Məhkəmə qərarları › İş №2-1(103)-1307/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1307/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1307/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı vəkili X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3608/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2015-ci il tarixli **********698100 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3608/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı xx.xx.2018-ci il tarixli buraxılmış prosessual müddətinin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2018-ci il tarixli 2-1(82)-3608/2018 nömrəli qərardad qəbul edərək, ərizəni təmin etmişdir. Halbuki, məhkəmə qeyd edilən ərizəni təmin edərkən qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iddiaçı tərəfindən vergilərin hesablanması haqqında qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Müddətin buraxılmaması qənaətinə gəlinərkən məhkəmənin istinad etdiyi səbəb əsassızdır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1473/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-62/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİKnın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət qərarın ləğvi hissədə qismən əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM- nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, cavabdeh tərəfindən iddianın müddətlə bağlı mümkünlük şərti mübahisələndirilmiş, lakin aşağı instansiya məhkəmələri məsələyə hər hansı bir qaydada qiymət verməmişdirlər. İddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəaların tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərar mübahisələndirilmişdir. Həmin qərardan şikayət onun təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəmsinə aid olan icraat materiallarından göründüyü kimi, iddiaçı ərizə təqdim etməklə, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə cavabdehin xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərarının qanuniliyinin mübahisələndirilməsi ilə bağlı buraxılmış prosessual müddət bərpa edilmişdir. Qəbul edilmiş qərardada münasibətdə Azərbaycan Respublikası İPM-nin: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.6-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir; 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz; 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər; 83.4-ci madəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Bu maddələri təfsir edərkən qeyd olunmalıdır ki məhkəmənin yekun qərarından verilmiş apellyasiya şikayətində şikayət verilməyən qərardadlarla bağlı həll edilmiş məsələlər mübahisələndirilə bilər. Yəni həmin qərardadın əsassız olduğu barədə dəlillərini narazı qalan tərəf yekun qərarda verilmiş şikayətdə əsaslandırmalıdır. Şikayət verilməyən qərardadlara isə prosessual müddətin bərpa edilməsi barədə qəbul edilmiş qərardad aiddir. İşin hallarına münasibətdə isə bu o anlamı yaradır ki, iddianın verilməsi üçün müddətin bərpası öz mahiyyətinə görə iddianın müddətlə bağlı mümkünlük şərtlərinə aid olan məsələni həll etdiyi üçün, cavabdeh şikayətində bu məsələyə dair öz dəlillərini bildirməli və sübutlarını təqdim etməlidir. Apellyasiya şikayətində cavabdeh qeyd edilmiş məsələni mübahisələndirmiş, lakin apellyasiya məhkəməsi məsələyə qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin: 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası kassasiya şikayətində iddianın mümkünlük şərti ilə bağlı bildirilmiş dəlilə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir. İddiçı tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin verilməməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmadığını iddiaçı bildirdiyi halda və onlara istinad etdiyi halda, müddətin bərpası barədə qəbul edilmiş qərardad əsaslı hesab olunmalıdır. Əks halda apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsinə müddətlərə riayət eidlməsi şərti ilə yenidən baxılmalıdır.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 420-ci maddəsinə əsasən də, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulan qanuni hədlər daxilindədir və həmin tələblərə uyğun əsaslandırılmışdır. Bu baxımdan, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan məcburi hüquqi mövqeləri diqqətə alaraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı;

3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2015-ci il tarixli **********698100 nömrəli qərarının ləğv olunmasını tələb edir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən göründüyü kimi, iddiaçı ərizə təqdim etməklə, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3608/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Normaların təfsirindən anlaşıldığı kimi, məhkəmənin yekun qərarından verilmiş apellyasiya şikayətində şikayət verilməyən qərardadlarla bağlı həll edilmiş məsələlər mübahisələndirilə bilər. Yəni, həmin qərardadın əsassız olduğu barədə dəlillərini narazı qalan tərəf yekun qərardan verilmiş şikayətdə əsaslandırmalıdır. Şikayət verilməyən qərardadlara isə prosessual müddətin bərpa edilməsi barədə qəbul edilmiş qərardad da aiddir. Məhkəmə kollegiyası bildirir ki, iddianın verilməsi üçün müddətin bərpası öz mahiyyətinə görə iddianın müddətlə bağlı mümkünlük şərtlərinə aid olan məsələni həll etdiyi üçün, cavabdeh şikayətində bu məsələyə dair öz dəlillərini bildirməli və sübutlarını təqdim etməlidir ki, sonuncu da məhz belə hərəkət etmiş, apellyasiya şikayətində qeyd edilən məsələni mübahisələndirmişdir. İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” İddiaçı müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsini təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla əlaqələndirmir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının buraxılmış prosessual müddətin bərpa olunması ilə əlaqədar ərizəsində göstərdiyi dəlillər, müddətin buraxılmasından 1 il keçdiyi üçün, İPM-in 24.4-cü maddəsində təsbit olunan üzrlü hallardan biri kimi qəbul edilə bilməz. İddia ərizəsinə vurulan məhkəməyə daxil olma ştampının qeydlərinə görə, ərizə xx.xx.2018-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bu da o deməkdir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürmüşdür və müddətin buraxılmasından 1 il keçdiyi üçün həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Lakin, şikayət verilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin şərh olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, prosessual hüquq normalarını pozmaqla, səhv qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən müddətin ötürülməsi barədə dəlilləri ilə razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli (İPM-87.6), iddia mümkün sayılmamalı (İPM-35.1), apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3608/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2015-ci il tarixli **********698100 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar