Məhkəmə qərarları › İş №2-1(103)-1307/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1307/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1307/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı, 3-cü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına (3-cü şəxs: "xxxx" QSC) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması” tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, 26 dekabr 2019-cu il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, 26 dekabr 2019cu il il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim Ş.Süleymanova) Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-851/2020 saylı 27.08.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, 26 dekabr 2019-cu il il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (Ü.Mayılov, M.Tağızadə, X.Cəmilova) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-63/2021 saylı 09.02.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-851/2020 saylı 27.08.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (N.Rəsulbəyova, İ.Hüseynov, K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnziabti Kollegiyasının 19.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Tayinat İdarəsi – cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi ilə əvəz edilmiş, "xxxx" QSC inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İşin halları: İddiaçı cavabdeh DSMF XŞTİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşı tamam olan tarixdən, yəni 20.02.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF XŞTİ-nə həvalə edilməsini xahiş etmiş və iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası İPMnin 54-cü maddəsinə əsasən məqsədəmüvafiq hesab olunaraq icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci il tarixdən 01.02.2018-ci il tarixinə kimi X10 vaqon deposunda mexanik və rəhbər mexanik vəzifəsində çalışıb. Bildirir ki, refrijerator vaqonlarını istehsal edən ölkə, insanın fiziki imkanlarını nəzərə alaraq iş vaxtı briqada üzvlərinin 3 və ya 4 nəfərdən ibarət olmasını tələb etmişdir. Yəni iş vaxtı 1-rəhbər, 2 və ya 3 mexanik nəzərdə tutulur. Belə olan təqdirdə rəhbər mexanik öz funksiyasını, mexaniklər isə öz funksiyalarını yerinə yetirirlər. Ona görə də pensiyaya çıxarkən mexanikə güzəştli şərtlə pensiyaya vaxtından tez çıxmaq hüququ verilir. Həmən qanunda bildirilir ki, əgər briqada üzvləri 2 nəfərdən ibarət olarsa, yəni rəhbər mexanik və 1 mexanik, onda rəhbər mexanik həm də mexanikin funksiyalarını yerinə yetirməlidir. İddiaçı da həmişə 1 mexaniklə işdə olub və mexanikində funksiyasını yerinə yetirib. Onun orqanizminin qəbul etdiyi zərərli qaz olan freonu və insanın sağlamlığına ziyan vuran maddələri bir yerdə qəbul ediblər. 2015-ci ildən pensiyaya çıxmalı olduğu halda, bu vaxtadək əlaqədar təşkilatlara müraciət etsə də heç bir müsbət cavab almamışdır. İş üzrə məhkəmələr yuxarıda göstərilən qərarları qəbul etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı "xxxx" MMC-nin tabeliyində olan Şərq vaqon deposunda həm refrijerator seksiyasının mexaniki, həm də refrijerator seksiyanın rəhbər mexaniki işləyib Hazırki işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən birinci instansiya məhkəməsi tərəfindən ADY sorğu göndərilmişdir, Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, SSRİ Əmək və Sosial Məsələlər Komitəsinin 13.12.1990-cu il tarixli 447 saylı təlimatına əsasən refrijerator qatarlarının (seksiyasının) mexaniklərinə “Xidmət illərinə görə” pensiya təyinatında 1978-1990cı illərdə refrijerator qatarlarının rəisi vəzifəsindəki iş dövrü də xüsusi əmək stajına daxil edilirdi. Lakin 01.01.1993-cü il tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq SSRİ Əmək və Sosial Məsələlər Komitəsinin 13.12.1990-ci il tarixli 447 saylıl təlimatı qüvvədən düşmüşdür. Həmin tarixdən refrijerator qatarların (seksiyasırın) mexanikləri AR NK 21.06.1993-cü il tarixli 32 saylı Qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işçilərin 2 saylı Siyahısında təsdiq etdiyi qaydada yaşa görə güzəştli pensiya hüququndan istifadə edilməsi nəzərdə tutulmuşdur.”Refrijerator qatarlarının (seksiyasının) mexanikləri ”peşəsi göstərildiyi üçün”refrijerator qatarlarının rəisi” vəzifəsi Siyahıya daxil edilməmişdir. Hər iki vəzifə üzrə ADY QSC-nin Təlimatı var. Təlimat baxımından refrijerator qatarlarının (seksiyasının) mexanikləri və refrijerator qatarlarının (seksiyasının) rəhbər mexaniki eyni formada işi yerinə yetirirlər. Sadəcə rəhbər mexanikin məsuliyyəti mexanikin məsiyyətindən ağırdır, rəhbər mexanikin vəzifə borcu kimi – nəzarət funksiysı var. Hesab edir ki, təlimat baxımından mexanik və rəhbər mexanik eyni peşələrdir, hər ikisi eyni işi görürlər. Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini, qərarı dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən verilən AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Cəlilabad rayonunda doğulmuşdur, yaşayış yeri Bakı şəhəri, Ələt qəs. E.İmanov küç., ev 22, mənzil 13-dür. İş materiallarında olan, iddiaçıya məxsus H3 № ******* saylı hərbi biletinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, o, 03.05.1976 - 30.06.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, o, 01.09.1975-ci il tarixdən 29.04.1976 X8 Deposunda fəhlə vəzifəsində işləmiş, 03.05.1976 - 30.06.1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, 03.08.1978-ci il tarixdən 25.12.1978-ci il tarixədək «Azneftemaştəmir» X5 Kanatlar Zavodunda burucu (pryədilşik), 09.01.1979-il tarixdən 23.07.1979-cu il tarixədək Bakı sement və keramik məmulatlar Kombinatında fəhlə, 24.09.1979-ci il tarixdən 06.10.1981-ci il tarixədək X7 kanat sexində sarıyıcı (namotçik) köməkçisi, frezerçi, takelaşçı, 21.10.1981-ci il tarixdən 02.12.1981-ci il tarixədək Bakı Poladtokmə Zavodunda frezerçi, 23.02.1982-ci il tarixdən 30.08.1982-ci il tarixədək «Azneft» X2 və Nəqliyyat İdarəsində traktor kolonuna «2-ci dərəcəli tokar», 09.10.1982-ci il tarixdən 04.01.1983-cü il tarixədək «Azneft» X1 Kontorunun qülləquraşdırma sexində 2ci dərəcəli qülləquraşdıran, 01.02.1983-cü il tarixdən 05.09.1995-ci il tarixədək mebel istehsalı Kombinatında freyzerçi vəzifəsində işləmiş, 06.09.1995-ci il tarixdə X11 Vaqon Deposuna köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, 06.09.1995-ci il tarixdən 15.12.1995-ci il tarixədək Yeni Ələt X4 3-cü dərəcəli çilingər, 15.12.1995-ci ildən 27.06.1997-ci ilədək refrijerator seksiyasının mexaniki, 27.06.1997-ci ildən 01.02.2018-ci ilədək refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində işləmişdir. İş materiallarında olan, "xxxx" MMC X12 02.04.2019-cu il tarixli, 18 №-li və 03.12.2019-cu il tarixli, 81 №-li «Arayış»larından görünür ki, İddiaçı 06.09.1995-ci il tarixdən 15.12.1995-ci il tarixədək Şərq vaqon deposunda çilingər, 15.12.1995-ci ildən 27.06.1997-ci ilədək refrijerator seksiyasının mexaniki, 27.06.1997-ci ildən 01.02.2018-ci ilədək refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, iddiaçı ərizə ilə 24.07.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh tərəfindən tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə 06.08.2019-cu il tarixli **********8 №-li məktub ünvanlanmış və imtinaya səbəb kimi iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, ona 57 yaşı tamam olduğu 20.02.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. İş materiallarında görünür ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olduğundan təmin təmin edilməsi qənaətinə gələrkən aşağıdakı hüquqi əsaslara istinad etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məlum olduğu kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında » Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №- li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997- ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli X13 X4 İddiaçı işlədiyi «çilingər» peşəsi «23000000XXVİİİ. Nəqliyyat» bolməsində 23001000-18540 kodla (hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər) və «refrejerator seksiyasının mexaniki» peşəsi isə 23001000-23598 kodla (refrijerator qatarların (seksiyaların) mexanikləri) nəzərdə tutulmuşdur. "xxxx" QSC-nin 17241 saylı 26.08.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 27.07.1997-ci il tarixdən "xxxx" QSC-nin X11 Vaqon Deposunun refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində işləmiş, 01.02.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilmişdir. Cavab məktubuna X11 Vaqon Deposunun refrijerator seksiyasının mexaniki və rəhbər-mexanikinin təsdiq edilmiş vəzifə təlimatlarının surətləri təqdim olunmuş və həmin sənədlərdən də müəyyən olunur ki, «refrijerator seksiyasının rəhbər-mexaniki» və «refrijerator seksiyasının mexaniki» vəzifələrinin xarakterinin eynidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış tələb etmişdir. "xxxx" MMC-nin 16.06.2021-ci il tarixli, AEXP1328-21 nömrəli arayışda İddiaçı Depoda 06.09.1995-ci il tarixdən 15.12.1995-ci il tarixinədək çilingər, 15.12.1995-ci il tarixindən 27.06.1997-ci il tarixinədək refrijerator seksiyasının mexaniki, 27.06.1997-ci il tarixindən 01.02.2018-ci il tarixinədək refrijertor seksiyasının rəhbər mexahiki vəzifələrində çalışmışdır. AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının “Nəqliyyat” bölməsinin 21.4-cü bəndinə əsasən refrijerator seksiyasının (qatarının) mexanikləri güzəştli şərtlə 12 il 06 ay iş stajı ilə təqaüdə çıxa bilər. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, 26 dekabr 2019-cu il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, 26 dekabr 2019cu il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar