 13 yanvar 2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının pensiya hüququ 2015-ci il tarixdə deyil, 13.01.2019-cu il tarixdə yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən həmin vaxt qadınlar üçün yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə tələb olunan yaş həddi 61 yaşdır. Hazırkı işdə də iddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır. Cavabdeh apelyasiya şikayətində əmək kitabçasında iddiaçının 14.03.2002-ci il tarixdən 30.12.2004-cü il tarixədək “Zirvə” fermer təsərrüfatında işləməsi barədə qeydi mübahisələndirir. Cavabdeh məhkəməyə ünvanlandığı 26.05.2021-ci il tarixli, **********1 saylı məktubunda işin mübahisələndirilən halı kimi əlavə olaraq iddiaçının 05.09.1997- 02.03.2002-ci illər ərzində “Günəş” kiçik müəssisəsində işlədiyi dövrləri göstərir. Cavabdeh hesab edir ki, “Zirvə” fermer təsərrüfatından əvvəl “Günəş” adlı müəssisədə işləməsi, lakin hər iki qeydin eyni xətlə əmək kitabçasına qeyd edilməsinin (hətta yanlışlıqla “Zirvə” əvəzinə yenidən “Günəş” yazılmasınin) həmin qeydə dair əsaslı şübhələr yaratmasını məhkəmə nəzərə almamışdır. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişləri nəzərə alaraq, cavabdehin əsaslandığı şübhələri aradan qaldırmaq məqsədilə, 2002- 2004-cü illərə dair qeydin mötəbərliyini (iddiaçının müəssisədə işləməsi faktını) təsdiq edən digər sübutlar əldə etmək üçün “Zirvə” fermer təsərrüfatına sorğu göndərmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan “Zirvə” kəndli fermer təsərrüfatının keçmiş rəhbəri X10 notarial qaydada təsdiq edilmiş ərizədə bildirmişdir ki, İddiaçı 14.03.2002-ci il tarixdən 30.12.2005-ci il tarixədək rəhbəri olduğu “Zirvə” kəndli fermer təsərrüfatında fəhlə vəzifəsində işləmişdir. Eyni zamanda bildirmişdir ki, İddiaçı əmək kitabçasında 05.09.1997-ci il tarixdən 02.03.2002-ci il tarixinədək iş dövrü barədə məlumatlar “Günəş” şirkətinin rəhbəri olmuş məhrum İsə Həsənov tərəfindən qeyd edilmişdir. Sonradan “Zirvə” kəndli fermer təsərrüfatının mühasibat və sənədləşdirmə işləri mühasib İsə Həsənov tərəfindən aparıldığından 14.03.2002-ci il tarixindən 30.12.2005-ci il tarixinədək iş dövrü barədə əmək kitabçasındakı məlumatlar onun tərəfindən qeyd edilmiş, qeydlər onun – X10 tərəfindən imzalanmışdır. “Zirvə” kəndli fermer təsərrüfatının bütün sənədləşdirmə işləri məhrum İsə Həsənov tərəfindən aparıldığından X7 14.03.2002-ci il tarixdən 30.12.2005-ci il tarixinədək işlənməsi faktının təsdiqləyən sənədlərin hal-hazırda onun tərəfindən təqdim edilməsi mümkün deyil. “Zirvə” kəndli fermer təsərrüfatı fəaliyyətini dayandırmışdır və halhazırda fəaliyyət göstərmir. İşdə olan İN yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanlandığı 11.08.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Zirvə” kəndli fermer təsərrüfatı ******* identifikasiya kodu ilə 30.12.1999-cu il tarixdə AR Ədliyyə Nazirliyinin Hüquqi X4 üzrə Şəmkir rayon şöbəsində qeydiyyata alınmış və bununla 8/2- 115 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Məhkəməyə təqdim edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, 14 saylı Ərazi Vergilər idarəsində qeydiyyatda olan hüquqi ünvanı Şəmkir rayonu, Çənlibel olan “Zirvə” kəndli fermer təsərrüfatının (VÖEN **********) qanuni təmsilçisi X8r. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.06.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Bu halda iddiaçıya məxsus əmək kitabçasında əksini tapmış 05.09.1997-02.03.2002-ci illər ərzində “Günəş” kiçik müəssisəsində, 14.03.2002-ci il tarixdən 30.12.2004-cü il tarixədək “Zirvə” fermer təsərrüfatında işləməsi barədə qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. İnzibati orqan tərəfindən əmək stajını qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehdə iddiaçının əmək kitabçasında olan qeydlərə hər hansı şübhələrin yaranması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə olan halda, kollegiyanın qənaətinə görə, iddiaçı 25 ildən artıq ümumi iş stajına malik olduğundan, onun 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 61 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, cavabdeh yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1305/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1305/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver