Məhkəmə qərarları › İş №2-1(103)-1306/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1306/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1306/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Əskər qızının cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (3-cü şəxslər Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2-1(81)-3211/2019 saylı qərarından cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əskər qızı cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı 3-ü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən məhkəmə qərarı təqdim etmədən qanuni sahiblikdə və istifadədə olan Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, Mir Cəlal küçəsi, 45 saylı binanın həyətində 22 kv.m-dən ibarət olan dəmir qarajın sökülməsi nəticəsində vurulmuş 33000 (otuz üç min) manat məbləğində maddi ziyanın əvəzinin və 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Binəqədi Rayon İcra Hakimiyyətinin tanınmasını, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3-cü şəxs qismində cəlb edilməsini, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarı təqdim etmədən qanuni sahiblikdə istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, Mir Cəlal küçəsi 45 saylı binanın həyətində 22 kv.m-dən ibarət olan dəmir qarajın sökülməsi nəticəsində vurulmuş 26800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində maddi ziyanın əvəzinin 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, 9 A mikrorayonu, bina 45 in ərazisində mərhum atası X4 şəxsi mülkiyyətində olan qaraj 09 aprel 2019-cu il tarixdə heç bir məhkəmə qərarı olmadan, heç bir mərkəzi və yerli icra hakimiyyətinin inzibati aktı olmadan, kompensasiya ödənilmədən, xəbərdarlıq edilmədən gözlərinin önündə zorla, iradələri əleyhinə yerlə yeksan edilmişdir. 28 ildir sahibliklərində, istifadələrində, bir sözlə mülkiyyətlərində olan qarajın bu cür qəsd edilməsinin onlara verdiyi mənəvi iztirabı sözlə izah etmək çox çətindir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini İlqar Süleymanov, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov və 7-ci Polis Bölməsinin polis əməkdaşlarının birbaşa iştirakı və göstərişləri ilə hüquqi dövlət olan Azərbaycan Respublikasının Qanunlarını tapdaladılar. Bu şəxslər sanki düşmən əmlakını məhv edirdilər. Axı qanunun aliliyi olan ölkədə bu şəxslər görəsən qorxmurlar ki, məhkəmələr xalqı əzməyə qoymayacaq. Əzilmiş onun kimi vətəndaşların pozulmuş hüquqlarını bərpa edəcək. Onlara bu qanunsuzluqlara, mülkiyyətə qəsdlərə son qoyulmasını xahiş etdikdə onlar heç bir xahişə məhəl qoymamışlar. Belə olan halda kompensasiya verilmədən onun kimi 20-yə yaxın insanın mülkiyyəti dağıdılmışdır. Bu qanunsuzluqlara, mülkiyyətin toxunulmaz olmasına dair Konstitusiyanın tələblərini tapdalayan əməkdaşların ciddi şəkildə cəzalandırılması və kompensasiya ödənilməsi ilə bağlı bütün aidiyyatı orqanlara şikayətlərinə heç bir müsbət cavab verilmədiyindən məhkəməyə son ümid yeri kimi müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Hətta 28 iyun 2019-cu il tarixdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyininin rəisi Elmin Zamanov müraciətinə cavab olaraq qeyd edir ki, guya o qaraj həyətin abadlaşdırılması ilə bağlı özü şəxsən sökmüş və qarajın sökünütüsünə görə kompensasiya nəzərdə tutulmur. Artıq inzibati orqan olan cavabdehin bu məktuba cavabı vətəndaş olaraq onları ələ salmağa hesablanıb və açıq-aşkar düz elədiklərinin və kompensasiya da verilməyəcəyini bildirməkdən belə çəkinmirlər. O, özü ağır onkoloji xəstə olmaqla 2-ci qrup əlildir. Həmin qaraj mərhum atası X7 Kirov (Binəqədi) Rayon İcra Hakimiyyətinin 27 sentyabr 1991-ci il tarixli Sərəncamı və “Avtomobilist” kooperativinin qərarı ilə mülkiyyətinə verilmiş və 28 ildir mülkiyyətlərindədir. Ancaq bu gün qanunsuzluqlar nəticəsində həm maddi və həm də mənəvi sarsıntılara onları məruz qoydular. Qarajın qanunsuz söküldüyü 09 aprel 2019-cu il tarixdən hal-hazırkı vaxta qədər hər gün aidiyyatı orqanlara müvafiq şikayətlər yazılmış və rəsmi qəbullarda olmuşdur. 8 dəfə təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı İlqar Süleymanovun müavini Elxan Allahverdiyev və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanovun iştirakı ilə onları, yəni qarajı qanunsuz sökülənləri qəbul etsələr də, hər dəfə müxtəlif bəhanələrlə hazırkı vaxta qədər yola vermişlər. Hər dəfə guya onlara sökülən qarajlarının yerində başqa yerdə qaraj üçün yer ayıracaqları və səbrli olsalar kompensasiya verəcəkləri və.s vədləri sadəcə boş əsasa söykənmişdir. Məqsəd onları qapılarda gözlətmək, süründürməçiliklə haqqlarından bezib əl çəkməklərinə nail olmaqdır. Amma nəzərə almırlar ki, həmin dəmir qarajlar İcra Hakimiyyətinin Sərəncamları ilə həmin ərazidə yerləşdirilib və bugün də həmin Sərəncamlar qüvvədə olduğundan hansı əsasla mülkiyyətə qəsd ediblər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(81)- 3211/2019 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilərək iddiaçıya məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarından cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli 2-1(81)-3211/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərarından həmçinin 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli 2-1(81)-3211/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli 2- 1(103)-948/2020 saylı qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(81)-3211/2019 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində dəyişdirilməsi, iddiaçıya məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh 23.11.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli 2-1(103)- 948/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2-1(102)-327/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli 2- 1(103)-948/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı həmin qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər-hansı bir dəlil təqdim etməmiş və məhkəmə öz qərarını yalnız iddiaçının şifahi mülahizələrinə əsaslanaraq qəbul etmişdir. İş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də məhkəməyə təqdim etdiyi, sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd əvəzinə Kirov Rayon XDS İK-nin 27.09.1991-ci il tarixli 17/399 saylı qərarı ilə “Avtomobilist” Kooperativinin üzvlərinə müvəqqəti dəmir qarajların yerləşdirilməsinə icazə verilməsi və “Avtomobilist” Kooperativinin Protokolunu təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri, İddiaçı 17.01.2015ci il tarixli Şəhadətnamə əsasında mərhum atası X5 qanuni vərəsəsi olmasını, dəmir qarajın sökülməsi nəticəsində iddiaçının hüquqlarının pozulmasını əsas götürərək iddia tələbini artıqlaması ilə ağılasığmaz rəqəmlərlə təmin etmişdir. Belə olan halda Kirov Rayon XDS İK-nin 27.09.1991-ci il tarixli 17/399 saylı qərarına və “Avtomobilist” Kooperativinin Nizamnaməsini araşdırılmalıdır. İddiaçı tərəfindən sözügedən qarajın onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən 28600 manat kompensasiya ödənilməsi vəzifəsinin Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması ilə əlaqədar bildiririk ki, cavabdeh şəxs Binəqədi Rayon İcra Hakimiyyəti olmadığından bu məbləğ ondan tələb oluna bilməz. İstər həmin dövrdə, istər bu gün heç bir hüquqi əsası olmayan qarajın dəyəri bu qədər təşkil etmir və bu rəqəm süni şişirdilərək Dövlət büdcəsinə ziyan vurmaqdan başqa bir qiymət vermək mümkün deyil. 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında “X2” MMC tərəfindən verilmiş rəyə istinad olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9 a mikrorayon, Mir Cəlal küçəsi, 45 saylı binanın həyətində yerləşən, sahəsi 22 kv.m olan qaraj tikilisinin 1 kv.metri 1300 manatdan qiymətləndirilməklə, cəmi 28.600 manat kompensasiya müəyyən edilmişdir. Sözügedən ekspertizada Maliyyə Nazirliyinin iştirakı təmin edilməmişdir. Üçüncü şəxs hesab edir ki, məhkəmə tədqiqatı düzgün aparılmamışdır. Belə ki, məhkəmə tərəfindən qarajın yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmaması, habelə dəmir qarajın daşınmaz əmlak olmadığı, belə olan halda sözügedən rəydə göstərilən qiymətlərin şişirdilmiş olduğu və reallığı əks etdirmədiyi nəzərə alınmamışdır. Qanunvericiliyin tələbinə görə rəy məhkəmə üçün məcburi xarakter daşımır. Üçüncü şəxs hesab edir ki, burada qarajın yerləşdiyi torpaq sahəsinin və yaxud hər hansı daşınmaz əmlakın alınmasından söhbət getmir, bu baxımdan ekspertiza tədqiqatı dəmir qarajın qurulmasına sərf edilən materialların dəyərinin müəyyənləşdirilməsi istiqamətində aparılmalı, zərərin mövcudluğu sübuta yetirildiyi halda həmin dəyərin ödənilməsi nəzərdə tutulmalı idi. Üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxsələrə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxslərin nümayəndələrinin iştirakları olmadan apellyasiya şikayətləri üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qərar dəyişdirilməli, iddia tələbi qismən təmin edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətlərində vurğulanan iki məsələyə diqqət yetirilməsini zəruri hesab etmişdir. Birinci məsələ ondan ibarətdir ki, Ali Məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini tədqiq etmədən onu mötəbər sübut hesab etmiş və sökülmüş qarajın məbləğini 26400,00 manat məbləğində müəyyən etmişdir. Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin dəlillərini bu hissədə əsaslı hesab edir. Ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində nəzəri olaraq tətbiq edilən yanaşmalar (metodlar) öz əksini tapsa da, hazırda mübahisələndirilən qaraja münasibətdə həmin metodlardan necə istifadə olunduğu və hansı amillər əsas götürülərək əmlakın bazar qiymətinin məhz 28600,0 manat məbləğində qiymətləndirildiyi öz əksini tapmamışdır. Ekspert rəyində tədqiqat prosesi müfəssəl təsvir olunmadığından kompensasiya məbləğinin ağlabatan olub-olmadığını müəyyən etmək mümkün deyil. Belə olan halda, həmin rəyin nəticələri əsas götürülməklə qarajın dəyərinin müəyyən edilməsi və buna müvafiq kompensasiyanın tutulması yolverilməzdir. İddia tələbinin mümkünlüyü ilə bağlı həmin dəlilləri cavabdeh apellyasiya şikayətində də qeyd etmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən həmin dəlillər qiymətləndirilməmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur. Lakin qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi göstərilən tələbləri də pozmuşdur. Odur ki, kassatorun dəlilləri bu hissədə də əsaslıdır. Sonda Ali Məhkəmə qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddianın mümkünlük şərtləri ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, daha sonra sökülmüş qarajın real bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspert rəyini tədqiq etməli, ekspertdən tədqiqat mənbəyini (qarajların satışına dair analoji obyektlərin müqayisəsi ilə bağlı sənədlər) tələb etməli, zəruri olduqda əlavə və ya təkrar ekspertiza təyin etməli, ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək ədalətli kompensasiya məbləği müəyyən etməlidir. İşdə olan cavabdeh və onun tabeliyində olan qurumlar tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış müxtəlif tarixli imtina məktublarından görünür ki, iddiaçının kompensasiya ilə bağlı müraciətlərindən hər dəfə müxtəlif məzmunlu əsaslarla (sənədlərin təqdim edilməməsi, həyətin abadlaşdırılması zamanı abadlıq sahələrinə düşən tikililər üçün kompensasiya ödənilməsinin nəzərdə tutulmaması və s.) imtina edilmişdir. İşdə olan hüquqmüəyyənedici sənədlərdən müəyyən edilir ki, Kirov Rayon XDS İKnin 27.09.1991-ci il tarixli 17/399 saylı qərarı və “Avtomobilist” Kooperativinin qərarı ilə ünvan 1 ünvanında yaşayan X8 Bakı şəhəri, 9 A mirkrorayon, Mir Cəlal küçəsi ev 45 ünvanında dəmir qaraj quraşdırılmasına icazə verilmişdir. İşdə olan 17.01.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 32 saylı notariat kontorunun notariusu E.A.İmanlı Azərbaycan Respublikası MM-nin 1252-ci maddəsinə əsasən təsdiq edir ki, 17 iyul 2014-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Bakı şəhəri, 9 A mkr, M.Cəlal küçəsi, ev 45, mənzil 10 da yaşayan qızı İddiaçıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı həmin qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmişdir, həmin qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər-hansı bir dəlil təqdim olunmamışdır, həmçinin qarajın dəyəri süni olaraq şişirdilmişdir. Qarajın iddiaçıya məxsus olması yuxarıda qeyd edilən Kirov Rayon XDS İK-nin 27.09.1991-ci il tarixli 17/399 saylı qərarı və “Avtomobilist” Kooperativinin qərarı ilə müəyyən edilir. Mübahisə predmeti olan qaraj iddiaçının mərhum atasına məxsus olmuş, o, vəfat etdikdən sonra isə iddiaçı vərəsə kimi tanınmışdır. Bundan əlavə kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbinə görə əmlakdan istifadə hüququ əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Mübahisə olunan qaraj iddiaçının qanuni istifadəsində olmuşdur və qarajın iddiaçının mülkiyyətində olmaması barədə şikayətin dəlili əsaslı sayıla bilməz. İstər xüsusi mülkiyyətdə, istərsə də qanuni sahiblikdə olan əmlak həm yerli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunur. Avropa İnsan Hüquqları Məhkəməsi “X9rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Qarajın cavabdeh tərəfindən sökülməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.3-cü bəndinə əsasən müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək yerli icra hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdeh özü də həmin qarajlar sökülən zaman orada iştirak etmələrini inkar etmir və bunu rayon ərazisində olan bir tədbirdə iştirak etmələri kimi əsaslandırır. İş materiallarında olan şəkillərdən də görünür ki, üzərində Binəqədi MKTB yazılan yük maşınları ərazidə olmuş və qarajların sökülməsində birbaşa iştirak etmişlər. İş materiallarında olan BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanan 28.06.2019-cu il tarixli 490 nömrəli məktubda qeyd edilmişdir ki, həyətinizin abadlaşması barədə Sizlərə edilən yazılı xəbərdarlıqdan sonra, qarajlar sahibləri tərəfindən sökülərək ya aparılmış, ya da təkrar qara metal toplayanlara verilmişdir. Həyətin abadlaşdırılması zamanı abadlıq sahələrinə düşən tikililər üçün heç bir kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Həyətinizin abadlaşdırılması “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi 05.11.2019cu il tarixdə birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll etmək imkanları olduğundan məhkəmə prosesinin barışıq şərtlərinin müzakirəsi ilə əlaqədar təxirə salınmasını xahiş etmiş və məhkəmə tərəfindən məhkəmədən kənar razılıq əldə edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmışdır. Qeyd olunanlardan da göründüyü kimi, cavabdehin iddiaçıya məxsus qarajın onlar tərəfindən sökülməməsi barədə gətirdiyi dəlillər əsassızdır və yalnız məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Apellyasiya şikayətinin sonuncu dəlili olan sökülmüş qarajın dəyərinin şişirdilməsinə münasibətdə isə kollegiya qeyd edir ki, Ali Məhkəmənin göstərişinə uyğun olaraq məhkləmə kollegiyası tərəfindən qarajın dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, “X1 Company” MMC tərəfindən tərtib edilən 05.07.2021-ci il tarixli mütəxəssis rəyində İddiaçı məxsus olmuş və sonradan sökülmüş, Bakı şəhəri, Binəqədi rayonu, 9a mikrorayon, Mir cəlal küçəsi, 45 saylı binanın yaxınlarında yerləşən qarajların 1 kvadrat metrinin orta bazar qiymətinin 2019-cu il ərzində orta hesabla 1000-1100 manat, Bakı şəhəri, Binəqədi rayonu, 9a mikrorayon, Mir Cəlal küçəsi. 45 saylı binanın yaxınlarında yerləşən və sahəsi 22 kv. metr olan qarajın 2019-cu il tarixə təxmini orta bazar dəyərinin 23.100 manat təşkil etdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinin tədqiqindən də görünür ki, rəy müqayisə metodu ilə aparılmış tədqiqatlar nəticəsində ünvan 3 ünvanı kimi tanınan hissəsində qeyri-yaşayış sahəsinin (qarajların) orta bazar qiyməti müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan kompensasiya məbləğinin müəyyən edilməsi zamanı kifayət qədər əsaslandırılmamış ekspert arayışına istinad etdiyindən, qərar cavabdehdən tutulmalı olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, sökülmüş qarajın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 23.100 manat kompensasiya məbləği tutulmalıdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının həmin qaraja münasibətdə subyektiv hüququnun olmaması və iddia tələbinin ona cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi barədə gətirdiyi dəlillər isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün də əsaslar mövcud deyil. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilməli, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq 23100 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3211/2019 saylı qərarı dəyişdirilsin. İddiaçı məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 23.100 (iyirmi üç min yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar