Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1305/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “qərarın ləğvi və əlilliyin təyin edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya ilk dəfə əlillik dərəcəsi xx.xx.2019-cu ildə təyin edilmiş və həmin vaxt qoyulmuş diaqnoz “Toksiki ensefalopatiya, Postradiasion toksiki ensefalopatiya. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postradiasion ensefalopatiya. Baş beynin diffuz travması. Keçirilmiş kəllə-beyin travmasının davamlı nəticələri. Digər koordinasiya pozğunluğu, Qabarıq koordinator pozğunluqlar. Digər dəqiqləşdirilmiş polinevropatiyalar, Şüa polineyropatiyası. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə, Sol tərəfli piramid çatmamazlıq. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi” olmuşdur. İddiaçıya əlillik 5 il müddətinə təyin edilmiş və növbəti qiymətləndirmə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixində əyani müayinədə olmuş və diaqnozun əlillik təyin etməməsi səbəbindən əlilliyin təyinindən imtina edilməsi barədə qərar qəbul edilmişdir.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17- 4/3-3-2112/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı ilə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 151 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Xarici amilin-radiasiyanın təsiri nəticəsində yaranan postradiasion toksiki və keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən (xx.xx.2007) sonrakı postravmatik ensefalopatiyanın soltərəfli piramid çatışmazlığı, davamlı veqetativ-damar əlamətlərlə keçən ifadəli funksional pozğunluqlarla təzahür edən nəticələri. Sol gözün makulopatiyası nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyinin 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, qulağında səs, yuxusuzluq, halsızlıqdan, aşağı ətraflarında keyimədən şikayətlənmişdir. Sağ gözündə görmə zəifliyinə görə cərrahi əməliyyat keçirməli olduğunu, lakin qorxduğu üçün imtina etdiyini bildirmişdir. Medikamentoz preparatlardan Serebralizin, Qabaqamma, Fezam, Diklofenak, Aktovegin və s. istifadə etdiyini söyləmiş, həyat yoldaşının həkim olduğunu, müalicəsinə nəzarət etdiyini bildirmişdir. Nevroloji müayinə zamanı kəllə beyin sinirləri normal, kooqnitiv funksiyaları pozulmamışdır. Zəfəran Hospitalın xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “7. Bilateral frontoparyetal non-spesfik T2-hiperintenivlikləri. 2. Hər iki mastoid təpədə minimal maye" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir.
4. 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 23.01,2024-cü il tarixli Ambulator kartdan Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kələ-beyin travmasının davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya” kimi qeyd edilmişdir. Bakı Yeni Klinikanın xx.xx.2024-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “KT olaraq intrakranial patologiya izlənilmir kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Verdiyi anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən məhkəməyə daxil olmuş 4087 nömrəli xx.xx.2024-cü il tarixli məktubu ilə T 556/2024 saylı ekspert rəyi daxil olmuşdur. Ekspert rəyində göstərilmişdir ki, İddiaçı 08-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və X1 Reabilitasiya Pansionatında “Postradiasion toksiki ensefalopatiya, keçirilmiş kəlləbeyin travmasının davamlı nəticələri, qabarıq koordinator pozğunluqlar, sağ tərəfli piramid çatmamazlıq, yerişin çətinləşməsi” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. İş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, C00170810BKY №-li Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: G92-toksiki ensefalopatiya, postradiasion toksiki ensefalopatiya. Ağırlaşmalar: G93.8-baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri, postradiasion ensefalopatiya, T90.5-kəllədaxili travmaların nəticələri, baş beyinin diffuz travması, keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri; G26.*- digər rubrikalarda təsnif olunan xəstəliklərdə sol tərəfli piramid çatmamazlıq; R27-digər kordinasiya pozğunluğu. Qabarıq kordinator pozulmalarla; G44.3-xroniki posttravmatik başağrısı, posttravmatik xroniki başağrısı, G62.8-digər dəqiqləşdirilmiş polinevropatiyalar, şüa polinevropatiyası, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yeriş çətinləşməsi. Yanaşı xəstəliklər: İ25.2-əvvəllər keçirilən miokard infarktı, ürəyin aterosklerotik xəstəliyi, M54.1- radikulopatiya, bel-oma radikulopatiyası” diaqnoz ona stasionarda müəyyən edildiyindən və xəstəliklər xroniki hala keçdiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi inkar edilmir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
6. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci dərəcəli kapitan (polkovnik) kimi 2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xarici amilin-radiasiyanın təsiri nəticəsində yaranan postradiasion toksiki və keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən (xx.xx.2007) sonrakı postravmatik ensefalopatiyanın soltərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar əlamətlərlə keçən ifadəli funksional pozğunluqlarla təzahür edən nəticələri” ekspert diaqnozu ilə şəhadətləndirilmiş və “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə hərbi xidmətə yararlılıq kateqoriyası “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur. Səhhətində olan geridönməz və proqressivləşmədə olan travmanın nəticələri ilə əlaqədar cavabdehə müraciət etmiş, müayinələrdən keçdikdən sonra 2019-cu il tarixində “Toksiki ensefalopatiya. Postradiasion toksiki ensefalopatiya. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, postradiasion ensefalopatiya. Baş beynin diffuz travması, keçirilmiş kəlləbeyin travmasının davamlı nəticələri. Digər koordinasiya pozğunluğu, qabarıq koordinator pozğunluqlar. Digər dəqiqləşdirilmiş polineyropatiyalar. Şüa polineyropatiyası. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə, sol tərəfli piramid çatmamazlıq. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi” diaqnozu ilə ona 2 (ikinci) qrup əlillik təyin edilmişdir. Dəfələrlə stasionar, ambulator və reabilitasiya müalicələri almış və sənədləri cavbdehə təqdim etmişdir. Əlilliyin 5 li tamam olduqdan sonra növbəti müayinə üçün cavabdehə müraciət etmişdir. Cavabdeh heç bir müayinə olunmadan ona imtina verilmişdir. Cavabdeh göndəriş verən şəhər, rayon tibb müəssisəsinə rəsmi və imtinanı ətraflı əsaslandırmaqla məktub göndərməlidir. Lakin, bunlar olunmamış və bu səbəbdən imtina əsassız kimi sayılmalıdır. Bu səbəbdən cavabdeh tərəfindən verilən imtina əsassız, müraciət araşdırılmadan standart ifadələrlə bu cür cavab məktubun tərtib olunması onu “yola vermək”, yəni qeyri-peşəkarlıq kimi qiymətləndirilə bilər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının ilkin əlillik təyinatı xx.xx.2019-cu il tarixli qərarla müəyyən edilərək hrbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti növbəti və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun həmin xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir. İddiaçının əyani müayinəsi zamanı da həmin hal öz təsdiqini tapmışdır.
11. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir.
12. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olubolmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, verilən anemnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticəsində əlillik təyinatına əsas verə biləcək nrvroloji defisit müəyyən olunmamışdır.Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir.İddiaçıda diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi bilik tələb edən sahədə qərar qəbul etməklə cavabdehin disskressian səlahiyyətlərinə əsassız müdaxilə etmişdir..
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
17. Cavabdehin nümayəndəsi məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 26 dekabr tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın: 2.2-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. ....
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
23. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.
29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....
37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər. .....
45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
29. Belə ki, tətbiq olunan hüquq normalarından göründüyü kimi, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir.
30. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Diskresion səlahiyyətlər hüquqi nizamasalmanın inzibati orqana verdiyi sərbəstlikdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
31. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
32. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
33. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
34. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması və nəticə etibarı ilə əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır.
35. Məhkəmə araşdırması nəticəsində işin sadalanan hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya ilk dəfə 2019-ci ildə cavabdeh tərəfindən əlillik dərəcəsi təyin edilmiş və müddəti 2024-cü ildə bitmişdir. İddiaçı yeni göndəriş alaraq cavabdehə müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik təyinindən imtina edilmişdir. İddiaçı hazırda həmin qərarın ləğvini və ona əlillik müddətinin bitdiyi vaxtdan əlilliyin təyin edilməsini xahiş edir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən müəyyən edilir ki, iddiaçıya sonuncu göndərişdə qoyulmuş “Toksiki ensefalopatiya, Postradiasion toksiki ensefalopatiya” diaqnozu həmin “Meyarlar”ın “Sinir sistemi xəstəlikləri” adlanan 6-cı hissəsində öz əksini tapmışdır. Həmin hissədə qeyd edilən ağırlaşmalar “Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması” qeyd edilmişdir.
37. Məhkəmə tərəfindən iddiaçıya müəyyən edilmiş diaqnozun həmin “Meyarlar” a uyğun olub-olmaması ilə bağlı məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Verilmiş ekspert rəyində gösərilmişdir ki, “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, C00170810BKY №-li Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: G92-toksiki ensefalopatiya, postradiasion toksiki ensefalopatiya” diaqnozu iddiaçıya stasionarda müəyyən edildiyindən və xəstəliklər xroniki hala keçdiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi inkar edilmir. Lakin, rəydə həmin xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu barədə fikir bildirilməmişdir.
38. İş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun həmin xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir. İddiaçının əyani müayinəsi zamanı da həmin hal öz təsdiqini tapmışdır. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir.
39. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər.
40. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz.
41. Odur ki, məhkəmə hesab edir ki, qanunla və qaydalara əsasən müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən aparılan icraat çərçivəsində mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).
42. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıda müşahidə olunan xəstəliklərdən toksiki ensofolopatiya və.sair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” 6-c bölməsində (sinir sistemi xəstəlikləri) -G92 kodlu diaqnozu öz əksini tapmışdır.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və İddiaçı xx.xx.2024-cü il tarixdən əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
44. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.
45. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, yuxarıda istinad olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş diaqnoz iddiaçıda öz əksini tapmışdır.
46. Bundan başqa apellyasiya şikayətində göstərilən göstərilmişdir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir.İddiaçıda diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi bilik tələb edən sahədə qərar qəbul etməklə cavabdehin disskressian səlahiyyətlərinə əsassız müdaxilə etmişdir.
47. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, cavabdeh ekspert rəyi ilə niyə razılaşmadığını əsaslandırmamışdır.
48. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.
49. Həmçinin, iddiaçı barəsində verilmiş göndərişdə qeyd olunan diaqnozun əlillik təyinatına əsas verdiyi iş materiallarındakı yuxarıda sadalanan digər sübutlar və ekspert rəyi ilə təsdiqini tapır.
50. Odur ki, apellyasiya şikayətində göstərilən inzibati orqanın diskression səlahiyyətinə müdaxilə olunması dəlili də əsassızdır, yəni inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan iddia iddiaçı tərəfindən irəli sürülən tələb həcmində təmin olunmuşdur.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
52. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.